YENİ MİLLİ TƏFƏKKÜR
İŞIĞINDA
Çox
qəribədi, hərdən işim olmayanda belə uzun illər
bundan qabaq aspirantı olduğum Nizami adına Ədəbiyyat
İnstitutuna getməkdən özümü saxlaya bilmirəm.
Beşinci
mərtəbəyə qədər qalxan o pillələr,
uzanıb gedən dəhliz mənə o qədər doğma
gəlir ki! Cavanlıqda alimlik iddiasında olan dostlarımla,
indi respublikamızın sayılıb-seçilən ədəbiyyatşünasları
olan Teymur Kərimli, Vilayət Quliyev, Zaman Əsgərli, Kamran
Əliyev, Vaqif Yusifli ilə o pillələri zarafatla bizi elmin
zirvəsinə qaldıran nərdivan adlandırar, bir gündə
neçə dəfə lift gözləmədən
beşinci mərtəbəyə asanlıqla qalxıb
düşərdikg O dəhlizdə Məmməd Cəfər
Cəfərov, Mirzağa Quluzadə, Kamal Talıbzadə,
Kamran Məmmədov, Əziz Mirəhmədov, Məmmədhüseyn
Təhmasib, Məsud Əlioğlu, Qasım Qasımzadə,
Mirəli Seyidov, Yəhya Seyidov, Əkbər Ağayev, Arif
Hacıyev, Həbib Babayev, Qafar Kəndli, Muradxan Cahangirov, Atif
Zeynallı, Arif Abdullazadə, Yaşar Qarayev, Şamil Salmanov,
Arif Abdullazadə, Əflatun Saraclı və başqaları ilə
üz-üzə gələr, salamlaşar, məqam
düşəndə onların elə pilləkənin
başında bir yerə toplaşıb elədikləri
söhbətləri dinləyərdi.
Qəribədi,
indi də bu doğma, uzanıb gedən dəhlizdə gəzəndə
mənə elə gəlir ki, indicə həmin adamlarla
üz-üzə gələcəyəm. Ancaq təəssüf
ki, indi bu dəhlizdə onların özləri yoxdu, ancaq
ruhlarının burada gəzib-dolaşmasına tam əminəm.
Uzun illərdən
bəri tanıdığım Aybəniz xanımla
salamlaşıb, indi Ədəbiyyat İnstitutunun direktoru olan
mötəbər alimimizin, akademikimizin həmişə
açıq qapısından içəri boylanıram. Bəkir
Nəbiyev özünəməxsus bir mehribanlıqla məni
içəri dəvət edəndə bu institutda direktor
işləyən, işimlə əlaqədar ayrı-ayrı
vaxtlarda, məqamlarda yanlarına gedib-gəldiyim çox
mötəbər alimlərimizi, hərəsinin özünəməxsus
xasiyyəti olan Mirzağa Quluzadəni, Məmməd Cəfəri,
Əziz Mirəhmədovu, Yaşar Qarayevi dərin minnətdarlıq
duyğusu ilə xatırlayıram. Diqqətimi çəkən
ən maraqlı, mənim üçün önəmli cəhətlərdən
biri Bəkir müəllimin qapısının həmişə
açıq olması detalıdıg Onu uzun illərdən bəri
yaxından tanıyan bir adam kimi çox yaxşı bilirəm
ki, Bəkir müəllim elmin də qapılarını
böyük səxavətlə istedadlı cavanların
üzünə açan bir alimdir.
Açığını deyim ki, bu istedadlı, zəhmətsevər,
təvazökar insan bu gün mənim üçün
neçə-neçə mötəbər alimlər
yetişdirən ədəbiyyat institutunun simvoluna
çevrilib. Bəkir müəllim bu gün mənə
adlarını çəkdiyim həmin görkəmli ədəbiyyatşünaslarımızı
xatırladır və elə bil ki, bu nüfuzlu, sadə, təvazökar,
eyni zamanda ötkəm, çəkinmədən
sözünü deyən, haqsızları yerində
oturtmağı bacaran, güclü yumor hissinə malik alimimizdən
onların hamısının ətrini alıram.
Bəkir
müəllimlə xeyli söhbətləşdik. Ona redaktoru
olduğu "Azərbaycan poemasının sənətkarlıq
xüsusiyyətləri" adlı monoqrafiyamı təqdim elədim.
Çox sevindi, kitabın dərs vəsaiti kimi təsdiq
olunması onun məmnunluğunu bir az da artırdı.
