RUHU YOLLAR AYRICINDA...

 

İllər öncə qocaman tut ağacının altından keçib möhtəşəm bir şəhərə üz tutsa da, hələ də "şəhərli ola bilməyən" Sona xanımın şəxsində analıq, xanımlıq,alimlik və şairlik elə bir harmoniya təşkil edir ki,onların birini digərindən ayırmaq çətin olur.

  

   Mən Sona xanım Vəliyevanın poeziya yaradıcılığı ilə ilk dəfə 2007-ci ildə çapdan çıxmış "Çəhrayı rəngli dünyam" şeirlər kitabından bələdəm.İlahi nidaları ruhunun səsinə qatıb oxucusuna ərməğan edən şairənin yaradıcılığının tarixlərin səsini,ününü içində yaşadan," köhnəldikcə təzələnən" dərdlərdən göyüm-göyüm göynəyən "Arazbarı" kimi davamı olması təəccüblü deyil.

   "Arazbarı" şeirlər kitabı Dörd bölmədən ibarət olmasına,müxtəlif xarakterli mövzuları əks etdirməsinə baxmayaraq onların hamısının əsasında bir nəbz vurur: Sona xanımın ulu tanrıya olan böyük,müqəddəs inamı və sevgisi.Bu inamın və sevginin işığı əsir torpaqlarımıza,müqəddəs,tarixi yerlərimizə,milli-mənəvi dəyərlərimizə,ata-anasının şəxsində valideynlərimizə,böyüklərimizə və nəhayət məhəbbətə,diqqət və qayğıya möhtac olan bütün şəxslərə düşür. Buradan da şəhərdə yaşamasına baxmayaraq asfaltların istisinin,maşınların tüstüsünün,şıltaq Bakı küləyinin Sona xanımın ruhuna təsir etməməsi, "şəhərli edə bilməməsi" onu oxucu ilə doğmalaşdırır:

   Şəhərdə yaşadım,amma

   Şəhərli olammadım.

 

   deyən şair üzünün rəngi dağ havası ilə boyanan dəcəl bir qızdan bət-bənizi solmuş, qaradinməz,lakin köksü vətən sevgisi ilə döyünən varlığa çevrilir.

   Vətəninin bir parçası olan boşalan kəndlərin,yiyəsiz qalan evlərin acısından onun qəlbi sızlayır,"Kimsə yoxdur ağı desin bu kəndə" nalısı çəkir. Sükutun toy-büsat qurduğu,yağışın,qarın qapılarını döydüyü bu yiyəsiz kəndlərin "ruzisini qara yellər sovurur". "Sökülən barılar,uçan eyvanlar" kəndlərin yiyəsizliyindən xəbər verir. Kəndlərimizin bu dərdlərinə ağı deyib ağlamağa kimsəni tapa bilməyən şairə haqq dünyasında olan əzizlərini xatırlayır:

  

   Yönüm düşməmişdi gör haçan idi,

   Canımın,ruhumun dərmanı idi.

   Anam sağ olsaydı iş asan idi,

   Kimsə yoxdur ağı desin bu kəndə.

  

   Böyüklərimiz-ağsaqqal və ağbirçəklərimiz bizi elə-obaya,yurda,ocağa bağlayan ən mükəmməl cazibə qüvvəsidir. Bizlər onların hənrinə,istisinə topla-şanda kəndlər də kimsəsizlikdən qurtarır

 

   İndi qayğı sapandında

   Hərə atıldı bir yana.

   Əli çıraqlı anamın

   Yığışardıq işığına.

   Torpaq həsrəti dəli sevgiyə çevrilən şair min bir ümidlə,bircə niyyətlə inam yerlərimizdən olan "Əshabi-Kəhv"ə üz tutaraq "Əshabi-Kəhv dastanı"nı yaradır:

  

   Salam,ay daş adamlar,

   Min illərdi necəsiz?

   Bu daş duruş,lal süküt

   Sizi bezdirməyib ki?

