Şəhid şəhər

 

  (Əvvəli ötən saylarımızda)

  

   Komandir özü də şəhəri kimi tənha qalmışdı. Eldar Bağırov günün günorta çağı Bakıda güllələnmişdir, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanlar vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı "Qrad"la parçalamışdılar, sağ və sol əlləri olan Drakonla Pələng də artıq yox idilər. Və indi batmaqda olan bu gəmini təkbaşına xilas etmək onun gücü daxilində deyildi. (səh.172)

   Komandir onlara Mingəçevirdən kömək gələcək təyyarələri gözləsə də, onlar gəlib çıxmırdı. Komandir Vurğun Vurmuş Cavanlara deyirdi ":-Arxada ana-bacılarımızdı..."(səh 175) geri çəkilmək olmaz.Bu zaman Komandirə xəbər gəlidi ki: "-Yeddi yüz doqquz topun-tüfəngin götürüb qaçır."(səh.175) . Komandir tez onların qarşısını kəsməyə getdi. Maşını irəlidə qaçan BTR-in qabağına verdi və BTR saxladı, əsgərlər yerə düşdülər. Onların içərisində olan zabit irəli çıxıb Komandirə dedi ki, biz ölmək istəmirik, gedirik. Bu zaman "Niva" maşını dayandı. İçərisindən sərxoş bir polkovnik düşdü. O, Komandirə dedi ki, sən kimsən mənim əsgərlərimin qarşısını kəsirsən? Komandirlə əlbəyaxa oldular. O, Komandirə söyüş söyüb əlini silaha atdı. Komandir əlini silahının tətiyinə çəkdi. Polkovniki güllə deşik-deşik etdi. Qorxuya düşən əsgərlər geriyə qaçmağa başladılar. Komandir BTR-in üstünə minib əmr etdi ki, sür geriyə, özü də sürətlə. Hamı Komandirin arxasınca erməniyə tərəf hücuma keçdilər. Komandir hey deyirdi: "-sür , oğul, sür..." (səh. 178)

    Bu döyüş Dünyanın Ən Varlı Şəhəri üçün sonuncu oldu. Son döyüşü təsvir edən müəllif Vurğun Vurmuş Cavanların döyüşdən sağ çıxmadıqlarını və son ana qədər mərdliklə döyüşdüklərini göstərir. Belə qeyri-bərabər döyüşdə böyük qüvvə ilə hücuma keçən düşmən şəhəri işğal etdi. Yazıçı şəhərin işğal olunmasını təəssüf hissi ilə qeyid etmiş və sanki için-için ağlamışdır.

   A.Abbas Dünyanı Ən Varlı Şəhəri işğal olduqdan sonra onun sakinlərinin didərgin həyatının romanda geniş və həm də inkarolunması sübutlarla qələmə almış və çadır şəhərciyindəki miskin həyat salnamələrindən söz açmışdır. Çadır Şəhərciyində yayın istisində insanlar olmazın əzabın çəkirdilər. "Qaçqın malı yeməkdən Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar"(səh.180). Onları nə qədər növbəyə öyrənməyə çağırsalar da, qaçqınlar onların sözünə məhəl qoymurdular. Müharibə veteranları "Qələbə medalları" pencəklərinin sinəsinə taxıb yardım almağa gəlirdilər. Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar onlar arasında nə qədər təbliğat aparırdılar ki, almanlar gəlib sizə yardım paylayır. Siz də Almaniyanı darmadağın edən o qələbə medallarını taxıb gəlirsiniz onlardan yardım almağa. Xahiş edirik bir də medalları taxıb gəlməyin. Bundan sonra heç kim medal taxıb gəlməmişdir. "Hətta bir dəfə Kofli Çapay bir almanı qucaqlayıb küçük sahibini yalayan kimi yalamışdır:

    - Sənə də qurban olum, Hitlerə də!

   Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür tərcümə etmişdilər. (səh. 181)

   Pələngin Anası da aldığı gül-çiçəyi gətirib Ağcabədidə Şəhidlər Xiyabanında əkirdi. Ağcabədi rayon başçısı bunu bilmiş və məmurlara tapşırıq vermişdi ki, o arvada maaş, ya da cibinizdən pul verin. Pələngin anası isə bu təklifi qəbul etməmişdi. Aldığı yardımı isə Musanın anası ilə yarı bölürdü. Dəllalar Pələngin anasına təklif etmişdilər ki, Rəşid Behbudovun xəncərini baha qiymətə onlara satsın. Arvad bu təklifi qəbul etməmişdir.

