SABAHIMIZ BU GÜNÜMÜZDƏN DƏ PARLAQ VƏ İŞIQLI OLACAQ

 

Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın.

 

   İlham Əliyev

   Tikdim ki, izim qala

   Gəncədə zaman etibarilə qısa müddətdə millət və dövlət maraqları baxımından mühüm əhəmiyyətə malik tədbirlərin uğurla reallaşması ulu öndər Heydər Əliyevin bütün ideyalarını, böyük arzularını ardıcıl olaraq ləyaqətlə həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəhərə göstərdiyi xüsusi diqqət və qayğısının nəticəsidir. İntibah şairi Şeyx Nizami yurdu Gəncə ötən ilin fevral ayından böyük yüksəliş, tərəqqi dövrünə qədəm qoymuşdur. Şəhərimizdə bütün sahələrdə aparılan əsaslı yenidənqurma və bərpa işləri bunun bariz nümunəsidir. Gəncə bu gün sürətlə abadlaşır, yeni simasına qovuşur.

   Hər hansı bir məkana, yaşayış məntəqəsinə girişdən həmin yer haqqında ilk təəssürat yaranır. Şəhərin giriş qapısı bir növ onun təqdimat pasportudur desək, yəqin ki, yanılmarıq. Gözəlliyi ilə gözdoyuran giriş portalı, istinad divarları qədimiliklə müasirliyin vəhdətindən doğan bir gözəllik yaradır. Birinci körpüdən başlayan istinad divarları sağsol tərəfləri nəzərə alınmaqla 860 metrlik bir məsafəyə gözəllik bəxş edib. Divarların üzərindəki naxışlar, işıqlandırma sistemi gecələr də bu yerlərə özgə yaraşıq verir. İkinci körpüdən başlayan 3 kilometr 600 metrə bərabər olan, hər 50 metrdən bir 6 metrlik qala bürcü ilə gözəlləşən divarlar Gəncənin qədim tarixini yeni çalarlarla diqqətə çatdırır. İkinci körpü ilə Nizami məqbərəsini birləşdirən bu kompleksdə piyadalar üçün səkilər də nəzərdə tutulub. Giriş qapısından məqbərəyə qədər olan məsafədə yolun sağsol tərəflərində Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulub.

   Məqbərənin özündə isə cilalama və bərpa işləri aparılıb. Şairin əsərlərinin qəhrəmanlarının obrazını əks etdirən heykəllər təmizlənərək ilkin görkəminə qaytarılıb. Qranit döşənmiş 5 buta ecazkar bir görüntü yaradır. Göygölün rəmzi olan göl isə içərisində inşa edilmiş köşk ilə buraya gələnlərin istirahətinə həzin bir gözəllik bəxş edəcək.

   "Dünya miqyaslı şöhrətə malik olan Nizaminin məqbərəsi çox yüksək səviyyədə olmalıdır" - deyən şəhər rəhbərliyi Prezident İlham Əliyevin Gəncəyə olan böyük qayğısından çevik surətdə, yaradıcılıqla istifadə edərək, sözün həqiqi mənasında, burada bir cənnət guşəsi yaradılmasına nail olmuşdur. Məqbərənin ətrafına əkilmiş 30 min qızılgül kolunun rayihəsi insana xoş ovqat bəxş edir. Ornametli bardürlər, məqbərə önünə döşənmiş qranit lövhə, iki böyük düzbucaqlı və iki səkkizguşəli formada fontanlar, şəlalə gözəlliyin özüdür, desək yanılmarıq.  

   Qarşı tərəfdə tikilən 2 mərtəbəli binada muzey, kitabxana, toplantılar üçün nəzərdə tutulan zal xidmətdə olacaqdır. Buraya gələnlərin təəssüratlarını zənginləşdirmək və xatirələrinin həmişə təzə-tər qalması üçün suvenirlərin satışı da təşkil ediləcəkdir. Bir zamanlar su sarıdan korluq çəkilən bu məkanda buz kimi bulaqlar axacaqdır ki, bu da ilin hər fəslində insanların ehtiyaclarını ödəməyə xidmət edəcəkdir.

