BAYAT

 

   Mən yenə dönəcəm Azərbaycana

  

   Burda havam çatmır...hava istərəm,

   Xəzər dənizinin özü boydaca.

   Burda səmasızam,səma istərəm -

   Günəşin aləmə sözü boydaca.

   Xəzər dənizinin özü boydaca.

  

   Qırın zəncirləri biləklərimdən,

   Açın qıfılları diləklərimdən.

   Endirin zindanı kürəklərimdən.

   Gecələr bürünüb soyuq yorğana,

   Yatmıram,dalıram Azərbaycana !

 

   Yalnız anam - bacım,qardaşım deyil,

   Vətənim - əbədi səadətimdir.

   Min - min övladının biridir Xəlil

   Vətənsiz iki qat,üç qat yetimdir,

   Vətənim - əbədi səadətimdir.

  

   Hər çayı - çeşməsi səsim,nəfəsim,

   Hər daşı bənzəyir lələ,mərcana,

   Doğrayın,kəsin lap kəsim - kəsim

   Təki qovuşdurun Azərbaycana !

   Hər daşı bənzəyir lələ,mərcana.

 

   Mütləq dönməliyəm doğma məkana.

   Bir az da qüdrətli,bir az da mətin.

   Kürlə Araz kimi bağlıyam ona,

   Canıyam,bağrıyam bu məmləkətin.

   Bir az da güclüyəm,bir az da mətin.

 

   Sökün zindanları,barmaqlıqları,

   Hər gün qayıdıram Azərbaycana.

   Kəhkəşan oluram bu gecə yarı

   Üzümdən nur düşür Milə,Muğana.

   Hər gün qayıdıram Azərbaycana.

 

   Saqqalım ağsa da gənc anamdır o,

   Ana uşağına dönürəm hər gün.

   Ayna Göy gölümdə,Maral gölümdə

   Bir ay işığına dönürəm hər gün.

   Ana uşağına dönürəm hər gün.

 

   Əgər gələ bilsəm Azərbaycana,

   Mənim gəlişimlə o yüksələcək

   Ordular gələcək haqq nəfəsimdə,

   Əzəmət,ləyaqət,qüdrət gələcək

   Mənim gəlişimlə o yüksələcək.

 

   Zümrüd yağışına,ağ dumanına

   Bürünə - bürünə gələsiyəm mən.

   İşdir ayaq üstə gələ bilməsəm,

   Sürünə - sürünə gələsiyəm mən.

 

   Nəfəsim kəsilsə...sürtüb üzümü,

   Dağından - daşından qüvvət alacam.

   Üzülsə qollarım,dişimlə tutub

   Uğrunda bir daha qılınc çalacam.

   Dağından - daşından qüvvət alacam.

  

   Yoluma neçə min Əzrayıl çıxa,

   Ömrü məzar ilə bölə bilmərəm.

   Anla ey imansız: Azərbaycansız

   Yaşaya bilmərəm,ölə bilmərəm.

  

   Mən yenə gələcəm Azərbaycana,

   Şəninə,şərqilər deyəcəyəm mən.

   Acı tüstüsünü bal kimi udub

   Odunu qaymaq tək yeyəcəyəm mən.

   Şəninə şərqilər deyəcəyəm mən.

 

   Qanadı yaralı bir qartalammı?

   Tay qanadımla da uçaram inan.

   Dərbənddən,Salyana,Zəncana qədər

   Onu yetmiş qolla qucaram,inan !

   Tay qanadımla da uçaram,inan.

 

   Qaldırın bu ağır daşı üstümdən,

   Göy göldən su səpin bu yanar cana.

   Bəlkə eraların başı üstündən

   Mən bir gələcəm Azərbaycana !

   Göy göldən su səpin bu yanar cana.

 

   Haray,ey nəfəsim,ey qardaşlarım,

   Məlul - məlul baxan arkadaşlarım.

   Yandırır aləmi bu göz yaşlarım,

   Siz məni qaytarın Azərbaycana !

 

   O qızıl günəşə and içirəm ki,

   Dünənəm,bugünəm,gələcəyəm mən.

   Baxmayın şairin yolu bağlanıb

   Tullayın çiynimdən dəmir dağları

   Özüm Vətənimə gələcəyəm mən !

   Dünənəm,bugünəm,gələcəyəm mən.

