QİSMƏTİNƏ
DÜŞƏN SÖZ
Görkəmli
yazıçı-filosof Firuz Mustafa 60 yaşını haqladı...
Əlbəttə, "yazıçı" ifadəsini xırdalamaq, Firuz Mustafanı nasir, dramaturq, esseçi, şair (boynuma alıram, son vaxtlaracan qələmindən çıxan şeirlərə bələd deyildim) kimi də təqdim eləmək olardı, amma bütün bunlara bir qədər filosofanə-ironiyalı münasibət bəsləyən qələm dostumun deyimi yadıma düşür: bütün bənzətmələr mənasızdı, yazılan qalacaq...
Firuz Mustafanın qələmindən çıxanları ən azı 25 il olar ki, izləyir, oxuyuram. 70-80-cı illərdə çoxlarımız kimi çap sıxıntıları yaşadığındandı ki, yazdığı hekayə, povest və pyesləri üzə çıxara bilməyib, yalnız 90-cı illərin ikinci yarısından sonra oxuculara və tamaşaçılara təqdim eləyə bilib.
Bütün bunların hansı
ağrılar bahasına başa gəldiyini söyləməyə
ehtiyac yoxdu; ailə büdcəsindən qənaət
hesabına əsərlərini yazdırmaq, çap etdirmək
məşəqqətini çoxlarımız
yaşamışıq. Bununla belə, Firuz Mustafa
həm talelərinin böyük bir qismindən dəyanətli
çıxdı, Söz məkanında öz halal yerinə sahib olmaq üçün
çətinlikləri adlamağı bacardı, amma bütün bunlara yazıçı ləyaqətinə xələl
gətirmədən nail oldu.
Sözdən ötrü ağrıya-ağrıya 60 yaşına gəlib çatmaq da xoşbəxtlikdi: bu yolda mənzilə çatmayanlar (Eldar Nəsibli, Mətləb Nağı, Hüseyn Əfəndi, Akif Səməd, Eyvaz Əlləzoğlu, Alim Məhərrəmli), ya elə o yaşda namərd əlilə qətl olunanlar (Rafiq Tağı), ya da Söz meydanından çəkilənlər (belələrinin sayı daha çoxdu) var. Firuz Mustafa bunu bacardı, bizə söyləmək istədiyi sözü kitablara köçürmək naminə yazıb-yaratmaqda davam eləyir...
* * *
Firuz Mustafa fəlsəfə sahəsində
onlarla tədqiqat əsərinin müəllifidi. Bununla bağlı sanballı söz
demək üçün fəlsəfi
hazırlıq gərəkdi, ona görə
də özümü belə missiyaya hazır saymadım.
Firuz Mustafa son iki onillikdə ən
davamlı yaradıcılıq dəyanəti göstərən
dramaturqlarımızdandı. Xeyli sayda pyesləri teatrlarımızın səhnəsində
tamaşaya qoyulub. Hələ
səhnə üzü görməyən
onlarla pyesləri var. Bu pyeslər haqqında danışmaq
ayrıca bir yazının mövzusudu.
Firuz Mustafanın esseləri nəsr,
poeziya və fəlsəfənin sintezindən doğulub, yaşantılarını
forma baxımından da, duyğu baxımından da gözəl
ifadə eləyir. Həmin yazılarını ayrıca
kitab halında təsəvvürümə
gətirirəm - yaradıcılığının bir qolunu oxuculara
çatdırmağı çox istərdim.
Firuz Mustafanın "Facebook"
sosial şəbəkəsində deyimlərini oxudum. Həmin
deyimlər sadəcə, esseyə, hekayəyə, povestə, romana, pyesə... çevirə bilmədiyi, buna macal
tapmadığı, yay kimi
sıxılmış ifadələrdi. O, bu
yönümdə də davamlı və sistemli
yaradıcılıq xarakteri göstərir.
Vaxtilə Jül Renarın deyimlərindən
ibarət balaca bir
kitabçası vardı, əlimizdən düşmürdü.
Firuz Mustafanın da
deyimlərinin nə vaxtsa toplu
halında nəşr olunacağınına ümidvaram.
