"Heç bir dini qəbul
etmirəm"
"Həmkar"ın beşinci sayının
qonağı olan Təhminə Tağızadəni jurnalist
olaraq ANS-dən tanımışam. Amma bir çoxları
kimi onun da telekanaldan uzaqlaşması səs-küysüz
ötüşmədi. Hətta o bu barədə sosial
şəbəkələrdən birindəki səhifəsində
açıqlama da verdi. Amma düşünməyin
ki, söhbətimiz bütünlükdə bu mövzuya həsr
olunub.
"Jurnalistikaya gəlişim öz təşəbbüsümlə
olmayıb"
- Gəncədə
doğulmuşam, təxminən 10 ildən çoxdur ki,
jurnalistika ilə məşğulam. Bu müddət
ərzində müxtəlif növ KİV-də çalışmışam,
onlar əsasən QHT və ya nisbətən müstəqli
orqanlar olub. Yəni bir sözlə jurnalist
kimi bəxtim gətirib, azad fəaliyyət göstərməm
üçün imkanlarım olub.
-İlk iş yerini necə xatırlayırsan?
-İlk iş yerim İnternews-Azərbaycan
təşkilatının regional "Gəncəbasar" qəzeti
olub. Demək olar ki, jurnalist kimi orda
formalaşmışam. Çox maraqlı
kollektivimiz vardı. Mən deyərdim ki,
azad düşüncəli yaradıcı insanların
kollektivi idi. Burada əsasən sosial-ictimai
mövzularda yazırdım. Kifayət qədər
təcrübəsi olan jurnalistlərlə bir yerdə işləmək
çox məsuliyyətli idi və
çalışırdım ki, mən də öz imzamla fərqlənim.
-ANS-ə
gəlişin necə alındı?
- Mən bir məqamı da qeyd etmək
istəyirəm ki, jurnalistikaya gəlişim öz təşəbbüsümlə
olmayıb. Tələbəydim, yaxşı
nitqim var idi və bu səbəbdən İnternevs məni Gəncədə
yeni fəaliyyətə başlayacaq yerli televiziyaya (Alternativ)
kadr hazırlığına yardım etmək
üçün diktor seminarlarına dəvət etdi. Elə ilk görüşdə məni seçib,
Bakıya göndərdilər. 2001-ci ilin
dekabırının 18-i idi. ANS-lə də
belə oldu. ANS-ə 2007-ci ildə məndən
öncə burda bölgə müxbiri çalışan
Şəhla Abdinovanın dəvəti ilə gəldim. Müxtəlif televiziya layihələrində
çalışdığımdan, bu sahədə də
artıq xeyli təcrübəm var idi.
-Amma
etiraf edək ki, sənin jurnalist kimi tanınmağında
ANS-in rolu danılmazdır. Bəs nədən
bu telekanalla yollarını ayırdın?
- Televiziya təbii ki, ən
çox tamaşaçı kütləsinə malik
olduğundan onun tanınmaq kimi məsələlərdə
köməyi olur. Amma mənim üçün əsas
olan imzamın oxucular tərəfindən tanınması və
bəyənilməsidir. ANS-ə gəlməzdən
öncə mən artıq bir çox aparıcı qəzetlərdə
çap olunurdum, mütəmadi jurnalist araşdırmaları
edir, hətta beynəlxalq KİV-lər üçün də
məqalələr hazırlayırdım. Düşünürəm ki, ANS-də də öz
imzamla seçilə bilmişəm. Məni
tanıdan da ANS-də bir çoxlarından fərqlənməm
olub. Dostlarım bilir ki, mən heç
zaman ANS-çi olmamışam. Orda bu ifadə
çox dəbdədir. Mən hər zaman
bir jurnalist kimi qəbul etdiyim prinsiplərimə sadiq
qalmağa çalışmışam və hər zaman Təhminə
Tağızadə olmuşam.
"Başqa ölkələrdə belə
telekanalları çoxdan bağlayardılar"
-ANS-çi olmaq qəbahətmi?
- Məncə jurnalist harda
çalışmasından asılı olmayaraq öz peşə
prinsiplərini əsas tutmalıdır, hər redaksiyadan
redaksiyaya yeni qaydalarla fəaliyyətini qurmamalıdır. Misəl üçün, bir məqamı qeyd edim.
