"Ay usta, siqnalı çox tez-tez işlətdiyim üçün kömürü qurtarıb"

 

"Həmkar"ın dördüncü sayının qonağı "Kaspi" qəzetinin müxbiri Rufik İsmayılovdur. Maraq üçün deyim ki, həmkarımın imzasını məhz "525-ci qəzet"dən tanımışam.

   "Həyatda nə əldə etmişəmsə, bu sənətə, bu peşəyə borcluyam"

    - 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşam. 1988-ci ildən məlum hadisələr səbəbindən Bakıda yaşayıram. 1998-ci ildə orta məktəbi bitirib, 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin "Humanitar elmlər fakültəsi"nin jurnalistika ixtisasına qəbul olmuşam. 2003-cü ildə ali təhsilini başa vurub, 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin "Mətbuat tarixi" istiqaməti üzrə magistraturasına qəbul olmuşam. 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi aldıqdan sonra bir il müddətinə Gəncə və Bakı şəhərlərində həqiqi hərbi xidmət keçmişəm. Hazırda Bakı Dövlət Universitetinin jurnalistika istiqaməti üzrə doktorantıyam.

    lk iş yerin hansı olub?

   - 2003-cü ildə müstəqil ictimai-siyasi mətbuat orqanı olan "Azad Azərbaycan" qəzeti ilə əməkdaşlığa başladım. İki ildən sonra-2005-ci ildə "525-ci qəzet"ə gəldim. Həmin il Naxçıvan Dövlət Universitetində əyani şəkildə magistraturaya daxil olduğuma görə, iş yerimi dəyişəsi oldum. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetində fəaliyyətimi davam etdirdim. Hərbi xidmətdən qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "İctimai-siyasi verilişlər Baş Redaksiyası"nda Redaktor vəzifəsinə təyin edildim. Yenidən 2009-cu ilin mart ayından 2012-ci ilin yanvar ayına kimi "525-ci qəzet"də müxbir vəzifəsində işlə başladım və bu ilin yanvar ayının 16-dan "Kaspi" qəzetində müxbir vəzifəsində çalışırm.

   - Bəs jurnalistikaya gəlişin necə alındı?

   - Mənim jurnalistikaya gəlişim universitetdə ali təhsilimi başa vurandan sonra olub- 2003-cü ildə. Hələ universitetin sonuncu kursunda oxuyanda qrup yoldaşlarımın bir qismini televiziyaya, bir qismini radioya, tanış-bilişi olmayan, nece deyərlər day-dayı olmayanları da qəzetlərə praktikaya yazmışdılar. Mən də o day-daysızlar sırasında idim. Beləliklə, mənimlə bərabər 4 qrup yoldaşım "Azad Azərbaycan" qəzetinə praktikaya gəldik. Əvvəlcə təcrübəli müxbirlərlə birgə mətbuat konfransları, tədbirlərə getdim. Özüm üçün lazım olan bilgiləri topladım. Həmkarlarımın dəstəyi ilə sonralar özüm sərbəst şəkildə belə tədbirlərdən yazılar hazırlamağa başladım. Beləliklə də mən jurnalistikaya gəldim. Jurnalistikaya həvəsimin oyanmasında isə əmim oğlu Radikin necə deyərlər, böyük təsiri olub. O, atam tərəfdə ən böyük nəvə olduğu üçün nailiyyətləri istər-istəməz kiçik əmiuşaqları üçün də bir nümunə olurdu. Radik Bakı Dövlət Universitetinin jurnalistikasına qəbul olub oxuyandan və jurnalistika sahəsində işləyəndən sonra məndə də bu sənətə maraq yarandı.

   - Peşman deyilsən ki?

   - Səmimi deyirəm ki, xeyr. Mən həyatda nə əldə etmişəmsə, bu sənətə bu peşəyə borcluyam. Çətinliklər heç vaxt jurnalistikaya olan həvəsimi öldürməyib. Olub ki, bəzən özümə qapanıb bu sənətdə pulun olmaması barədə fikirləşmişəm. Belə hallarda ailə üzvlərimin, xüsusən də atamın mənəvi dəstəyini görmüşəm. O, mənə tez-tez yolumu dəyişməməyi, fikrimi cəmləyərək yalnız öz yolumla getməyi tövsiyə edib, zamanla hər şeyin düzələcəyinə məndə ümid yaradıb.

   - Niyə "525-ci qəzet"dən getdin?

   - "525-ci qəzet"in mənim bir jurnalist kimi formalaşmağıma, imzamın tanınmağına böyük faydası olub. Bunu inkar etmək naxələflik olardı. Amma orada aldığım aylıq məvacib məni qane etmirdi. Çünki xərclərim daha çox idi, üstəlik də qiyabi ödənişli təhsil alacağımı nəzərə alsaq, daha yüksək maaşlı bir iş axtarırdım. Məhz belə bir məqamda "Kaspi" qəzetindən təklif gəldi. Mən də Rəşad müəllimlə danışıb halallaşdım və "Kaspi"yə gəldim.

