SABAHIMIZ BU GÜNÜMÜZDƏN DƏ PARLAQ VƏ İŞIQLI OLACAQ

 

(əvvəli ötən saylarımızda)

   Ağacların suvarılması üçün hələlik on bir arteziandan istifadə edirik. Əlavə olaraq 16 artezian quyusu qazılır. Ərazidə qədimdən qalma Dəli Alının kəhrizi var. Həmin kəhrizin bərpasına başlamaq niyyətindəyik.

   Həm tarixi abidə kimi, həm də suyundan istifadə üçün. Həmçinin parkda süni göl yaradılması nəzərdə tutulub. Parkın girəcəyindən Heydər Əliyev Mərkəzinə qədər olan bir kilometrlik alleyada 32 ədəd xüsusi memarlıq üslubunda fontan quraşdırılacaq. Girişdə eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü 36 metr olan "Zəfər tağı" inşa ediləcəkdir.

   "Zəfər tağı"nın 30 metr hündürlüyündə ətrafı seyr etmək üçün meydança, meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulub. Mərkəzi yola qranit və mərmər döşənəcək, işıqlandırma sistemi xüsusi qaydalar əsasında quraşdırılacaq. Həmçinin müxtəlif məişət obyektlərinin, əyləncə mərkəzlərinin, istirahət guşələrinin də tikintisi nəzərdə tutulub.

   Gəncəlilər bu parkın tikintisində böyük vətənpərvərlik nümayiş etdirirlər. Xüsusən də KaMAZ sürücüləri. Parkda hələlik torpaq işi, yol çəkilişi aparıldığından belə maşınlara böyük ehtiyacımız var.

   Hal-hazırda burada buldozer, qreyder, ekskovator, skreyper, ümumiyyətlə, torpağa aid olan texnikalar işləyir. Şəhərdə fəaliyyət göstərən xüsusi KaMAZ maşınlarının sürücüləri harada işləməsindən asılı olmayaraq vaxtından sonra buraya gəlir və "əhd etmişik ki, təmənnasız olaraq beş-on reys torpaq daşıyaq" - deyirlər. Hər gün onlarla belə maşın burada könüllü və təmənnasız olaraq torpaq daşıyır. Bu günəcən burada 800 min kub torpaq işi görülüb.

   Bu gün heç kəs şəhərimizin abadlıq-quruculuq işlərindən kənarda qalmaq istəmir. Xüsusən də ulu öndərin əziz xatirəsinə həsr edilmiş Heydər Əliyev Mərkəzinin.

   Mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb

   Mədəniyyət sahəsində həyata keçirilən proqramlar çərçivəsində Gəncədə daha böyük işlər görülmüş və hələ də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə onlarla mədəniyyət obyektlərində yenidənqurma və təmir-abadlıq işləri aparılmışdır.

   Cənab İlham Əliyevin orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan "İmamzadə" dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə bağlı sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan əlavə olaraq daha 3 milyon manat vəsait ayrılması dövlətin bu işlərə qayğısını bir daha təsdiq edir.

   Prezident İlham Əliyev Gəncəyə 11-ci möhtəşəm səfəri zamanı "İmamzadə" dini-tarixi kompleksi ziyarət etdi, özünün dəyərli göstəriş və tövsiyələrini verdi.

   Ötən ilin əvvəlində şəhərdə genişmiqyaslı quruculuq işlərinə başlayarkən layihə bir daha nəzərdən keçirildi. Bütün ziyarətçilərin ürəyindən olan bir məsələyə də İcra Başçısı tərəfindən diqqət yetirilib.

   "İmamzadə"nin ərazisindən bir kanal keçirdi. Bəzi təşkilatlar tərəfindən həmin kanala müqəddəs yer üçün məqbul sayılmayan natəmiz suyun axıdılması idi.

   Bu günə kimi kimsənin diqqətini (əlbəttə söhbət səlahiyyət sahiblərindən gedir) cəkməyən bu məsələ İcra Başçısının iti nəzərlərindən yayınmadı. Həmin kanal müvafiq olaraq 30 metr geri çəkildi ki, bu zaman həm suyun səmti dəyişdi, həm də ərazi xeyli genişləndi.

   Kompleksin yerləşdiyi əraziyə asfalt və bəzəkli səki daşları döşənib. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilib. Burada 5 böyük, 41 kiçik günbəz inşa edilib. Müasir işıqlandırma sistemi yaradılıb. Yaşıllıq zolağı salınıb.

   Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən Comərd Qəssab türbəsi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən bərpa edilmiş və təntənəli şəkildə açılış mərasimi olmuşdur. Həmçinin Cümə məscidinin həyətində yerləşən Cavad xanın məzarı üzərində Heydər Əliyev Fondunun dəstəyi ilə möhtəşəm məqbərə ucaldılmışdır.

   Nizami məqbərəsi, Çökək hamam, Cümə məscidi, Zərrabi məscidi, əməkdar artist Mobil Əhmədovun yaşadığı qədim bina, Şah Abbas karvansarası, Uğurlu xan karvansarası, Cavad xan küçəsindəki tarixi abidələr və digərlərində əsaslı təmir və bərpa işləri aparılır və aparılmaqdadır.

   Gəncəlilərin sevimli küçəsi

   Cavad xan küçəsi isə bu şəhərin tarixi keçmişini özündə saxlayan küçələrdən biridir. Elə buna görə də gəncəlilər də, qonaqlar da bu küçədə istirahət etməyi, yaxınları ilə görüşməyi çox sevirlər.

   Uzun illər idi ki, küçə, şəhərin digər guşələri kimi baxımsızlıqdan bərbad hala düşmüşdü. Təxminən üç-dörd il bundan əvvəl burada keyfiyyətsiz abadlıq işləri aparılsa da, istənilən səviyyə alınmamışdı.

   Bir neçə ay əvvəl yenidən başlanan quruculuğun nəticəsinin bu qədər möhtəşəm olacağını heç kəs təsəvvür etmirdi. Regionların inkişafına dövlət qayğısı, ölkə başçısının diqqəti, şəhər icra hakimiyyətinin işə səriştəli münasibəti hər bir gəncəlinin gözləri qarşısında möcüzə yaratdı desək, səhv etmərik.

   Cavad xan küçəsi Gəncənin tarixi simasına çevrilib, açıq səma altında muzeyi xatırladır. Küçənin 435 metr uzunluğunda olan hissəsində 9 min kvadratmetr sahəyə qranit piltələr döşənib.

   Müxtəlif guşələrdə ən müasir üslubda inşa edilmiş 7 fəvvarə quraşdırılıb. Küçə boyu milli adət-ənənələri özündə ehtiva edən heykəllər, skulptur elementləri göz oxşayır. Abadlıq-quruculuq işləri görülən zaman kərpic imitasiyasına xüsusi yer verilib, dəmir haşiyə və məhəccərlər Gəncə memarlığına uyğun seçilib hazırlanmışdır. Dam örtükləri yenidən qurulmuş, qapılar, darvazalar şəbəkə formasında yeni düzəldilmiş, kanalizasiya xətti çəkilmiş, qaz, su boruları yerin altına salınmışdır.

  

   (ardı gələn sayımızda)

Yaşar NƏBİYEV

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-14 fevral.- S.6.