BƏNÖVŞƏ KOLLARIN
DİBİNDƏ QALDI
Qənbər Şəmşiroğlunun "Bir də görüşərik..." kitabını oxuyarkən
Kitab çörək, hava və su kimi hər birimizin gərəyidir. Kitabsız ev suyu sovulmuş dəyirmana bənzəyir. Bu qiymətli sərvətin yaradıcıları isə cəmiyyətin seçilmiş nümayəndələri hesab olunurlar. Əlbəttə, söhbət quru, mənasız söz yığınından yox, həqiqi, dəyərli əsərlərdən gedir. Belə kitabların müəllifləri də adi insanlar kimi doğulur, böyüyüb, boya-başa çatır, bir ömür yaşayır, lakin adi insanlardan fərqli olaraq, heç zaman ölmürlər. Yazıb-yaratdıqları əsərlərlə tarixin bir parçasına çevrilərək, zaman-zaman yaddaşlarda, ürəklərdə, idraklarda yaşayır, cəmiyyət həyatının istiqamətverici qüvvəsini təşkil edirlər.
Haqqında
söhbət açacağımız Qənbər Şəmşiroğlu
belə müəlliflərdəndir. Onun bu yaxınlarda şair Füzuli Ramazanoğlunun tərtibçiliyi
və redaktorluğu ilə işıq üzü görmüş
"Bir də görüşərik..."
şeirlər toplusunu vərəqləyirəm.
Hansı şeirdən nümunə göstərim, hansı
misranın üstündə dayanım, fərq etməz. Hər
biri müəllifin mənalı həyatının
bir məqamından, ovqatının bir anından nişanədir. Burda
sevinc də var, fərəh,
iztirab, nisgil,
ağrı-acı da... Müəllifin hər
şeiri, hər misrası öz
ləyaqətinin, əsl-nəcabətinin, onu
bu vətənə, bu
torpağa, bu qədəm-qayım
soykökə bağlayan tellərin zərrələri,
tərkib hissələri olduğu
açıq-aşkar duyulur. Onun qələmə aldığı ən poetik, dərin mənalı nümunələr
də, nisbətən zəif misralar da, sadəcə, özüdür
- öz ruhu, öz dəst-xətti, öz
üslubudur.
Ürək illər boyu müxtəlif müəlliflərin müraciət etdiyi mövzudur. Hər bir yaradıcı insanın həyatında elə anlar olur ki, o, öz ürəyi ilə baş-başa qalıb, dərdləşir, bu mövzuya poetik don geydirib, kağıza köçürür. Qənbər müəllimin aşağıdakı sətirləri də ürəyi ilə söhbətinin özünəməxsusluğu ilə yadda qalır:
Bədəndə bir güvəndiyim
sən idin,
Sən də ki, naxələf
çıxdın, ürəyim.
Dostu kədər aldı,
düşmən sevindi,
Məni yanı üstə
yıxdın, ürəyim.
Mövzu nə qədər
müraciət edilmiş, təkrarlanmış, hətta deyərdim
ki, çeynənmiş olsa belə, Q. Şəmşiroğlunun
deyim tərzi bir o qədər orijinaldır, yenidir. Demək,
əsas məsələ hansı mövzuda,
nədən yazmaqda deyil,
necə yazmaqdadır. Göstərilən nümunədə,
diqqətli oxucu fərqinə varsa, görər ki,
sözlərin düzülüşü
necə yerli-yerindədir, üslub necə
rəvandır, deyiliş nə qədər
həlimdir. Müraciətin səmimiyyətinin içindəki
şipşirin şikayət, hətta
qınağın özü belə, kədərqarışıq
sevginin incə ifadəsidir.
Qənbər müəllim həyatın
şirinliyi ilə bərabər,
ağrı-acılarını da görmüş insandır.
