Bağa baxarsan... Cəlilabad olar

 

  (əvvəli ötən sayımızda)

 

  Gəzməyə... Cəlilabad yaxşı  

   

  Cəlilabadla tanışlığımız davam edir. Doğma rayonunu sevən, onun inkişafı üçün illərini verən, əmək veteranı Əliheydər Əsədov son dövrlər inkişaf edən Cəlilabad üçün qürur duyur: "Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədi. Dünyanın hər yerindən ölkəmizə mötəbər qonaqlar, turistlər gəlir. Dövlət başçısının sərəncamı ilə ötən il "Turizm İli" kimi qeyd olundu. Bu sahədə əldə edilən uğurlarda Cəlilabadın da öz payı var. Son illər rayonda turizmin inkişafı üçün çox işlər görülüb. "Göl otel", "Tut bağı", "Kral", "Ruslan" kimi müasir standartlara cavab verən istirahət mərkəzləri qonaqların ixtiyarına verilib. Meşə massivində salınan istirahət zonası yerli əhalinin və turistlərin ən sevimli məkanlarından biridi. Bizim camaat qonaqpərvər insanlardı. Bu xüsusiyyətimizi bir daha sübut etmək üçün imkan yaradılıb. Cəlilabad həqiqətən də gəlməli, qonaq qalmalı və gəzməli bir məkana çevrilib".

  

   Üç rəngli bayrağınla...  

  

   Cəlilabaddakı Heydər Əliyev adına park rayonun simasına xüsusi yaraşıq verir. 3 hektar ərazini əhatə edən bağda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Heydər Əliyev muzeyinin yeni binası orijinal üslubda tikildiyindən diqqəti cəlb edir.   

   Dövlət Bayrağı Meydanı, Tarix-diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Müalicə və Diaqnostika Mərkəzi və başqa yeni tikililər Cəlilabadın son illər daha da abad olduğunu sübut edir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rayon şöbəsi, Əhalinin Sosial Müdafiə Mərkəzinin rayon şöbəsi üçün inzibati binalar da son illər istifadəyə verilib. "Respublika bank", "Xalq bank", "Kredo aqro bank", "Texnika bank" kimi özəl müəssisələrin yerli filialları üçün tikilən binaları da nəzərə alsaq, Cəlilabadda tikinti-quruculuq işlərinin necə sürətlə inkişaf etdiyini müəyyənləşdirmək olar.

      Müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda şəhid olanların ailələri, sağlamlığını itirən insanlar da rayonda hər cür diqqət, qayğı ilə əhatə olunublar. Şəhid ailələri və əlillər üçün iki 16 mənzilli və bir 32 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib.

  

   Məktəb zamanı... çoxdan gəlib  

  

   Cəlilabad ziyalıları, alimləri, tanınmış sənət xadimləri ilə də məşhurdu. Bu torpağın yetirmələri Azərbaycan elminə və mədəniyyətinə böyük töhfələr veriblər. Təbii ki, onlar orta məktəblərdə yetişməyə başlayıb, parta arxasından pərvazlanıblar. Həmişə olduğu kimi bu gün də rayonda təhsilə böyük maraq və dövlət qayğısı var. Rayonun tanınmış ziyalılarından sayılan Cahangir Muradov Zərifə xanım Əliyeva adına məktəbin binasını göstərərək "Bu məktəb paytaxtdakı təhsil müəssisələrindən heç də geri qalmır"- deyir.   

   Ümumiyyətlə rayonda 126 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 18 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Son illər Cəlilabad təhsil işçilərindən 7 nəfərinə "Əməkdar müəllim" fəxri adı verilib, 6 qabaqcıl pedaqoji işçi isə "Tərəqqi" medalı ilə təltif olunub.   

   Onu da öyrənirik ki, 2003-2011-ci illər ərzində Cəlilabadda 14 yeni məktəb binası tikilib. Həmin yeni məktəb binalarında 4812 şagird təhsil alır. Yeni tikilən məktəblərdən 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilib. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının icrası zamanı da təhsilə xüsusi diqqət ayrılıb. Proqram çərçivəsində 8 yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. Rayonun daxili imkanları hesabına isə bir neçə orta məktəbdə əsaslı təmir işləri aparılıb.