Nəhayət, "Facebook" səhifələrində ilk dəfə Firuz Mustafanın şeirlərini oxudum. Görünür o, poeziyanı çox çap etdirmir, hər halda, məhrəm sayır. Şeirlərinə qəzet-jurnallarda rast gəlmişəmsə, diqqət yetirməmişəm - çünki mənim təxəyyülümdə Firuz Mustafanın filosof, nasir, dramaturq obrazları yetərincə tutumluydu, onların arasında şairə yer yox idi. Görünür, yanılmışam, həm də yaxşı ki, yanılmışam...
* * *
Yubiley xətrinə həqiqəti
gizlətməyəcəyəm: nasir Firuz Mustafa mənə
daha doğmadı. 80-ci illərdən
üzübəri dövri mətbuatda çap olunmuş hekayələrini
oxuyanda mövzularının
orijinallığına, təhkiyə çevikliyinə, dil zənginliyinə görə həmişə
müəllifi özümə doğma
saymışam. Sonralar mənə iki kitabını - "Dəniz köçü" povestini
və "Qapı" pomanını verdi,
həmin kitablarla nasir
Firuz Mustafanı bir daha kəşf elədim.
"Dəniz köçü" povest-pritçası artıq rus və ingilis dillərinə də çevrilib. Təbiətlə insan arasındakı qarşılıqlı harmoniyanı və həssas determinist əlaqəni oxucuya çatdıran bu əsər tənqidimiz tərəfindən layiqli qiymətini almayıb. Fikrimizcə, müstəqillik dövrü ədəbiyyatımızın sayılıb-seçilən nümunələrindən olan həmin povestin özülündə müəllifin dünyaya və insanlara fəlsəfi baxışı durur. Povest bir neçə əsərini dilimizə çevirdiyim, indi dünyanın ən çox oxunan müəlliflərindən olan Paulo Koelyonun roman-pritçalarının havasını xatırladır, heç də bədii siqləti sarıdan o əsərlərdən geri qalmır
Fərq təkcə
əsərin oxucu auditoriyasına
çıxarılmasındadı ki, bu da təkcə Firuz Mustafanın yox,
bütövlükdə ədəbiyyatımızın
yaralı yeridi. Son 25
ildə dünya ədəbiyyatıyla
davamlı və ciddi təmasda olan qələm adamı kimi
qətiyyətlə deyirəm: dünyaya
çıxarılmalı əsərlərimiz var, sadəcə, bundan ötrü mexanizmimiz (bəlkə
də istəyimiz) yoxdu...
Firuz Mustafa da öz məhdud imkanları hesabına rus və ingilis dillərinə çevirtdirdiyi "Dəniz köçü" povest-pritçasını Azərbaycandan kənara çıxarmaq iqtidarında deyil. Əslində, bu dövlət proqramıyla gerçəkləşdirilməli məsələdi...
* * *
Firuz Mustafanın
"...Qapı..." (əslində, "Zülmətə
açılan QAPI sanki həmin anlarda tanrının göz
yaşları islanmış qurbanları qəbul etməkdən
yorulmuşdu") roman-kantatası 1987-1988-ci illərdə qələmə
alınıb. Amma müəllif əsəri
uzun müddət ədəbi
jurnallarımızda çap etdirə bilməyib,
yalnız 90-cı illərin sonlarında ixtisar
olunmuş halda
işıq üzü görüb.
Roman-kantatanın özülündə
müəllifin bir fəlsəfəsi qənaəti qoyulub:
insan təkcə zaman daxilində yaşamır, həm də
özündə zamanı yaşadır. Firuz
Mustafanın digər qənaətlərini də belə ifadə
eləmək olar: bəzən adi insanlar total
haqsızlığın qurbanına çevrilirlər; hətta
ölüm belə hər şeyin
sonu demək deyil. Fantaziya, ironiya və rəmzlərlə
zəngin olan roman-kantatadakı
"...hadisələr birxətli süjet
üzrə yox, müasir
dünya nəsri üçün
xarakterik olan fraqmental formada təqdim olunur... Müəllif rəmzi-simvolist detallarla realistik-həyati təsvirlərin üzvi, təbii sintezini yaratmağa nail olub" (tənqidçi İlham
Abbasov).
Firuz Mustafa "taleyi "Mədən"lə
bağlı olan, repressiyaya məruz qalan insanların
yaşantılarını kantatantın məqamları üzərində
ustalıqla qurub. "Kavatina" da gərginləşən hadisələr
"Reçitativ" də səngiyir,
"xor"da isə
çoxsəsli vüsət alır..."
