Qazaxıstandan gələn
azərbaycanlı müğənni Nargilə
Nargilə Mehdiyeva: “Bura ona görə
gəlmişəm ki, hansı səs imkanlarına malik
olduğumu göstərim”
Nargilə
Mehdiyeva Qazaxıstanın Astana şəhərində
doğulub. Babaları Qərbi Azərbaycandandır. Orta məktəbi Astanada oxuyub. Qazaxıstan Humanitar Hüquq Universiteti beynəlxalq turizm fakültəsini qırmızı diplomla bitirib. Təhsil aldığı
ali məktəbin
tələbə idarəetmə
cəmiyyətinin rəhbəri
olub. Universitetin himnini oxumaq
ona həvalə edilib. Artıq ikinci kursda oxuyanda
adı universitetin “Qızıl kitab”ına
düşüb. Geniş vokal
imkanlarına malikdi.
Bu sənətə daha dərindən yiyələnmək istəyir.
Elə bu məqsədlə də Azərbaycana gəlib. Niyə məhz Azərbaycanı
seçib? Nargilə
Mehdiyevanın ali məqsədi nədi? Bu suallara
onun özü cavab verir.
- Turizm sahəsində ixtisaslaşsam da, tələbəliyimdə vokalla
məşğul olmuşam.
Bitirdiyim universitet Astanada ən yaxşı ali
təhsil ocağıdır.
Savadımla seçilsəm də,
oxumaq istəyi məni tərk etmədi. Universitetdə vətənpərvərlik haqqında konsertlər təşkil edirdik. Tədbirlərin birində iştirak
edən Qazaxıstanın
məşhur skripkaçısı
rektora deyib ki, bu qız
Hüquq Universitetində
oxumamalıdır. Onun yeri
Musiqi Akademiyasıdır,
vokalla məşğul
olmalıdır. Hər kəs
məni tərifləyirdi,
deyirdilər, hüquq
ixtisasını bitirsən
də incəsənət
sahəsində özümü
sınayım.
Qazaxıstanda vokal dərslərinə
getsəm də, orda daha ali səviyyəyə
çatmaq imkanları
yetərli deyil. Azərbaycan barəsində televiziya vasitəsi ilə çox məlumatlar alırdım. Həm də
bura mənim vətənim sayılır,
babalarım azərbaycanlıdır.
Bura gəlməyim mənə
hələ də yuxu kimi görünür.
Yəni indi doğma vətənimdəyəm? Özümü nağıldakı
kimi hiss edirəm.
Aldığım məlumatlardan bilirdim ki, Bakı musiqi
ocağıdı, Şərqdə
ilk opera burda yazılıb. Azərbaycanda mədəniyyətin inkişafı
sürətlə davam
edir. Bakının İslam mədəniyyəti
paytaxtı olduğundan
xəbərim var. Daha
konkret, Bakıda vokal təhsili verən peşəkar müəllimlər çoxdur.
Bilirəm ki, Rəşid
Behbudov, Bülbül,
Müslüm Moqamayev və başqları olub. Hazırda bu məktəbin
davamçıları var. İstəyirəm
mən də vokal səs imkanlarımla bu məktəbin üzvü
olum.
- Neçə vaxtdır burdasız və hansı işləri görmüsüz?
- Artıq 4 aydır ki, Azərbaycandayıq. İlk növbədə mənə
doğma olan Azərbaycan dilini öyrənməyə çalışıram.
İnanıram ki, qısa müddətdə buna nail
olacam. Bu müddət ərzində
vokal müəllimi Qasım Xəlilovdan Belkanto məktəbinin sirrlərini öyrənirəm.
Qasım
müəllimə Üzeyir
Hacıbəyovun tələbəsi
olmuş Şövkət
xanım dərs deyib. Minnətdaram ki, mənə
doğması kimi qayğı göstərir.
Artıq bir klip ərsəyə
gətirmişik. Regissoru Sirac Mustafayevdi. “Ömür karvanı”
adlı bu klip Azərbaycanın dilbər guşəsi olan Şamaxıda çəkilib. Klip artıq
“Lider” televiziyasında
göstərilir.
-Klipin mövzusu nədi?
- Mövzu vətənin tərənnümüdür. Regissor milli
üslubda klip çəkib. Maraqlı idi,
mən qədim Azərbaycan geyimində, hətta ata da mindim. Klipin məğzi ondan ibarətdir ki, nəsillər dəyişsə
də, Vətən əbədidi.