ANS-də arif tamaşaçı yaxşı
sezir ki, insanların faciəsindən divident qazanmağa adət
ediblər. Qanlı, faciəli olaylara,
jurnalist dili ilə desək, ucuz məsələlərə
daha çox önəm verir, onu qabartmağı sevirlər.
Kütlə də buna maraq göstərir və
belə xəbərlərə, verilişlərə daha
çox baxır. Bizim bütün TV-lər
kimi ANS üçün də cinayətdə şübhəli
bilinənlərin təqsirsizlik prizumsiyası
anlayışı yoxdur, yəni günahı sübuta yetirilməmiş
insanların adlarını, üzlərini və digər
şəxsi informasiyalarını kriminal və bu sayaq
verilişlərdə asanlıqla verirlər. Başqa ölkələrdə belə telekanalları
çoxdan bağlayardılar. ANS-də zərərçəkmişin
də hüquqlarından ümumiyyətlə
anlayışları yoxdur. Amma mən daim
çalışırdım ki, azyaşlı,
zorakılığa məruz qalmış insanların kimliklərini
açıqlayan məlumatları verməyim, hətta bunun
üçün dəfələrlə mübahisələrim
də olurdu. Hazırda rəhbəri
olduğum Gəncə Media Mərkəzi layihəsinin xəbər
saytı ganca.az-da da bu prinsiplər əsasən də
işimizi qurmuşuq. Kriminal, bu sayaq xəbərlərdə
adları tam yazmırıq, zərərçəkmişlərin
isə ümumiyyətlə heç bir şəxsi məlumatları
açıqlanmır. Biz artıq neçə
ildir, bu cür prinsiplərlə işləyirik. Halbuki, hələ yeni-yeni bəzi xəbər
saytları azyaşlı, zorakılığa məruz
qalmış şəxslərin yalnız adlarının
baş hərflərini verməyə başlayıblar. Yəqin ki, bu yaxınlarda Xaçmazda baş verən
bir olayı, atanın öz qızlarını zorlaması
hadisəsini xatırlayırsız. Bütün KİV-lər
o qızların gələcək taleyini düşünmədən
atanın üzünü, qızların adlarını belə
efirə verdi. Bu məsələdə
ANS həmişəki kimi canfəşanlıq edirdi. Belə ANS-çi olmaqdansa, jurnalistliyi atıb daha halal
işlə məşğul olmaq düzgün olardı.
Bütün bu problemlər bizim televiziya sahəsində
rəqabət mühitinin olmamasıdır.
"Bunu isə ANS-də heç vaxt sevmirdilər"
-Deyəsən
keçmiş iş yerindən əməlli-başlı
narazı ayrılmısan... Hətta facebook
profilində də bu barədə yazmışdın. Nə baş vermişdi?
- Qeyd etdiyim məqamlarla neçə
razı qalmaq olardı? Son zamanlar daha da aydın hiss edirdim ki,
artıq burda qalmağım əksinə məni nüfuzdan
salır. Özüm də dəfələrlə
xəbərdarlıq etmişdim ki, burada çox dayanası
deyiləm, yaxın bir neçə aya gedəcəm. Amma son günlər baş verən olaylar bu qərarımı
daha da qətiləşdirdi. Əvvəla deyim ki,
bölgə müxbirləri ilə çalışan redaktor
Etibar İbrahimov işdən çıxandan sonra bizimlə
iş demək olar ki, çox bərbad vəziyyətə
düşmüşdü. Üstəlik maaş
çox aşağı, yaradılan şərait isə pis
idi. Ümumiyyətlə ANS-in tərzi belədir.
Guya rüşvət almadıqlarına görə
kasıbdırlar. Buna baxmayaraq belə
şəraitdə çalışan işçilərinə
minnətdar olmaq əvəzinə, həmişə
işçiləri incitməkdən zövq alıblar.