(yazıçı Cəmil Əlibəyov). Müəllif özü hadisələri "həqiqət
içində nağıl, nağıl içində həqiqət"
adlandırır.
Amma bir həqiqət də var:
"...Qapı..." roman-kantatası da "ədəbi
repressiyaya" məruz qaldı, tənqidin diqqətindən
uzaq düşdü.
Bütün bunlarsa Firuz Mustafanın yazıb-yaratmaq yanğısını söndürə bilmədi. Həm də nə yaxşı ki, belə oldu...
* * *
Firuz Mustafanın "Buz üstə
sətirlər"i (deyimlər), "Onluqlar"ı
(şeirlər) yaradıcılığının iki ayrı
qolunu ehtiva eləyir...
Firuz Mustafanın "Göyəm
kolları", "Dünyanın rəngi", "Kəhrəba",
"Çəhrayı tunel", "Teatr meydanı",
"Sifət" kitablarında toplanmış hekayələr
yazıçı təxəyyülünün
hüdudlarını göstərir.
Firuz Mustafanın Azərbaycan
Dövlət Gənclər Teatrında, Gənc
Tamaşaçılar Teatrında, Naxçıvan,
Sumqayıt, Mingəçevir, Qazax, İrəvan, Gəncə,
Füzuli teatrlarında, "Yuğ" və Tədris
teatrlarında tamaşaya qoyulan 30-a yaxın pyesi (o sıradan
"Ağıllı adam", "Qəfəs",
"Tabut", "Vida marşı", "Qara qutu",
"Məqəvva", "İlğım", "Dəniz",
"Qarışqa tələsi", "Əqrəb
bürcü", "Tıxac", "Adsız" və
s.) çağdaş dünya teatr sənətinə bələdliyinin
göstəricisidi.
Firuz Mustafanın "Mənəvi
tələbatın inkişaf dialektikası", "Sərhədsiz
dünya", "Mədəniyyət və fəlsəfə"
monoqrafiyaları gərgin elmi axtarışlarının nəticəsidi.
Bunlarla yanaşı, tərcümə
eləməyə, ədəbiyyat portallarına köşə
yazıları yazmağa, bəyəndiyi əsərlər barədə
fikirlərini bölüşməyə də vaxt tapır.
Pedaqoji fəaliyyətini də bura
əlavə eləsək, yəqin, Firuz Mustafanın portretini
tamamlaya bilərik: bu qədər çoxcəhətli
yaradıcılıq heç də hamıya nəsib olmur.
Amma o da var ki, Firuz Mustafa janr və
forma arxasınca qaçan deyil, təxəyyülündə
mövzular özü janrını da, formasını da
tapır, ona təkcə hazır olanları kağıza
köçürmək qalır...
* * *
Firuz
Mustafa, səhv eləmirəmsə, televiziyada da
çalışıb, elmi-pedaqoji qurumlarda da. Amma harda olur-olsun
sığındığı bircə yer
olub - Ədəbiyyat...
Ən azı 30 illik
yaradıcılığı dövründə
özünü gözə soxmadan, reklam-filan gəzmədən
qismətinə düşən SÖZÜ yazıb...
Firuz Mustafa ədəbi tənqidin
həmişə ögey baxdığı
yazıçılardandı: hər halda, bu qədər
sanballı yaradıcılığının müqabilində
haqqında yazılanları barmaqla saymaq olar. Təkcə
tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə
doktoru Sabir Bəşirov
yazıçı-dramaturq haqqında monoqrafiya
qələmə aldı, o da maliyyə çətinliyi ucbatından
çapını gözləyir...
Əgər fəxri adlar verilirsə,
bu məsələdə az-çox ədalət prinsipi
gözlənirsə, Firuz Mustafa 60 illik yubileyi münasibətilə
"Əməkdar İncəsənət Xadimi" fəxri
adına təqdim olunmalı idi. Hər halda, tamaşaya qoyulan 30-a yaxın pyesi buna haqq verir...
Firuz Mustafa
80-cilər ədəbi nəslinin
hələ də yaradıcılıq potensialını
saxlayan, Sözlə yaşayan, oxucu (və tamaşaçı)
diqqətindən başqa
bir şey ummayan sıra nəfəridi...
Mən bilən, 60 yaşında ən böyük mükafatları da bunlardı...
Bir də yazmaq istədiyi yeni əsərlər...
Nəriman Əbdülrəhmanlı
Ədalət.-2012.-18 fevral.- S.9.