Mən səni unutduqca...

        

   Necə yadıma salım,

   Axı necə bilmirəm.

   Mən bu duman içində,

   Səni seçə bilmirəm.

 

   Qaşın necəydi sənin?

   Allah, gözün necəydi?

   Həyadan qızaranda,

   O gül üzün necəydi?

 

   Aramıza duman tək ,

   Çökən bu vaxta bax da.

   Səni mənə çox görən,

   Kor qalmış baxta bax da.

 

   Mən səni unutduqca ,

   Ruhum da solub gedir.

   Bu yerlərdə buludlar,

   Gözümdən dolub gedir.

 

 

   DUMAN

 

   Göydə at aynadır yaz buludları

   Yerdə bar umurlar yaz dumanından...

   Başımın üstündə söz buludları,

   Mən yenə azmışam söz dumanında.

 

   Biri yerin, biri göyün uduzdu...

   Bu bəxt bu yolu kəsən arazdı...

   Sarvanlar karıxdı, karvanlar azdı

   Bu torpaq dünyanın toz dumanında.

  

   Gözdən nəsə asıb Gözəgörünməz,

   Dəryanın sirrini bir damlada gəz.

   Heç kəs olduğu tək gözə görünməz,

   Hamı gizlənibdir öz dumanında.

  

   Hər misra yolundu, hər söz qədəmin,

   Hər sözdə yaşayır sənin bir dəmin.

   Dumandan sıyrılıb çıx, ay qələmim,

   Şeirini dumansız yaz ,dumanın da.

  

 

   Daha lalə bitməz yanaqlarında

 

   Hərdən lap elə bil bir milçək kimi,

   Kimi xəyalından qovursan elə.

   Sürmə olmayacaq özgə gözlərə,

   Külümü göylərə sovursan belə.

 

   Aşiq yerli deyil, Yerə gəlmədi,

   Bilmirəm bu sirri bildin bilmədin...

   Eşq sənə gəlsə , eşqə gəlmədin,

   Sən yenə həminki gavursan elə.

 

   Sındın sərt taleyin sınaqlarında ,

   Xəzəlsən yad ömrün budaqlarında.

   Daha lalə bitməz yanaqlarında,

   Hər gün göz yaşıyla suvarsan belə.

   Gözə kül üfürür hələ bu dünya

  

   Qarla yola salıb bu köhnə ili,

   Dur təzə ili başla qar ilə.

   Hamı qar sevəndi, şaxta sevəndi,

   Sən bu dünyanı xoşla qar ilə.

  

   Gör necə batıbdı külə bu dünya,

   Güc tapmır özünə gələ bu dünya.

   Gözə kül üfürür hələ bu dünya,

   Yazda çiçək ilə, qışda qar ilə.

 

   Atdı getdi məni atlı günlərim,

   Dəryada gəmi tək batdı günlərim.

   Özün de, mən sənə çiçək dərim?

   Gözdə duman ilə, başda qar ilə.

  

   

   AYRILIĞIN AYAQLARI ALTDA

 

   Görən niyə söndü eşqin çırağı,

   Qalmadı daş üstü daşı ömrümün.

   Əldən çıxdı ruhun o əla çağı,

   Payızı başladı yaşıl ömrümün.

 

   Min illərdi eşq adlı bu ölkədə,

   Vüsala yetişmir şah, gədə...

   Kim bilsin köçəriymiş bəlkə ,

   Sevgi adlı Simurq quşu ömrümün.

 

   Nələr yanıb külə döndü odda bax,

   Gəl bu külə bir od vur, odda bax.

   Ayrılığın ayaqları altda bax,

   Xəzəlləri pıçıldaşır ömrümün.

  

 

   SÖZÜM

 

   Nehrəm dağları kimidi,

   Duzludu mənim hər sözüm.

   Göyün tağları kimidi,

   Ulduzları öpər sözüm.

 

   Güzgü tutar günə, aya,

   Bir azda bənzər duaya.

   Köklənməz özgə havaya,

   Kökü üstə bitər sözüm.

 

   Xoş sədadı mələklərdən,

   Əsib gələr küləklərdə.

   Fəth etdiyi ürəklərdə,

   Muradına yetər sözüm.

  

 

   GÖY ADAMLARI

 

   Bu ömür-gün qəpik quruş kimidi,

   Çalış bir baxışdan duy adamları.