ANS-də işləyənlər onların izahat siztemindən
yəqin ki, az dad etməyiblər. Mənə isə bu 5 ildə bir dənə də
olsun izahat yazdıra bilməyiblər, daim mən onlara bizə
münasibətlərinə, problemlərimizdən dolayı
izahat yazmışam. Yəni bir sözlə
daim haqqımı, özümə layiqli münasibət tələb
etmişəm. Bunu isə ANS-də
heç vaxt sevmirdilər. Gəncədə
də son zamanlar yeni icra başçısı təyin ediləndən
sonra çoxlu haqsızlıqlar baş verməyə
başladı, şəhərin siması dəyişdirilirdi,
tarixi abidələr dağıdılırdı. Mən də bu haqda reportajlar hazırlamağa
çalışırdım. Amma
gördüm ki, ANS-də mənim materiallarıma qarşı
əməlli başlı senzura var. Məni qərəzli
olmaqda ittiham edirdilər. Hətta mən
cümlələrimi dəyişdirdiklərinə görə,
materialımın verilməsindən də imtina etməli
olurdum. Bir sözlə gördüm ki,
jurnalist kimi azadlığımı alırlar. Mənim üçün isə ANS sadəcə azad
sözümü deyə bilməm üçün bir tribuna
idi. Bu imkanlar da olmayandan sonra, belə az
maaşla, münasibətlə mənim ANS-də fəaliyyətimi
davam etdirməyə artıq heç bir lüzum
qalmamışdı.
"Mən hələ bu ölkədə normal maaş
alan peşəkar,təmiz jurnalist görməmişəm"
-
ANS-də əməkhaqqın nə qədər idi?
- Bizi qanorar sistemi ilə fiziki
şəxs kimi işə götürmüşdülər. Təxminən 150-200 manat verirdilər. Bu puldan sosial və gəlir vergilərini də
özüm ödəyirdim. Orda əksəriyyət
əmək müqaviləsi ilə deyil,
sifarişçi-icraçı müqaviləsi ilə işləyir.
Bu da təbii ki, qanuna ziddir.
-
Hazırki işin nədən ibarətdir?
- Hazırda Gəncə Media Mərkəzində
layihə koordinatoru və redaktor işləyirəm. Burada 2006-ci ildən işləyirəm. Bu Mərkəz bölgədə demək olar ki,
yeganə müstəqil KİV orqanıdır. Eyni zamanda Britaniyanın İWPR (Sülh və
Müharibənin İşıqlandırılması
İnstitutunun) Gəncədəki regional sivil jurnalistika mərkəzinin
koordinatoruyam. Eyni zamanda bir sıra Bakı
saytları və qəzetləri üçün materiallar
hazırlayıram.
- Əməkhaqqın?
- Aylıq gəlirim təxminən
500 manat təşkil edir.
- Səncə
bizdə sıravi müxbirlər bu qədər
aşağı əməkhaqqı alırlar?
- Bizdə əksər müxbirlərin
maaşı olduqca aşağıdır. Mən hələ
bu ölkədə normal maaş alan
peşəkar, təmiz jurnalist görməmişəm.
Ümumiyyətlə bu cür cəmiyyətdə jurnalist
yaxşı yaşayırsa o heç vaxt təmiz ola bilməz. Ona görə də mən
heç zaman az qazandığıma
görə narahat olmamışam. Orta statistik azərbaycanlı
neçə yaşayırsa jurnalisti də elə
yaşamalıdır. Amma təəssüf
ki, bizdə əhalinin əksəriyyəti kasıbdı, elə
vicdanlı jurnalisti də.
"İcra başçısı
yanğınsöndürənə müxbiri və operatoru
sulamağı tapşırdı"
- Müsahibəmiz deyəsən
daha kəskin xarakter alır. Söhbətin bu yerində
başına gələn, şahidi olduğun maraqlı bir əhvalat
danışsan yaxşı olar...
- Bölgədə jurnalist işləməyin
öz özəllikləri var. Bəzən elə məmurlarla
söhbət etməli olursan ki, jurnalistin kim
olduğunu bilmir. Gəncədə isə biz bu
təcrübəni çoxdan yaşamışıq və bu
yaxınlarda sizə danışacağım əhvalatı
eşidəndə təəccüblənməyə bilmədim.
Deməli beləg Gəncədə ağacəkməyə
həmişə olduğu kimi dövlət müəssisələrinin
işçilərini cəlb edirlər. Növbəti
belə bir tədbirdə işçiləri daşıyan
avtobus hadisə yerinə çatanda yanmağa başlayır.