 

   Bu daş adamların daşa dönmüş beyinlərində nə qədər sirrlərin daşlaşdığına,min illərdi "daş duruşla,lal sükutla" ətrafı seyr edərək şahidi olduqlarını daş dillərinə gətirə bilmədiklərinə təəssüflənən ziyarətçi-şairin qəlbində min bir sual yaranır. Bu "daş insanların" arasında daxili fəryad edərək, daş olduqları üçün sanki onları qınayır:

   Oğlu itən ananın

   Əri gedən gəlinin

   O nişanlı gözəlin

   Taleləri nə olar?

   Düşündünüzmü bir kərə?

  

   Özləri canlı görünsə də, qəlbi daşa dönmüş siyasətçilərə inanmayan "Ədalətin zəfərə gedən yolu"nu axtaran,torpaq dərdimizin ,yurd həsrətimizin qiyamətə qalacağından nigaran olan şair sonda "daş insanlar"a üz tutaraq

   Ey daş pirim,daş ərən,

   mənim də dərdimə bir

   çarə göndər.

   Ya mənim muradımı ver,

   ya məni daşa döndər

   deyir.

 

   Yarıyuxu,yarı gerçək Savalanın ətəyində üzü qibləyə dayanaraq Şah İsmayılın Sufi müridlərinin "Şah-şahdı" kəlməsini təkrarlayarkən Sona xanımın Nigar,Həcər ruhlu mübarizlik əzmi daha da artır,alovlanır və bu alovdan,bu oddan "Şahım,şeyxim,Savalanım" adlı dərin fəlsəfi məzmunlu,hikmətamiz misralı əsəri yaranır:

 

   İçim də,çölüm də qəm tarixidir,

   Dərbənd bağlı qapım,

   Təbriz lal anam.

   Şuşa baş örtüyüm,sürüşüb düşüb,

   Şahın hüzurunda necə dayanım?

 

   Bu,bir bədii sual deyil. Dörd misradan ibarət olan bu fəlsəfi-psixoloji sual hesabat tələb olunsaydı,yəqin ki, cildlərlə hesabatlar yazmaq lazım gələrdi. Ancaq bu hesabatlar ona gərək deyil.Çünki,yurdunun,doğma torpaqlarının düşmən ayağı altında qalmağına dözməyən şair bəlalarımıza,acılarımıza "yad məclislərdə" dərman tapılacağına,həll olunacağına inanmır, "göy atlı igid"in oyanmasını arzulayaraq yurdu üçün dua edir.

   Sona xanım Vəliyevanın istər elmi yaradıcılığının əsasını təşkil edən Azərbaycançılıq ideyası,istərsə də poeziya yaradıcılığının mərkəzində dayanan torpaq,yurd sevgisindən aydın görünür ki, O, "öncə vətən" deyən vətəndaşlardandır. Əsir torpaqlarımızın iniltisi qulaqlarına gələn, yuxusu ərşə çəkilən, torpaq həsrəti, yurd ağrısı ilə "yüz ümid becərsə də biri bitməyən" bu mübariz şairənin - Sona xanımın narahat vətəndaş-şairin ruhu yaralı,əsir torpaqlarımızda dolanır:

 

   Sağlığın,varlığın dəyər ölçüsü,

   Vətən sərhəddidir,vətən bayrağı.

   Uğrunda ölməyi bacarmadıqca

   Torpaq unudacaq vətən olmağı.

 

   Torpaqlarımızı yaralı anaya bənzədən şairin fikri məntiqlidir. Çünki, bölünmüş torpaq yaralı,şikəst bədənə bənzəyir. Bu vəziyyətdə olan ananın yanında böyüyən övladlarda hansı inam, hansı güvəc olar? Şairin dediyi kimi

   Zarıyan, sızlayan ana yanında

   Övladlar,görəsən,xoşbəxt olarmı?

 

   Taleyi bağlı qapılar arxasında müzakirə mövzusuna çevrilən millətlərin acısı,ağrısı bu şairə yaxşı tanışdı,elə onun millətinin də dərin-dərin dərdləridir:

   Bu qapı dözüm qapağı,

   İçi vətənin torpağı.

   Ürəyim yağı tapdağı

   Sən də bax,qapı bağlayan.

 

    Əli yerdən üzülən,yandırılıb-yaxılan torpaqlarının tüstüsündən gözləri göyüm-göyüm göynəyən,dilindən ilahi nidalar süzülən şair ilahi məxluqun gələcəyinə və bağlı qapıları açacağına ümidlidir:

 

   O ağ şallı kimdi,gəldi?