Bu şirinlik və
ağrı-acılar onun real
ömür fəlsəfəsi ilə
sıx əlaqəlidir. Əslində, ömür
karvanına Murov boyda el-oba dərdi şələləmiş bu tale yiyəsinin praktik fəaliyyəti emosional-iradi
əhvalla bağlıdır. Bu
bağlılıq onun həyatla nə dərəcədə
tən gəldiyini kitab boyu
açıq-aydın göstərir. Topluda
rəng-rəng fikirlər cəmdir. Hər fikir
bir görkəmdə, bir
biçimdə məna əxz edir. Lakin ümumi qənaət
yalnız bir meyar
üzərində bədqərardır; Qənbər müəllim
kitab boyu şair baxışlarını insan-zaman, eşq-aləm faktorlarına, müdrik vətəndaşlıq mövqeyinə
yönəldib. Onun ədəbi-bədii mövqeyi obyektiv gerçəklikdə
təzahür edir. Şəxsiyyət kimi sığışa bildiyi
həyat çoxşaxəli zəka və hisslərlə doludur. Nəticə etibarı ilə, ömrünün tale yolunda yorulmaz, cəfakeş
sarvan kimi irəliləyən
müəllifin İNSAN obrazı yaranır.
Müdriklərdən biri deyir ki, insan başdan-ayağa etirazdan, təəssüf hissindən ibarətdir. Qənbər Şəmşiroğlu kimi insanlarsa, təkcə başqalarına, ətraf aləmə, taleyə, həyata, dünyaya deyil, bütün bunlarla yanaşı, eyni dərəcədə özünə, öz elədiklərinə və eləmədiklərinə görə öz keçmişlərinə də etiraz edərək, təəssüflərini etiraf eləməyi bacarırlar. Bu duyğular xalq şairi Nəriman Həsənzadədə
Cavanlıq
nadanlıqdır,
Qocalıq peşmanlıq
- şəklində, Musa Yaqubda
Eləmədiklərim yandırar məni,
- deyə ifadə olunursa, Qənbər
müəllimin yaradıcılığında
aşağıdakı kimi qələmə alınır:
Yaman uduzmuşuq, zaman keçibdir,
Nə üçün yazmadıq
bir-birə məktub.
Qatdı başımızı
zalım vəzifə,
Yatdıq kölgəsində, -
möhkəmcə tutub.
Lakin müəllifin
özünü qınamasına baxmayaraq, uzun müddət
yüksək vəzifələrdə çalışsa da,
bir çoxlarından fərqli olaraq, heç vaxt el-obadan uzaq
düşməmişdir. Sözümə qüvvət üçün onu deyim ki, Qənbər
müəllimin elə bizim Gədəbəydə
raykom katibi, icrakom sədri işlədiyi illəri
yaxşı xatırlayırıq. Gədəbəy
camaatı bu gün də
onu gözəl insan kimi yad edir,
adını həmişə hörmətlə çəkirlər.
Özünə, şəxsiyyətinə hörmət qoyan hər bir insan ömrün müəyyən bir pilləsindən dönüb arxaya baxaraq, özünə "mən kiməm?" sualı ünvanlayır. Və yaşadığı illəri, gördüyü işləri, vətən, xalq, el-oba üçün göstərdiyi xidmətləri saf-çürük edib, bu suala cavab tapmağa çalışır. Fikrimizcə, Q. Şəmşiroğlu yaşadığı ömrün ötən illərini vərəqlədikcə, bu sualın cavabını bol-bol tapa bilən insanlardandır. Bununla yanaşı, insanın kimliyini təsdiq edən amillərdən biri də onun hansı ocaqda dünyaya göz açıb, tərbiyə alıb, boya-başa çatması, həyatının təməl daşının hansı soykök üzərində qoyulmasıdır. Bu mənada da Qənbər müəllim xoşbəxt tale sahiblərindəndir. Çünki o, müqəddəs bir ocaqda doğulub. Babası Ağdabanlı Qurbanın, atası Dədə Şəmşirin öyüd-nəsihətləri ilə böyüyüb. Öz mənəviyyat yükünü bu elm, ürfan sahiblərinin kamalından götürüb. Onun yüksək insani keyfiyyətləri ilə yanaşı, bədii yaradıcılığında da bu təsir açıq-aşkar