  

   Cəlilabadda yeni təhsil müəssisələrinin tikintisinə diqqət bununla məhdudlaşmır. Hazırda Heydər Əliyev Fondunun vəsaiti ilə rayonda daha iki məktəb binası tikilir. 460 şagird isə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı əsasında inşa olunacaq yeni binada məktəbə gedəcək.   

   Uşaq musiqi, uşaq incəsənət məktəblərində, şahmat məktəbində, 3 uşaq- gənclər idman məktəbində rayonun gənc sakinlərinə hər cür şərait yaradılıb. Cəlilabadda 8 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 2 əməkdar məşqçi var.   

   Cahangir müəllim deyir ki, Cəlilabadda Vətənini, torpağını sevən gənc nəsil yetişir. Bu gün müasir tələblərə cavab verən təhsil müəssisələrində oxuyan bu gənclər yaxın gələcəkdə öz yaxşı əməlləri ilə rayonun adını hər tərəfə yayacaqlar.   

  

   Torpaq üstündə... çalışan varsa Vətəndi!

     

   Torpağın qədrini bilən, zəhmətsevər Cəlilabad camaatı evinin, rayonunun, Vətəninin inkişafı üçün əməyini bu gün də əsirgəmir. Son illərin statistikası da bunu sübut edir. Rayon üzrə ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə ötən il 3,3 dəfə artaraq 398,3 milyon manata, sənaye məhsullarının həcmi 2, 1 dəfə artaraq 118, 3 milyon manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 18,2 dəfə artaraq 25, 7 milyon manat təşkil edib.   

   Cəlilabad şəhərində 100 tonluq dəyirman, Ocaqlı kəndində taxıl məhsullarının təmizlənməsi satışı üçün 10 min tonluq anbar kompleksi, Alar kəndində 2 min tonluq soyuducu kamera s. obyektlər tikilib istifadəyə verilib.  

   Şəhərdəki Quşçuluq Fabrikində, Ocaqlı kəndindəki Çaxır Zavodunda yenidənqurma işləri başa çatıb. Müasir tələblərə cavab verən bu istehsal müəssisələrində xeyli sayda insan yeri ilə təmin olunub.  

   Cəlilabad şəhərində Olimpiya Kompleksinin, Muğan kəndində 2 min tonluq soyuducu kameranın tikintisi davam etdirilir.   

   Rayonun iqtisadiyyatında aqrar sahə-xüsusi ilə taxılçılıq, üzümçülük, kartofçuluq heyvandarlıq əsas yer tutur. Cəlilabadlılar bu sahədə uğur əldə ediblər. Ötən il dekabrın əvvəlinə olan məlumata görə rayonda 114210 ton dənli paxla, 6862 ton üzüm, 90623 ton kartof, 10997 ton ət, 1795 ton tərəvəz, 5 min ton şəkər çuğunduru istehsal olunub.   

   Cəlilabadlılar yaxşı bilirlər ki, torpağın üzərində çalışanda, zəhmət çəkənə o torpaq Vətən olur. Cahangir Muradov deyir ki, Cəlilabadın əldə etdiyi uğurlar dövlət başçısının da diqqət mərkəzindədi: "Əziz Əzizov 2006-ci ildə rayon icra hakimiyyətinin başçısı təyin olunandan qazanılan nailiyyətlər göz önündədi. Ölkə başçısı İlham Əliyev son dövrlər 3 dəfə Cəlilabada səfər edib. Onların tarixi yadımdadı. 2007-ci il aprelin 9-da, 2008-ci il sentyabrın 7-də 2010-cu il aprelin 29-da səfərləri zamanı Cəlilabada, burada görülən işlərə yüksək qiymət verib. Növbəti səfərləri zamanı da prezidentimizi yeni uğurlarla sevindirə biləcəyik".

    Atalar haqlı olaraq deyiblər ki, bağa baxanda bağ olur... Rayonun qurub-yaratmaq eşqi ilə yaşayan, zəhmətsevər sakinləri ataların bu müdrik kəlamına əməl edirlər. Xüsusi ilə son illər bağa daha diqqət qayğı ilə baxıblar. Ona görə Cəlilabad belə gözəl, bərəkətli abad olub.

 

 

   Etibar CƏBRAYILOĞLU

 

  Ədalət.- 2012.- 8 fevral.- S. 7.