SƏMİMİ, ZƏRİF, HƏM DƏ ÜSYANKAR ŞEİRLƏR

 

  (Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri haqqında

 

  Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri ilə çoxdandı tanışam və bu illər ərzində cəmi üç kitabı çıxsa da, onun müasir poeziyada öz dəst-xətti, fərdi üslubu ilə seçildiyini görürəm. Ən əvvəl onu qeyd edim ki, Məlahət Qaramuradlı bu yurdun, bu torpağın ziyalı qadınlarından biridir, əsl türk qızıdır və onun yaradıcılığı ilə şəxsiyyəti-qadınlıq ləyaqəti, ana sevgisi, ictimai amalı bir-birini tamamlayır.

   Fikirlərimlə ortaq olsun deyə, onun "Gözlədim yalana qədər" yeni şeirlər kitabına Xalq şairi Sabir Rüstəmxanlının yazdığı ön sözdə bu dörd cümləni qeydlərim üçün bir epiqraf seçirəm: "Mən onu ilk gənclik illərindən tanıyıram.Zərif, utancaq, gülərüzlü, çox danışmağı sevməyən, tərifdən qaçan bir qız idi. Amma elə ilk şeirlərində onun xarakterindəki ötkəmlik, cəsarət və qorxmazlığın zahiri görünüşündən tamamilə fərqləndiyi diqqətimi cəlb etmişdi. Oxuduğum bir neçə şeirindən onun simasında ədəbiyyatımıza yeni ruhlu bir şairin gəlişini sezmişdim. Elə bu şeirlərin təsiriylə Məlahətin bütün sonrakı yaradıcılığını izləmiş, ilk kitabından bu günə daşıdığı mənəvi dəyərləri və poetikliyi ədəbiyyatımızın ümumi uğuru kimi qiymətləndmirmişəm".

   O artıq ömrünün "ekvator xəttini" keçib,yaxın illərə qədər "gənc şair" imicini daşıyan Məlahət artıq orta nəslin nümayəndəsidir. Amma gənclik dövründə olduğu kimi, onun poeziyasına xas olan o zəriflik, o səmimilik və bir də üsyankar, etirazçı ruhu yaradıcılığını tərk etməyib. Dəyişilən yalnız poetik ustalığığın səviyyəsidir-öz təbii artımıyla, hisslərin, duyğuların çoxçalarlılığıyla..Onun şeirlərindən öz obrazı canlanır:

 

   Sevgi ilə doludu ürəyim.

   Özgə heç nə öyrədə bilmədim

   dəlisov ürəyimə.

   İpə-sapa yatmadı ürəyim,

   doğrusu,

   nifrətə yatmadı ürəyim.

   Cehiz vermək istəyirəm qızlarıma

   ürəyimi.

   Bir gen-yaddaşımı;

   dolu,

   döyülüb, bərkimiş,

   görüb, götürmüş,

   görənəklərə köklənmiş yaddaşımı.

   Dəyənəklərə, döyənəklərə

   kökləyib nəbzimi,

   öz kökündə, havasında sıxıla-sıxıla,

   eniş-yoxuşunda yıxıla-yıxıla

   böyük bir sevgi yaşadı

   yaddaşım, ürəyim.

 

   Məlahət Qaramuradlı kifayət qədər cəsarətli şairdir bu cəsarət sözü üzə deməklə, haqqın silləsini nahaqqın üzünə çırpmaqla əyan olur. Azərbaycan cəmiyyətində cəsarətinə görə hətta kişilərdən ötkəm olan qadınlar var mən o sırada Məlahəti görürəm. Kimisi ictimai fəaliyyətilə, kimisi elmi hünəriylə, Məlahət şeirləriylə. Məlahət Qaramuradlı cəsarətli şeirlərində susqunluğa, mənəvi ətalətə, meşşan miskinliyinə atəş açır.Özü onun ilk tənqid hədəfi kişilərdir:

 

    Allahın sağ əli olmalıydı kişilər;

    vurub, tutan,

    çalıb, çapan,

    yaraq tutmaqdan qabar olan əli.