   Müstəntiq polislərə göstəriş verdi ki, Komandirin qoluna qandal vursunlar. Heç kəs onun dediyini icra etmədi. Axırda məcbur olub Komandirin qoluna özü qandal vurdu. Həkim tələb etdi ki, Komandirin qoluna vurulan qandalı açın, camaat onu çöldə həsrətlə gözləyir. Mən demişəm ki, Komandiri Bakıya müəlicəyə aparırlar. Əlacsız qalan Müstəntiq onun qolundakı qandalları açdı. Camaat çöldə onu sevinclə qarşıladı. Komandir adamların arasında Vurğun Vurmuş Cavanlardan heç birini görmədiyi üçün məyus oldu. Sonra polislərdən öyrəndi ki, Vurğun Vurmuş Cavanların hamısı şəhid olub.

   Musanın anası kiçik oğluna deyirdi ki, ay bala görəsən Musa nə vaxt əsgərlikdən azad ediləcək. Oğlu isə söyləyirdi ki, Allah qoysa yaxınlarda gələr. O, Anasına Musanın Pircamal kəndində döyüşdə şəhid olduğunu deyə bilmirdi. Oğlu itkin düşmüş bütün analar kimi onun da gözü yolda qalmışdı. Hətta qayıdıb gələndə ona tarix müəlliminin qızını alacağını deyirdi. 

   Komandirin məhkəməsində: "...Hakim danışırdı, prokuror danışırdı, şahidlər danışırdı, dövlətin onun üçün tutduğu vəkil danışırdı". (səh.195) Ancaq onların danışmadığından əvvəl, yəni məhkəmə başlamamışdan öncə hökm çıxarılmışdır. "Onu Cinayət Məcəlləsinin zorlamadan və Vətənə xəyanətdən başqa az qala bütün maddələriylə ittiham edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də". (səh.195)

   Müstəntiq demişdi ki, Komandir mən yazmasam da, başqa müstəntiqə sənin əleyhinə hər şeyi yazdıracaqlar: "İndi rəva bilirsən ki, bir sürü uşağımı qoyub gəlim bura?" (səh.196)

   Komandir görürdü ki, Müstəntiq özünü xilas etmək üçün əlindən gələni etməyə hazır idi. Odur ki, üz tutub Müstəntiqə dedi:

   "- Yaz, rəis yaz! Nə yazsan qol çəkəcəm. Kişi adamsan ki, nakişiliyini boynuna aldın". (səh. 196)

   "Hakim danışırdı, prokuror danışırdı, vəkil danışırdı. O, isə susurdu. Görürdü ki, danışmağın heç bir mənası yoxdu, fatihəsi oxunub. İnkir-minkir rolunu oynayan prokurorla hakim onu cəhənnəmə göndərmək üçün dəridən-qabıqdan çıxırlar". (səh. 196)

   Müəllif ədalətsiz insanların ədalətin keşiyində olduqlarına təəssüflənir. Belə məhkəmələri və oyunbaz bir şeytan yuvasına bənzədir.

   Üzünə duran şahidlərin yalançı ifadələrini eşidən Komandir istəmişdir ki, onların üzlərinə tüpürsün, ancaq düşünmüşdür ki: "Üzlərinə Allahın tüpürdüyü bu adamlara bəndənin tüpürməsinin nə mənası var?" (səh. 198)

   Şahidlərdən biri durub Komandirin onu oğlunu döyərək batalyona apardığını dedi. Oğlu isə atasının əksinə olaraq söyləmişdir:

   "- Komandir, atamı bağışla! Bağışla atamı! Komandir, niyə məni ölümdən xilas elədin?! Kaş onda öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir, damarındakı qan sənin üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı". (səh. 199)

   "Yoldan çıxarkən ayaqlarını cütləyib ona hərbi salam verdi" və zalı tərk etdi.Bu zaman zalda oturan cavanların hamısı ayağa durub Komandirə hərbi salam verdilər. Hakim vəziyyəti ağır görüb məhkəməni bağlı elan etdi.

