"SALAM LAYSKİ DAĞLARI"

Məni xatirələrə çəkən bir kitab haqqında düşüncələrim

 

Öncə bu yazının yazılması ilə bağlı mənim içimdə baş qaldıran kövrək duyğulara bir minnətdarlıq ünvanlayıram. Çünki həmin duyğular məni özümdən asılı olmadan həm ötən illərə çəkib apardı, həm də bir ziyalı insanla qarşılaşdırdı. Bax elə yazıma da əvvəlcə o ötən illərdən başlayıram. O illərdən ki, onda Azərbaycanda sovet qanunları hakim idi, məmləkətimiz də Sovet Sosialist Respublikası adlanırdı. Bu respublikanın barmaqsayı mətbu orqanları var idi. Hamı kimi mən də barmaqla sayılan həmin qəzetlərin oxucularından idim və həyat elə gətirdi ki, indi barəsində yazmağa başladığım kitabın müəllifi ilə öncə qəzet səhifəsində görüşdüm. Görüşdüyüm adam tanınmış yazıçı-publisist, tədqiqatçı alim Əjdər Fərzəli idi.

   Sovet dönəmində ən çox oxunan qəzetlərdən biri "Azərbaycan gəncləri" adlanırdı. Əjdər Fərzəli də həmin qəzetdə əməkdaşlıq edirdi. Mən də onun oçerklərini həmişə maraqla izləyir, yazılarından ləzzət alırdım. İş elə gətirdi ki, yazılarından tanıdığım Əjdər müəllimlə həyatda da qarşılaşdım, yaxın münasibətləriniz yarandı. Sovet dönəmindən sonra Əjdər müəllim elmi araşdırmalarla daha çox məşğul olmağa başladı və onun araşdıram yazılarının bir çoxunu digər mətbu orqanlar kimi mən də "Ədalət" qəzetində oxuculara təqdim etdim. Mehriban, səmimi bir insan olan Əjdər müəllim həmişə redaksiyaya gələndə özünəməxsus bir təmkinlə, utancaqlıqla, bir az da ərklə yazısını masanın üstünə qoyur, mövzunun nədən ibarət olduğunu qısaca söyləyir və bir anlıq susurdu. Mən də həmin o bir andan istifadə edib eyni mehribançılıqla cavab verirdim:

   - Əjdər müəllim, narahat olmayın, yazınızı çap edəcəyik.

   Bəli, bu xatirələr əlimdəki kitabın mənə təsirindən yaddaşımda təzələndi. Və mən Əjdər müəllimin "Salam Layski dağları" kitabını oxumağa başlamazdan öncə bu kitabı mənə təqdim edənin də barəsində bir-iki kəlmə yazmaq istəyirəm. Dostum Sabir Abdinovun təqdimatı ilə kitabın ideya müəllifi olan Abdulla Yusifli ilə bir məclisdə tanış oldum. Onun yüksək mədəniyyəti, adamlarla ünsiyyət qurmaq mədəniyyəti, xüsusilə ədəbiyyata, sözə dəyər verməsi məni özünə çəkdi. Hiss etdim ki, bu insan sözlə yaşayır, sözlə nəfəs alır. Başqa sahədə çalışsa da sözdən ayrı qala bilmir. Düşündüklərimi Sabir Abdinovun təsdiq etməsi açığı məni Abdulla müəllimə qarşı bir az da diqqətli olmağa həvəsləndirdi. Daha doğrusu, onun düşüncələrinə diqqət yetirməyə, sözlərinin altındakı mənaları, yəni alt qatları araşdırmağa vadar etdi. Beləcə, günlərin birində "Salam Layski dağları" kitabını mənə hədiyyə etdi. Mən də böyük məmnuniyyətlə bu kitabı oxumağa başladım.

   Öncə onu deyim ki, kitab görkəmli maarif xadimi, tanınmış ziyalı, el ağsaqqalı Əhməd Salman oğlu Yusiflinin 85 illik yubileyinə həsr edilib. Ötən il "Ozan" nəşriyyatında işıq üzü görmüş kitabın ideya müəllifi Abdulla Yusifli, elmi redaktoruön sözün müəllifi Asif Rüstəmlidi. Kitab Əjdər Fərzəlinin özünəməxsus yazı üslubu ilə başlayır. Həmişə olduğu kimi, bu dəfə də Əjdər müəllim öncə kitabın adında əks olunmuş bir ünvanın, yəni Layski sözünün etimologiyasına üz tutub, onu araşdırıb. Paralel olaraq sözün oxşarlarını, həmçinin o sözün ətrafında görünə biləcək digər yaxın qohum sözlərin oxucuya şirin bir dillə aydın şəkildə təqdim edib. Özübu təqdimatda Layski dağlarının təkcə Şəki və şəkililər üçün yox, bütövlükdə Azərbaycan və Qafqaz üçün önəmini də qabardıbdı.

