Bağa baxarsan... Cəlilabad
olar
Qonağa, dost-tanışa, xoş
niyyətlə buralara ayaq basan hər kəsə açıq
olan Cəlilabadın giriş qapısından rayona daxil olanda
qar yağırdı. Son günlər ölkənin hər
yerində hökm sürən şaxta Cəlilabaddan da yan
keçməmişdi. Qış zəhmətsevər, qonaqpərvər,
dostun yanında, düşmənin önündə olan cəlilabadlıları
imtahana çəkirdi sanki. Barı-bərəkəti, ürəyindəki
istisi ilə seçilən bu yerlərin camaatı
üçün təbiətin şaxtalı
sınağından üzüağ çıxmaq çətin
bir işə oxşamırdı.
Yağan qar son illər
görülən abadlıq-quruculuq işlərini gizlətmirdi.
Əksinə, günü-gündən gözəlləşən
bu rayonun simasına əlavə gözəllik qatırdı.
Cəlilabad ağ donda necə də gözəl
görünürdü.
Min
illərdə izi, bu günlərdə üzü olan Cəlilabad
Moskva bir günə tikilmədiyi
kimi, Cəlilabad da bugünkü abad çağına gəlib
çatmaq üçün min illəri arxada qoyub. Rayonun
sayılıb-seçilən ziyalılarından biri Cahangir
Muradov Cəlilabadın tarixi barədə bizə ətraflı
məlumat verir. Məlum olur ki, bu ərazi Azərbaycanın qədim
yaşayış məskənlərindən biridi. Həməşərə
şəhərinin tarixini araşdıran mütəxəssislər
eramızdan əvvəl II minilliyi nişan verirlər. Cahangir
müəllim deyir ki, eneolit dövrünə məxsus Əlikömtəpə,
Mişarçay yaşayış məskənləri,
eramızdan əvvəl IV minilliyə aid Qurudərə
yaşayış məskəni, tunc dövrünü
görmüş Yedditəpə kurqanları, Qazan
köşkü, Pirhəsən, Zərdüşt
daxmaları, qədim Muğan, Bəcirəvan şəhərinin
qalıqları tariximizi öyrənmək və öyünmək
üçün qiymətli mənbələr sayılır.
Min illərdə izi olan bu qədim
yurd yerinin Cəlilabad adlandırılmasının da
maraqlı tarixçəsi var. Cahangir Muradovun sözlərinə
görə, ərəblərin bu yerlərə gəlişindən
sonra Həməşərə şəhəri adını
Hasıllıya "güzəştə" gedib. Çar
Rusiyası isə buralara Astraxanbazar adı verib. Sovet hökuməti
ötən əsrin 30-cu illərində ərazilərimizi
rayonlara böləndə ad məsələsində
düşünməyə çox da vaxt sərf etməyib.
Elə Astraxanbazar rayonu. Vəssalam...
Amma təxminən 30 il sonra ad məsələsi
yenidən sovetlərin yadına düşür. 1967-ci il
iyunun 2-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
rayona yeni ad qoyulması ilə bağlı fərman verir. Dahi
yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin
adını yaşatmaq rayonlar arasında məhz Cəlilabadın
bəxtinə düşür.
Cahangir müəllim doğma rayonu
barəsində qürurla, fəxrlə danışır. Çünki
Cəlilabad təkcə tarixi ilə öyünmür,
bugünkü uğurları ilə yeni tarix yazır. Min illərdə izi olan Cəlilabadın bu
günlərdə üzü var.
Belə bir rayonla
kim fəxr
etməz ki...
Məmləkətin 1441,4 kvadrat
kilometr parçası Lənkəran iqtisadi rayonuna daxil olan Cəlilabadın
bugünkü ərazisi 1441,4 kvadrat kilometrdi. 2 şəhəri və 117
kəndi özündə
birləşdirən rayonun
əhalisi 200 minə yaxındı.
Regionların Sosial İqtisadi
İnkişafı Dövlət
Proqramına uyğun olaraq son illər rayonda çoxlu uğurlu işlər görülüb və görülməkdədi.