    Oldumu?!

  

    Yer dağılmalıydı ötkəmliyindən.

    Ağırlıq yaraşır hər insana.

    Dağdan ağır gəlirdi mənə

    Kişi zəhmi,

    çünki

    dağdan ağırını görüb gəlmişdim

    bu şəhərə.

 

   Amma o, həm qadına məxsus kövrəkliyi, həssaslığı da şeirlərinin ruhuna hopdurur. "Qaçqın bənövşəyə" şeirində Məlahət beş əsrdən artıq gözəlliyinə, zərifliyinə şeirlər yazılan, poeziyada bir obraza çevrilən bənövşənin halına acıyır. Bu bənövşə Göyçədə bitib. Elə yurdundan, yuvasından didərgin düşən göyçəlilərin taleyi bu bənövşəyə oxşayır. "Çoxunun gözündə Göyçə həsrəti, Çoxu bizim kimi çıxmadı yaza". Məlahətin Xocalının Kəlbəcərin işğalının 16-cı ilinə həsr etdiyi şeirləri həyəcansız oxumaq olmur. Hiss edirsən ki, bu şeirlər "qara yubileylərlə" bağlı yazılan bəzi şablon şeirlərə oxşamır, dərddən dərdin havasından yaranan şeirlərdir."laçın qanad çalıb, arana qondu, Kəlbəcər istəyim Murovda dondu, Haqqam deyənlərin haqqımı dandı, Qisas qiyamətə qaldı, ilahi!".

   Məlahət Qaramuradlı bu günün şairidir şeirlərində dövrün, zamanın bir şair ürəyinə yığılmış qəm dağlarını, kədər yağışlarını, həyatın, gerçəkliyin ağrı-acılarını görürük. Görürük ki: "Torpağın altında gorum çatladı, Üstümdən yol, cığır saldılar, heyif!". Görürük ki: "Qəhrəmanın başı dilənçiliyə, Dilənçinin başı milyonçuluğa, Qarışır milyonlar səltənətində. Haqqı olmayanlar durub döyüşə, Yarışır milyonlar səltənətində". Görürük ki: "Səf-səf durub; düşmən diş-diş, düşmən dən. Məndən deyil yurdu satıb, sovanım". Görürük ki: "Dünyanın ən ağır dərdidi torpağı yaddaşda gəzdirmək; üzü soyuqdu deyib, anamızı qoyduğumuz torpağı". Misalların sayını istənilən qədər artırmadan da deyə bilərik ki, Məlahət Qaramuradlı içində yaşadığı gerçəkliyin olaylarını şeirə gətirir, həm özü, həm bizim üçün bədii bir tarix yaratmağa səy edir.

   Onun ilham çaparı köhlənini hər yana səyirdə bilir. Bəzən yoxuşa dirənsə , müqavimət gücü az deyil. Yəni hecada da, sərbəstdə , əruzda da eyni istəklə yazır. (Məsləhət vermək istəmirəm, amma arzum budur ki, o, qəzəl yazmaqda da davam eləsin). "Yolunda gəzdim, duruldum. Demədim bezdim, yoruldum, Söz məni əydi, vuruldum, Haqq bilib, əymədim sözü".

   Məlahət sazlı-sözlü Gədəbəy diyarındandır belə güman etmək olardı ki, o, yaşadığı, içində olduğu vurulduğu ata-ana, aşıq-qoşma-gəraylı mühitinin tam əsiri olaydı. Amma göründüyü kimi belə deyil. Məlahət poeziyanın yalnız bir bucağına, bir səmtinə əyilib bütün ömrü boyu qoşma, gəraylı, heca şeirləri üstə ilhamını kökləməkdən sevinməzdi. Çünki öncə qeyd etdiyim kimi, şeirin hər səmtinə üz tutmağı bacarır. Elə yazdığı qoşmalar da, gəraylılar da bunu sübut edir.