   -"525-ci qəzet"də nə qədər alırdın və indiki məvacibin nə qədərdir?

   -Açığı bu tipli sualları cavablandırmağı xoşlamıram. Amma hər halda buradakı maaşım əvvəlki iş yerimdən iki dəfə çoxdur.

   - Nəzərə al ki, rubrikanın əsas məqsədlərindən biri jurnalistlərin sosial durumuna güzgü tutmaqdır

   - Mən bayaq sualı cavablandırdım. Ona görə də mümkünsə o biri suala keçək).

   -Ailəli insan üçün müxbir qazancı yetirmi?

   - Allah bərəkət versin. Halal olan pul hər zaman insana yetər. Üstəlik, ailə başçısı kimi hər ikimizin öz ixtsasimiz üzrə işləməsi ailəmizi dolandırmağa yetir.

   -Bilirəm ki, Ərturan adında biri oğlun var. Allah saxlasın. O da jurnalist olmaq istəsə?

   - Mən onun seçiminə heç zaman qarışmaram. Çünki atam da mənim seçimimə qarışmayıb. Bu mövzuda gərək uşağın özünün potensialını kəşf edəsən, yaxud da bu potensialı ifadə etməsinə yardımçı olasan. İndi soruşanda böyüyəndə kim olaqsan, qürurla deyir ki, mən əsgər olacam. Hələlik onun bu seçimindən qürur duyuram. Axı nə də olmasa, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq hamımız bu Vətənin əsgəriyik. Digər tərəfdən oğlum hansı peşənin sahibi olur-olsun, əsası budur ki, ölkəsinə, vətəninə, millətinə və ailəsinə layiqli övlad, kamil Vətəndaş olsun.

   - Mətbuatda hansı imzaları oxuyursan?

   - İmzasından asılı olmayaraq, məni bilgiləndirən, hansısa yaxşı məqamı və ya fikri özündə ifadə edən bütün yazıları oxuyuram. Yetər ki, o yazı mənim diqqətimi çəksin.

   - Avtomobilin var?

   - Var

   - Bəs DYP əməkdaşlarıyla problemin?

   - Hər bir normal Azərbaycan vətəndaşı kimi bəzən mən də DYP əməkdaşları ilə ünsiyyətdə oluram. Bu bəzən mənim cərimələnməyimlə başa çatır.

   -Hansı həmkarlarınla daha çox münasibət saxlayırsan, dostluq edirsən?

   - Tələbə yoldaşım Bəxtiyar Məmmədli ilə daha çox ünsiyyətdə olmuşam. Onunla həm "525-ci qəzet"də bir yerdə işləmişəm, həm də sadəliyinə, saflığına və mərdliyinə görə dostluq münasibəti saxlamışam. Bu münasibətlər indi də davam edir. Eləcə də adını çəkmədiyim digər həmkarlarım, qrup yoldaşlarım, əsgər və magistr yoldaşlarımlag

   - Səncə jurnalistikada ən böyük yük kimlərin üzərinə düşür?

   - Belə bir məsəl var deyərlər ki, müxbir redaksiyanın bel sütunudur.

   - Bəs redaktor?

   - Amma onları istiqamətləndirən baş redaktor və ya redaktorların da üzərinə böyük məsuliyyət düşür.

   - Azərbaycanda müxbir normal dolanması üçün konkret nə qədər məvacib almalıdır?

   - Məncə 800-1000 manat aylıq məvacibi olsa, normal dolanar. 

   - Vəzifə sahiblərindən dostluq elədiyin kimlərsə var?

   - Xeyr. Vəzifə sahibləri ilə məni ancaq işim bağlayib. Yəni onlar menim müsahibim olublar. Onlar arasında böyük əksəriyyət heç mənim üzümü də görməyib. Yalnız telefon vasitəsilə əlaqə saxlayıb özümü təqdim edib mənə lazım olan informasiyanı almışam.

   "Düşmən dəyirmanına su tökəcək bir yazı yazana analitik demək olmaz"

   - Nə zamansa hansısa qurumun mətbuat xidmətində çalışmaq fikrin var?

   - Mənim dolanışığım yaxşı olandan sonra nəyə görə isti yerimi soyuq eləməliyəm ki?

   Mən jurnalist olmaq istəyirdim və allaha şükür ki, oldum. Məncə insan bir yol seçməli və öz işinin ustası olmalıdır 

   - Gününün neçə saatını facebookda keçirirsən?

   - Əvvəl işlədiyim redaksiyada eləcə də hazırkı redaksiyada sosial şəbəkələrə giriş qadağan olmayıb. İşimlə əlaqədar günün müəyyən vaxtını burada oluram. Bəzən də söhbətləşmək üçün burada oluram. Amma elə edirəm ki, bu işimə təsir eləməsin. Ümumiyyətlə, hər şey nəzarətdə olanda xətasız olur)

   - Niyə rəsmiyyətə daha çox üstünlük verirsən?

