Mətbuatımız: dil
pozuntuları
Mətbuatımızın
dili ilə bağlı açılan müzakirələr son
günlər daha da aktuallaşıb. Mütəxəssislərin
məsələ ilə bağlı ortaya qoyduğu mövqe
problemin həllinə qismən də olsa ümidlərimizi
artırır. Tanınmış jurnalist İlham Abbasov mətbuatın
dili ilə bağlı sanballı araşdırmalar aparır.
Həmin yazılardan birini oxucularımızın diqqətinə
təqdim edirik.
Mətbuatımızda
Azərbaycan ədəbi dilinin bütün sahələrinə
aid çoxlu miqdarda "rəngarəng" pozuntu nümunələri
müşahidə etmək mümkündür.
Son onilliklərdə cəmiyyətimizin
həyatında baş verən cilddi dəyişikliklərlə
bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin
daxil olması təbii və qanunauyğun haldır. Bundan
narahat olmağa əsas yoxdur.
Əvvəla,
bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm
də bu sözlərin böyük əksəriyyəti
dünyanın, demək olar ki, bütün dillərində
işlənən beynəlmiləl sözlərdir. Bununla belə,
son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə
işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac
duyulmadan onların əcnəbi qarşılığının
nitqimizə nüfuz etməsinin də şahidi oluruq.
Mağaza, yaxud dükan əvəzinə
- market, seçim əvəzinə--kastinq, yoxlama əvəzinə
- monitorinq, təbliğat əvəzinə - piar, marka əvəzinə
- brend, qapıçı əvəzinə - qolkiper, hakim əvəzinə
- referi, birgə əvəzinə - bahəm sözlərini
işlətməyə zəruri ehtiyac varmı?
Müasir dünyanın
reallıqlarına uyğun olaraq, dilimizə təzə
keçən alınma sözlərin çoxu ingilis mənşəlidir.
Ancaq son vaxtlar qəzet səhifələrində dil
qanunlarına sığmayan bir hal da müşahidə olunur.
İngilis mənşəli nəinki yeni, hətta köhnə
sözləri də ingilis transkripsiyası ilə yazmağa
başlayıblar (şifahi nitqdə isə buna müvafiq
olaraq, həmin sözləri ingilis, daha dəqiqi, amerikan ləhcəsi
ilə tələffüz edirlər). İngilis dilini bilməyən,
onun hərf birləşmələrindən xəbərsiz
olan azərbaycanlı oxucu bu mətnlərin
qarşısında çaş-baş qalır. Bu hal ən
çox xüsusi isimlərin yazılışına aiddir. Məsələn:
"Bakıya uzaq məsafəyə uça bilən
"Boeing" təyyarəsi gətirildi", "New-York
Times" qəzeti bu çıxışa sərt reaksiya
verdi", "ABŞ-ın ilk prezidenti Corc Woshingtonun abidəsi
önünə əklil qoyuldu".
Yeri gəlmişkən, ölkəmiz
paytaxtımızda keçiriləcək Avropa mahnı
yarışmasına çox ciddi
hazırlaşdığı bir zamanda Azərbaycan mətbuatı
bu müsabiqənin adının necə yazılması barədə
hələ də vahid rəyə gələ bilmir. Mətbuat
səhifələrində bu adın beş variantda
yazıldığını müşahidə etmişik:
"Avroviziya", "Yevroviziya", "Yevrovijn",
"Yevrovizion" və "Eurovision" və
"Avrovizion". Əgər biz Avropa və avro, eləcə
də (tele)viziya sözlərini işlədiriksə, deməli,
onların birləşməsindən yaranan "Avroviziya"
variantını işlətmək daha
düzgündür.