   Yaşıl bir budaqda bir quş kimidi,

   Alışmaz bu yerə göy adamları.

 

   Qəmləri kiriyib ovunmasa da,

   Gözləri göylər tək oxunmasa da,

   Əlləri badəyə toxunmasa da,

   Məstlikdən ayrılmaz mey adamları.

 

   Yerdən uzaqlaşır nur gündən-günə,

   At tək şahə qalxır şər gündən- günə,

   Gör kasıb düşür yer gündən-günə,

   Qeybə çəkildikcə vəhy adamları.

  

 

   Gözlərim durulub daha

  

   Gör neçə payızdan keçib,

   Ömrün rəngi solub daha.

   Məni dünyaya bağlayan,

   Bağlar da qırılıb daha.

 

   Eşq olub qəlbin hakimi,

   Hal varmı de bu hal kimi.

   Qollarım budaqlar kimi,

   Göy üzündə qalıb daha.

 

   Ruhum işığa bürünür,

   Zülmət min yerə bölünür.

   Gözümə Allah görünür,

   Gözlərim durulub daha.

  

  

   FİKİR UZAQLARA APARDI MƏNİ

 

   Söz-söz qaranlıqdan durulub gələn,

    Bu aydan da arı şerimdə yoxam.

   Zaman qaynatsa da heç qarışmadıq,

   Dünyanın xeyrində, şərində yoxam.

 

   Keçdim o dənizi, aşdım bu dağı,

   Yorub əldən saldım əli, ayağı.

    İlahi, özün de hardayam axı?

   Nədən bu dayazda, dərində yoxam.

 

   Dağ-dərə üstünə çəkəndə çəni ,

   Dünya gizlədəndə özündə səni.

   Fikir uzaqlara apardı məni,

   Qayıdanda gördüm yerimdə yoxam.

 

 

   SÖZ

 

   Onda mələklərin dodağındaydı,

   Onda yer üzünə enməmişdi Söz.

   Ömrünün ilahi, nur çağındaydı,

   Qarğışa, söyüşə dönməmişdi Söz,

   Onda yer üzünə enməmişdi Söz.

  

   Söz günəş yaradır, ay yaradırdı,

   Göyü ulduz-ulduz naxışlayırdı.

   Söz onda Tanrıya küfr etməmişdi,

   Söz onda Tanrını alqışlayırdı,

   Göyü ulduz-ulduz naxışlayırdı.

 

   Söz onda şah idi qızıl taxtında,

   Şeytanla sözünkü düz gəlməmişdi.

   Həvvanın üzündən cənnət bağında,

   Adəmin üzünə söz gəlməmişdi,

   Şeytanla sözünkü düz gəlməmişdi.

  

   Sözə dəyməmişdi şeytan nəfəsi,

   Sözün üzü hələ qaralmamışdı.

   Ərşə qalxmamışdı sözün naləsi,

   Söz ilə könüllər qırılmamışdı,

  

   Sözün üzü hələ qaralmamışdı

   Onda mələklərin dodağındaydı,

   Onda yer üzünə enməmişdi Söz.

   Ömrünün ilahi, nur çağındaydı

   Qarğışa, söyüşə dönməmişdi Söz,

   Onda yer üzünə enməmişdi Söz.

  

 

   SƏNSİZ GƏLƏN GÜNLƏR

  

   Sənsiz gələn günlər yaz olmadı ki,

   Şaxtaya bürünə-bürünə gəldi.

   Baharda gəlməyə üz olmadı ki,

   Bu qış o baharın yerinə geldi.

 

   fərqi buludlar qaradı, ağdı,

   Buludlar baxmaz ki, adamdı, dağdı....

   Bu qarlar içimə - çölümə yağdı,

   Dumanlar sürünə-sürünə gəldi.

 

   Göy yeri, yer göyü ahla kiritdi,

   Dəryanı bir dəli dalğa kiritdi.

   Sevincim qəmlənə-qəmlənə getdi,

   Qəmlərim sevinə-sevinə gəldi.

  

   Ürəyim qəm yüklü söz yurdu kimi,

   Könlüm öləziyən köz yurdu kimi.

   Ömrüm ayrılığın öz yurdu kimi,

   Ayrılıq elə bil evinə gəldi.

 

 

  Hüseyn Bağıroğlu

  

  Ədalət.-2012.-4 fevral.- S.22.