-Niyə məhz ilk klipinizin vətənpərvətrlik ruhunda
olmasını istədiz?
- Sizə birr sirr açım. Mən ömrü boyu
Azərbaycanda olmasam da, özümü əsl azərbaycanlı
hiss etmişəm. Bu ölkənin,
bu xalqın tarixindən, mədəniyyətindən
az çox
xəbərim olub və həmişə də fəxr etmişəm. Bilirsiniz mənim ulu
babam aşıq olub. Aşıq Bəhmən. O, Qərbi Azərbaycanın Basarkeçər
bölgəsinin Nərimanlı
kəndindəndir. 1901-cü
ildə doğulub,
1928-ci ildən aşıqlığa
başlayıb. Bütün aşıq
şeir formalarında
şeir yazıb və 70-qədər aşıq
ifası var. Arada şeirlərini oxuyuram, hələlik yaxşı
başa düşməsəm
də əzbərləməyə
çalışıram.
- Yəqin ki, çəkilişlərdə çətinliklərlə
üzləşdiz. Yeni
ölkə, tam öyənmədiyiniz
dil...
- Çəkilişlər olduqca
maqraqlı keçdiyi
üçün çətinlikləri
hiss etmədim. Hətta nazik
milli geyimdə yerdə qar olmağına baxmayaraq üşüdüyümün belə fərqində deyildim. Çəkilişlərdə atlardan istifadə
edilirdi. Açığını deyim ki, qorxurdum,
amma regissor belə deyək də, həm məni, həm də atları başa sala bildi. Heç yadımdam çıxmayacaq,
bulaq başında, çiynimdə səhəng
- əsl milli koloritli bir səhnə...
Dil məsələsində isə
bir qədər problemlər oldu. Nə qədər ləhçəsiz
oxumağa çalışdımsa,
deyilənə görə,
fərq hiss olunur.
Dinləyicilər yəqin ki,
məni başa düşər. Öz üzərimdə
ciddi işləməyi
sevən adamam.Əlbəttə
növbəti layihələrdə
çalışacağıq ki, dinləyicinin zövqünü tam oxşaya
bilim.
- Hansısa növbəti layihəyə
başlamısız?
- Əlbəttə, mən
dayanmaq istəmirəm. Bura elə
ona görə gəlmişəm ki, hansı səs imkanlarına malik olduğumu göstərə
bilim. Ona görə də
daha çox çalışmağı qarşıma
məqsəd qoymuşam.
Qəribədir ki, Astanadan fərqli olaraq Bakıda həyat çox dinamikdi. Burda əksər sahələrdə ciddi proses gedir, xüsusən
də musiqi sahəsində. Dörd aydı burdayam,
bir çox işlər görmüşəm,
klipim var və hazırda yeni mahnı üzərində işləyirəm.
Geniş
açıqlama vermirəm
ona görə ki, sürpriz hazırlayıram. Hər kəsə
minnətdarlıq edirəm.
Məni öz doğmaları kimi qarşıladılar,
kömək etdilər,
məsələn kilipin
yaradıcı heyətinin
bütün üzvüləri
çəkilişlərdə elə can yandırıdılar
belə doğmalıqla
ilk dəfə idi rastlaşırdım.
- Onda belə deyək: olduz buralı?
- Mən həmişə özümü buralı hesab etmişəm. Bircə gəlmək qalırdı,
ona da nail oldum. Həmişə son sözü tamaşaçı
deyir. Mən çalışacam ki, onların etimadını yüksək
səviyyədə doğruldum.
-Akademik təhsil almaq fikriniz var?
- Bu barədə düşünmüşəm.
Gələn il
sənədlərimi Konservatoriyaya
vermək istəyirəm.
Müğənni savadlı olmalıdı
ki, peşəkar səviyyəyə çata
bilsin. Mən peşəkar Azərbaycan
müğənnisi olmaq
istəyirəm. Bir daha hər kəsə təşəkkür edirəm.
Əvvəlcə anam Gülnarə
xanıma ki, ki, o mənim yanımdadı və dəstək olur. Özü deyir ki, sənin
gələcək uğurlarına
inanıram. Regissor Sirac
Musatafayev çox sağolsun ki, ürəyimdən xəbər
verən klip yaradıb. Qasım müəllimə xüsusi ilə minnətdarlıq edirəm,
o mənim əziyyətimi
çox çəkir.
Söz verirəm, heç kimin əziyyətini yerdə qoymayacam.
Sənubər Yusifli
Ədalət.-2012.-4 fevral.-S.24.