Ayrılanda görkəmli alim özünün təzəcə
çapdan çıxmış "Elmlə şeir
qovuşanda" (Çaşıoğlu, 2011) adlı
kitabını avtoqrafla mənə bağışladı. Əsərin
adını oxuyanda istər-istəməz ustad sənətkarımız
Məhəmməd Füzulinin sözlərini
xatırlamalı oldum: "Elmsiz şeir əsası yox divar
olur və əsassız divar qayətdə bietibar olur". Məqalələr
toplusunu vərəqləyəndə isə mənə
aydın oldu ki, əsərə bu ad təsadüfi verilməyib.
Bütün təhlillərə "elmlə şeirin
qovuşuğu"nun xüsusi hərarət verməsini sezmək
o qədər də çətin deyildir. Yüksək peşəkarlıq,
məqaləni ən önəmli, səciyyəvi faktlar
üstündə qurmaq ustalığı Bəkir müəllimin
yazılarının məziyyətini təmin edən ən
önəmli cəhətlər kimi yadda qalır.
Elə məqalələr
vardır ki, bir növ proqram xarakterlidir və ədəbiyyatşünaslıq
elmimizin inkişaf istiqamətini müəyyənləşdirməyə
imkan verir. Bu baxımdan "Ədəbiyyatşünaslıq
çağdaş humanitar düşüncə
axarında", "Müstəqillik dövrünün Azərbaycan
ədəbiyyatşünaslığı" (1991-2011) məqalələri
diqqəti cəlb edir. Müəllifin "dünya ədəbiyyatı
tarixi konsepsiyasının yeni inkişaf mərhələsi, təkamülü
milli ədəbiyyatşünaslıq elmlərinin təcrübəsindən,
nailiyyətlərindən keçir", "siyasi qəliblər,
elmi-nəzəri stereotiplər ucbatından bir-birindən təcrid
olunmuş şəkildə tədqiq edilən ədəbiyyatların,
mədəniyyətlərin yeni ünsiyyəti, yeni
qovşağı yeni elmi konsepsiyalar və elmi məktəblərin
təşəkkül zərurətini ortaya qoyur" qənatlərinin
dəqiqliyi qətiyyən şübhə doğurmur və təcrübəli,
nəinki Azərbaycan, eləcə də ümumdünya ədəbi
prosesindən xəbərdar bir alimin analitik düşüncə
tərzindən xəbər verir. Görkəmli ədəbiyyatşünas
çağdaş nəzəri-metodoloji araşdırmalarda
ümumən humanitar fikrə məxsus metodoloji problemləri
dünyanın aparıcı elmi fikir kontekstində
araşdırmağı, perspektivləri müəyyənləşdirməyi,
milli ədəbi fikrin özünəməxsus ədəbi-estetik
inkişaf qanunauyğunluqlarını üzə
çıxarmağı müasir ədəbiyyatşünaslıq
elminin başlıca vəzifəsi hesab edir. Bu məqalələr
həm də müasir ədəbiyyatşünaslıq
elmimizin mövzu və problematikası, əhatə dairəsi,
elmi mənzərəsi və perspektivləri haqqında müəyyən
təsəvvür yaratmaq baxımından maraq doğurur.
Müəllifin
klassik, eləcə də XIX əsr Azərbaycan ədəbiyyatını
yeni milli metodologiya, eləcə də dünya ədəbiyyatşünaslığının
yeni elmi konsepsiya və meyarları ilə dəyərləndirmək
cəhdi də uğurludur. Əsasən müasir ədəbiyyatımızın
tədqiqatçısı kimi tanınan Bəkir Nəbiyevin
ömrünün ixtiyar çağında klassik ədəbiyyata
müraciəti maraqlı faktdır. Bu baxımdan Bəkir
müəllimin "Klassik Azərbaycan poeziyası və
muğam", "Nəsimi poeziyasındakı bir qafiyə
yuvasının izi ilə", "Avropa mədəniyyətinə
açılan pəncərə" məqalələri
xüsusi əhəmiyyət kəsb edir. Ədəbiyyatşünasın
bədii faktlara yeni düşüncə prizmasından
yanaşması, poetika məsələlərinin elmi şərhinə
xüsusi diqqət yetirməsi həmin yazıların elmi
tutumunu xeyli dərəcədə artırır. İnformasiya
bolluğu ilə diqqəti cəlb edən bu məqalələr
tədqiq olunan dövrün ədəbiyyatının
ümumi mənzərəsini göz önündə
canlandırır. Məşhur imzalarla yanaşı az
tanınan şair və yazıçıların adlarının
çəkilməsi də diqqəti cəlb edən faktlar
sırasındadır.
