SABAHIMIZ BU GÜNÜMÜZDƏN DƏ PARLAQ VƏ İŞIQLI OLACAQ

 (əvvəli ötən sayımızda)

  

   Nizami parkının, muzeyinin və mərkəzinin, "Xəmsə" abidə kompleksinin yaradılması, şəhərin Bakı istiqamətindən başlayan, şairin adını daşıyan prospektin başdan-başa köklü şəkildə yenidən qurulması, görkəmli mütəfəkkir N.Nərimanovun adını daşıyan parkın abadlaşdırılması, Bayraq Meydanının yaradılması, Filarmoniyanın yeni binasının təməlinin qoyulması, və s. tariximizə, dəyərlərimizə göstərilən diqqət və qayğı kimi qiymətləndirilir və gəncəlilərdə qürur hissi yaradır.

  

   Bu gün şəhərin 30 küçəsində, 1500-dən artıq obyektində yenidənqurma və təmir-bərpa işləri aparılmış, qaz-su, elektrik xətləri yeraltı borularla çəkilmiş, şəhərin işıqlandırma sistemi, işıq dirəkləri yeniləri ilə əvəz olunmuşdur

   Şəhərin Bakıdan, Şəmkirdən, Göygöl rayonunun girişində avtomobil yollarının hər iki tərəfində qeyri-qanuni inşa edilmiş tikililərin sökülməsi işi aparılmış, yollar genişləndirilərək yaşıllıq zolaqları salınmış, yeni müasir obyektlər ucaldılmış, yol boyunca işıqlandırma sistemi quraşdırılmışdır.

   Mühüm problemlərdən biri olan şəhərdaxili yol infrastrukturunun yeniləşməsi ilə əlaqədar görülən işlərin nəticəsində Səbuhi Xasıyev, Pərviz Səmədov küçəsində, 4 nömrəli tam orta məktəbin və Nizami prospektində - mərkəzi kitabxananın qarşısında, Nəriman Nərimanov parkının ətrafında və digər küçələrdə yollar genişləndirilmişdir. Şəhərin Heydər Əliyev və Nəriman Nərimanov prospektlərində, Ə.Məmmədov, Vəli Xuluflu, Vaqif, Zülfü Hacıyev, avtozavod yolunda 550-dən artq müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. 6 min 113 paqonmetr şəhər və məhəllədaxili yollar təmir olunmuş, 59 min 50 kvadratmetr səkiyə asfalt salınmış və tamet döşənmiş, 21 min 517 paqonmetr mozayka səki daşları qoyulmuş, 12 min 582 paqonmetr mövcud qranit bort daşları təmir olunmuşdur. Ötən müddət ərzində 720 ədəd işıq dirəkləri quraşdırılmışdır.

   Konkret layihələrin ünvanı

   Şəhər İcra Hakimiyyətinin Başçısı Gəncənin su və kanalizasiya sisteminin yenidən qurulmasının vacibliyinə xüsusi diqqət yetirir. Bu gün Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələrin icra edilməsi, kanalizasiya sisteminin yenidən qurulması gəncəlilər üçün böyük əhəmiyyət kəsb edir.

   İllərlə içməli su sarıdan korluq çəkən gəncəlilərin su problemi ölkə başçısının Gəncəyə və gəncəlilərə diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdı. Şəhərin içməli su ilə təmin olunması üçün artıq yeni su anbarının tikintisinə başlanılıb. Hələ 2003-cü ildə şəhərin su təchizatı və kanalizasiya sisteminin tam olaraq yenidən qurulması üçün Almaniya hökumətinin texniki yardımı hesabına alman şirkəti tərəfindən texniki-iqtisadi əsaslanma hazırlansa da, 2006-cı ildə tərtib olunan maliyyələşdirmə müqavilələrinə əsasən dəqiq hesablamalar aparıldı və məlum oldu ki, həmin layihəyə əsasən şəhərin su təchizatı və kanalizasiya sisteminin yalnız 54 faiz həcmində yenidən qurulması reallaşa bilər. Bununla əlaqədar olaraq layihəyə yenidən baxıldı və onun tam icrası üçün 212,5 milyon ABŞ dolları məbləğində vəsaitin lazım olduğu müəyyən edildi. Bu məsələ ölkə başçısı cənab İlham Əliyevin də diqqətindən kənarda qalmadı və üç mərhələdə keçiriləcək nəhəng bir layihənin icrasına başlanıldı. Dövlət başçısının tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində aparılan bu möhtəşəm layihənin gerçəkləşməsi gəncəlilərin dövlətimizin diqqət və qayğısından yararlanmasına bir sübutdur.

