İslamı tanıyaq, sevək və yaşayaq
(əvvəli
10 fevral sayımızda)
Təsəvvür edin ki,atamızın qarşısında tərbiyəsiz,nalayiq hərəkətlər edə-edə deyirik ki,ata biz səni sevirik,sənə hörmətlə yanaşırıq,belə hərəkətlərimizə fikir vermə,qəlbimiz sənə olan sevgi və hörmətlə doludur. Onda atamız haqlı olaraq deyəcək ki, başına dəysin belə hörmət və sevgi, mənə sevgi və hörmətini əməllərinlə göstər. Eləcə də,bizi hər yerdə görən və eşidən Allahın qarşısında onun əmrlərinə,qadağalarına zidd olan əməllər edə-edə,Allahı sevdiyimizi,bu sevginin qəlbimizdə olduğunu desək, Allah da bunun əməllərdə isbat olunmasını bizdən tələb edəcək, dillə dediyimizi isə heç vaxt qəbul etməyəcək.Çünki iman- dillə demək,qəlblə təsdiq etmək və əməllə sübut etməkdir.Bunların hər üçü olmadan isə həqiqi imandan və sevgidən danışmaq olmaz.
Kainatı da, insanları da Allah
yaratmışdır.Əgər bu gün bütün kainat
düzənini qorumaq üçün Allahın onlar
üçün yaratdığı orbitlərdən kənara
çıxmırlar,insan cəmiyyəti də öz düzənini,nizamını
qorumaq üçün Allahın onlar üçün
yaratdığı qaydalarda yaşamalıdır.Necə ki,
kainat cismləri Allahın qoyduğu orbitdən kənara
sapsalar məhv olacaqlar, eləcə də insan cəmiyyəti
Allahın qoyduğu nizamdan çıxsalar,cəmiyyətləri
məhv olacaqdır.Ona görə də bütün
insanlıq Allahın qoyduğu nizamla-Dinlə
yaşamalıdır ki, aralarında
pozğunluq,qarışıqlıq,fitnə-fəsad peyda
olmasın.Əks təqdirdə bütün bunlar
qaçılmazdır.Elə ona görə də Rəhmlilərin
Rəhmlisi olan Allah insanları bu güclü nizama-Dinə dəvət
etmişdir ki, onlar həyatlarını düzgün qursunlar,
nizamsızlığa( dinsizliyə,Allahsızlığa)
düşməsinlər.Yalnız Allaha ibadətlə insanlar
həyatlarını zülmdən,bəladan qurtara bilərlər.
Ona görə də, "Ey insanlar!Rəbbinizdən sizə endirilənə
tabe olun! Ondan başqasını özünüzə dost(rəhbər) edib,onlara
uymayın.Siz nə qədər də az öyüd alanlarsınız".( Araf surəsi, 3-cü ayə). "Belə ki,ən
doğru Din(həyat
nizamı) budur"( Yusuf surəsi,40). Ey insanlar! Bilin ki, Din-həyat nizamıdır.Bu Din yalnız namaz,oruc,zəkat,Həcc deyildir.Bu Din insan həyatını nizama
salmaq,insan cəmiyyətini qorumaq üçün gəlmişdir.
Lakin,təəssüflər olsun ki, insanların çoxu
bunu,yəni islamın həyat nizamı olduğunu,yeganə düz yol olduğunu
bilmirlər.Bunu bilməməklə də özlərini məhvə
aparırlar: həm bu dünyada,həm də
Axirətdə...
