HƏR KİTABLA YENİDƏN DOĞULURUQ

Hələ ki, imzasını tanıdığım Vaqif bəyə məktub

Belə götürəndə, yəni barmaqsayı hesablasaq 40 ildən artıqdır ki, yazı-pozu içərisindəyəm. Oxuduğum kitablar, qəzetlər, jurnallar, həmsöhbət olduğum söz adamları o illərə daxil deyil.

   Çünki onların hər biri ayrı-ayrılıqda özləri bir il, bir ömürdü. Məsələn, mərhum xalq şairləri Məmməd Arazla, Bəxtiyar Vahabzadəylə, böyük söz xiridarı, ustad Sabir Əhmədliylə, sevgi şairi Nüsrət Kəsəmənliylə, könül dostum Vahid Əlifoğluyla və digərləri ilə üzbəüz qaldığım, həmsöhbət olduğum məqamlar ayrı-ayrılıqda fərdi olaraq neçə-neçə ilə bərabərdir. Məşhur filmlərimizdən birində deyildiyi kimi, bu illəri də yaşadığım illərin üstünə gələndə mənim sözlə, kitabla, qələmlə bağlı yaşımı hesablamaq yəqin ki, bir az çətin olacaq. Bu sevindirici olduğu qədər də həm də düşündürücüdü. Çünki təkcə evin bəzəyi yox, həm də sakini olan hər bir kitab evdə həm ağıllı, həm də dəcəl uşağa bənzəyir. Onunla dərdləşirsən, ona bəzən də əsəbiləşirsən.

   vaxtdan bəri dostum, həmkarım Məzahir Əhmədoğlu mənə iki kitab təqdim edib. İkisibir qələmin, bir duyğunun, bir düşüncənin bəhrəsidir. Amma bu bir duyğu, bir düşüncə yarı bölünmüş alma kimi hərəsi ayrı-ayrı mövzuya, ayrı-ayrı istəyə köklənir. Müəllif oxucu dünyasına iki övlad - iki kitab bağışlayıb. Onlardan biri "Xocalı göyərçinləri". ikincisi isə "Sənsiz" adlanır. Fikirlərimi bölüşməyə "Sənsiz"dən başlayıram. Açığı kitabı ilk görəndə adıyla bağlı bir az duruxdum. Mənə elə gəldi ki, hardasa bu adla qarşılaşmışam, rastıma çıxıb. Lakin sonra hiss etdim ki, xalq yazıçısı, çox hörmətli Anar müəllimin "Sizsiz"i ilə özüm də bilmədən "Sənsiz"i qarışıq salmışam. Deyirlər, yanlışlıq da bir naxışdı. Elə "Sizsiz"in notları üzərində "Sənsiz"ə kökləndim və başladım oxumağa. Oxuduqca mənə elə gəldi ki, "Sənsiz"in qəhrəmanı, yəni rəhmətlik Sabir müəllim mənim kəndçimdi, qonşumdu. Çünki həyat detalları o qədər səmimi, o qədər inandırıcı və o qədər də kövrək qələmə alınıb ki, rəhmətlik Sabit Xəlilovun 35 illik ömrü adama bir yuxu kimi gəlir. İstəmirsən ki, bu yuxu bitsin, istəmirsən ki, kimsə səni bu yuxudan oyatsın. Və bir də müəllifin dediyi kimi və bəlkə də elə müəllifin istəklərinin əksinə olaraq, şəxsən mən istəmirəm ki, "Sabitli dünyamız bitdi"!- deyəm. Ona görə ki, 35 illik ömürdə qazanılan bu nüfuz, əldə olunan bu hörmət, sevdirilən şəxsiyyət bitə bilməz. Burda söhbət fiziki bitməkdən, tükənməkdən getmir, mənəvi varlıqdan, mənəvi dünyanın sonsuzluğundan gedir. Deməli, müəllifin özününetiraf etdiyi kimi, Sabiti xatırlayarkən onun dünyasının bitmədiyini hər kəs aydınca görür. Əgər belə olmasaydı, onda kitabın epiloq əvəzi hissəsinə möhür vurulmazdı. Yazılmazdı ki:

   - Çalış, ölmə!...

