SABAHIMIZ BU GÜNÜMÜZDƏN DƏ PARLAQ VƏ İŞIQLI OLACAQ

 (əvvəli ötən saylarımızda)

  

   Bu küçədə tarixi binalar çoxdur. Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı evburada yerləşir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin ilk nömrəsinin nəşr olunduğu mətbəənin binası da tarixin bir parçasını özündə yaşadır. AXC-nin qurucularından biri olan Xasməmmədov qardaşlarının yaşadığı ev, eləcə də 1899-cu ildə inşa edilən alman mühəndisi Zingerin yaşadığı bina küçənin tarixi abidələrindəndir.

   Hər bir bina, hər bir guşə tarixi simasını bu gün də öz möhtəşəmliyi ilə göz önündə canlandırır. Fərəh doğuran odur ki, bu tarixi binalar yerli əhəmiyyətli abidə elan olunmuş və üzərinə tanınma lövhələri vurulmuşdur. Bir sözlə, küçədə gəzən hər bir kəs təkcə gözəllikdən zövq alır, eyni zamanda qədim Gəncənin tarixi keçmişi ilə yaxından tanış olub, ətraflı məlumat əldə edir.

   Bax budur, qədim şəhərə hörmət və məhəbbət! Bax budur, gələcək nəslə unudulmaz, öyrədici yadigar qoymaq.

   Bir daha Nizami Gəncəvi

   Prezident İlham Əliyev 26.04.2011-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilmiş illik hesabat iclasında iştirak edərkən Nizami irsinin daha dərindən, bu günün tələblərinə uyğun səviyyədə araşdırılması, irsinin təhrifə məruz qalmasının qarşısının alınmasına xidmət göstərəcək Nizami Gəncəvi Mərkəzinin yaradılmasını təqdirəlayiq hesab etmişdir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə dahi şairin doğma yurdunda, Gəncə Regional Elmi Mərkəzin Nizamişünaslıq şöbəsinin bazasında "Nizami Gəncəvi Mərkəzi" yaradılmışdır.

   Hikmət səmasının sönməz ulduzu, dahi mütəfəkkir Şeyx Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi çərçivəsində Azərbaycan mədəniyyətinin hamisi, milli kimliyimizin keşikçisi "Heydər Əliyev Fondu" tərəfindən "Xəmsə" və "Nizami məqbərəsinin tarixi taleyi" adlı monoqrafiya nəfis şəkildə nəşr olunmuş və bir sıra qiymətli hədiyyələr hazırlanmışdır.

   Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə "Xəmsə" nəfis şəkildə yenidən nəşr edilmişdir. Bununla yanaşı, Gəncə Regional Elmi Mərkəzin əməkdaşları tərəfindən "Nizami sələflər və xələflər", "Nizaminin müsiqi dünyası" "Nizami məqbərəsinin tarixitaleyi" adlı monoqrafiyalar nəşr olunmuşdur. "Nizami Gəncəvi əsərlərinin notlaşması", "Miniatür əsərlərin toplanması" istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Şəhər İcra Hakimiyyəti tərəfindən Nizami Gəncəvinin dünyanın böyük kitabxanalarında qorunan əlyazmalarının surətləri ölkəmizə gətirilmişdir.

    Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Elmi Mərkəz tərəfindən Almaniyada 3 dildə (Azərbaycan, rus, ingilis) dahi şairin həyat və yaradıcılığını əks etdirən Nizami Gəncəvi saytı yaradılmışdır.

   Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində

   Maddi dəyərlərimizi insan kapitalına çevirmək ideyasının müəllifi olan ölkə başçısı təhsilə ayrılan xərclərin ilbəil artırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

   Məhz bütün bunların nəticəsidir ki, Gəncə şəhərində 3 yeni məktəb binası tikilib istifadəyə verilmiş (21, 13 və 38 nömrəli məktəblər), 13 məktəb əsaslı təmir olunmuş, 29 məktəbdə fərdi qazanxana tikilmişistilik sistemi çəkilmişdir.

   Ötən il 45 saylı xüsusi məktəb yüksək səviyyədə təmir olunmuş, şəhər rəhbərliyinin dəstəyi ilə 15, 30, 32 və 43 nömrəli məktəblərin təmirinə başlanmış, 2 nömrəli uşaq bağçasının sökülüb yerində yeni binanın tikilməsinə, 3 nömrəli uşaq bağçasının, 22 nömrəli tam orta məktəbin əsaslı təmirinə, uşaq yaradıcılıq mərkəzinin yeni binasının inşasına başlamaq üçün ciddi hazırlıq işləri aparılır.

   Təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində də nəzərə çarpan uğurlar əldə olunmuşdur.

   Belə ki, 2011-ci ildə ümumtəhsil məktəblərini bitirən 2293 nəfərdən 1992 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 785 nəfəri - tələbə adını qazanıb. 156 nəfər 500-dən, o cümlədən 42 nəfər 600-dən yuxarı bal toplayıb. 26 nömrəli məktəb-lisey, 44 nömrəli bağça-məktəb-lisey kompleksi Respublika üzrə ən yaxşı məktəblər sırasına daxil olub.

   Yeniləşmə davam edir

   Hamının bildiyi və gördüyü kimi, qədim Gəncə şəhərində - ulu Nizaminin yurdunda başdan-başa heyrətli bir yeniləşmə davam etməkdədir. Şəhərin hər bir küçəsində, döngəsində, prospektində quruculuq işi qaynayır. Hər addımda müasirləşən şəhərimizin Nizami ruhunun dirçəldilməsinə, önə çəkilməsinə xüsusi diqqət yetirilir.

   Ölkə Prezidentinin verdiyi göstəriş və sərəncamları şəhər başçısı layiqincə yerinə yetirir. Bu isə xalqın qəlbindən xəbər verən işdir. Bu gün şəhər müasir memarlığın tələblərinə cavab verməklə, ənənəvi Şərq üslubu qorunmaqla bütövlükdə yeniləşir, tikilir, gözəlləşir.

   Tarix nəhəng bir ələkdir. O, seçilənləri qoruyub saxlayır, nəsildən-nəsilə ötürür, adiləri isə unudur. Bir anlığa Çin Səddini, Babil Qülləsini, Tac-Mahalı, Ərk və Qız qalalarını, Bakıdakı memarlıq nümunəsi sayılacaq XIX əsr tikililərini, Gəncəmizin Cümə məscidini göz önünə gətirək. Ağlı-qaralı tarixin yaddaşında xeyirxahlıqla anılan nələr və kimlər qalır? Bu sualın cavabı aydındır: uzaqgörən idarəçilər və qurucu-yaradıcı zəka sahibləri, yəni Zeynalabdin Tağıyevlər, Şeyx Bahaəddinlər. Bu gün də Gəncəni başdan-başa memarlıq şəhərinə, açıq muzeyə çevirən müəlliflər var. Gəncə durduqca, günü-gündən gözəlləşdikcə onun xidmətində dayanan müəlliflərini özü ilə birlikdə yaşadacaqdır.

  

   Bir bayatıda deyildiyi kimi: "Tikdim ki, izim qala".

 

Yaşar NƏBİYEV

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-15 fevral.-S.6