"Bayıl simfoniyası"nın sevgi dustağı
Tarix dahi
şəxsiyyətləri yaddaşlarda
yaşatdığı kimi, dahi şəxsiyyətlər də
tarixi öz əsərlərində hər an
yaşadırlar. Bu dahi şəxsiyyətlər
tarixi faktlara söykənərək, beyinlərindən və
ürəklərindən gələn duyğuları qələmin
sehrinə calayıb bu günümüzə kimi sevilən və
oxunan romanlara çevirirlər. Bəzən
isə zaman və tarix bu dahi şəxsiyyətləri
lazımınca qiymətləndirə bilmir. Tariximizi yaşadan, yaddaşlara həkk edən şəxsiyyətlər
bir müddət sonra nədənsə pərdə arxasına
ötürülür. Laqeyd bir münasibətə
və qayğısızlığa tuş gəlir.
Bu şəxsiyyətlər uzaqgörənlikləri ilə
hətta gələcəyi belə öz romanlarında əks
etdirə biliblər. Hər anı, keçmişi, bu
günü belə sözbəsöz qələmə
alıb əsərlərində yaşadıblar. Oxuduqca o dövrün
ağrı-acılarını, iztirablarını
yaşayıb kədərlənirsən.
Bəzən də bu romanları yaradan
yazıçılar hər qəhrəmanın həyatını,
hisslərini yaşayır, onun keçdiyi yolu
addım-addım izləyirlər. Hətta
yaratdıqları canlı və təsiredici məqamlara bizi də
yönləndirə bilirlər. Yazıçının
heyrətləndirmək gücü də bundan ibarətdir.
Tariximizi
yaddaşlara köçürən, onun hər an
yaşamasına öz yaradıcı gücünü və
ürəyini qatan yazıçılardan biri də Fərman
Kərimzadədir. Tarix onun romanlarında yenidən
canlanır və bizi bu günümüzdən
keçmişimizə səyahətə çıxarır.
Əslində bu yazım Fərman Kərimzadə
haqqında olmayacaqdı. Sadəcə bu yazını yazıb onun
adını çəkməmək məncə də ən
böyük günah olardı. Mən bu
yazımı onun layiqli davamçısı olan qızı,
"Bayıl simfoniyası" romanının müəllifi
Yeganə Kərimzadəyə həsr etmişəm. Yeganə xanımı ilk dəfə bir neçə
ay bundan əvvəl elə romanın təqdim olunması
günü gördüm. Haqqında
çox eşitsəm də heç görməmişdim.
Təqdimatda xoş təbəssümünü
görəndə romanın da təbəssümü kimi isti
və xoş olacağını düşündüm. İmzalı kitabımı alıb evə gəldm.
Romanı bir içim su kimi oxuyub bitirdim. 283 səhifə olmasına baxmayaraq mən heç
yoruldum və usandım demədən romanı oxuyub bitirdim və
bir kənara qoyub dərin bir nəfəs aldım. Saata baxanda gözlərimə inanmadım. Mən bir neçə saata bir insan ömrünü
əks etdirən romanı oxuyub bitirmişdim. Bir insan
ömrünə bir neçə saatlıq qonaq ola bilmişdim.
"Bayıl simfoniyası" romanı mənə əziz,
doğma bir musiqi kimi gəldi. Oxuduqca insana elə gəlir
ki, şən və həzin bir musiqi dalğasında səyahətə
çıxırsan. Musiqi səni fərqli
bir dünyaya səsləyir. Bu dünyada sən
həm sevirsən, həm sevilirsən, həm səhv edirsən,
həm də səhvlərinə görə bir ömür
boyu həbs olunursan. Maraqla oxuduğum bu
roman gənc qızlara da həyat dərsi keçir və səhv
eləməsinlər deyə bəzi məqamları da
qabarıq şəkildə göstərir. Bu həyat yolunda səhv addım atmaqdan onları
çəkindirir. Bir növ
yazıçı gənc qızlara həyatın sərt
üzünə rast gəlib özlərini qoruma
yollarını da göstərməyə
çalışır.