Xüsusi isimlərin
yazılmasından bəhs edərkən bir məsələyə
də münasibət bildirmək istərdik. Son illər mətbuatımız
qədim şəhərimizin adını erməni tərzində
Yerevan yox, haqlı olaraq İrəvan yazır. Lakin türk mənşəli
bir sıra erməni soyadlarını hələ də
dilimizin ənənələrinə uyğun yox, erməni
manerasında yazmaqda davam edirik. Ana dilimizin qaydalarına
hörmət edərək Demirçyan yox - Dəmirçiyan,
Koçaryan yox - Köçəryan, Nalbandyan yox - Nalbəndyan,
Şaxnazarov yox - Şahnəzərov yazmalıyıq. Hətta
erməni köklü Sarkisyan tipli soyadları da öz dilimizə
uyğun Sərkisyan işlətsək, daha düzgün
olar.
Göstərilən nümunələr
bizə yabançı olan dillərdəndir. Ancaq adların
yazılışı ilə bağlı
yanlışlıqlar qardaş türk dilinə məxsus
xüsusi isimlərin işlədilməsində də
müşahidə olunur. Bizcə, Azərbaycan dilli mətnlərdə
bu adların Kıbrıs, Kaziantep, Çanakkale, Erzurum,
Erzincan, Erdahan, Kars, Fatih Terim, Erdoğan, Demirel, Tatlıses,
Küçük Emrah, Taştelen, Hakan Şükür şəklində
işlədilməsinə heç bir ehtiyac yoxdur.
Dilçilik elminin qanununa görə,
qohum dillərdən bir-birinə keçən sözlər
alınma söz sayılmır. İlk növbədə ona
görə ki, bu sözlərin böyük əksəriyyətinin
kökü ortaqdır. Ancaq nəzərə almaq
lazımdır ki, qohum dillər (və onları daşıyan
xalqlar) nə qədər doğma olsalar da, hər bir müstəqil
dilin öz inkişaf yolu və formalaşmış ənənələri
var.
Son dövrdə Türkiyə
türkcəsindən dilimizə keçmiş çoxlu
miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən,
dilimizin ehtiyacını ödəyən "qurum",
"yetərsay", "örnək", "dönəm",
"soyqırım", "həftəsonu", "öndər",
"dəstəkləmək", "açıqlamaq",
"önəmli", "özəl" kimi sözlər
vardır (Hərçənd, zənnimizcə, "özəl"
sözünün iki fərqli mənada - həm mülkiyyət
forması bildirən "castnıy", həm də keyfiyyət
bildirən "osobıy", "spesialnıy" mənalarında
işlədilməsi səhvdir. İkinci mənada
"xüsusi" sözünü saxlamaq yaxşı
olardı).
Bununla belə, Azərbaycan və
Türkiyə türkcələri adicə ləhcələr
yox, tarixi təkamül prosesində eyni kökdən
ayrılaraq formalaşmış müstəqil dillərdir.
Onlar son dərəcə yaxın və doğma olsalar da,
aralarında fonetikadan tutmuş sintaksisə qədər
bütün səviyyələrdə prinsipial fərqlər
mövcuddur. Buna görə də öz dilimizdə əsrlər
boyu işlədilən qarşılığı ola-ola
yaxın, bəzən hətta eyni köklü digər bir kəlmənin
türk dilindən alınaraq işlədilməsi dilimizin
özünəməxsusluğuna xələl gətirir. Məsələn,
yerinə düşdü-düşmədi hər yerdə
yazıçı əvəzinə - yazar, duyğu əvəzinə
- duyum, maraqlı əvəzinə - ilginc, cavabdeh əvəzinə
- sorumlu, yozmaq əvəzinə - yorumlamaq, tüstü əvəzinə
- duman, kökəlmək əvəzinə - kilo almaq,
arıqlamaq əvəzinə - kilo vermək, sual əvəzinə
- soru, sevimli tamaşaçılar əvəzinə - sevgili
seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə
- görüntüləmək, bölüşmək əvəzinə
- paylaşmaq, eşitmək əvəzinə-- duymaq, hamı əvəzinə--
hər kəs işlətməyə nə ehtiyac var?!
***
Lüğət tərkibində
xüsusi yer tutan neologizmlər qrupu həm alınma sözlər
hesabına, həm də dilin öz potensialı hesabına
formalaşır. Dilimizin öz materialı əsasında
meydana gələn neologizmlərin yaranması və işlədilməsi
bir sıra linqvistik və üslubi incəliklərlə
bağlıdır. Fikirlərimizi bir nümunə əsasında
izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin
dilində "narahat" əvəzinə
"rahatsız" sözü işlədilir. Zahirən hər
şey gözəldir - dilimizdə yer tutmuş fars mənşəli
söz doğma türk sözü ilə əvəz olunur.