   Məhkəmədə son sözünü söyləyən Komandir dedi: "Mən həqiqətən güllələnməyə layiqəm. Amma prokurorun irəli sürdüyü ittihamlarla yox. Məni güllələmək lazımdır. Vaxtında bu torpağı satanları o polkovnik kimi güllələmədiyimə görə məni güllələmək lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə". (səh. 200)

   Komandirin məhkəmədəki bu çıxışı ilə müəllif əsl vətənpərvər bir insanın obrazını yaratmışdır. Xalqın belə oğulları heç vaxt yaddan çıxmır. Mənəvi paklıq, Vətən, torpaq və el qədri bilən insanlar xalqın əsrlər boyu döyünən ürəyi və vuran qəlbidir.

   Yazıçı burada Şeytan övladlarının Tanrı Övladlarının başına açdığı müsibətdən danışır. İsa peyğəmbərin çarmıxa çəkilməsindən, Məhəmməd Peyğəmbərin Şeytan Övladları tərəfindən daşlanmasından və Peyğəmbərlərin Şeytan övladlarının Tanrı tərəfindən bağışlanmasını istəyirlər. Nəsimini diri-diri Şeytan Övladlarının soymasından, Bayıl həbsxanasında A.Soltanovadan, Həmid Sultanovdan, Müşfiqdən, M.Ə.Rəsulzadədən, Çingiz İldırımdan və sairələrin başına Şeytan Övladlarının açdığı min bir oyundan danışır. İbrahim peyğəmbərin Tanrıya qurban dediyi oğlu İsmayılın bağışlanması xatırlanır. Şuşada olan 15 saylı kameradan Şuşa işğal olunmağa az qalarkən məhbusların buraxılaraq silahlanıb ermənilərə qarşı döyüşməsi göstərilir. Ümumiyyətlə, müəllif burada Qədir Rüstəmovun məlahətli səsindən, səsin sehrindən danışmaqla bütün yaradılış haqqında öz fikirlərini açıqlayır.

   Çadır şəhərini Prezidentin fərmanı sanki Dolu kumi vurmuşdu. Pələngə Milli Qəhrəman adı verilmişdir. Pələngin anası ona muştuluq xəbəri gətirənlərə muştuluq vermədi. Ona görə ki, xəbər gətirən ananın çarpayıda öldüyünü görür.

   Həbsdən azad olmuş Komandir hara gedəcəyini bilmirdi. Bakıda bir evdə qalmalı oldu. Evi polislər güdməyə başladılar. Ev yiyəsi arvad utana-utana Komandirə söylədi ki, ay bala, sənə görə bizi polislər gözümçıxdıya salıblar. Balaca bir putkamız var, onun gəliri ilə dolanırıq, onu bağlamaq istəyirlər. Komandirin tanıdığı keçmiş döyüşçülərdən biri böyüklərdən birinin cangüdəni idi. O, Komandirin yanına gəlib onu da həmin işə cəlb etmək istədi. Komandir isə onun təklifini qəbul etmədi. Həbsdə yatan zamçan Rəis onu tanıdığı üçün həmişə Komandirə xüsusi köməklik edirdi. Hətta ona siyasi dustaq adı vermək üçün xaricləri həbsxanaya da gətirmişdi. Komandir yaxşı şahmat oynayırdı, elə Rəis də şahmat azarkeşi idi. Həbsxanaya Avropadan gələn hüquq müdafiəçiləri ilə Komandir şahmat oynadı və onu apardı. Xarici çempion kimi onun əlini sıxdı və vizit kartını ona verdi ki, xaricə gələndə onunla görüşsün. Komandir yaraşıqlı düzəldilmiş şahmat taxtasını ona bağışladı.