"Bayıl simfoniyası" qəribə bir
ömür yaşamış, sevgisinə dustaq olmuş bir
qadının sevib-sevildiyi, xoşbəxt olduğu qədər
də bədbəxt olduğu bir ömrün romanıdır. Qadının
gəncliyi, acı taleyi belə onun çiyinlərindən
arxada qalmır. Təkrar-təkrar
ömrünə qonaq gəlir. Qadının
həyatı, yaşadıqları, gəncliyi, tər
çiçəyə bənzədiyi günləri belə
vaxtından tez qocalır, onu əzabkeş bir yaşlı
qadına çevirir. O, ağlı-qaralı şahmat
taxtasına bənzər ömrünü öz zərif
çiyinlərində daşıyır. Həm
nifrət edir, həm də nifrət edə-edə sevir. Bu təzadlı sevgidən dönmür və
yıxılmır.Amma çoxdan beli bükülməli idi.
Qadın sevir və nifrət edir, amma sevgisini
çox dərin və pozulmayan bir yazı ilə qəlbinin dərinliklərinə
həkk edir ki, onu ordan qoparan olmasın.
Bu roman bir nağıl kimi başlayan sevginin sonradan
ağırlıq dolu bir yükə çevrilməsindən
bəhs edir. Qadın üçün sonunun ağır
olacağını bilə-bilə özünü bu yola fəda
etməsi insanın qəlbini didir, parçalayır. Oxuduqca həmin anları yaşayıb, duyursan.
Roman bir qadının Onsuzluqdan doğan
etiraflarının məhsuludur. Dilinə gətirə
bilmədiklərini, onsuz yaşadığı anları
yazıya köçürmüşdü. Qadın yazdığı hər sözdən
alovlanıb, qışa, qara, borana düşürdü.
Arada da sakit bir qayıqda sevgi
nağılında üzürdü. Təbəssümündən
belə qarda ətirli çiçəklər
açırdı. Doyunca bu çiçəklərin
ətrini ciyərlərinə çəkib bir kənara
çəkilirdi. Çiçəklər
donub buza çevrilirdi. Qadın isə kənaradn
öz həyatına seyrçi kimi baxırdı.Hər
şey onun iradəsindən kənarda baş verirdi. O,
çiçəklərlə öz arasında buzlu bir
divarın hörülməsinin belə şahidi olurdu. Bu buzu əritməyə gücü
çatmırdı. Həyatı əllərindən
axıb gedirdi. Qadın bu buzlu divarlar
arasında bir dustağa çevrilirdi.
Dustaq olmaq o qədər də asan deyil. Bu dörd
divar hamı üçün eyni bir günün kölgəsində
qızınmağa bənzəyir. Dustaq bu
divarlar arasında olan hər kəsin həyat yoluna vurulan bir
damğa, bir addır. Amma bir qisim insanlar
dustaq olduğu dövrə əyilir, sınır,
xırdalanır, istənilən istiqamətə əyilə
bilən bir məxluqa çevrilir. Amma bir
qisim insanlar isə dustaq olduğu müddət ərzində bərkiyir,
məğlubiyyəti isə ayaqlarının altına
alıb əzir, məhv edir.
Yeganə
Kərimzadənin "Bayıl simfoniyası"
romanını oxuduqca istər-istəməz o anları
yaşayırsan, qəhrəmanların yaşadıqlarına
qonaq ola bilirsən. Qəhrəmanların
həyatlarının hər anının şahidi olursan.
Onların kədərinə, acısına,
iztirablarına, ya da əksinə xoş, sevgi dolu anlarına səyahət
edə bilirsən. Romanı oxuduqca sanki bu
dünyadan ayrılırsan. Əslində
rəngli olan zamanın ağ-qara dünyasına
düşürsən. Hər iki yol, həm ağ, həm də qara yol romanın qəhrəmanlarına
doğma gəlir. Çünki hər iki yolda
onların qəlbini incidən və yenidən isti bir nəfəs
kimi əllərindən yapışan sevgiləri var.
Bu
dörd divar arasında yaşanan bir roman ömrün bir
adı var: Dustaq. Dünəndən bu günə,
bu gündən isə gələcəyə ağır və
qırılmaz zəncirlərlə bağlanan dustaq
ömrü. Bu üçbucağın tam
mərkəzində dayanan Qadın həyatını əllərində
sıxıb ətrafına baxır. Baxır
ki, dustaq olsa da bu üçbucağın içinə
sevgisini də gətirə bilib. Amma bu
sevgini gətirsə belə ona toxuna bilmir. Roman boyu qadının yaşadıqları
enişli-yoxuşlu olsa da o sınmır, əksinə bərkiyir
və sevgisini bu ağırlıqdan çəkib
çıxarda bilir.
