Üzü bahara doğru
(əvvəli
ötən sayımızda)
Rayon əhalisinin elektrik enerjisi və təbii
qazla təchizatının
yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş,
2010-cu ilə nisbətən istehlakçılara 11 min kv.saat çox
elektrik enerjisi
buraxılmış, Qızılağac, Mollahacılı,
Qaraməryəm, Mirzəhüseynli, Şəhadət, Qarabağlar və Ərəbcəbirli kəndlərində
qazlaşma işləri
aparılmış və həmin kəndlərdə yaşayan 1622 abonentə uzun
fasilədən sonra təbii qaz verilişi bərpa edilmişdir.
Bütün bunlarla yanaşı
rayon paylayıcı elektrik şəbəkəsi tərəfindən
enerji təsərrüfatının lazımi səviyyədə
saxlanılması üçün əməli tədbirlər
görülmür. Güc transformatorlarının
böyük əksəriyyətinə vaxtaşırı
profilaktiki qulluq göstərilmir.
Yüzlərlə elektrik dirəyi
istismar müddətini başa
çatdırdığından hazırda qəza vəziyyətindədir.
Şəbəkədə ehtiyat
transformatorlar
çatışmadığından qəzalar nəticəsində
sıradan çıxmış transformatorların qısa
müddət ərzində dəyişdirilməsi təmin olunmur.
Küləkli və yağışlı günlərdə əhalinin elektrik enerjisi ilə təminatında tez-tez fasilələrə yol verilir. Son günlər havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhərin ayrı-ayrı məhəllələrinə və kənd yaşayış məntəqələrinə elektrik enerjisi verilməsində ciddi çətinliklərin yaranması rayonun elektrik təsərrüfatının günün tələblərinə cavab vermədiyini bir daha təsdiq etdi.
Elektrik enerjisindən istifadə edənlərin
müraciətlərinə müddət pozğunluğu ilə
baxılması və onların əsassız olaraq incidilməsi
ilə bağlı çoxsaylı faktlar vardır. Yeni inşa etdirdikləri
evlərə elektrik sayğacları
quraşdırılması ilə bağlı müraciət etmiş vətəndaşların tələblərinə
baxılması aylarla süründürülür.
Elektrik sayğacında
nasazlıqlar baş vermiş bir çox abonentlər isə səbəbi
araşdırılmadan əsassız olaraq böyük məbləğdə
cərimə olunur. Bütün bunlar əhalinin haqlı
narazılığına səbəb olur.
2011-ci ildə şəhərin 14 küçəsində ümumi sahəsi 60,6 kv.m. metr olan yeni asfalt örtüyü salınmış, bu məqsədlər üçün rayon büdcəsindən 750 min manata yaxın vəsait xərclənmişdir. 9 küçədə abadlıq işləri aparılmış, şəhərin mərkəzində bayraq meydanının tikintisinə başlanılmışdır.
Şəhərin təmiz
saxlanması, məişət tullantılarının
vaxtında daşınması üçün müəyyən
tədbirlər görülmüş, şəhərin mərkəzi
küçələrinin təmiz saxlanılmasına nail
olunmuşdur.
Şəhərdə aparılan
abadlıq və yaşıllaşdırma işlərində
rayonun idarə, müəssisə və təşkilatları,
yerli icra və bələdiyyə orqanları yüksək
mütəşəkkillik göstərmişlər. Mövcud
yaşıllıqlara qulluq edilməsi və
yeni yaşıllıqların
salınması istiqamətində bir
sıra tədbirlər görülmüş,
"Ekologiya ili"
çərçivəsində ötən il
rayon ərazisində 50 mindən artıq ağac və bəzək kolu
əkilmişdir.
Rayon əhalisinin içməli su
ilə təminatının
yaxşılaşdırılması istiqamətində müəyyən
tədbirlər həyata keçirilsə də kəndlərdə
su təmizləyici qurğuların
quraşdırılması, şəhərin içməli
su və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində
aparılan işlər lazımi səviyyədə deyildir.
Asiya İnkişaf Bankının
krediti hesabına maliyyələşdirilən Göyçay
şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması layihəsi olduqca ləng həyata
keçirilir.
2009-2011-ci illərdə
içməli su mənbəyi olmayan 18 kənddə təmizləyici
qurğuların istifadəyə verilməsi nəzərdə
tutulduğu halda
yalnız Çaxırlı və Bəydövül kəndlərində
belə qurğular istifadəyə verilmişdir.
Dövlət
proqramı töhfələr verir
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda 2011-ci il
üçün Göyçay rayonu üzrə nəzərdə
tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində
müəyyən işlər görülmüşdür. Region əhalisini il boyu təzə meyvə və tərəvəzlə
təmin etmək üçün rayonun Ərəbcəbirli kəndində 2000 tonluq soyuducu anbar kompleksi istifadəyə
verilmişdir.
Ölkəmizdə alternativ enerji mənbələrindən
geniş istifadə edilməsi çərçivəsində
Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır
kəndi ərazisindən keçən hissəsində 3 MVa
gücü olan "Göyçay -1" su elektrik
stansiyası inşa edilir.
Hesabat dövründə rayon ərazisində
yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası
avtomobil yollarının yenidən qurulması istiqamətində
əməli tədbirlər görülmüş,
Muğanlı-Yevlax avtomagistralının Göyçay rayonu ərazisindən
keçən hissəsinin əsaslı tikilməsi işlərinə
başlanılmışdır.
Azərbaycan Respublikası
Prezidentinin 28 iyul 2011-ci il tarixli sərəncamına əsasən
Ləkçıplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir
kəndlərini birləşdirən yolun tikintisinə 2,5
milyon manat vəsait ayrılması rayonda əsl bayram əhval-ruhiyyəsi
yaratmış və göyçaylılar ölkə
Prezidenti tərəfindən onlara göstərilən diqqət
və qayğını yüksək qiymətləndirmişlər.
Ümumi uzunluğu
11,6 km. olan kəndlərarası
yolun tikintisi qısa
müddətdə aparılmış və dekabr
ayında istifadəyə verilmişdir.
2011-ci ildə Şıxbəy kəndində
180 yerlik məktəb binası, şəhər 3 saylı və
Qaraməryəm kənd tam orta məktəbləri əsaslı
yenidən qurma işləri aparıldıqdan sonra istifadəyə
verilmişdir.
(ardı
gələn sayımızda)
Məzahir Əhmədoğlu
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2012.-17 fevral.-S.7.