 

   Səni qucasıyam,ey doğma elim,

   Məni vüsal günü - o gün yaşadır.

   Gözümdən bir damla yaş axsa,bilin:

   Məni vüsal günü - o gün yaşadır.

  

  

   Moskva,Lefortovo zindanı,

   9 iyun,1990

 

 

   Vur

 

   Elə mən özüm bu gün yırtıcı...

   Yırtıcı nifrətim düşməni qovur

   Ayıq kirpiklərim qisas qılıncı...

   Vur,ölən daşnakdır,adam deyil,vur!

   Yırtıcı düşmənim düşməni qovur.

  

   Adam bənzəyir yalnız zahiri,

   Kirli caynaqları neştərdən iti.

   Dişinin dibində ölüm zəhəri,

   Gəlir Yer üzünün ən murdar iti.

   Kirli caynaqları neştərdən iti.

  

   Bu gün Azərbaycan boylu gəlindir,

   Yurdum özü boyda intiqam doğur.

   Polad yumruğunu gürz kimi endir,

   Gəbərən daşnakdır,adam deyil,vur!

   Yurdum özü boyda intiqam doğur.

  

   ilan,nə əqrəb təhlükəlidir,

   Qəsbkar əqrəbdən qat - qat şərəfsiz.

   Maskalı surəti ərzə bəllidir.

   Paklar məbədinə girir natəmiz.

   Qəsbkar əqrəbdən qat - qat şərəfsiz.

 

   Girir qılığına Nazarbayevin,

   Girir arxasına Rafaellinin.

   Min - min sifəti var təpəgöz divin,

   Haça ürəklinin,haça dillinin.

  

   Girir arxasına Rafaellinin.

   İnanma millətbaz dələduzlara,

   Rütbədən rütbəyə sürünənlərə.

   Çoxu qulbeçədir tox donuzlara.

   Rütbədən rütbəyə sürünənlərə.

  

   Yalnız Ulu Türkə,Xəlil Rzaya,

   Yalnız öz ruhuna inamın olsun.

   Ey arslan ürəklim,dönmə quzuya,

   Qələbə ən böyük məramın olsun

   Yalnız öz ruhuna inamın olsun !

 

   Güllə tükənərsə avtomatında,

   Baxışın güllədir,əsirgəmə,vur.

   Tankın büdrəyirsə əlin altında,

   Tankdan,raketdən güclü qardaşım,

   Vur,fateh külünü göylərə sovur.

   Baxışın güllədir,əsirgəmə,vur !

 

   Südəmər balamın boğazında

   Göy ləkələr qoyub o beyni çopur.

   Dön qaynar polada ilan ağzında,

   Vur,ölən daşnakdır,adam deyil,vur !

  

   Daşnak - planetə ən böyük yağı

   Ayağı altında vulkan olmalı !

   "Dənizdən dənizə..." deyən alçağı

   Boğmağa ildırım,ümman olmalı.

   Ayağı altında vulkan olmalı !

 

   Çağırır Zəngəzur: - Zərbəni bərk vur !

   Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.

   Laçınım,Şuşa adlı sonusz cahanım -

   Natəmiz əllərdə qalan gülqönçə...

  

   Çağırır ox kimi minarələri,

   Müqəddəs heykəli devrilənlərim.

   Yıxılan baş daşı,məzarı,qəbri

   Nəbatat bağına çevrilənlərim,

   Müqəddəs heykəli devrilənlərim.

 

   "İntiqam" Qışqırır yaralı dağlar,

   Qanları çaylara qarışanlarım.

   Dağılan tifaqlar,sönmüş ocaqlar,

   Şikəst taleyilə barışanlarım,

  

   Qanları çaylara qarışanlarım

   "İntiqam" qışqırır yaralı çaylar -

   Zarıslı,Xəlfəli,Xaçınçay,Tərtər.

   Çaylara söylər ulduzlar,aylar:

   Qul kimi sürünmək ölümdən betər !

 

   Qalıbsa canında bircə damla qan,

   İnanma saxtakar sülhbazlara sən.

   Şuşadan,Lsçından əl çəkən,inan,

   Kor olur,əl çəkir iki gözündən

   İnanma,saxtakar sülhbazlara sən.

  

   Əgər ölməyibsə eşqin,qeyrətin,

   Vur,ölən daşnakdır,zərbəni bərk vur !