   Evdən çıxan Komandir Dünyanın Ən Varlı Şəhərinə getmək üçün avtovağzala getdi. Bir Əsgər Köynəkli Sürücü ona dedi ki, əmi çay iç, bu saat iki nəfər də tapım gedək. Çayxanada iki nəfər Şahmat oynayırdı. Komandir də onların oynuna tamaşa edirdi. Birdən qonşu stolda Dünyanın Ən Varlı Şəhərinin adını çəkən üç nəfəri gördü. Onlar jurnalist idi və biri də hələ vaxtı ilə Komandirdən müsahibə götürmək istəmişdir. O, yoldaşlarına Qukasyanla görüşdüyündən Şuşaya, Cıdır düzünə və İsa bulağına getməsindən danışırdı. Qukasyanın İsa bulağında ona qonaqlıq verməsini söhbət edirdi. Bu söhbəti eşidən Komandir ayağa durub onları yaxaladı. Hər üçünü vurub yerə sərdi və kameralarını da qırdı. Əsgər Köynəkli Sürücü gəlib istədi ki, polislər gələnə qədər Komandiri aradan çıxartsın. Ancaq Komandir çayxanada çay içməyə başladı. Sürücü nə qədər yalvardısa, sözünə baxmadı.

   Komandiri polislər Rəisin yanına gətirdilər. Rəis At Belində Olan Adamın oğlu idi. O Komandiri tanıdı və qucaqlayıb öpdü. Jurnalistlərə işçilərdən on min dollar göndərib Komandiri azad etdi və çalışdı ki, onu evlərinə aparsın, Komanir getmədi, dedi sonra gedərəm. Rəis onu öz maşını ilə yola salmaq istədi, ancaq Komandir razı olmadı. Əsgər Köynəkli Sürücü ilə rayona yola düşdü. Komandir maşına minən kimi yatdı və mənzil başında sürücü onu yuxudan oyatdı. Komandir maşından düşdü və sürücünün pulunu vermək istədikdə sürücü pulu almadı. Əsgər Köynəkli Sürücü çayxanada onun necə bir döyüşçü olduğunu öyrənmişdi. Komandirə dedi ki, əmi mənim atam Cəmil də döyüşdə həlak olub. Deyirlər ki, özünü tankın altına atıb. Komandir Cəmili tanımadısa da sürücünün ürəyini qırmayıb sözlərini təsdiq etdi. Sürücü ona söylədi ki, əmi biz çadır şəhərində oluruq, gedək bizdə qal. Komandir razı olmadı. Düşüb piyada axırıncı səngərə qədər getdi. Quzu otaran bir uşaq onu səsləyib dedi ki, əmi o tərəfə keçmə. Ora ermənilərindi!. (səh. 246) Bu söz Komandirə güllə kimi dəydi. Komandir geri qayıdıb Azər Hüseynin kababxanasına gəldi. Burada aşiqlərin oxuması, kefli adamların şit sağlıq söyləmləri onu əsəbiləşdirdi. Durub kəhrizin üstünə getdi. Soyunub suya girdi və orada üzən balıqlara tamaşa edərək xəyala daldı. Uzaqda quzu otaran bir uşaq Qədir Rüstəmovu yamsılayaraq "Neyçün gəlməz" mahnısını oxuyurdu.Uşağın səsi aləmə düşmüşdür. Suda kiçik balıqlar üzür , sanki Drakon, Pələng və başqa döyüşçülərin hər biri balıq tutub dalınca üzürdülər.

   Yazıçı əsəri belə bir sonluqla bitirir.

   "...Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnədisə və göylər necə şaqqıldadısa çöllər diksindi, ağaclar diksindi , çaylar diksindi, dağlar diksindi. Şimşəklər göy üzünü parça-parça elədilər. Və göy üzündən də yuxarıdan necə bir Dolu başladısa... camaat dik atıldı və sevinclə özünü atdı bayıra..." (səh.254)

   Romanın sonunu at kişnəməsi, göy gurultusu, ağac oyanışı, çayların daşması, dağların lərzəyə gəlməsi, şimşəyin çaxaraq göy üzündə qara buludların dağılması yeni həyatın başlanmasından xəbər verir. Həyatın bu oyanışlar üzərində bərqərar olduğu, vətənə-torpağa qaydışın başlanğıcı timsalı kimi göstərilir. Əsərin belə xoşməramlı, nikbin arzularla bitməsi müəllifin gələcəyə inamının nəticəsi kimi diqqəti öpzünə cəlb edir. Vətənə, elə-obaya və torpağa qaydış A.Abbas ideyasının əsas motivini təşkil edir.