Ancaq bir həqiqət var ki, bəzən dil üçün əcnəbi
sözü alıb işlətmək doğma, lakin onun
qanunlarına zidd olaraq formalaşmış yeni sözü
işlətməkdən daha rahat olur. Məsələ
burasındadır ki, söz
yaradıcılığının mühüm elementi olan hər
bir leksik şəkilçi dilin min illik təkamülü
prosesində formalaşıb başa gəlir. Nəzərdən
keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına
zidd olan incə bir məqam var - şəkilçi sözə
öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə
də bu düzəltmə sözün dilimizin lüğət
tərkibində yer tutub işləklik qazanacağı
problemli görünür.
Deyə bilərlər,
"nahaq" əvəzinə "haqsız" işlənə
bildiyi halda nə üçün "narahat" əvəzinə
"rahatsız" işlənməsin? Məsələ
burasındadır ki, "-sız" şəkilçisi
isimdən sifət düzəldən şəkilçidir. Məlum
olduğu kimi, onunla antonim xarakterli "-lı" şəkilçisi
də var. Onların vasitəsilə yaradılan sifətlər
bir-birinə zidd məna daşıyır. Məsələn,
dadlı - dadsız, ağıllı - ağılsız,
yaraşıqlı - yaraşıqsız, yağmurlu -
yağmursuz və s. Baxdığımız misalda isə
"-sız" şəkilçisi isimə yox, sifətə
qoşulub, halbuki, dilimizdə sifətdən sifət düzəldən
belə bir şəkilçi yoxdur. "Rahatsız"
sözü olsa, onda gərək "rahatlı"
sözü də ola ("Haqlı" və
"haqsız" sözləri kimi).
***
Leksik pozuntular dildə tez-tez
baş verən, eyni zamanda nisbətən asanlıqla aradan
qaldırıla bilən bir hadisədir. Dilin varlığı
üçün daha ciddi təhlükə törədən
və düzəldilməsi çox çətin olan fəsadlar
isə qrammatik, ilk növbədə morfoloji pozuntularla
bağlıdır. Bunlar dilin daxili sisteminə çətinliklə,
tədricən nüfuz edir, ancaq dilə onun mahiyyətini
sarsıdan zədələr vura bilirlər. Bu da təsadüfi
deyil, çünki dilin mahiyyətini onun leksik tərkibi deyil,
qrammatik sistemi müəyyən edir. Məsələn,
Füzulinin - Aşiyani-mürği-dil zülfi-pərişanındadır.
- misrasında azərbaycanca bircə kəlmə də yoxdur.
Burada Azərbaycan dilinə məxsus cəmi üç şəkilçi
var: mənsubiyyət - "ın", yerlik hal - "da" və
xəbərlik - "dır" şəkilçiləri.
Amma həmin üç şəkilçinin sayəsində
bu misra azərbaycancadır.
Bəzi başqa dillərdən
(məsələn, rus dilindən) fərqli olaraq dilimizdə
daimi olaraq yalnız cəm formada işlənən isimlər
yoxdur. Və bu hal ümumiyyətlə türk dillərinin
qrammatik sistemi üçün səciyyəvidir. Təəssüf
ki, Türkiyə türkcəsində həmin ümumi
qaydanın pozulması hallarına çox təsadüf edilir
və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının
dilində də müşahidə olunmağa başlayıb.
Söhbət bəzi coğrafi adların yanlış olaraq cəm
formada işlədilməsindən gedir. Məsələn,
Altaylar, Qafqazlar, Balkanlar və s. Bizcə, bu, həmin sözləri
yalnız cəmdə işlədən slavyan dillərinin
türk dilinə lüzumsuz təsirinin nəticəsidir. Təbii
olaraq sual meydana çıxır: O halda nə üçün
Pamirlər, Abşeronlar, Anadolular, Skandinaviyalar, Kiprlər və
s. işlədilməsin?! Tutaq ki, Qafqaz sözünü cəmdə
işlətmək üslub və ifadə baxımından
dilimizə nə kimi əlavə imkanlar verir?