Bəkir
müəllimin Nəsiminin məşhur "Yanaram eşqindən,
axar gözlərimdən yaşlar" misrası ilə
başlayan qəzəlini təhlil edərkən İzzəddin
Həsənoğlunu, Qazi Bürhanəddini, Məhəmməd
Füzulini xatırlatması yerinə düşür, həmin
şeiri Şah İsmayıl Xətainin, XV əsrin ikinci
yarısında yaşamış türk şairi Nəcati bəyin
oxşar qafiyəli qəzəlləri ilə müqayisəli
şəkildə təhlil etməsi şərhlərin elmi dəyərini,
inandırıcılılığını artırır.
Müəllif təhlillərdən sonra bu qənaətə gəlir
ki, vəzn, bəhr, qafiyə, rədif kimi atributlar poeziyada
heç də yalnız zahiri cəhətlər, formal əlamətlər
olmayıb, yaradıcılıq prosesində bədii keyfiyyətləri
zənginləşdirən, şeirin poetik gücünü
artıran vasitələrdir.
Görkəmli
ədəbiyyatşünas alimin tarixi mənbələrə,
eləcə də Nizaminin öz əsərlərinə
istinadən gəldiyi elmi qənaətlər də maraq
doğurur. O, zəngin ədəbi mənbələrə əsaslanaraq
bir daha elmi şəkildə sübut edir ki, Nizami İran
şairi yox, Azərbaycan şairidir. Faktların məntiqi
ardıcıllıqla sıralanması və şərhi
oxucunu inandırır, düşündürür.
Bəkir
Nəbiyevin "İstedadla iradənin sarsılmaz vəhdəti"
adlı məqaləsi də klassik ədəbiyyata yeni təfəkkür
işığında nəzər salmaq nümunəsi kimi dəyərləndirilə
bilər. Məqalədə qüdrətli Azərbaycan
şairi Əfzələddin Xaqaninin dövrü, mühiti, əsərləri
bədii təhlil obyekti seçilir. Araşdırmalar, incələmələr
"istedadla iradənin sarsılmaz vəhdəti ədəbi
uğurların rəhnidir" qənaətinə gəlməyə
əsas verir.
Ədəbiyyatşünasın
təkcə Azərbaycan yox, dünya ədəbiyyatına
müraciəti onun elmi araşdırmalarının əhatə
dairəsi haqqında müəyyən təsəvvür
yaradır. Bu baxımdan A.Dümanın "Qafqaz" səyahətnaməsi
haqqında yazılan məqalə, Robindrat Taqorun 150 illiyi
münasibətilə edilən yığcam, lakin dərin məzmunlu
məruzə maraq doğurur.
Ədəbiyyat
tariximizin mötəbər yaradıcılarından biri olan
B.Nəbiyevin tanınmış şairlərimiz,
yazıçılarımız, publisistlərimiz, alimlərimiz,
ədəbiyyatımızın və mədəniyyətimizin
yorulmaz təbliğatçıları haqqında
yazdığı məqalələr onların ədəbi portretini
canlandırmaq, müəlliflərin həyat və
yaradıcılığı haqqında dolğun elmi təsəvvür
yaratmaq baxımından dəyərli araşdırma məhsullarıdır.
Ədəbiyyatşünas alimin "Fenomen sənətkar"
məqaləsi Abdulla Şaiq, "Publisistikanın tükənməz
imkanları" məqaləsi Üzeyir Hacıbəyli, "Ədibin
elmi-nəzəri görüşləri" məqaləsi
Mir Cəlal, "Şeirimizin klassiki və müasiri" məqaləsi
Rəsul Rza, "Görkəmli nasir və tənqidçi"
məqaləsi Mehdi Hüseyn, "Vətən torpağına
azadlıq toxumu əkən şair" məqaləsi Bəxtiyar
Vahabzadə, "Elmimizin iftixarı" məqaləsi
Yaşar Qarayev, "Xalq yazıçısı - ədəbiyyatşünas
alim" məqaləsi Elçin, "Mədəniyyət Məkkəsinin
mücaviri" məqaləsi İmamverdi Əbilov, "Bitib
tükənməz İlham" məqaləsi İlham Rəhimli,
"Ürəyimdən keçən başıma gəldi"
məqaləsi Hacı Mail şəxsiyyəti, yaradıcılığı
və ədəbi irsi haqqında oxucuda müəyyən təsəvvür
yaradır. Bu məqalələr Bəkir müəllimin nə
qədər zəhmətsevər olmasından, oxumaqdan,
araşdırmalar aparmaqdan yorulmamasından, ən maraqlı məlumatları
seçib təqdim etmək ustalığından xəbər
verir.