   Duası haqqa yüksəldi.

   Yağışdan açar ələndi...

   Götür aç,qapı bağlayan.

 

   Şair inamlıdır ki,bu həsrət uzun sürməz,ataları əsirlikdə olan həsrətli körpələrin,əlinin toy xınası qanla yuyulan gəlinlərin,öz kəfənlərinə övladlarını bükən ağbirçəklərin,ağsaqqalların ahı yerdə qalmaz. İlahi nidaların xoş avazı ilə

   Açılar bir nurlu,bir aydın səhər,

   Bir atlı oğlan qismətə çıxar.

   Sınar bəxtimizin tilsimi,sehri,

   Açılar qapılar,açılar yollar.

  

   Şairin dərdlərinin bağlı sandığında Araz dərdi,Xudafərin dərdi,Qarabağ dərdi var. İctimai-siyasi məzmun daşıyan bu dərdlərimiz tarixin dərinliklərində şaxələnmiş köklər üzərində boy atmışdır.Çözülmədikcə düyüm-düyüm düyünlənən bu dərdlər həm də ictimai - tarixi gerçəklikdir. Onlar insanların mənəvi-psixoloji aləminə,sosial həyat tərzinə elə güclü təsir göstərmişdir ki,bundan tamamilə ayrılmaq mümkün olmasa da,təsir gücünün azalması üçün hələ böyük zamana və yetkin insanlara ehtiyac var. Bu, bir həqiqətdir ki,insan yetkin doğulmur və yaşın çoxluğu da yetkinliyin meyarı deyil. Zaman-zaman mükəmməlləşərək,fəaliyyətdə təkmilləşərək yetkinliyin zirvəsinə çatmaq,cəhətlərin və üstünlüklərin bütövlüyünü qazanmaq olar. Bu isə özünü zövqün incəliyində,ağlın itiliyində,mühakimələrin əsaslılığında,arzu və ümidlərin saflığında göstərir. Sona xanım məhz belə yetkin insanlardandır. O, şeirlərinə mövzu axtarmır,mövzular özü onu tapır.Onun yaradıcı təxəyyülü ilə təfəkkürü birləşərək fəaliyyətinin müvəffəqqiyyətli nəticəsini təmin edir. Onun poetik naxış vurduğu hər bir surət və hadisədə şəxsiyyətinin motivləri,münasibətləri,dəyərləri və s.özünün mükəmməl əksini tapır. Həqiqətən də,tanınmış filosof,fəlsəfə elmləri doktoru,professor Əziz Məmmədovun yazdığı kimi, "Yaradıcılıq qeyri-şüuri,sovqi-təbii cərəyan edən,ənənəvi xarakter daşıyan qayda və standartlara tabe olmayan elə fəaliyyətdir ki,o rasional fəaliyyətlə birləşərək idrakın yeni çalarlarının və növlərinin yaranmasına səbəb olur." (Ə.B.Məmmədov, V.İ.İsmayılov,F.Ə.Məmmədov.Rassionallıq və qeyri-rasionallıq. Bakı, "Elm", 2010. səh.188-189)

   Doğurdan da, Sona xanımın poetik yaradıcılığında ənənəvi qayda və ölçülərə bənzəməyən elə cəhətlər vardır ki,bu da yeni çalarların yaranmasına səbəb olur.Onun insani dərdləri ümumiləşdirərək öz dərdi kimi verməsi, ona yanıb-yaxılması,isti münasibəti oxucunu düşündürür və diqqətini dərdli insanlara yönəldir,onları xatırladır. Bu baxımdan Sona xanımın "Darıxan adam" şeirini oxuyarkən hələ illər öncə,səksəninci illərin əvvəllərində Azərbaycanın xeyriyyəçi oğlu,milioner Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımı xatırladım.

 

   Çiynində yer-göy çəkisi,

   Kiprikləri yola çəpər,

   Özünü dözümdən asıb

   Ağlamır ki,görərlər.

  

   Sara xanım deyərdi ki, "Bəzən içimdə dünya dağılır,ancaq dözümümü kipriklərimin və dişlərimin arasında tutmuşam, ağlamıram ki,görərlər, mənə yaraşmaz. Hacının övladıyam". Sona xanımın "Darıxan adam"ında minlərlə Sara xanımların - darıxanların əhval-ruhiyyəsi,dözümü,həyası öz əksini tapır:

 

   Doğmaların içində,

   Tənhadır darıxan adam.