Xüsusi isimlərlə
bağlı nəzərə çarpan pozuntulardan biri də
şəxs adlarına qoşulan xan, bəy, mirzə, ağa
kimi titulların işlədilməsi ilə
bağlıdır. Bəzən həmin titulları səhv
olaraq adlara bitişik yazırlar. Titul bildirən həmin
sözlər adlara bitişik yazılanda mürəkkəb
antroponim yaradır, ayrı yazılanda isə tamam başqa funksiya
daşıyaraq məhz titul bildirirlər. Məsələn, Həsən
bəy Zərdabi ilə Yusif Həsənbəy, Mirzə Fətəli
ilə Mirzəbala Məmmədzadə, Məhəmməd
ağa Şahtaxtlı ilə Əliağa Vahid, Şah
İsmayıl Xətai ilə Şahmərdan Xəlilov, Fətəli
xan Xoyski ilə Qardaşxan Əzizxanlı adları tamam
başqa-başqa dil hadisələridir. Buna görə də
qəzetlərimizin dilində rast gəlinən -
"Üzeyir bəyin "Arşın malalan"
komediyası yenidən tamaşaya qoyuldu, " yaxud
"Tamaşaçılar "Cavad xan" filmini maraqla
qarşıladılar." - tipli cümlələr pozuntu kimi
qiymətləndirilməlidir. Bu baxımdan ən çox ziyan
görən görkəmli Azərbaycan sərkərdəsi Əli
ağa Şıxlınskinin adıdır. Bu ad demək olar
ki, hər yerdə səhv olaraq Əlağa Şıxlinski
kimi yazılır.
Dilimizin morfoloji qanununa görə,
mənsubiyyət şəkilçili sözlər hallanarkən
onlara bitişdirici samit olaraq "n" samiti qoşulur:
"Axşam üstü maşınımız Meşəli
kəndinə çatdı." "Oyundan sonra topu
qonşumuzun oğluna verdim." Lakin həmin şəkilçilər
öz üzərlərinə leksik funksiya götürüb
düzəltmə söz əmələ gətirəndə
saitlə bitən adi sözlər kimi hallanmalı,
bitişdirici samit olaraq "y" samitini qəbul etməlidirlər.
Yəni həmin sözləri mətbuat səhifələrində
rast gəldiyimiz - "Həmsədrlər məsləhətləşmələri
davam etdirmək üçün Xankəndinə yola
düşdülər", "Sonra söz ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğluna verildi"
cümlələrində olduğu kimi işlətmək səhvdir.
Düzgün variant olaraq "Xankəndiyə" və
"Bülbüloğluya" yazılmalıdır. Necə
ki, analoji olaraq - "Bu qəzəl Həsənoğluya məxsusdur",
"Sonra Nigar xanım üzünü Koroğluya tutdu" -
kimi işlədirik.
***
Müşahidələr göstərir
ki, son illər mətbuatımızın dilində bədən
üzvlərini bildirən "qol", xüsusən də
"qıç" ("qılça") sözləri
işləklikdən çıxarılmaq üzrədir.
Onların əvəzinə müvafiq olaraq "əl" və
"ayaq" sözləri işlədilir. Onlar isə, təbii
ki, "qol" və "qıç" sözlərinin
leksik-semantik mənalarını tam ehtiva və dəqiq ifadə
edə bilmirlər. Məsələn, qəzet idman xəbərlərində
yazır ki, "top xorvatiyalı futbolçunun əlinə dəydiyi
üçün hakim onbir metrlik cərimə zərbəsi təyin
etdi." Milyonlarla tamaşaçı isə gördü ki,
top xorvatiyalının dirsəyinə dəyib. Müəllifə
və qəzetin redaktoruna başa salan lazımdır ki, dirsək
əl deyil, qoldur. Yaxud başqa bir yazıda oxuyuruq: "Qəza
zamanı ayağı dizdən yuxarı zədələnən
sərnişin xəstəxanaya yerləşdirilib." Yenə
izah etmək lazım gəlir ki, diz ayaq deyil,
qıçdır, ayaq topuğacan olur. Qəzetlərin biri
yazır: "Ukraynanın ən ucaboy vətəndaşının
ayaqları çox uzun olduğuna görə prezidentin
bağışladığı avtomobilə yerləşə
bilmədi." Düşünürsən, görəsən,
zavallının ayaqları neçə ölçüdədir
ki, maşına sığmır? Sonra başa
düşürsən ki, söhbət ayaqdan yox,
qılçadan gedir.
