Yol adamının romanı...
"Yol romanı"
haqqında düşüncələr
"525-ci
qəzet"in baş redaktor müavini Yusif Rzayevin facebook səhifəsindən
oxudum ki, İradə Tuncayın "Yol romanı"
kitabı nəşr olunub və fevralın 16-da təqdimatı
keçiriləcək. Dərhal face-in
çat bölməsindən sevimli yazarlarımdan olan
İradə xanıma yazmağa
başladım:
İradə xanım, təbrik edirəm...
həm sevgi dolu biri olduğunuz üçün Sevgililər
Gününüzü, həm də "Yol romanı"
üçün.
Və kitabın təqdimatında iştirak edə bilməyəcəyim üçün təəssüfləndiyimi, halbuki "525-ci qəzet"dən o romanı maraqla oxuyan biri kimi təqdimatda olmağı və ürək sözlərimi söyləməyi çox istədiyimi bildirdim. İradə xanım da, "Eybi yox, bura yaz ürək sözlərini" deyəndən sonra mən də yazdım.
Kitabın üz qabığında qara buludlarda çaxan Şimşəyin aydınlatdığı bir YOL var. Yəqin ki, bu da İradə xanımın seçimidi. Qara buludlar və bu sıxımalara tab gətirməyib çaxan şimşək və şimşək işığında aydınlanan yol.
"Yol romanı"nın
sonlarına doğru İradə xanımın onu heyrətə
gətirəcək bir kəşflə üzləşir...
"Sən demə, 2011-ci il Mayya təqviminə
görə, Şimşək iliymiş, mən də həmin
ildə doğulmuşam, yəni anlayacağınız mənim
Mayya təqvimindəki bürcüm Şimşəkdi. Maraqla bürcün özəlliklərini
oxudum və gördüm
ki, tam isabət. Bu təqvimə görə, Şimşək ən
üstün bürcdü
və dünyanın çox məşhurları
həmin Şimşək günündə doğulublar...
Bu adamlar çox
emosionaldılar, hətta çox sakit olduqları vaxtda da gözlərindən daxili
gərginliyi və hisslərinin gücü
bilinirmiş. Elə şimşək kimi çaxıb anidən hər şeyi işıqlandırmaq gücü
varmış. Bu Şimşəyin həm
pozitiv, həm də neqativ
hisslərinə aid imiş.
Və dəyişkən halları olurmuş Şimşəyin, anidən böyük sevinci
anlaşılmaz kədərə dönüşə bilirmiş. Amma onlar lap kiçik
yaşlarından öz güclərinə
bələd olduqlarından hər zaman bu gücü istiqamətləndirməyi
və yönətməyi də bacarırlarmış. Və öz iç
dünyası ilə əbədi savaş
onların simasına bir tragik
möhür də vururmuş.
Xasiyyəti başına bəlaymış Şimşəyin
- içindəki həyəcanlar, təbəddülatlar rahat qoymurmuş onu ömrü boyu. Bu xasiyyət onun ətrafındakı adamlara
da çox əziyyət
verirmiş... Diqqət
çəkə bilir, diqqət mərkəzində
ola bilir və buna səbəb onun xarici görkəmi, ən əsası isə
şimşək kimi çaxan
gözləriymiş. Bu adamlar
özlərini daha çox
sənətdə, ədəbiyyatda realizə edə bilirlərmiş.
Nüvə enerjisi kimidi
Şimşəklər - həm dağıdıcı, həm
də yaradıcı özəlliyi var. Və
Şimşək həyatını məsud yaşamaq
istəyirsə, içindəki hüzuru
bulmalıdı. O zaman heç
kimə müəssər olmayan zirvələrin
fəthi şəksiz bir şey.
Tam bir bəlaymış
bu Şimşək!"
Hə, Şimşək ilində doğulan
və Şimşək ilində yazdığı "Yol
romanı"nı oxuyan hər kəs İradə xanımla
yol yoldaşlığı edir. İran ərazisiylə
Bakıdan Naxçıvana, ordan doğma kəndi Nursuya,
"uşaqlığıgilə", "oyuncaqlarıgilə"
(bu sözlər də mənim üçün yeni leksik vahidlər oldu), (redaktordan: ifadələr Məmməd
Araza aiddir) daha sonra Türkiyəyə,
Nobel mükafatçısının
"Qar" romanının qəhrəmanlarının
yollarında gəzdiyi Qarsa, oradan Gürcüstana gedir və Bakıya qayıdır.
Və bu roman boyu heç kimə
aldırmayan İradə xanımın bütün səmimiyyəti,
daxili yaşantıları, keçmiş acıları,
bugünkü arzuları ilə tanış olursan. Əslində hər birimizin iç dünyasına da bir növ xitab
edir roman. Hər birimiz yol gedirik axı. Hamımızın içində olduğu
məkandan uzaqlaşmaq,
özüylə baş-başa
qalmaq istəyi var axı.
"Yol
romanı" ədəbiyyatın
və sevginin məhsuludu həm də. Baxmayaraq ki, İradə
xanım həm də güclü publisistdir, burada onun ədəbiyyat ailəsinin də üzvü olduğunu bir daha görürük.
Sevgisini isə romanın hər sətirində hiss edirsən.
Zatən
yazılan yazılarda
sevgi yoxdursa oxumaq da tıncıxdırır
adamı.
İradə xanım, bəlkə
də təqdimatda iştirak etsəydim və söz demə haqqı verilsəydi bu qədər danışa bilməyəcəkdim. Mən yazıda
daha sərbəst oluram. Danışmaq mənlik deyil.
"Yol romanı"
hisslərin, duyğuların
romanıdı. Ona görə
də haqqında hisslərlə danışmalısan,
hisslər isə yazılanda daha təsirli olur məncə. Sizin "onda
sən də bura yaz fikirlərini"
deməyiniz mənim üçün lap göydəndüşmə
oldu. Yazdım. Amma yazını yenə
sizinlə bitirmək istəyirəm. Çünki
roman haqqında ən
gözəl sözü
yenə siz demisiz, İradə xanım...
"Anamı ağlatdı bu Roman mənim. Çox danışdım özümlə... Uşaqlığımgilə dəydim, oyuncaqlarımgilə dəydim. Bəzən gizlətdim özümü, bəzən bütün çılpaqlığı ilə baxdım özümə. Mutsuzluqdan bir şey yapamaz olunca mutluluğu düşünməyə başladım. İşıqlı qaranlıqda ulduzlarla danışdım, o uzaqlıqdan öz yaxınıma qayıtdım. Ümid yolun açdım... İstək varsa, ümid də var... Ümid varsa inam da var... Bu Varların içində yoxluqları itirməyə çalışdım. Çalışdım hər halda..."
Elxan YURDOĞLU, Naxçıvan
Ədalət.-2012.-16 fevral.-S.6.