İradə Tuncay yolu

"Yol romanı" tanınmışları ardınca apardı

 

Dünən Yazıçılar Birliyində tanınmış yazar İradə Tuncayın yeni nəşr olunan "Yol romanı"-nın təqdimat mərasimi keçirildi. Yazıçılar Birliyinin katibi Rəşad Məcidin orijinal aparıcılığı ilə hazırlanan təbdirdə yazarlar, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

   Filologiya elmləri namizədi Vurğun Əyyub "Yol romanı"nı oxuyan hər bir kəsin Məmməd Araz ruhunu hiss edəcəyini dedi. Müəllifin romanda bəhs etdiyi Qarsdan danışan Vurğun Əyyub bildirdi ki, 1917-ci ildə ruslar geri çəkilərkən buradakı meşəni yandırıblar. İndi orada nəinki ağac, hətta kol da bitmir: "Qars görünüşcə də Naxçıvana bənzəyir. İradə xanım öz əsərində bu yerin insanları barəsində o qədər gözəl yazıb ki, sanki neçə illərdir onları tanıyır".

   Jurnalist Afaq Vasifqızı qeyd etdi ki, çox böyük istedadlı adamların övladlarının valideynlərinin kölgəsində qaldığı deyilsə də bu ifadəni İradə Tuncaya şamil etmək olmaz: "İradə xanım böyük istedadın kölgəsində böyüsə də bu romanla və buna qədər ki yaradıcılığı ilə sübut etdi ki, o incidən kifayət qədər yararlanıb. Mən də bir jurnalist kimi İradə Tuncaydan çox yararlanıram. Uzun incə bir yoldayıq, bu yolda ondan bizə yol göstərməsini arzulayırıq. Roman tərkidünya, içinəqapılan insanlara da yol göstərir. Bu mənada da romanın dəyəri böyükdür".

   "525-ci qəzet"in redaktoru Yusif Rzayev dedi ki, 20-30 il əvvəl yaxşı əsərlər əldə etmək çətin olmasa da bu müddət ərzində yeni yazılan yaxşı əsərin tapılması müşkül olub. Bu mənada "Yol romanı" bir çoxlarını yaxşı əsər tapmamaq təəssüfündən də xilas edib: "Bu romanı ərsəyə gətirdiyinə görə müəllifə təşəkkür edirəm. "Yol romanı"nda ağılla ürək, istedadla bacarığın üst-üstə düşdüyünü hər bir oxucu görə bilər. Bu romanın ərazisi hər bir oxucunun ürəyinin sərhədləri qədərdir. Mən bu romanı həm də "mühacirət yazıları" hesab edirəm. Maşının xarab olmasından bəhs edən hissəni isə dekabristlərə bənzədirəm. İradə xanım eyni cür hərəkət etmiş olardı. Bu kitabı oxuyacaq insanlara qarşı məndə yaxşı mənada bir həsəd var".

   Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu romanın ənənəvi əsərlərdən ciddi şəkildə fərqləndiyini vurğuladı: "Məndə oyanan təəssüratları müəllifin bu romanında bir daha gördüm. Ədəbiyyatda yol bir simvoldur. Yol insanı hara aparırsa aparsın, yenə də özünə qaytarır. İradə xanımın əsərində də yolun özünəməxsus yozumu var. Bu mənada müəllifi özünə qaytaran yeni-yeni uğurlu yollar arzulayıram".

   20 yaşından televiziyanı izləməkdən imtina edən tanınmış tarixçi Altay Göyüşov bildirdi ki, televiziyanı yenidən izləməyə onu İradə Tuncayın verilişləri olub: "İradə xanımın verilişlərini izləməkdən adam zövq alırdı. Xaricdə yaşayanda da onun "525-ci qəzet"də çap olunan yazılarını oxumaqdan doya bilmirdim. Çünki müəllifin bütün yazılarında axıcılıq var. Gənclik illərimdə əsərlərin təsvir hissəsindən çox özünə maraq göstərirdim. Amma indi əksinədir. İradə xanıma gəldikdə o, hissləri çox gözəl təsvir etməyi bacarır. Digər bir tərəfdən də onun yazılarında tarixilikçox böyük yer tutur. Ona görə ki, o, tarixi çox yaxşı bilir".