   Bəli, özünün 35 illik ömrünü Vaqif Alıyevin qələmində əbədiliyə qovuşduran Sabit Xəlilov dünyanın işıqlı üzündə bizimlə bir yerdə davamlı və mənalı bir həyat yolçuluğunu sürməkdədi. O, öz ömür karvanını fiziki ölümün pəncəsindən qoparıb mənəvi ölməzliyə qovuşdurubdu. Elə ona görə də Vaqif Alıyev Sabitin diliylə hər kəsə mənalı ömür arzu etməklə çalış, ölmə - deyir. Özü də mənəvi baxımdan, mənəvi müstəvidə, mənəvi anlamda ölmə, deyir.

   Vaqif Alıyevin ikinci kitabı, yəni "Xocalı göyərçinləri" bizim hamımızın, bütövlükdə türk dünyasının ən böyük yarasına, ən böyük faciəsinə ithaf olunub. Kitabı kövrəlmədən, ağrımadan, həyəcanlanmadan, varlığını oda atmadan oxumaq mümkün deyil.

   Mən burda bir haşiyə çıxım:

   - Deməli, Vaqif Alıyevin kitabını mən təkcə oxucu kimi yox, həm Dağlıq Qarabağdan - Xocalı şəhərindən, Xocavənd rayonundan, Tuğ kəndindən, qaçqın düşmüş həmin dərdləri bu gün yaşayan, o dərdlərin canlı şahidi olan bir insan kimi oxudum. Gördüm ki, əlimdəki bu kitab mənim şahidi olduğum dərdin sanki danışan dili, əks etdirən ekranıdı. Müəllif qanadlandırdığı yaralı göyərçinlərin hesabına onların qanlı lələklərinin timsalında mənim Xocalıda yaşadığım anları, günləri, məqamları bir-bir yaddaşımda danışdırır, ayağa qaldırır, mübarizəyə, qisasa haraylayır.

   Mən bu kitabda oxuduqlarımın demək olar ki, çox böyük hissəsini yaşamış bir insan kimi müəllifin sözün bütün mənalarında səmimiyyətinə daxili bir təşəkkürlə özümə təsəlli verək istədim. Çünki Xocalıyla bağlı, dərdlərimizlə bağlı yazılıb, yazılır yazılacaq. Amma Vaqif Alıyevin qələmə aldıqları daha fərqli bir yanaşmadı, daha fərqli bir münasibətdi. Hər bölümdə Xocalı faciəsi təkrar yaşanır, təkrar ayağa qalxır, təkrar intiqama səsləyir. Bax, bu yanaşma oxucuda süstlük, ümidsizlik deyil, mübarizə, döyüş, qələbə əhval-ruhiyyəsi yaradır. Bu da onu göstərir ki, oxucunun sabahkı qələbə, sabahkı Xocalı atəşfəşanlığı, Şuşa seyrəngahları üçün ayağa qalxmaq, son damla qanına qədər vuruşmaq çağırışı Vaqif Alıyevin bir müəllif, bir vətəndaş kimi mövqeyi qənaətidi.

   Ayrı-ayrı nəşriyyatlarda işıq üzü görmüş hər iki kitabın məramı, qayəsi mənə elə gəlir ki, insanlıq, vətəndaş mövqeyi mübarzədi. Bax, bu mənada imzasını tanıdığım həmkarım Məzahir Əhmədoğlunun vasitəsilə oxuduğum kitabların müəllifi Vaqif Alıyevin qələminin söz kasadlığı çəkmədiyinə daxilən inandım. İnandım ki, o hələ oxucularını çox sevindirəcək.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2012.-14 fevral.- S.7.