   İnsan oğlu istədiyi zaman ürəyindəki təpər, qolundakı güc, iradə və qətiyyəti ilə hər yerdə ağac əkib becərməyə qadirdir. Bunu artıq şəhər rəhbərliyi isbat etmişdir. Çoxlarının (hətta bu sahədə özlərini mütəxəssis sayanların) etirazlarına baxmayaraq yaşıllaşdırmaya start verildi. Şıx düzü bir yaz səhəri insanların ayaqbel, külüng səsləri ilə gözlərini açdı. Çınqılın, sarı torpağın ağac bitirmədiyini deyənlər çox keçmədi ki, sözlərini geri götürməyə məcbur oldular. Burada nəinki ağaclar boy verdi, hətta qızılgül açdı, zərif çiçəklər, yamyaşıl çəmənlik öz kiçik, gözəl, kövrək görkəmləri ilə bir əsrarəngiz təbiət tablosu, özü də nəhəng bir tablo yaratdılar. Fərq bunda idi ki, bu tablonun müəllifi bütün gəncəlilər idi. Burada tələbənin, həkimin, inşaatçının, alimin, sürücünün, müəllimin dəst-xətti qeyri-adi harmoniya şəklində qovuşmuşdur.

   Dünyanın hər yerindən gətirilmiş yolboyu əkilmiş ağaclar sanki fəxri qarovulda dayanmış "əsgərlər" kimi giriş qapısından daxil olanları "salamlayır". Məqbərənin yaxınlığında 5 min kvadratmetr ərazidə gözəl bir landşaft yaradılıb. Palma, tuya, piramida formalı amerkan küknarı, şəmşid kolları və adi mərmər qırıntıları ilə yaradılan qeyri-adi kompozisiyada milli ornamentlərdən uğurla istifadə olunub.

   Bir zamanlar qaranlıq içində görünməz olan məqbərə indi nur selinə bürünüb. Bu işıq seli hələ uzaqdan buranın qeyri-adi məkan olduğunu nişan verir. Dünya poeziyasına biri-birindən dəyərli söz, sənət inciləri bəxş etmiş dahi Nizaminin məzarı illər sonra nəhayət ki, layiq olduğu səviyyəyə çatdırıldı. Dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərlərin, Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına böyük töhfələr vermiş Nizami burada, belə bir cənnət məkanda uyuyur.

   Bu gün gəncəlilərin tarixi qədimdən də qədim olan Şıx düzünün abadlığı, yaşıllaşdırılması, boyu dünyanın hər yerindən görünən, səsi dünyanın hər yerindən eşidilən dahi Nizami Gəncəviyə - doğma oğluna sevgisindən irəli gəlir.

   Binalar da dəyişir

   Şəhər rəhbərliyinin həyata keçirdiyi ardıcıl, sistemli tədbirlər nəticəsində Gəncə görkəmini əsaslı surətdə dəyişir. Şəhərin baş meydanının - ümummilli liderimizin adını daşıyan əzəmətli meydanın yenidən qurulması, şəhərin mərkəzi hissəsində olan binaların fasadının ən müasir memarlıq üslubunda yüksək zövqlə yenilənməsi və dam örtüyünün Avropa standartları səviyyəsində mansardla əvəzlənməsi şəhərimizə xüsusi gözəllik verir. Uzunluğu 5,5 km olan Heydər Əliyev prospekti başdan-başa yenidən qurulmuş, binalar yerli memarlıq üslubunda bərpa edilmişdir ki, bu da ulu öndərimizə şəhər sakinlərinin böyük hörmət və ehtiramının təcəssümüdür.

  

   (ardı gələn sayımızda)

 

Yaşar NƏBİYEV

Ədalət.-2012.-10 fevral.-S.7.