Bizcə, bu da həmin
anlayışları "ruka" və "noqa" deyərək
eyni bir sözlə ifadə edən rus dilinin təsiri ilə
baş vermişdir.
***
"Nömrə" anlayışı və onu ifadə
edən söz beynəlmiləl xarakter daşıyır. Azərbaycan
dilində də bu kəlmə on illər boyu işlədilmişdi.
Lakin son 10-15 ildə kimlərinsə subyektiv rəyi ilə
KİV-lərdə "nömrəli" sözü əvəzinə
"saylı" işlədilməyə başladı və
tədricən danışıq dilinə də nüfuz etdi.
Nərçənd, dildən baş çıxaranların
hamısına aydındır ki, "say" və
"saylı" sözləri "nömrə" və
"nömrəli" sözlərinin
daşıdığı mənanı tam ehtiva edə bilmir.
Ancaq bu yerdə "bir dəli quyuya bir daş atdı g" məsəli
çox yerinə düşür.
"Say", "saylı" sözlərinin yersiz
işlədilməsi bir çox hallarda gülünc
situasiyaların yaranmasına səbəb olur.
Təsəvvür
edin, polis zabiti postda dayanmış çavuşdan soruşur:
- Ə, keçən maşının sayı neçə
idi?
- Rəis,
vallah, çox idi, saya bilmədim.
Yaxud, bir nəfər
digərindən soruşur:
- Evinizdə
telefonun sayı neçədir?
- Dörd dənədir,
hər otaqda biri var.
Bunun nəticəsidir
ki, bəzi hallarda - "Əlaqə üçün filan,
filan saylı növrələrimizə zəng vurun" - kimi
absurd ifadələrlə qarşılaşmalı oluruq.
Qeyd
etdiyimiz kimi, "nömrə" ("nömrəli")
dünyanın, demək olar ki, bütün dillərində
işlədilir və hətta işlədilməsinin
rahatlığını təmin etmək üçün
xüsusi yazı işarəsi də var. Bu
yanlışlığı (anlaşılmazlığı da
demək olar) aradan qaldırmaq üçün qəzetlər
ilk öncə özlərindən başlamalı,
"bugünkü sayımızda", "davamı gələn
sayımızda" kimi ifadələri işlətməyə
son qoymalıdırlar.
***
Mətbuatımızın
dilində isimlərlə bağlı geniş
yayılmış pozuntuların böyük qismi xəbərlik
şəkilçiləri ilə bağlıdır. Feli xəbərlərdən
fərqli olaraq, ismi xəbərlərdə konkret zaman
kateqoriyası olmasa da, məzmunca zaman anlayışı var.
İsmi xəbərlərdə indiki zaman anlayışı
"-dır" şəkilçisi ilə ifadə olunur. Təəssüf
ki, mətbuat orqanlarımızın bir çoxunda bu şəkilçi
"-dı" formasında işlədilir. Bunu guya dilin sadəliyinin,
təbiiliyinin təmin olunması kimi izah edirlər. Amma
danışıq dilinin təsiri ilə yaranan bu pozuntu bir
çox hallarda ciddi məna təhriflərinə səbəb
olur. Çünki "-dı" ismi xəbərlərdə
keçmiş zaman anlayışı yaradan "idi" hissəciyinin
şəkilçiləşmiş formasıdır.