Görəsən bu insanlar Allahın endirdiyindən başqa bir nizammı axtarırlar?Axı göydə və yerdə nə varsa,hamısı Ona boyun əymişdir...Bəs belə olan təqdirdə görəsən yaradılmışların ən şərəflisi,şüurlusu olan insan niyə Ona boyun əymir,yaxud da layiqincə boyun əymir? Görəsən həmin insan bilmirmi ki,gec-tez Ona dönəcəkdir,Onun qarşısında duracaq,əməllərinə,səhvlərinə görə Onun qarşısında cavab verməli olacaqdır?..Biz birdəfəlik bilməliyik ki,Allah öz yaratdıqlarının nicatını öz qoyduğu nizama tabe olmaqda görmüşdür.Çünki öz yaratdığı məxluqatı Onun özündən yaxşı tanıyan,onun üçün nəyin yaxşı,nəyin pis oduğunu bilən yoxdur. O, insanların necə daha adil,xeyirli,vicdanlı, düzənli bir şəkildə həyat sürə biləcəklərini ən yaxşı biləndir.Axı bu məxluqatı,insanları O özü yaradıb.Ona görə də adi məntiq də deyir ki,biz bizi yaradanın bizim üçün qoyduğu,cızdığı yolla getməliyik.Lakin çox təəssüf ki,hələ də insanların əksəriyyəti bu adi reallığı,gün kimi aydın olan həqiqəti qəbul etmirlər,və yaxud qəbul etsələr də,çox vaxt bu adi sözlə olur,əməldə isə yenə də öz bildikləri kimi,ya da özlərinə "rəhbər", "avtoritet", "alim" saydıqlarının sözləri ilə yaşayırlar.Öz həyat tərzlərini,nizamlarını onları,yeri,göyü və onların arasında olan hər şeyi yaratmış Allahın əmrləri ilə deyil,öz bildikləri kimi qururlar.Bununla da, dünyanın,cəmiyyətin nizamı pozulur, qarmaqarışıqlıq,fitnə-fəsadlar törəyir və baş alıb gedir.
Bu gün İslama,ibadətə dəvət edilən zaman çoxlarının ilk sözü bu olur: "Yox, ay qardaş, bu mənlik deyil.Siz deyənləri(fikir verin, Allah deyənləri yox, guya biz deyənləri) etsək,bəs onda nə vaxt, necə yaşayaq?" Vallahi, Allahın bizə endirdiyi qanun-qaydalar, əmrlər, qadağalar heç də bizim üçün bir məşəqqət, zülm deyildir. Əksinə,bütün bunlar bizim üçün Allahın bizə olan rəhməti və lütfüdür. İnanın ki, bu gün Allahın qadağan etdiyi icazə verdiklərinin yanında çox az və cüzidir.Hətta onun bizə etdiyi qadağalar da, son nəticədə, yenə də bizim xeyrimizədir və bizim xilasımıza yönəlib.Əgər Allahın halalları ilə haramları arasında müqayisə aparsaq,görərik ki,haramlar halallardan nə qədər azdır.Gəlin baxaq, görək Allah bizə nə deyir? Allah deyir ki, su,süd,şirə,ayran,limonad, "Kola", "Fanta" nə qədər istəyirsiniz için, amma bircə araq içməyin..Allah deyir ki, qoyun,inək,keçi,ceyran,cüyür yeyin,bircə donuz yeməyin.Deyir ki,ticarətlə,əkinçiliklə,maldarlıqla və s. halal yollarla nə qədər istəyirsiniz ruzi, var-dövlət qazanıb,ailənizə,yaxınlarınıza sərf edin,amma bunu rüşvətlə qazanmayın...Deyir ki,evlənin, hətta 2,3,4 arvad alın,amma başqalarının namusu olan qadınlarla zina etməyin...Deyir ki, 11 ayı nə qədər istəyirsiniz yeyin-için,amma cəmi bircə ayı mənim razılığımı qazanmaq üçün gündüzləri yeməyin... Deyir ki, 24 saatı özünüz için sərf edin,amma o günün cəmi 24 dəqiqəsini mənim namazıma sərf edin... İndi təmiz vicdanla,tam səmimiyyətlə ölçün-biçin və deyin ki,Allahın haramları çoxdur,yoxsa halalı?..Qadağaları çoxdur,yoxsa icazəsi?..
Mənə elə gəlir ki,bütün bunlardan sonra bu Allahı sevməməyə,onun
əmrlərinə boyun əyməməyə
haqqımız yoxdur...
Azər Əzizov advokatazer@mail.ru
Ədalət.-2012.-17
fevral.-S.6.