   Odur ilk düşməni bəşəriyyətin.

   Yırtıcı nifrətim düşməni qovur,

   Gəbərən daşnakdır,adam deyil,vur !

  

   Bakı, 3 sentyabr

 

 

   Gözün aydın, Azərbaycan

 

   Ustad Şəhriyarın bu taya

   Gələcəyi xəbərini eşidərkən yazılıb

  

   Fəxr et,gözün aydın Azərbaycanım !

   Güz günü qoynuna ilk bahar gəlir

   Çiçək sərgisidir Milim,Muğanım,

   Əllərdə titrəyən laləzar gəlir.

  

   Mənim varlığımda bir şad xəbər var.

   Desəm,buz içindən göyərər bahar.

   Gərər qanadını qoca qartallar,

   Görərsən yüz şahin,min şonqar gəlir.

  

   Sığmır yatağına Araz, Kür.

   Xəzərə qəlbimdən Xəzər tökülür.

   Ayrılıq sədləri lay - lay sökülür.

   Yurdumun yarısı mənə dar gəlir.

 

   O tayda bit atəş,bir günəşdi o,

   Arazın üstündən dalğın keçdi o.

   Baxdı...gözlərilə nəhri içdi o.

   Sərhədlər,məftillər tarimar gəlir.

  

   Axır dağdan axan sellərlə birgə,

   Çırpınır çöllərdə ellərlə birgə

   Ana da,oğul da bəxtiyar gəlir.

  

   Bir rəssam nəqş edib "Heydərbaba",

   Baxmağa çağırır eli,obanı.

   Fırçası - kirpiyi,rəngi - öz qanı,

   Əl boyda şəkildə dünyala gəlir.

  

   Mənim xəstə anam qalxır yataqdan,

   Səsinə səs verir quşlar budaqdan.

   Sevinci coşğundur çaydan,bulaqdan,

   Cansız sinəsinə iqtidar gəlir.

  

   Nədir əllərdəki,bu lalə,nərgiz?

   Bu hansı rayihə,hansı ətirdi?

   O,özü gəlmədi,onu sevgimiz

   Canlı maqnit kimi çəkdi,gətirdi.

 

   Gəlir,gözlərində sevinc dolu yaş,

   Brilyant taclara əyilməyən baş,

   Baş əyir müqəddəs Azərbaycana.

   Öp o saçları,ey qaya,ey daş !

  

   Bu axşam hamının gözü ondadı.

   Sənətin ən böyük sözü ondadı.

   Yanar bir ocağın közü ondadır,

   Çıxıb od içindən bir qatar gəlir.

  

   "Humayun" üstündə çalacaq özü,

   "Segah" odlara salacaq bizi.

   Üçcə tel üstündə ana Təbrizi

   Dünyaya göstərən bir setar gəlir.

  

   O incə tellərə qurban olum mən,

   Arazım süzülür o pərdələrdən.

   Gözümdə,könlümdə göz yaşı dən - dən,

   Üstümdə gah çiçək,gah da qar gəlir.

  

   Bu gün sevincimdən divanəyəm mən,

   Zərgər gəlib çıxıb,dürdanəyəm mən,

   Gör hansı işığa pərvanəyəm mən,

   Fikrimə az qala nağıllar gəlir.

  

   Bir az gecikmisən,möhtərəm ustad !

   Vahid çox gözlədi,görmədi,heyhat,

   Mən elə bilirəm:bura bu saat

   Sökülüb tökülən bir məzar gəlir.

 

   Döndü gülüstana fəxri xiyaban.

   Cabbarlı,Üzeyir,Vurğun yanbayan.

   Vətən milyon - milyon işıqlarla yan !

   Hər iki sahili işıqlandıran

   Qəlbimiz dünyaya məşəldar gəlir.

 

   Mətin əqidəli,mərd etiqadlı,

   Tərlan arzuları,Təbriz qanadlı,

   Koroğlu qılınclı,Babək inadlı,

   Savalan köküslü sənətkar gəlir.

 

   Can atır çayları Kürləşdirməyə,

   Xırda duyğuları iriləşdirməyə.

   Quzeyi Güneylə birləşdirməyə

   Fəxr elə,ey Vətən, Şəhriyar gəlir.

 

 

   Xəlil Rza Ulu Türk

 

  Ədalət.-2012.-4 fevral.-S.20.