"Elçin mənim dostumdur" cümləsi indiki
zamanı bildirdiyi halda "Elçin mənim dostumdu"
keçmiş zamanı bildirir. Yəni "Elçin daha mənim
dostum deyil" mənasını ifadə edir. Birmənalı
şəkildə yadda saxlamaq lazımdır ki,
danışıq dilinin öz qayda-qanunları, yazı dilinin
isə öz normaları var və bunları heç bir vəchlə
qarışdırmaq olmaz.
Şəxsin
yazdığı kimi danışması nə qədər
süni və qondarma görünürsə,
danışdığı kimi yazması da bir o qədər
savadsız və zövqsüz görünür.
***
Mətbuatımızın,
ümumən kütləvi informasiya vasitələrinin dilində
fellərə aid ən ciddi və ən çox yol verilən
pozuntu "-mış" nəqli keçmiş zaman şəkilçisinin
işlədilməsi ilə bağlıdır. Hər bir
şəkilçi dilin min illik təkamül prosesinin məhsuludur.
Onların hər hansı bir subyektiv münasibətlər
mövqeyindən dəyərləndirilməsi yolverilməz
nadanlıq olardı.
Məlum
olduğu kimi, dilimizdə nəqli keçmiş zamanın iki
variantı var - "-mış" və "-ıb"
şəkilçiləri ilə düşələnlər.
Onların hər birinin yerli-yerində işlədilməsi
dilimizə ikiqat artıq ifadə imkanları verir. Fikrimizi əsaslandırmaq
üçün Füzulinin bir beytini nəzərdən
keçirək:
Adəm əvvəl
səri-kuyin verib almış cənnət,
Eşidib təni-mələk,
sonar peşiman olmuş.
Bütün şəxslərin həm təkində, həm
də cəmində işlənən "-mış"
variantından fərqli olaraq, "-ıb" variantı
birinci şəxsdə (nə təkdə, nə də cəmdə)
işlənə bilmir. Deməli, bu variant istifadə
potensialına və ifadə imkanlarına görə daha məhduddur.
Hərçənd ki, təxminən XVII əsrə qədər
"-ıb" variantı birinci şəxsdə də
işlənirdi. Füzulidən bir beyti yada salaq:
Eşq
daminə giriftar olalı zar olubam,
Nə bəladır
ki, ona böylə giriftar olubam.
Lakin Azərbaycan
dili sonrakı təkamül prosesində hətta
özünün ən böyük
daşıyıcısının xatirinə belə, bu
formanı mühafizə edib saxlamağı lazım bilmədi.
Təxminən
ötən əsrin 80-ci illərindən başlayaraq jurnalist
dairələrində "-mış" şəkilçisinə
qarşı səbəbi tam anlaşılmayan "səlib
yürüşü" başladı və tədricən
bu mövqeyi geniş ictimai rəyə də
sırımağa çalışdılar. Etiraf etmək
lazımdır ki, dilimizin qayda-qanunlarını yaxşı
bilməyən ziyalılar arasında müəyyən
uğur qazana da bildilər. Bu
gün telekanalların da bu virusa yoluxduğu müşahidə
olunur.
Bu gün "-mış"ı
kinayə, hətta ikrahla "sovet televiziyasının dil
elementi" elan etmək qeyri-dəqiq və qərəzli
yanaşma olmaqla bərabər həm də elementar cahillik və
savadsızlıq nümunəsidir. Bu şəkilçi ana
dilimizin istisnasız olaraq bütün şifahi və
yazılı mənbələrində, həmçinin istisnasız
olaraq bütün ümumtürk şifahi və yazılı ədəbi
abidələrində, müasir türk dillərinin
hamısında işlənir. Və birdən-birə
özünü qəhrəman sayan kimlərsə onun
inkarına qalxır.
Azərbaycan torpağı bizim
maddi Vətənimizdirsə, Azərbaycan dili mənəvi Vətənimizdir.
Onların hər ikisinin sərhədlərinin
toxunulmazlığını qorumaq eyni dərəcədə
müqəddəs borcumuzdur. Bu mənada mənəvi Vətənimizin
kiçik bir parçası olan "-mış" şəkilçisini
əlimizdən almaq istəyənlərlə maddi Vətənimizin
kiçik bir parçası olan Şuşa qalasını əlimizdən
almaq istəyənlər arasında elə bir fərq yoxdur.