   Heydər Əliyev parkı

   1979-cu il martın 3-də şəhərin sosial-mədəni həyatında mühüm hadisə baş verdi. İctimai-siyasi tədbirlərin mərkəzinə çevrilən bu hadisə şəhərin "Quru Qobu" deyilən ərazisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bir parkın salınması ilə əlaqədar idi. Əsl bayram əhval-ruhiyyəsi duyulan həmin gün gəncəlilər böyük bir coşqu ilə "Şəhərimizi yaşıllıqlar diyarına çevirək" devizi altında Quru Qobuya sarı addımlayırdılar. Şəhər rəhbərliyinin, tikinti, nəqliyyat, sənaye müəssisələrinin, habelə, təhsil ocaqlarının nümayəndələri xoş bir niyyətin axarına düşüb şəhərin qərb hissəsində quru bir səhrada yeni bir park salmaq üçün buraya toplaşırdılar. 30 min nəfərə yaxın şəhər əhalisinin iştirak etdiyi bu möhtəşəm tədbirdə əvvəlcədən ayrı-ayrı kollektivlər üçün müəyyənləşdirilmiş sahələrə parkın ilk ağacları əkilirdi. Bu günəcən boz səhranı xatırladan Quru Qobu anbaan körpə fidanların, yaşıl pöhrələrin bəzədiyi seyrəngaha çevrilirdi.

   Bir il sonra

   Gəncəlilərin yaddaşında dastanlaşan, əbədiyyətə çevrilən xoş bir hadisə 1980-ci ilin 16 dekabrında olub. Həmin gün ümummilli lider Heydər Əliyev Gəncəyə gəlmişdi. Gələcəkdə onun adını daşıyacaq olan yeni salınmış parkı qarış-qarış gəzib öz tövsiyələrini, məsləhətlərini bildirdi və "Mən bura ağac əkməyə gəlmişəm" - dedi. Artıq bircə ağac əkilməli idi ki, bu bir il ərzində burada əkilən ağacların sayı, nə az, nə çox, düz on min ədəd olsun. Əlində çinar ağacının kiçik pöhrəsini tutmuş şəxs ulu öndərə yaxınlaşdı: - Buyurun, Heydər Əliyeviç, çala hazırdır. Lütf edib bu ağacı basdırın.

   Ulu öndər bir körpə fidana, bir də qabaqcadan qazılmış çalaya baxdı. Müdrikcəsinə gülümsədi: - Bu çinarı əkmək üçün özüm çala qazacam. Mənə belkülüng verin, - dedi.

   İllər keçdi, bu körpə fidan ulu torpağın qoynunda ulu öndərin əlinin təmasını günbəgün genişlənən köksündə - gövdəsində hiss edə-edə böyüdü. Qollu-budaqlı, əzəmətli xan çinara çevrildi.

   Heydər Əliyev mərkəzi və zəfər tağı

   Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu park 1979-cu ildə salınsa da, əsl quruculuq dövrünü indi yaşayır. 360 hektar ərazini əhatə edən parkın sahəsini bir az da genişləndirmək nəzərdə tutulub. Burada Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, Zəfər tağı kimi möhtəşəm tikililər ucaldılacaq. Park nəinki Avropanın, bəlkə də dünyanın ən gözəl bağ və xiyabanları ilə müqayisə olunmaq imkanı qazanacaq. Burada əkilən ağaclar da növ müxtəlifliyi, gözəlliyi ilə diqqəti cəlb edir.

   Burada 32 il bundan əvvəl Heydər Əliyevin öz əlləri ilə əkdiyi əzəmətli xan çinar ulu öndərin ucalığının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzi də bu əzəmətli çinarın yaxınlığında inşa edilir.

   Heydər Əliyevin adını daşıyan bu "Xatirə" parkında buradakı tikinti-abadlıq işlərinə rəhbərlik edən Gəncə şəhər İcra Hakimiyyətinin tikinti işləri üzrə müşaviri Arif Salahovla görüşdük. O, bildirdi ki, Heydər Əliyev Mərkəzi 1980-ci ildə ulu öndər tərəfindən əkilmiş çinar ağacının yaxınlığında inşa edilir. Mərkəzin binasının ümumi sahəsi 4 min 500 kvadratmetr olmaqla, 21 metr hündürlüyündə üç mərtəbədən ibarət olacaq. Birinci mərtəbə üçün sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və kütləvi kitabxana, üçüncü mərtəbə üçün köməkçi otaqlar, müşavirə və konfrans zalı, həmçinin 400 yerlik iclas zalı nəzərdə tutulub.

   Mərkəzin xarici və daxili tərtibatında İtaliya, Çin və Afrikadan gətirilmiş üzlük materiallardan istifadə ediləcək.

   (ardı gələn sayımızda)

  

 

Yaşar NƏBİYEV

Ədalət.-2012.-11 fevral.-S.12.