   Qaya gücü ovulur

   Dağılır darıxan adam.

   

   Bu "darıxan adam"lardan biri,bəlkə də birincisi şairin özüdür.O,əsir torpaqlarımız üçün,onların tacı olan Şuşamız üçün darıxdığından , darıxa-darıxa da "Şuşanın dağları"nı oynayan oğlanı izləyə-izləyə Şuşaya üz tutur:

  

   "Şuşanın dağları" qanını coşdurur,

   toz dumana qarışır,

   elə bil oynaya-oynaya

   Şuşaya yaxınlaşır.

   Sümüklərim ovulur

   Ovum-ovum.

   Sahibsiz dağlar iti neştər kimi,

   içimi doğrayır

    tikə-tikə,buğum-buğum.

  

   Bu yazını oxuyan,lakin Sona xanımın yaradıcılığına bələd olmayan oxuculara elə gəlməsin ki,şairin yaradıcılığı yalnız yurd həsrətinə,torpaq sevgisinə həsr olunmuş şeirlərdən ibarətdir. Yüksək zövq sahibi olan şairənin də sevgisinin məzmunu bu sevginin obyekti ilə müəyyənləşir. Belə ki,o gələcəyimiz və ümidimiz olan gəncləri də unutmur,öz sevgisindən onlara da ərməğan edir.

   Müasir dövrdə gənclərimizin internetə olan maraq və bağlılığını əsas tutaraq Sona xanım kimi şairlərin sonsuz məhəbbətə,ilahi eşqə həsr etdikləri şeirlərin elektron səhifələrdə yerləşdirilməsi mühüm əhəmiyyət daşıyardı. Əgər belə olsaydı, "məzmunlu söz aclığından" zövqləri ,düşüncələri zəifləyən və buna görə də təsadüfi deyilmiş misralara,mənasız sözlərə üz tutaraq onlardan istifadə edən gənclərimizin estetik zövqlərinin formalaşması daha düzgün istiqamətdə gerçəkləşərdi. Sona xanımın "Gəl,sənə bir həzin şeir oxuyum" şeirini oxuyan hər bir gənc sözün sehrinə düşər,onun qədir-qiymətini bilərdi:

  

   Sözdən uca,sözdən qoca nə vardı?

   Həm dostumdu,həm düşməndi,həm yaddı

   Tanrı ruhumuzu sözlə oyatdı,

   Gəl,sənə bir həzin şeir oxuyum.

  

   Mənalı söz Tanrının göndərdiyi dərman kimidir. Şair sözün dəyərini,onun təsir gücünü,ona olan könül ehtiyacını yaxşı bildiyindən ən böyük qazanc və sərvətinin şeir olduğu ilə fəxr edir:

 

   İçim çiçəkləyən badam ağacı,

   Tanrı möcüzəsi,ruh ehtiyacı.

   Dövlətim,sərvətim şeir qazancı

    Gəl,sənə bir həzin şeir oxuyum.

  

   Şairin həssaslıqla seçilmiş sözləri sevginin,məhəbbətin dəyərini,hörmətini oxucusuna çatdıra bilir. "Sənsiz keçən hər günümdə" şeirində sevgilisindən ayrı düşən aşiq bir qəlbin nigarançılığı,dünyasının darlığı,göz yaşının bir himə bənd olması sevənlərin ayrılıqda keçirdiyi hallardan xəbər verir:

  

   Buludam,göydən ayrıyam,

   Odam,ocaqdan ayrıyam,

   Qərib dünya qatarıyam,

   Sənsiz keçən hər günümdə.

 

Sədaqət Məmmədova filologiya elmləri namizədi,dosent

Şairin poeziya yaradıcılığı meyvəli ağacı xatırladır.Yetişmiş meyvələrlə insanlar qidalandığı kimi,Sona xanımın poeziya bağçasında yetişdirdiyi meyvələrdən-sözlərdən oxucularının ruhu qidalanır,mənəvi aləmləri zənginləşir.

Ədalət.-2012.-16 fevral.-S.6.