***
Müşahidələr
"-mış" şəkilçisinə qarşı bu
cür anormal, xəstə münasibətin təkcə nəqli
keçmiş zamanlı fellərə yox, həmin şəkilçi
ilə düzələn feli sifətlərə qarşı
da yönəldiyini göstərir. Məlum olduğu kimi,
"-acaq" şəkilçili feli sifətlər gələcək,
"-an" şəkilçili feli sifətlər indiki,
"-mış" şəkilçili feli sifətlər
isə keçmiş zaman anlamı daşıyır. Yəni,
"deyilmiş söz" ifadəsi keçmiş, "deyiləcək
söz" gələcək, "deyilən söz" isə
indiki zamana aiddir. Nitq prosesində bunların bir-birinin əvəzinə
işlədilməsi kobud morfoloji pozuntu olmaqla bərabər,
ciddi məntiqi yanlışlığa və üslubi
qarışıqlığa gətirib çıxarır.
"Beş yüz il əvvəl
tikiləcək bina" deyimi necə yanlışdırsa,
"beş yüz il əvvəl tikilən bina" da eyni dərəcədə
absurddur. Təəssüf ki, müasir mətbuatımızda
bu adi həqiqətin çox tez-tez nəzərdən
qaçırıldığının şahidi oluruq.
Məsələn, qəzetlərin
birində belə bir xəbər oxuyuruq: "Çinin
Şanxay şəhərində yeni tikilən binada yanğın
baş verib." Fikirləşirik ki, görəsən, tikilən
(yəni, tikilməkdə olan!) binada yanan nə imiş?
Sonrakı cümlədə isə yazılıb ki, "binaya
cəmi dörd ay qabaq köçmüş ailənin iki
uşağı həlak olub." Belə bir
anlaşılmazlığın baş verməməsi
üçün jurnalist həmkarımız, sadəcə
olaraq, "yeni tikilmiş bina" ifadəsini işlətməli
idi.
Yaxud başqa bir qəzetdə belə
bir başlıq görürsən: "Türkiyə
universitetlərində təhsil alan azərbaycanlı gənclər
Bakıda bir araya gəldilər." Düşünürsən
ki, görəsən, bu gənclər ilin ortasında dərslərini
buraxıb Bakıya niyə toplaşıblar? Materialı
oxuyandan sonra aydın olur ki, söhbət Türkiyə
universitetlərində təhsil almış gənc mütəxəssislərdən
gedir.
Başqa bir yazıda belə bir
cümlə ilə rastlaşırıq: "Dünyanın
inkişaf edən ölkələri sırasında İtaliya
layiqli yer tutur." Dünyanın ən inkişaf etmiş
ölkələrindən biri olan İtaliya bu cümlədən
xəbər tutsa, bəlkə də Azərbaycana nota verər.
Sonra gəl başa sal ki, bizim jurnalist sizi aşağılamaq
istəməyib, sadəcə olaraq, "-mış" şəkilçisindən
xoşu gəlmir.
***
Mətbuatımızdakı dil
qüsurlarının əsas səbəblərindən biri də
jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs
etdikləri predmeti yaxşı bilməmələrindən irəli
gəlir. Bir az mübaliğəli səslənsə də mən
deyərdim ki, predmeti bilməmək bizim çağdaş
jurnalistikamızın ən geniş yayılmış
"peşə xəstəliyidir" və bu xəstəliyin
fəsadları ilə mətbuat səhifələrində hər
an üzləşirik.