   Açığını deyim ki, bu kitabı oxuyana qədər qədim Şəkinin ayrı-ayrı kəndləri, yaşayış məskənləri ilə bağlı o qədər də böyük məlumata malik deyildim. Məhz Əjdər Fərzəlinin bu kitabını mütaliə etdikdən sonra mən Şəki ilə bağlı xeyli bilgilər əldə etdim. Hətta yadıma Şəkidə bir neçə dəfə gedib gəzib gördüyüm Mustafa bəyin mülküo ərazi də düşdü.

   Bax, bu kitabın digər bir önəmli cəhəti də mənim üçün o oldu ki, görkəmli maarif xadimi Əhməd Salman oğlu Yusiflinin həm özü, həm də səcərəsi barədə müfəssər bilgi qazandım. Həmin o bilginin əsasında da bir növü Şəkini, onun kəndlərini gəzib dolandım. Gəzdiyim bu yerlərdə maraqlı məqamlarla üz-üzə gəldim. O maraqlı məqamlardan bir neçəsini sizin də diqqətinizə çatdırıram:

    "- Əhməd müəllim hərdən deyirdi: - Çakıl-Layski dağı, bax, sənin gör neçə milyon il yaşın var. Amma uzun ömrün sirrini sən də bilmirsən. Deyirsən ki, Tanrı sirrinə əl aparmaq yenə də insan işidi, dağların işi deyil". Və yaxud: "Sanki sınıq körpu dil açdı: - Xoş gəlmisən! - dedi,- Əhməd müəllim! Gör neçə ildi gəlmirsən bu yerlərə".

   Bu iki məqam insanla dağın söhbəti, körpü ilə insanın söhbəti baxımından çox orijinal və səmimidir. Elə bil ən səmimi adamlar üz-üzə dayanıb, hal-əhval tutur, bir-biri üçün darıxdığını, qəribsədiyini dilə gətirir. Elə həmin o yanğı, o daxili səmimiyyətlə yazıçı oxucunu kolxozlaşma dövrünə aparır. Sovet dönəminin ilk illərində az qala dövlət siyasəti səviyyəsinə qaldırılmış din əleyhinə mübarizəni əks etdirən gerçək fakt təqdim olunur:

   "- Komsomol Mübariz Allahsızlar Cəmiyyətinin dayağı olmalıdır!" və bunun ardınca gələn fikrin əsas qayəsi o olur ki, Allahına, əqidəsinə bağlı olan saf, büllur kənd adamları "Mən allahsız deyiləm!" deyə etiraz səslərini qaldırmaqdan çəkinmirlər. Bu təşəbbüslə ilk addım atan da məhz Əhməd müəllimin atası, el ağsaqqalı Salman kişi olur. Bu da təbiidi. Çünki bu nəsil özünün ağayanalığı, gözütoxluğu, zəka sahibi olması, xüsusilə sözün və hərəkətin yerini bilməsi ilə zaman-zaman sayılıb-seçilibdir. Bax, belə bir ailədə dünyaya gələn Əhməd Yusiflidünyaya gözünü açanda, yəni 2 yaşı olanda artıq atası Allaha qovuşmuşdu. Ancaq o, qandan gələn, nəsildən gələn dəyanəti müharibə səngərində də, əmək və təhsil meydanlarında da özünəməxsus şəkildə təsdiq edə bildi.

      Əhməd müəllim elmə, biliyə bağlı olduğu qədər də ailəyə, sevgiyə, yurda bağlı idi. Çünki o, gözünü açanda Şəkinin, bütövlükdə Azərbaycanın böyük aşığı, söz xiridarı Layskli Molla Cümənin sazının, sözünün dadını, duzunu canına hopdurmuşdu. Təsadüfi deyil ki, Molla Cümə təkcə Şəkidə yox, yaxın-uzaq ellərdə də öz sözüylə, sazıyla özünün İsmi Pünhanıyla, o cümlədən Aşıq Ələsgərlə üz-üzə oturub saz, söz yarışmasına çıxmasıyla hər kəsin sevgisini, məhəbbətini qazanmışdı.

   Ümumiyyətlə, Əjdər Fərzəlinin bu kitabında aşıq sənətimiz, qədim adət-ənənələrimizlə yanaşı, həm də Molla Cümənin sevgisindən tutmuş Əhməd müəllimin sevgisinə qədər, Layskinin, Şəkinin tərifinə, Aşıq Siraca qədər hər şeydən xəbər tutmaq mümkündür. Çünki Əhməd müəllim və onun köklü, oturuşmuş nəsil-nəcabəti sovet dönəmində də, bu gün də Şəkidə, Azərbaycanın müxtəlif güşələrində kifayət qədər tanınır. Bunun da əsas səbəbi bu insanların paklığı, zəhmətsevərliyi, böyük dünya görüşü, Tanrıya və insanlara sonsuz sevgisidir.

   Bəli, mən barəsində müəyyən mülahizələrimi söylədiyim bu kitabı mütaliə edən hər kəs Əhməd Yusiflinin həyatının fonunda Şəkinin və Azərbaycanın uzaq-yaxın keçmişinə səyahət etmiş olar. Zənnimcə, bu səfər ruha mənəvi qida, əqlə kamilləşmək imkanı da verə bilər.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2012.-17 fevral.-S.7.