duyulmaqdadır. Müəllif müxtəlif şeir formalarına müraciət etsə də, yaradıcılığında qoşma janrı aparıcı mövqeyə malikdir. Bu da onun kökə, əslə-soya, ustad Dədə Şəmşir ocağına qırılmaz tellərlə bağlılığını, ənənəyə sadiqliyini bir daha təsdiq edir. Xüsusilə, Aşıq Şəmşir şeirləri ilə Q. Şəmşiroğlu şeirləri arasındakı mənəvi bağlılığı, ustad-şagird əlaqəsini bir neçə istiqamətdən təhlil etmək olar. Öncə qeyd edək ki, şifahi xalq ədəbiyyatının, xüsusən aşıq poeziyasının yazılı ədəbiyyata bir o qədər də xas olmayan şəhdi-şirəsi, dadı-duzu Qənbər müəllimin bütün yaradıcılığı boyu hiss edilir. Eyni zamanda, "Bir də görüşərik..." kitabında Azərbaycan koloriti güclüdür. Bu da, təbii ki, Dədə Şəmşir bulağından su içmiş şairin milli, bəşəri xarakteristikasından irəli gəlir. Kitab oxucusuna milli zəmin, xalq mənəviyyatı, yüksək ideallar aşılayır:
Bülbül
bilər qönçə gülün qədrini,
Mən də yar qədrini bilərəm
belə.
Sədaqətli gözəlimin
yolunda,
Fərhadtək dağları dələrəm,
belə!
Müəllifin lirik, aşiqanə,
istərsə də duzlu-məzəli, nəsihətamiz,
aforizmlərlə dolu şeirləri kitabda özünə
geniş yer alıb. Məsələn, "Dözümünü sübut
eylə" ifadəsi prinsipcə mənəviyyat təcəssümünə
dəlalət edir, oxucunu,
bir növ, mübarizəyə
səsləyir.
Etiraf edək ki, Q. Şəmşiroğlu az təbliğ olunsa da, elə bu az-az rast gəldiyimiz şeirlərində fikri, idraki və həyati təsəvvürlər canlandıran, bədii məna və fəlsəfi-ictimai xarakterlər aşkarlayan şairlərdəndir. Bəlkə də, çoxları onun yaradıcılığında ədəbi həqiqətə yönələn mahiyyətə önəm verə bilməz. Amma səmimi deyək ki, həyatı boyalı şəkildə deyil, əsl həqiqətdə olduğu kimi göstərə bilmək yalnız onun kimi təvazökar şairlərə xasdır. Zənnimcə, bu müəyyənlik şairin yaradıcılığı üçün xarakterik olan dialektik əlaqə və qarşılıqlı asılılığın bir-birinə nisbətini yarada bilir.
Bütün bunlarla yanaşı, qeyd etdiyimiz kimi, Qənbər müəllimin yaradıcılığına elə Aşıq Şəmşir üslubuna da xas olan və şifahi xalq ədəbiyyatının ən dərin qatlarından gələn hadisəyə və predmetə ironiyalı yanaşma tərzi vardır. O, kifayət qədər ciddi hadisəni belə, ciddi olduğu qədər də məzəli ifadə etməyə çalışır. Bu məzəliliyin içində həmin ciddiliyi qoruyub saxlamaq kimi istedad tələb edən cəhətlərə tələbkarlıqla yanaşır. Aşağıdakı sətirlərə diqqət etsək, bunu bir daha aydın görə bilərik:
Bir aylıq səfərə
çıxırdım deyə,
Arvad hazırlayıb aş, yola saldı.
Əlində görmədim, yalan nə deyim,
Dalımca tullayıb daş,
yola saldı.
Baş açmadım məzhəbindən,
dinindən,
Astaca yeriyib, keçdim
genindən.
Qəzəbindən,
hikkəsindən, kinindən
Axıtdı gözündən yaş, yola saldı.
Bəli, bu, qadın
təbiətidir. Yenə müdriklərin
çoxunun qənaətidir
ki, qadın paklıq, ucalıq, gözəllik mücəssəməsi
olduğu qədər
də ən mürəkkəb, anlaşılmaz,
ziddiyyətli, bəzən
taledən, həyatdan
nə istədiyini heç özü də aydınlaşdıra
bilməyən məxluqdur.
