QISA ÖMRÜN BÖYÜK
ƏKS-SƏDASI
Tədqiqatçı
alim, filologiya elmləri üzrə fəlsəfə doktoru
Aypara Behbudovanın "Adil Babayev: Ömür yolu və sənət
dünyası" adlı kitabı yenicə işıq
üzü görüb. "Mütərcim"
nəşriyyatında çapdan
çıxan monoqrafiyada, adından bəlli
olduğu kimi, XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən
biri - şair, dramaturq, teatrşünas və
tərcüməçi Adil Babayevin zəngin və çoxşaxəli
yaradıcılığı geniş təhlil
olunur. Müəllifin oxucunu ədibin keşməkeşli ömür yolu ilə ətraflı
tanış etməsi təsadüfi deyil.
Uşaqlıqdan hər addımda
haqsızlıqla, rəzalətlə, xəyanətlə
üzləşən bir insanın
yaradıcılığında nikbinlik ruhunun, haqqa-ədalətə inam
hissinin, son dərəcə
yüksək olmasının əsas səbəblərini
açıb göstərməyə çaılşan tədqiqatçı
A.Babayevi çoxlarından fəqdləndirən
mənəvi-əxlaqı keyfiyyətləri qabarıq şəkildə
göstərir. Hiss olunur
ki, A. Behbudova şairin tərcümeyi-halını diqqətlə
öyrənmiş, xarakterinin
formalaşmasına xidmət edən əsas məqamları dəqiq
izləyə bilmişdir. Aypara xanım şairin əsil simasını bioqrafik məlumatlardan daha
çox onun əsərlərinin
ruhunda, məzmununda axtardığından
uğurlu nəticələr əldə edib. Çalışqanlıq, dürüstlük, mərdlik, düzlük,
halallıq yaradıcı insana bəlkə
də fitri istedaddan daha vacibdir. Mənəvi
kamilliyə yetməyən yazıçının qələmə
aldığı əsər bədii siqlətiylə fərqlənsə
belə, təsirli, inandırıcı alınmaz. Bədii əsər
tək ilhamla deyil, həm
də əqidə və inamla
yazılmalıdır. Aypara Behbudovanın
oxuculara təqdim etdiyi
Adil Babayev hər
şeydən öncə məhz ali insani keyfiyyətləri ilə seçilən
vətəndaşdır.
Monoqrafiyada Adil Babayevin yaşadığı ədəbi mühitdə özünəməxsus mövqeyindən kifayət qədər geniş danışılır, konkret misallar gətirilir, şeirlərindəki bədii incəlikdən, mövzu rəngarəngliyindən ətraflı bəhs edilir. Xalq şairi Səməd Vurğunun 1945-ci ildə iyirmi yaşlı gənc Adilə ithaf etdiyi "Mənim arzum" şeirini müasir oxucuya xatırlanması, əsərin poetik məziyyətləri üzərində ayrıca dayanması diqqət çəkir. Səməd Vurğunun Adil Babayevə on üç bəndlik poetik müraciəti bu misralarla başlayır:
Şair! Nə incədir
rübabın sənin!
Uçurdu qəlbimi
çaldığın o saz!
Vətən torpağında bitən
gülşənin
Yarpağı saralıb,
çiçəyi solmaz.
Adil Babayev poeziyasında poema janrı yer tutur. Gənc yaşlarından
bu janra xüsusi maraq göstərən şairin
müxtəlif mövzuda
iyirmidən çox əsəri məlumdur.
Monoqrafiyada A.Babayev poemalarına
yeni dövrün gözüylə baxılması,
müasir dəyərləndirmə
bucağında müfəssəl
araşdırılması təqdirəlayıqdır.
A.Behbudova "Memarın
məhəbbəti", "Yanıqlı gülüşlər",
"Xəzər sahilində",
"Həqiqətin keşiyində",
"Qız qalası",
"Dan yeri sökülür",
"Babəkdən sonra",
"Qartal qanadları"
poemalarının geniş
təhlilini verir. Tarixi mövzularda işlənən poemaların
qəhrəmanları arasında
memar Əcəmi, xalq qəhrəmanı Babək, böyük səhnə ustası Hüseyn Ərəblinski,
satirik şeirimizin bayraqdarı Mirzə Ələkbər Sabir kimi parlaq simaların
olması müasir ədəbiyyatımızı zənginləşdirən
məqamlardır.
Adil Babayevin həyat və yaradıcılıq
yolunu hərtərəfli
təhlil edən alimin gəldiyi nəticələrdən biri
də odur ki, o, heç vaxt ad-san, şan-şöhrət
ardınca qaçmayıb,
həqiqi sözün,
sənətin sorağında
ana vətəni qarış-qarış gəzib-dolaşıb,
hər daşın altında bir şeir axtarıb, hər gül yarpağında şirin nəğmə dinləyib.
Əslində sənəti təbiətin
yaratdığını etiraf
edən şair poetik missiyasını bu inciləri tapıb ilhamla misralara düzərək oxucuya ərməğan etməkdə görür.
Hər gül yarpağında bir şeir yatır,
Hər bulaq səsində
bir şirin nəğmə.
Əslində sənəti həyat yaradır,
Şair onu tapıb
verir aləmə.
Tədqiqatçı
alim Adil Babayevin dramaturgiya və teatrşünaslıq
fəaliyyəti ilə
də oxucuları ətraflı tanış
edir. Məlum olduğu kimi, A.Babayev "Dağlar qızı", " Yarımçıq
şəkil", "Mənim
məhəbbətim", "Ən xoşbəxt adam", "Açıq
pəncərə", "Qaçqınlar", "Molla
Nəsrəddin" pyeslərinin
müəllifidir. Monoqrafiyada
Adil Babayevin Milli Dram teatrının tarixi inkişaf yolundan, görkəmli səhnə ustalarımızdan
Leyla Bədirbəili,
Lütfəli Abdullayev,
Ağahüseyn Cavadovun
həyat və yaradıcılığından bəhs edən monoqrafiyaları, teatr sənətinin nəzəri
məsələlərinə həsr olunan məqalələri və
tamaşalara yazılan
resenziyaları barədə
də oxuculara ətraflı məlumat verilir.
Aypara Behbudovanın diqqətindən
ədibin yaradıcılığında
xüsusi yer tutan tərcüməçilik
fəaliyyəti yayınmayıb.
Adil Babayev Nekrasov, Puşkin, Lermontov,
Turgenev, Taqor, Nodar Dumbadze, Qarsiya Lorka kimi məşhur
şair və yazıçıların əsərlərini
doğma dilimizə tərcümə etməklə
ədəbiyyatımızı dünya xalqlarının parlaq nümunələri ilə zənginləşdirib.
Kitaba ön sözü
yazan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli də Adil Babayev
yaradıcılığını yüksək qiymətləndirmişdir.
Akademik, keçmiş Sovet dönəmində belə,
şairin yaradıcılığında
siyasi xarakterli mətləblərin deyil,
həyatın və insanın təbii vasitələrlə təqdim
edilməsinin ona üstünlük qazandırdığını
qeyd edir. İsa Həbibbəyli tədqiqatçı
alim Aypara Behbudovanın araşdırmasını
yüksək qiymətləndirir
və yeni işıq üzü görən kitabın Adil Babayev yaradıcılığının
öyrənilməsində əhəmiyyətli rol oynacağına ümidvar
olduğunu bildirir.
Xəyal
ORUCOĞLU
Ədalət.-2012.-11 fevral.-S.17.