   Deputat Musa Quliyev isə uzun illər dostluq münasibətlərində olmalarına baxmyaraq, İradə Tuncaya xüsusi münasibətin onun gözəl qələm sahibi olması ilə əlaqələndirdi: "İradə Tuncay adı bu dostluq münasibətlərinin fövqündə dayanan bir addır. O, eyni zamanda həsrətlə verilişlərini gözlədiyimiz müəlliflərdən biri kimixüsusi münasibətə layiq xanımdır. Onun türk torpaqlarını gəzib hisslərini belə gözəl əsərlərə çevirərək insanlara informatik məlumatlar verməsi əvəzsizdir. Orta Asiya, Dərbənd və bu sırada yer tutan bir çox türk torpaqlarına hələ İradə xanım səfər edəcək və bizlərə gözəl əsərlərini təqdim edəcək. İnşallah işğal altında olan Dağlıq Qarabağ azad olunduqdan sonra da İradə Tuncayın o yerləri gəzib, hisslərini yazıya alacağı gün uzaqda deyil".

    "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də müəllifin əsərini xarakterizə edən çıxışında qeyd etdi ki, Qarsla bağlı o, da yazıb. Amma İradə Tuncayın təəssüratlarını qələmə aldığı ilə müqayisəyə gəlməz: "Elə təəssüratlar var ki, ondan ayrılmaq olmur. Mən də Qarsda səfərdə olmuşamöz təəssüratlarımı yazmışam. Amma mən onu İradə xanım kimi ifadə etməmişəm. Bu kitaba təkcə yol təəssüratları kimi baxmaq yanlışlıq olar. İradə Tuncayın bütün yazılarında oxucuların əxz edə biləcəyi çox mənalar var. Bu romanda da müəllif sətiraltı çox sözləri deyib".

   Tərifə layiq insanların təriflənməsinin hər zaman zəruri olduğunu vurğulayan yazar Aysel Əlizadə İradə Tuncayın mövcudluğunun Azərbaycan ədəbiyyatı üçün əvəzsiz tapıntı olduğunu bildirdi: "Sizin mövcudluğunuz ədəbiyyatımız, mədəniyyətimiz üçün çox böyük tapıntıdır. Nətavan və Məhsəti kimi xanım yazarlarımız mənim üçün tamamilə başqa bir ədəbiyyat nümayəndələridir. Siz həmin xanım yazarlarımıza çox yaxın müəllifsiniz. Qarşınıza çıxarılan bütün maneəli yolları yara-yara İradə Tuncay olmusunuz".

   Teleaparıcı Nərgiz Cəlilova dedi ki, Azərbaycan ədəbiyyatı ilə yanaşı oxucuları da İradə Tuncayın simasında yeni, özünəməxsus qələmi olan yazar tapıb. Onun televiziya verilişlərindən nəinki sadə tamaşaçılar, hətta biz televiziya işçiləri də çox şeyləri öyrənirdik. Amma artıq neçə illərdir İradə Tuncay televiziya məkanında uzaqlaşıb. Bu neçə ildə isə bizlər itirə-itirə gəlmişik. İradə Tuncay özündə beş böyük keyfiyyəti- gözəl qələm sahibi, əvəzsiz yazıçı, gözəl xanım, gözəl ailə başçısı və ən nəhayət nümunə olacaq ana varlığını birləşdirib.

   Teleaparıcı Qulu Məhərrəmli də bildirdi ki, publisistikamızda yol qeydlərinin özünəməxsus yeri var: "Amma hər kəsin onu gözəl ifadə edəcəyi mümkünsüzdür. İradə xanıma yol təəssüratlarını belə gözəl poetik ifadə etdiyinə görə təşəkkürümü bildirirəm. Romanı oxuduqca poetik ifadələrin yerli-yerində işlədilməsi adamı hədsiz təsirləndirir. Onun seçdiyi ifadələr çox zəngindir. İradə xanım bu əsər ilə sübut etdi ki, gözəl əsərin ərsəyə gəlməsində ən əsas amillərdən biri zəngin söz ehtiyatına malik olmaqdır".

   Tədbirin əksər iştirakçıları, o cümlədən yazarlar Nahid Hacızadə, Ramiz Məmmədzadə xoş təəssüratlarını müəlliflə bölüşdülər.

 

Gültəkin Qəhrəmanlı

Ədalət.-2012.-17 fevral.-S.4.