Muğan düzündəki rayon

Biləsuvar şəhərində içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

İlin yay fəslində kifayət qədər isti olan, Muğan düzündə yerləşən Biləsuvar rayonu çox qədim yaşayış məskənlərindəndir. IV-III minillikdə Kür-Azar çayları vadisində əkinçi- maldarların yaşamalarını, özünəməxsus mədəniyyətlərinin olmasını müəyyənləşdirən tarixçilər burda sikkələrə, küp qəbirlərə də rast gəlmişlər. Qızıl Ordanın hücumları vaxtı Elxanilərin burda 1288-1290-cı illərdə düşərgə salmaları da bu obanın strateji əhəmiyyətindən xəbər verir.

   1828-ci ilin fevralında bağlanan ruslarla iranlar arasındakı Türkmənçay müqaviləsi Azərbaycanla bərabər onun Culfa, Astara, Biləsuvar kimi şəhərlərini də ikiyə bölmüşdür.

    XIX əsrin əvvəllərində geniş miqyas almış Azərbaycanı ruslaşdırma siyasəti Sovet Hakimiyyəti illərində də davam etdirilmişdir. 1938-1940 -ci illərdə hökumət sərhəddə yerləşən kəndləri köçürmək adı ilə rayonun azərbaycanlılar yaşayan sakinlərini indi yaşadıqları yerə məcburən köçürmüşlər və Puşkin kəndi də rayon mərkəzinə beləcə çevrilmişdir. 1938-ci ildən 1991-ci ilə qədər Biləsuvar rayonu Puşkinin adını daşımışdır.  

    Xeyli ərazisi İran İslam Respublikası ilə həmsərhəd olan indiki Biləsuvar rayonunun ərazisi 1397 kvadratkilometr, əhalisi 90 mindən çoxdur. Əkinçilik və maldarlıqla məşğul olan Biləsuvarda 36 ümumtəhsil məktəbi, peşə liseyi, 2 incəsənət məktəbi,20 klub, 37 kitabxana, Mərkəzi və Uşaq xəstəxanaları, 7 sahə-kənd xəstəxanası fəaliyyət göstərir.

   "Vətən sağ olsun"

   İndi bəlkə də bütün dünyanın tanıdığı Biləsuvar rayonu ona bu şöhrəti bəxş edən bir igidin adına inşa edilmiş evlə başlanır. Əslində Əliabad kəndinin ərzisinə daxil olan bu ev maqistral yolun kənarında yerləşdiyindən adama elə gəlir ki, Biləsuvar şəhəri elə burdan başlayır. Olsun, əgər Mübariz İbrahimov Biləsuvarı dünyaya tanıdıbsa, şəhərin onun doğmaları üçün tikildiyi evlə başlaması simvalik mənada çox gözəldir. Bir də hər gün qonaq - qaralı olan İbrahimovlar ailəsinin yaşadığı mənzil qəhrəmanın adına layiq olmalıdır. İki mərtəbəli, bağ-bağçası, bütün şəraiti olan bu mənzil Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adına tam layiqdir.

   "Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova " Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin ( ölümündən sonra). " Bu sətirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-ci ildə imzaladığı Sərəncamdandır. Cənab Preziodentin həmin tarixdə imzaladığı digər Sərəncamda isə onun xatirəsini əbədiləşdirmək tövsiyə olunur.

   Qeyd edək ki, Milli Qəhrəmanın adını daşıyan küçə də bu igidin şöhrətini, sücaətini yaşatmağa layiq bir ünvandır. Cəmi 22 il ömür sürmüş, ölümü ilə ölümsüzlük qazanan Mübarizin xatirəsi ölkəmizdə, xüsusən də Biləsuvarda çox əziz tutulur. İndi onu tanımayan adam, şəkili olmayan ev yoxdur. Dövlət başçısının Mübarizə göstərdiyi xüsusi qayğı, diqqət qəhrəmanlığı beləcə əbədiləşdirmişdir.

   "Vətən sağ olsun"! Bu misralar isə fəxarət, qürur yerimiz olan Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubdandır.

   Biləsuvar şəhərində hər evdə içməli su olacaq

   Biləsuvar rayonunda yay çox isti keçir. Kənd sakinləri bu isti yay günlərində, eləcə digər vaxtlarda içməli su qayğılarını müxtəlif mənbələrdən əldə etsə , Biləsuvar şəhər sakinləri ümidlərini "Əzizbəyov kanalı"-na bağlamalı olmuşlar. Ekalji cəhətdən məqbul sayılmayan bu su mənbəyindən axır ki, şəhər sakinləri yaxın vaxtlarda canlarını qurtara biləcəklər.

   Ötən ilin sonlarında nəhayət, Biləsuvar rayonunda yeni su kanalizasiya sisteminin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimyyəti başçısı Mahir Quliyev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edib bildirmişlər ki, 22 aya başa çatdırılması qərara alınan bu layihə biləsuvarlılara çox böyük töhfədir. Tikinti başa çatdırılandan sonra 21074 nəfər əhalisi olan Biləsuvar şəhər sakinləri ekoloji baxımdan təmiz olan su ilə təhciz ediləcək. Kürdən alınacaq bu su şəhər əhalisi ilə bərabər digər idarə müəssisələrə, iaşə obyektlərinə veriləcək.

   Bu istiqamətdə artıq xeyli görülüb. İş icraçılarının dediklərinə görə 26 kilometr kanal xətti, 10 kilometr su xətti çəkilişi başa çatdırılıb. 9 kilometr magistral su xətti istismara hazırdır.

   Şəhərin Nəsrəddin Tusi, Səməd Vurğun, 8 mart, Nəsimi küçələrində işlər yekunlaşmışdır. 4 briqadadan ibarət olan fəhlələr hava şəraitindən asılı olmayaraq işin sürətini azaltmır. Çünki, Biləsuvar şəhərinin su kanalizasiya tikintisi mütləq vaxtında başa çatdırılmalıdır. Şəhər ərazisində 1450 metr su xətti ilə bərabər xeyli kanalizasiya sistemi qurulmalıdır. Tikintini aparan rəsmilər onu da bildirdilər ki, bu qazıntı işlərindən sonra həmin əraziləri onların özləri təmir edəcəklər.

  

   (ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-14 fevral.- S.7.