Üzü bahara doğru

2011-ci il ölkədə uğurlu illərdən biri

 

   Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 16 yanvar 2012-ci il tarixli iclasındakı nitqində 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyi, ölkəmizin sürətli inkişafının davam etdiyi qeyd olunmuşdur.

   2011-ci ildə iqtisadi artım 0,1 faiz təşkil etsə də, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmış, makroiqtisadi sabitliyin qorunması, iri infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olunmuş, ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulmuşdur ki, onun da 13 milyard dolları daxili investisiyalardır.

   Şirvanın incisi çinarlı Göyçay...

   Yola saldığımız 2011-ci il Respublikamızın bütün regionlarında olduğu kimi, Göyçay rayonunun da iqtisadiyyatının bütün sahələrində Ümummilli lider Heydər Əliyevin möhkəm elmi əsaslara söykənən iqtisadi inkişaf strateqiyasının nəticələri özünü göstərmişdir.

   Rayonda ümumi məhsul buraxılışının həcmi 2010-cu ilə nisbətən 22,5 faiz artaraq 209,8 milyon manat olmuşdur.

   Ötən il rayonda 20,7 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 40,3 faiz çoxdur.

   2011-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 37,5 milyon manat və ya əvvəlki illə müqayisədə 50,2 faiz çox investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki illə müqayisədə 48,5 faiz artaraq 34,7 milyon manat olmuşdur. İnvestisiyaların 88,5 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilmişdir.

   Rayonda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilmişdir. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən 2011-ci ildə rayon üzrə istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6521 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 750,1 min manat yardım verilmişdir. Həmçinin 2012-ci ilin məhsulu üçün əkilmiş buğda əkinlərinə görə bu günlərdə 2658 nəfər istehsalçıya əlavə olaraq 296,3 min manat yardım veriləcəkdir.

   Bütövlükdə 2010-cu ilə nisbətən yardım alan kənd təsərrüfatı məhsulları istehsalçılarının sayı 211 nəfər artmışdır.

   2011-ci ildə 431 hektar sahədə yeni bağ salınmış və meyvə bağlarının ümumi sahəsi 5259 hektara çatdırılmışdır. Keçən il rayonda 20945,6 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bu da 2010-cu ilə nisbətən 2,7 faiz çoxdur.

   Rayonda 34164 ton və ya 2010-cu ilə nisbətən 4292 ton çox taxıl istehsal edilmiş, orta məhsuldarlıq 12,9 faiz artaraq 24,5 sentnerə çatmışdır.

   Ötən il 61756 ton meyvə, 27525 ton tərəvəz istehsal edilmişdir ki, bu da 2010-cu ilə nisbətən müvafiq olaraq 8,6 faiz və 2,3 faiz çoxdur.

   Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılmış, mal-qaranın və qoyun və keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən ardıcıllıqla 0,7 faiz və 1,6 faiz, ət istehsalı 60 ton, süd istehsalı 200 ton, yumurta istehsalı 100 min ədəd, yun istehsalı 1,7 ton artmışdır.

   Bütövlükdə 2011-ci ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 6,2 faiz artaraq 89 milyon manata çatmışdır.

   Bir sıra kəndlərdə əkin torpaqlarından səmərəli istifadə edilmir. Çaxırlı kəndində 350 ha, Bığır kəndində 340 ha, Qarabaqqal kəndində 150 ha, Məlikkənd kəndində 80 ha, Qızılağac kəndində 30 ha kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən kənarda qalmışdır.

   Xüsusi münasibət bildirən məqamlar

   Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirir ki, ötən bir il ərzində rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 31,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 25,5 faiz, əhalinin gəlirləri 10,1 faiz, adambaşına düşən gəlirlər 9,2 faiz, orta aylıq nominal əməkhaqqı 8,4 faiz artmışdır.

   2011-ci ildə əhaliyə 609,4 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da 2010-cu ilə nisbətən 13 faiz çoxdur.

   Əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, ötən il avtomat telefon stansiyalarının rekonstruksiyası tam başa çatdırılmış, müasir rəqamsal tipli interneti dəstəkləyən elektron ATS-lərlə əvəz olunmuşdu.

   Bütün bunlarla yanaşı əhaliyə rabitə xidmətlərinin göstərilməsində nöqsan və çatışmamazlıqlar da mövcuddur.

   Xüsusən kənd yaşayış məntəqələrində rabitə təsərrüfatı yarıtmaz vəziyyətdədir. Bir çox yerlərdə rabitə dirəkləri və xətləri istismara yararsızdır. Xətt təsərrüfatında baş vermiş nasazlıqlar vaxtında aradan qaldırılmadığından abonentlərin telefonlardan istifadəsində fasilələrə yol verilir.

  

   (ardı gələn sayımızda)

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-16 fevral.-S.7.