   Əsərdəki obrazları silsiləsinə nəzər saldıqda iki cəbhənin adamlarına rast gəlirik. Bunlar əsasən Dünyanın Ən Varlı Şəhərində yaşamış insanların pofotipləridir. Birincilər Komandir, Drakon, Vurğun Vurmuş Cavanlar, Qeyrət Dağarcığı, Pələngin anası, Rəis, Şelli Eldar, Kolxoz Sədri, Tanrı övladları və bunlarla bərabər Rəşid Behbudov, Qədir Rüstəmov, Musanın anası, Musa, Musanın qardaşı, ölmüş oğlunun yerinə səngərə girən ata, Əsgər köynəkli Sürücü, Fazil müəllim, Polis, Rəşid paşa, Qatır Məmməd, Elçibəy, Sambist Eldar, Xanəndə Baratın xanımı, Atasının əvəzinə ifadə verən Keçmiş Əsgər, Rəşid Behbudov, Zakir Fəxrinin şəhid qardaşı Kamil, bacısı 18 yaşlı qız, Jurnalist, Nitşe, Şair, Yiyəsiz Ölkənin Yiyəsiz Övladları, At Belində Olan Adamın Oğlu və başqaları.

   Öz mərdliyi, vətənpərvərliyi, milliliyi, dözümülülüyü ilə seçilən Komandir. Müharibə dövrü canını və qanını Dünyanın Ən Varlı Şəhərinin müdafiəsinə həsr edən cəsur qəhrəmandır. Bu insanın bir amalı var, Vətən və torpaq uğrunda canını qurban vermək. Belə qəhrəmanların sırasında Pələng, Vurğun Vurmuş Cavanlar, Qeyrət Dağarcığı və başqalarının da adını çəkmək olar. Müəllif bu surətləri yaradarkən onların bütün xarakterik cəhətlərini açmağa çalışmış, olduqca yeni və orijinal keyfiyyətlər ortaya çıxartmışdır. Romanda ikinci cəbhənin nümayəndələri isə At Belinə Olan Adam, Müstəntiq, Hakim, Üzünə Allahın Tüpürdüyü adam, Prokuror, Şeytan övladları, Bordağa Bağlanmış Buğaya dönən məmurlar, Katib, Baş Mühasib, Səhiyyə Nazirinin müavini, Polkovnik, Polyonicko, Şerbak, Qorbaçov, Paqosyan, Zori Balayan, Aqambaykan və başqalarıdır. Bu tiplərin hər birini birləşdirən bir cəhət var, öz mənafeyini hər şeydən üstün tutmaq. At Belində Olan Adam, Müstəntiq, Hakim kimi insanlar öz mənafeyləri üçün hər şeyi qurban verməyə hazırdılar. A.Abbas bu mənfi tiplərin iç üzlərini açarkən hər birinin şəxsi xüsusiyyətlərini nəzərə almış, onları bir-birindən fərqləndirmişdir. Əsasən bir-birinə bənzəməyən obrazlar qalereyasını yaratmışdır.    

   Hər bir surətin danışığı, hərəkəti, əməlləri, arzu və istəyi onun haqqında söz deməyə imkan verir. Romanın dili çox maraqlı, yığcam xalqın canlı danışıq dilinə, üslubuna uyğundur. Əsərin dilinin belə təbii olması oxucuya xoş təsir edir. Oxucu əsəri oxuyarkən yorulmur, sanki dincəlir, dağ zirvəsindən başlayan şəffaf bulaq suyu kimi ruhunu təzələyir.

   "Dolu" romanı A.Abbas yaradıcılığının şah əsəridir. O, Qarabağ harayının şəhid olmuş Dünyanın Ən Varlı Şəhərinin erməni cəlladları tərəfindən işğal edilməsini, şəhəri düşmənin xarabalığa çevirməsini ürək yanğısı ilə oxucuya danışır. Bu haray Vətənə-xalqa bağlılıq harayıdır. Biz inanırıq ki, "Dolu" romanı Dünyanın Ən Varlı Şəhərinin faciəsini zaman-zaman insanlara xatırladacaq, taleyinin acı məqamlarını əsrlər boyu vərəqləyərəq unudulmağa qoymayacaqdır. 

 

   (Ardı var)

 

 

   Sabir Rüstəmoğlu,

  AMİ-nin Ağcabədi filialının

  dosenti

 

 Ədalət.-2012.-7 fevral.- S.6.