Seyrə çıxaq...
Qar Cəlilabada başqa
bir gözəllik verir. Torpağı sevən, zəhmətə
könül verən
rayon sakinləri son illərdə
rayonda baş verən müsbət dəyişiklikləri, abadlıq-quruculuq
işlərini qiymətləndirməyi
bacarırlar. İstifadəyə verilən yeni sənaye müəssisələri,
məktəblər, səhiyyə
və mədəniyyət
ocaqları, salınan
parklar, istirahət mərkəzləri halallığı
sevən cəlilabadlıların
daha firavan yaşamaları üçün
atılan addımlardı.
Bu sadə, qonaqpərvər,
torpağa bağlı
insanlar belə gözəl şəraiti
haqq ediblər.
Tanınmış ağsaqqallardan
biri, əmək veteranı Əliheydər Əsədov son illər
Cəlilabadda görülən işləri bir rayon sakini kimi
müsbət qiymətləndirir: "Cəlilabad sakinləri
həmişə dövlətimizin, dövlətçiliyimizin
yanında olublar. Müstəqil ölkəmizin daha da
inkişafına töhfə verməyə
çalışıblar. Dövlət
başçısı İlham Əliyev bizim əməyimizə
daim yüksək qiymət verib. Ona görə də burada
yaşayan insanların qədrini bilən, rayonun
inkişafına çalışan və buna qısa müddətdə
nail olmağı bacaran Əziz Əzizovu icra hakimiyyətinin
başçısı təyin edib. Prezidentin 2006-cı il 8
avqust tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsinə təyin
edilən Əziz Əzizov gördüyü işlərlə
həm dövlət başçısının, həm də
sakinlərin etimadını qazanıb. Rayonda əldə olunan
uğurlar, görülən abadlıq-quruculuq işləri
göz qabağındadı".
Əliheydər müəllim bizi
"Heydər Əliyev Seyrəngahı" ilə
tanış edir: "Bu soyu havada sizi seyrəngaha gətirməyimin
səbəbi var. İlin bütün fəsillərində
buralar sakinlərin ən sevimli istirahət məkanlarından
biridi. Cəmi bir neçə il əvvəl buraların
hansı vəziyyətdə olmasını camaatımız
yaxşı xatırlayır. Günün-günorta
çağı buradan keçmək belə istəmirdik.
Rayon İcra Hakimiyyətinin başçısı seyrəngahın
maketini ictimaiyyətə təqdim edəndə çoxumuz
ideyanın belə qısa müddətdə həyata
keçəcəyinə inanmırdıq. Amma Əziz müəllim
elə ilk gündən dedi ki, cəlilabadlıların zəhmətsevərliyinə
arxalanıram. Camaatımız da əməyi ilə ona dəstək
verdi. 5 hektar sahəni əhatə edən Seyrəngah, burada
tikilib istifadəyə verilən müasir tələblərə
uyğun otel, istirahət mərkəzi rayon sakinlərinin, Cəlilabada
gələn turistlərin marağına səbəb olur.
Dövlət bayramları, əlamətdar tarixi günlərdə
"Heydər Əliyev Seyrəngahı"nda konsertlər təşkil
olunur. Belə konsertlər televiziyada nümayiş etdiriləndən
sonra Rusiyada, İranda, Türkiyədə, Gürcüstanda və
başqa ölkələrdə yaşayan qohumlarım,
dost-tanışlarım mənə zəng edir, seyrəngahda
gördüklərindən sevindiklərini bildirirlər. Bundan
sonra necə sevinməyəsən?"
Əliheydər
dayı, niyə də sevinməyəsiz?
Son illər gözəlləşən
və inkişaf edən Cəlilabadda görülən işləri
bir yazıda əhatə etmək mümkün deyil. Ona görə
də səfər təəssüratlarının davamı
olacaq.
(ardı növbəti sayımızda)
Etibar
CƏBRAYILOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-7
fevral.-S.7.