Bəkir
Nəbiyevin mətbuat, televiziya haqqında yazdığı məqalələrdə
onun vətəndaşlıq mövqeyi daha qabarıq şəkildə
özünü büruzə verir. Bu baxımdan alimin akademik
Ramiz Mehdiyevin "Azərbaycan efir məkanı: problemlər və
vəzifələr" məqaləsinin müzakirəsi məqsədilə
qələmə alınan "Azərbaycan tele-məkanı
bu gün" yazısı maraqla oxunur, adamı
düşündürür. Müəllif maarifçilik
yönümlü verilişləri təqdir edirsə,
xalqımızın adət-ənənələrinə, milli
mentalitetimizə zərər vuran məzmunsuz, bayağı,
şit şouları tənqid atəşinə tutur, bir
ağsaqqal kimi televiziya işçilərini gənclərin ədəbi-estetik
səviyyəsini yüksəltməyə xidmət edən səviyyəli
verilişlər hazırlamağa səsləyir.
Bəkir
müəllim təkcə elmi araşdırmalar aparmaqla kifayətlənmir,
qələm dostlarının, eləcə istedadlı gənc
alimlərin, ədəbiyyatşünasların əsərlərinə
biganə qalmır, onları diqqətlə oxuyub ürək
genişliyi ilə rəylər yazır. Bu baxımdan onun Nərgiz
Paşayevanın, Güllü Yoloğlunun doktorluq, Etibar
Babayevin namizədlik dissertasiyaları, Xeyrulla Məmmədovun,
Kamran Məmmədovun, Teymur Kərimlinin və
başqalarının kitabları haqqında yazdığı
rəylər diqqəti cəlb edir.
Bəkir
Nəbiyevin məruzə və nitqlərinin əksəriyyətinin
məhz ədəbiyyat adamlarına həsr olunması da
razılıq doğurur. Yaxşı cəhətdir ki, onun
çıxışlarının mətni də məqalə
təsiri bağışlayır, gəlişigözəl,
ümumi sözlərdən ibarət deyildir. Bu baxımdan
müəllifin Azərbaycan-Suriya beynəlxalq konfransında
etdiyi "Azərbaycan şeirinin Nəsimi zirvəsi"
adlı məruzəsi elmi tutumu ilə daha çox diqqəti
cəlb edir. Müəllifin M.Ə.Sabirin məqbərəsinin
açılışı, Nizami muzeyinin, akademik İsa Həbibbəylinin
yubileyi, görkəmli şərqşünas alim Aida
İmanquliyevanın, professor Cahangir Qəhrəmanovun, akademik
Fuad Qasımzadənin anım günü, xalq
yazıçısı İlyas Əfəndiyevin, əruzşünas
alim Əkrəm Cəfərin kitablarının təqdimatı
münasibətilə elədiyi çıxışlar, xalq
şairi Məmməd Arazın matəm mərasimində
söylədiyi vida sözü Bəkir Nəbiyevin görkəmli
insanlara ehtiramı, qədirşünaslığı, məqamında
söz demək ustalığı haqqında müəyyən
təsəvvür yaradır.
Rəngarəng
mövzulu bütün məqalələrində,
çıxışlarında Bəkir Nəbiyevin ədəbiyyata,
mədəniyyətə, cəmiyyətdəki
çeşidli proseslərə, hadisələrə vətənpərvər
ziyalı, ictimai xadim mövqeyi ilə qiymət verilməsi
razılıq hissi doğurur.
Bu
yorulmaz alim ədəbiyyatımıza, onun tarixinə yeni milli
təfəkkür işığında nəzər salaraq
maraqlı qənaətlərə gəlir, tutarlı elmi
arqumentlər irəli sürür. Ən diqqəti çəkən
cəhətlərdən biri də bütün bu məqalələrin
hamısının son iki-üç ildə yazılması
faktıdır. Bütün bunlar onu deməyə əsas verir
ki, Bəkir müəllim ömrünün ixtiyar
çağında belə gənclik eşqi ilə
yazıb-yaradır, yorulmaq bilmədən ədəbiyyatımızın
tədqiqi və təbliği yolundakı fəaliyyətini
davam etdirir. Bu yolda görkəmli alimimizə yeni-yeni
uğurlar diləyirik.
Rafiq Yusifoğlu,
filologiya elmləri doktoru,
professor
Ədalət.- 2012.- 8 fevral.- S. 6.