   - Rəsmiyyət deyəndə ki, bacardığım qədər açıq fikirli olmağa çalışıram. Bəlkə də bu mənim xarakterimdən irəli gəlir. Amma nə bilim, türklər demiş, sonuçda beləyəm) Yaxşı da olsam, pis də olsam...

   - Fikrincə, jurnalistikada ən çətin janr hansıdır?

   - Analitik janr. Çünki bu mövzuda yazı yazmaq üçün jurnalist gərək ictimai-siyasi hadisələri yaxşı bilən, analiz etmək qabiliyyətinə malik adam olsun. Ən əsası isə hadisələrdən düzgün nəticə çıxarıb doğru yola istiqamət verməyi bacarsin. Yoxsa ki, ağlına gələni düşünüb-daşınmadan ifadə eləyən, hər şeyə qara yaxan və sonda düşmən dəyirmanına su tökəcək bir yazı yazana analitik demək olmaz.

   - Səninçün yaxşı jurnalist olmağın beş əsas prinsipi hansıdır?

   - Hər şeydən öncə həmin jurnalist kamil vətəndaş olmalıdır. Əgər öz yazıları ilə cəmiyyətə nümunəvilik təlqin edirsə, özü də nümunəvi olmalıdır. Jurnalistikanın prinsiplərinə, xüsusən də qərəzsizlik prinsipinə riayət etməlidir. Vətənini, ailəsini, işini, peşəsini sevməlidir. Ən nəhayət, savadlı olmalı, ziyalılıq yükünü dərk etməlidir

   - Gəlsənə, söhbətin bu yerində başına gələn maraqlı bir əhvalat danışasan?!

   - Avtomobili təzə aldığım vaxtlardı. Maşını idarə eləməkdan savayı, heç nəyindən başım çıxmırdı. Təzə sürücülüyə başlayan biri olaraq siqnaldan lap çox istifadə edirdim və bu hal hər zaman mənə yol yoldaşlığı edən iş yoldaşım Bəxtiyar Məmmədlinin narahatlığına səbəb olurdu. Bir dəfə mənə dedi ki, az siqnal ver, axırda siqnalın kömürü qurtaracaq, qalacaqsan siqnalsız. Bu mənim ağlıma batdı. Təsadüfən bir müddət sonra maşının siqnalı işləmədi. O an ilk ağlıma gələn Bəxtiyarın sözü oldu və düşündüm ki, gərək zamanında siqnaldan az istifadə edəydim. Maşınımdakı bu nasazlığı aradan qaldırmaq üçün servisə getdim. Orada ustaya deyəndə ki, bəs ay usta, siqnalı çox tez-tez işlətdiyim üçün kömürü qurtarıb. Usta əvvəl mənə təəccüblə baxdı, sonra da əsəbiləşdi. Elə bildi ki, onu ələ salıram, zarafat edirəm. And-aman edəndən sonra siqnalı sökdü və baxdı. Siqnal həqiqətən xarab olmuşdu... Mən bu əhvalatı Bəxtiyara deyəndə gülməkdən uğunub getdigDedi bunu sənə ona görə deyirdim ki, hər dəfə siqnal verib baş-beynimi aparmayasan))

   - Hmmm... Doğrudan da gülməli və maraqlı əhvalatdı...

   - Naxçıvanda "Şərq qapısı" qəzetində işlədiyim vaxtlar idi. Hər gün bir müxbir qəzetdə növbətçi qalırdı. Yay aylarının bir günü bu növbə növbəti dəfə mənə çatdı. Səhifədə gedən bütün yazıları korrekturadan sonra özüm təkrar yoxladım və düzəlişlər ediləndən sonra nəşriyyata vermək üçün kalkaya vurmağa başladıq. Sonuncu səhifəyə çatanda məlum oldu ki, gündüz hidrometeoroloqlardan heç kim sabah havanın necə olacağını öyrənib yazmayıb. Bilmədik nə eləyək. Sonda dizaynerimiz dedi ki, bir buna görə problem çıxarmağa dəyməz, mən özümdən təxmini bir şeylər yazacam, onsuz da havalar verilən proqnoz kimi olmur. Nəysə, dizaynerin sözünə qulaq asıb sonuncu səhifəni də kalkaya vurduq və nəşriyyata təhvil verdik. Elə bildik heç kimin xəbəri olmaz. Amma hər şey əksinə oldu. Səhəri gün Şahbuz rayonundan redaksiyaya bir neçə nəfər zəng vurub gileyləndi ki, balam, axı sizin qəzet bizi burada soyuqdan-qiyamətdən batırıb qırdı bir insafınız olsun. Mən tez qəzetin arxa səhifəsinə baxanda gördüm ki, diqqətsizlikdən Şahbuzda havanın temperaturunu müsbət 30-35 dərəcə yazmaq əvəzinə, mənfi 30-35 dərəcə yazmışıq. O zaman buna xeyli gülüşmüşdük.

 

İntiqam VALEHOĞLUNUN

Ədalət.-2012.-10 fevral.-S5.