  

    Mənə fürsət gəzir indi,

    Atamı aparan mələk.

    Ağıldan, başdan eləmə,

    Atama çaparam, mələk!

 

   İşin, peşən ayırmaqdı,

   Şeytan məni şişə taxdı.

   Mənimki bir olan Haqdı,

   Mən çətin qoparam, mələk!

  

   Yurdum, yuvam tac üstüdür,

   Ərənlik möhtac üstüdür,

   Ağrım təndir, sacüstüdür,

   Kündəmi yaparam, mələk!

 

   Cənnətəm dörd yanım ilə,

   Başam tənim, canım ilə.

   Canı alsan, qanım ilə

   Torpağa hoparam, mələk!

  

   Onun şeirlərində fikir öncül yeri tutur, demək olar ki, bütün şeirlərində Məlahət Qaramuradlı onu düşündürən varsa, fikrinin işığına cəmləşdirir. Əlbəttə, hər hansı fikir yalnız poetik don geyinərsə, gözəlləşər.Məlahətin atasının vəfatı ilə bağlı silsilə şeirlərində biz bunun əyani şahidi oluruq. Onun bu silsilədə hər bir şeiri ata kədəriylə bağlı bir fikir üzərində qurulur, həmin fikir misradan-misraya sonadək "irəliləyir", sonda məntiqi nəticəyə gəlib çatır. Bir nümunə:

 

   Dolmağına lap az qalıb

   kəndimizin içindəki məzarlığın.

   Yanında yer saxlayıb anama,

   axır ki, bir yer seçdik qazmağa.

   Bir azdan

   torpağa tapşıracağıq atamı,

   qoruya bilmədiyimiz torpağa.

 

   Məlahət Qaramuradlının təbii şair olduğunu öncə söylədik. Bu təbiilik onun sevgi şeirlərinə aiddir.O, keçmiş günlərin sevdası nostalji ilə yaşamır, sevgisini həyat yoldaşı böyüyüb-başa çatdırdığı övladları ilə bölüşür. Bu, bir ötkəm qadın sevgisidir. Kaş digər zəriflərimizin şeirlərində ailə sevgisiylə bağlı belə notlar səslənəydi.

   İstəyirəm bir az da Məlahət Qaramuradlını tənqid edim. Çox arzu edirəm ki, Məlahət şeirlərini yazıb nöqtə qoyandan sonra bir oxusun, bəzi kələ-kötür misralarını cilalasın. Onun atasına həsr etdiyi şeirindən misal gətirdim, orada "qəbirlik" sözü vardı, onu "məzarlıq" kimi yazdım (şairdən buna görə üzr istəyirəm..) Hansı yaxşıdır( Əlbəttə, "məzarlıq".Bu tipli şeirə uyuşmayan sözlərə yenə rast gəlmək olar.

   Bayaq söylədim ki, Məlahət "fikir" şairidir. Amma elə şeirləri var ki, həmin şeirlərdə fikir sadəcə fikir olaraq qalır, poetik cilvə göstərmir. Məsələn, "Yaraqla güclü olanlar", "Bütün işlərin açarı Yaradanda" s. bu qəbildən olan şeirlər ancaq fikir söyləmək üçündür, yəni məlum həqiqətlər bir daha təkrar olunur.

   Məlahət Qaramuradlının səmimi, zərif vəgüsyankar şeirləri barədə söhbətimi onun bu misraları ilə bitirmək istərdim:

  

   Göyün ən sonuncu qatına çıxdım,

   Tanrının gözüylə özümə baxdım.

   Yaşadım.

   ...Xudafərin deyim,

   körpü deyim mən?!

   Çəkdiyim yollarım göz dağı oldu.

   Yurdum, yuvam düşmən

   tapdağı oldu,

   Yaşadım.

   ...Çəkdiklərimdən heç bezib

   doymadım,

   Yaşadım.

   Bu, bir şair ömrüdür. Yaşamağa dəyər!

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.-2012.-4 fevral.-S.19.