Qloballaşma ilə
inteqrasiyanın fərqini bilməyən siyasətdən,
kreditlə investisiyanın fərqini bilməyən iqtisadiyyatdan,
əkinlə səpinin fərqini bilməyən kənd təsərrüfatından,
ictimai təşkilatla qeyri-hökumət təşkilatının
fərqini bilməyən sosial həyatdan, fərmanla sərəncamın
fərqini bilməyən hüquqdan, snayperlə avtomatın fərqini
bilməyən hərbidən, partitura ilə klavirin fərqini
bilməyən musiqidən, güləşlə
döyüşün fərqini bilməyən idmandan, etudlə
eskizin fərqini bilməyən rəssamlıqdan, tədrislə
təlimin fərqini bilməyən təhsildən,
yazıçı ilə nasirin fərqini bilməyən ədəbiyyatdan,
fasadla interyerin fərqini bilməyən memarlıqdar,
tamaşaya qoymaqla səhnələşdirməyin fərqini
bilməyən teatrdan, quruluş verməklə
ekranlaşdırmağın fərqini bilməyən kinodan,
müayinə ilə müalicənin fərqini bilməyən
tibbdən yazır. Əslində predmeti bilsən,
bütün bunlar çox sadə məsələlərdir.
Amma nə qədər acınacaqlı olsa da etiraf etməyə
məcburuq ki, bu halla istənilən qəzetin hər bir
nömrəsində üzləşmək
mümkündür.
Durğu işarələrinin
işlədilməsi ilə bağlı pozuntulardan isə
heç danışmağa dəyməz g Bu baxımdan ən
acınacaqlı vəziyyət vergül işarəsinin
işlədilməsi ilə bağlıdır. Mübaliğəsiz
demək olar ki, mətbuatımızın səhifələrində
vergül səhvlərinə yol verilməyən bir dənə
də material tapmaq mümkün deyildir. Əslində ana
dilimizi qanı-canı, ailə mühiti ilə
uşaqlıqdan mükəmməl öyrənmiş adama
dilçilik qaydalarını bilmək heç vacib də
deyil. Onun düzgün danışması, yaxud yazması
normal nəfəs alması kimi təbii bir şeydir. Ancaq dili
yaxşı bilməyənin peşə səviyyəsini
yüksəltmək üçün qaydaları izah etməkdən
başqa yol qalmır. Fəqət çox zaman heç bunun
da köməyi olmur, çünki qaydaları anlamaq
üçün şəxsin dilçilikdən heç
olmasa elementar təsəvvürlərə malik olması
lazımdır. Lakin jurnalistlərimizin bir çoxunun savad
(daha doğrusu, savadsızlıq) səviyyəsi heç buna
da imkan vermir.
Mətbuat orqanlarının yolu,
mövqeyi hər şeydə, istənilən məsələdə
bir-birindən fərqli ola bilər. Ancaq dil məsələsində
bizim həmrəy, həmfikir olmaqdan başqa yolumuz yoxdur.
Çünki ana dili bizi həqiqətən birləşdirən
ən böyük dəyərdir.
Hər bir xalqın tarixi taleyinin
müəyyənləşməsində onun malik olduğu mənəvi
dəyərlərin həlledici əhəmiyyəti vardır.
Bu dəyərlər içərisində isə dilin müstəsna
yeri və mövqeyi xüsusi qeyd olunmalıdır. Xalqın həyatında
dilin önəmliliyi digər mənəvi dəyərlərin
hər birindən (adət-ənənə, musiqi, mətbəx,
ədəbiyyat, jurnalistika və s.), hətta hamısından
bir yerdə daha üstündür. Əgər bir xalq
bütün mənəvi dəyərlərini, hətta
torpağını itirsə, təkcə dilini saxlasa, öz
varlığını qoruya biləcəkdir. Yox əgər
xalq bütün mənəvi dəyərlərini saxlayıb
təkcə dilini itirsə, deməli, məhvə məhkumdur.
Mətbuat da dili yaşadan, onun
varlığını, qorunmasını, inkişafını
təmin edən əsas amillərdən biridir. Mətbuatın
daşıdığı bütün funksiyalar (məlumatlandırma,
maarifləndirmə, ideoloji, əyləndirmə və s.)
törəmə funksiyalardır. Gərək mətbuat
mövcud ola ki, bütün bu funksiyaları yerinə yetirə
bilə. Mətbuatın var olması isə birbaşa dil hadisəsidir.
İlham ABBASOV
Ədalət.- 2012.- 8 fevral.- S. 5.