Acacəkməni işıqlandırmağa gələn
yerli jurnalistlər hadisəni görüb adekvat reaksiya verərək
avtobusu çəkməyə başlayırlar. Bu zaman Gəncənin icra başçısı
jurnalistlərə kobud ifadələrlə mane olmağa cəhd
edir. Cəhdlərinin fayda vermədiyini
görən icra başçısı
yanğınsöndürənə müxbiri və operatoru
sulamağı tapşırdı. Yazıq
yanğınsöndürən də çarəsiz qalıb
onları sulayır. Jurnalistə belə
münasibəti başqa harda görə bilərsiz? Bax biz belə macəralı şəraitdə
çalışırıq.
- Mətbuatda
imzasını oxuduğun kimsə var?
- Əlbəttə
var. "Azadlıq" radiosunu, "Azadlıq" qəzetini
daha çox izləyirəm, Seymur Həzinin
yazılarını xüsusilə oxuyuram. Bu məsələdə dostluq da öz
sözünü deyir. Dostlarımın məqalələrini
oxumağa vaxt tapmağa çalışıram.
- Hədsiz
dərəcədə müxalif fikirlisən. Hiss edirsən?
- Ola bilər. Bunu
kompliment kimi qəbul edirəm. Jurnalist elə
istənilən rejimlərdə, cəmiyyətlərdə
müxalif hakimiyyətə mövqedə olmalıdır, onun
hakimiyyətdə nə işi var?! Bizə
əbəs yerə "gözətçi köpəklər"
deməyiblər ki? İşimiz
yaxşı mənada daim hökumətə hürməkdir.
Jurnalistin çörəyi xalqdan
çıxmalıdır, hökumətdən çıxsa o
jurnalist deyil demək.
- Dinə
münasibətin necədir?
- Mən deistəm. Dinə
münasibətim normaldı, hər kəsin seçiminə
hörmətlə yanaşmağa çalışıram.
- Yəni?
- Amma dinlə spekulyasiya edilməsinin
əleyhinəyəm.
- Dini
inancın?
- Heç bir dini qəbul etmirəm.
Mənə görə insanla Allahın
arasında heç bir vasitəçi olmamalıdır və
həyat o qədər qəlizdir ki, onu hansısa dini normalar,
adətlər qəlibinə salmaq mümkün deyil. Bəlkə orta əsr insanı üçün bu
qəliblər keçərli idi, amma indiki dövrün
insanını belə metodlarla idarə etmək çətin
məsələdir.
- Səncə bəzi hallarda
telejurnalistlər niyə mətbuat jurnalistlərinə
yuxarıdan baxırlar?
- Bizdə ümumiyyətlə,
loğvalıq bir növ dəbdir, hər kəs
özünü başqasından ağıllı göstərməyə
çalışır. Televiziyada işləyənlərin
əksəriyyəti qəzet müxbirlərindən dəfələrcə
savadsızdırlar. Televiziyada
görüntü və digər təsvir vasitələri bəzən
jurnalistin istedadsızlığını, savadsız cümlələrini
ört-basdır etməyə yardımçı olur. Amma yaxşı qəzet müxbiri olmaq
üçün dili gözəl bilməklə yanaşı,
gərək sözlə təsviri də
canlandırmağı, öz fərqli tərzinlə
seçilməyi bacarasan. Bu
lovğalığın əsası bizdə sadəcə
televiziyanın daha populyar olmasındadır. Telejurnalistlərin çoxu özünü ulduz
sayır. Amma intelekktual əməyə gələndə
çox az telejurnalist öyünə bilər.
- Ailəlisən?
- Yox, subayam.
-
Jurnalist xanım üçün ailə qurmaq çətin
deyil ki?
- Hər ikisini bir araya
sığdırmaq fiziki olaraq çox çətindir,
işimiz çox vaxt alandır. Ailə də
vaxt istəyir.
- Son olaraq həmkarlara və bizə
həmkar olmaq istəyənlərə sözün...
- Həmkarlarıma möhkəm
olmağı diləyirəm. Heç bir çətinliklərdən
sınmasınlar.
"Həmkar" İntiqam
Valehoğlunun təqdimatında
Ədalət.-2012.-17 fevral.- S.4.