Yeganə Kərimzadənin "Bayıl
simfoniyası" romanının dörd divar arasına
salınmış dustaq Qadın obrazı hər
gününü sayır, saydıqca da günlərin eyniləşdiyini
anlayır. Sanki günlər öz surətini çıxarmaqla
inadla sabaha da addımlamaq istəyirlər. Bu boz çərçivə daxilinə
çıxmağa məhkum olan o günlər qadını hərdən
kədərləndirir, hərdən hirsləndirir, hərdən
də gülümsəməyə vadar edir. Onsuz keçirdiyi anlara hərdənbir onun xəyalının
qonaq gəlməsinə sevinir. Bu dörd
divar arasında onsuz günlərini yaşasa da, yenə də
onunla yanaşı addımlayırmış kimi
yaşayır. Qəlbində daima onunla
olur.
Qadın
həyatına, tələbəlik illərinə qorxu ilə
gətirdiyi sevgisini özü-özü ilə uzun mübarizədən
sonra qəbul edə bilmişdi. Zaman keçdikcə
özü belə bilmədən bu sevginin əsirinə
çevrilmişdi. Ən gözəl günlərini bu
sevginin qollarına açmışdı. Onun əsirinə
çevrilən bir qadın olmuşdu. Hər şeyi, təhsilini,
dostlarını, valideynlərini, yaxınlarını belə
unudacaq qədər bu sevginin əsiri olmuşdu. Getdikcə də
bu sevginin dustağına çevrilirdi. Dustaq olduğu zaman ərzində
keçmiş günlərinə, o sevgi dolu anlarına
dönəndə yenidən ona qayıtdığını,
onun əsirinə çevrildiyini də anlayırdı.
Bir gənc
qız üçün bu ağır sevgini incə
çiyinlərdə daşıması belə onu bu sevgidən
döndərə bilmirdi. Çünki
sevirdi,qorxularını da bir kənara qoyub sevirdi. Gələcək
günlərin ağır olacağından belə qorxmurdu.
Sevgisinin onun üçün əvəzolunmaz bir varlıq
olduğunu düşünürdü.
"Bayıl
simfoniyası" romanında Yeganə xanım dönə-dönə
gənc qızların ayıq olması üçün bəzi
məqamları daha da qabarıq şəkildə verib. Gənc
qızlardan həyatlarına sahib çıxmalarını
istəyir. Kiminsə qurbanına çevrilmələrini istəmir.
Hər şeyə həqiqətin gözü ilə
baxmağa səsləyir. O zaman hər şey tam aydın
görünəcək. Romanın qəhrəmanı da real
olanı görmək istəmədiyi üçün
Bayıl həbsxanasına qədər gedib çıxdı.
Bayılın kədər qoxuyan simfoniyası arada
dustaqları batırmaq, arada da xilas etmək üçün
səslənir.
Bütün
roman boyu qadının sevgisi sınağa çəkilir. Gah
bərkə, gah da boşa düşür. Gah qovuşurlar,
gah da ayrılırlar. Gecə ilə gündüzün
növbələşdiyi kimi. Gah onların sevgisinə günəş
çıxır, gah da qarlı, boranlı qış gəlir.
Bu sevgi ikili bir həyatın qurbanına çevrilir.
Yeganə
Kərimzadə "Bayıl simfoniyası" romanında
İnsan həyatının hər anını əsk etdirə
bilib. Roman o qədər rahat bir dildə yazılıb ki,
oxuduqca bunun dəqiqliyini anlaya bilirsən. Bu roman mənə də
bəzi məqamları görməyə bir
yardımçı, bələdçi rolunu
oynadı.İnsana çətin və aşıla bilməyən
kimi gələn yolların asan cığırlarını da
göstərdi. Əslində edə bilmərik, alınmaz
dediklərimiz dəqiqələrdə əlimizdən bir
böyük kimi tutdu. Bu roman bir müəllim rolunu da oynaya
bildi. Roman haqqında sözlərim bitməz, tükənməzdir,
amma sizlərin də bəzi sirrləri kəşf etməyiniz
üçün sağollaşıram.
Könül Səid
Ədalət.-2012.- 4 fevral.- S.13.