Odur ki, bu mürəkkəb
məxluqla olduqca ehtiyatlı rəftar etmək lazımdır.
Qadının qisas almaq fikrinə düşməsi, Qənbər
müəllimin yarızarafat,
yarıciddi təsvir etdiyi kimi, hikkəsindən,
kinindən axıtdığı
göz yaşı bəzən nəinki bir kişi, bir ailə, bir nəsil, hətta qüdrətli bir məmləkət üçün də böyük təhlükə
mənbəyinə çevrilir.
Sözümüzə qüvvət üçün
M. S. Ordubadinin "Qılınc
və qələm"
romanındakı Qətibə
obrazını xatırlasaq
kifayət edər.
Onu da qeyd edək
ki, söz adamları - əsasən də şair və aşıqlar çox vaxt qadına replika atmağın azarkeşi olur, arvad haqqında
şəbədəvari şeirlər
də qoşurlar.
Qənbər Şəmşiroğlu yaradıcılığına da
xas olan bu xüsusiyyət, fikrimizcə, aşıq şeirinin, eyni zamanda, Dədə Şəmşir poeziyasının
ruhundan mayalanmışdır.
Q. Şəmşiroğlu
tanınmış bir
şəxsiyyət olaraq,
həm də "Bir də görüşərik..."
kitabından da göründüyü kimi,
vətənə, doğma
el-obaya, yurd-yuvaya qəlbən, ruhən, bütün varlığı
ilə bağlı mənəviyyat sahibidir. Vətənin hər bir guşəsi, hər ağacı, hər daşı ona eyni dərəcədə
doğmadır, əzizdir.
Ana yurdun təbiəti,
gülü-çiçəyi sanki onun ürəyindən
rişələnib, boy atıb:
Məndən bənövşəni xəbər
alan dost,
Bənövşə kolların dibində
qaldı.
Turşsu dərəsində, Sarı
güneydə,
Elə öz kefində,
dəbində qaldı.
Bizə elə gəlir
ki, Turşsuda, Sarı güneydə kolların dibində qalan təkcə boynubükük bənövşələr
deyil, müəllifin ürəyi də tər çiçəklərlə
birlikdə doğma Kəlbəcərdə, o gözəl,
unudulmaz çağlarda
qalıb. Şair artıq
ömrünün ixtiyar
çağlarını yaşayır.
Və bu yaşdan dönüb, arxaya boylananda görür ki, gəncliyinin ən şirin xatirəsi, ən əziz nişanəsi də bir zaman
dərib, pencəyinin
cibinə qoyduğu, artıq quruyub, ovxalanmış sevgili bənövşələrdir. Odur ki, dodağında
aşağıdakı sətirlər
səyriyir:
...Mənim gəncliyimin nişanəsitək,
Pencəyimin qoltuq cibində
qaldı.
Yeri gəlmişkən, onu da vurğulayaq
ki, aşıq Qurbanidən üzü bəri bu utancaq
çiçək haqqında
yüzlərlə şeir
yazılmışdır. Onların içində daha təsirliləri də var, nisbətən zəif olanları da, hətta həddən artıq bir-birini təkrarlayanları
da. Qənbər müəllimin "Qaldı" rədifli bənövşə şeiri
isə bunların içindən orijinallığı,
özünəməxsusluğu ilə seçilir, kənd adamını, dağ adamını xəyalən gəncliyinin
əlçatmaz, ünyetməz
çağlarına, doğma
yurd-yuvanın acısı
da şirindən-şirin
olan xatirələrinə
qaytarır.
Q. Şəmşioğlu yaradıcılığı, onun poetik dünyası, eləcə də "Bir də görüşərik..." kitabı haqqında çox söz demək, çox təhlillər aparmaq olar. Lakin sadə bir münasibəti qələmə alanda buna ehtiyac duyulmur. Çünki, kitabdakı şeirlər geniş bir monoqrafiyanın mövzusudur. Bu isə ədəbiyyatşünasların işidir.
Polad Qasımov
Ədalət.-2012.-18 fevral.-S.17.