Üzü bahara doğru

 (əvvəli ötən saylarımızda)

  

   2011-ci ildə rayon Gənclər və İdman İdarəsi gənclərlə aparılan işin səviyyəsini xeyli yüksəltmiş, Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir. Məlum olduğu kimi ölkə Prezidenti İlham Əliyev cənabları 2012-ci ili "İdman ili" elan etmişdir. Gənclər bu il idmanın bütün növləri üzrə keçirilən yarışlarda daha fəal iştirak etmək əzmindədirlər.

   Dövlət qayğısının yeni istiqamətləri

   Keçən il sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, il ərzində bu yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1797 aztəminatlı ailənin 7185 üzvünə ünvanlı sosial yardım təyin olunmuş və hər bir ailəyə düşən orta aylıq yardımın məbləği 103,19 manat təşkil etmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mərkəz tərəfindən hazırda 3310 nəfərə sosial müavinət təyin olunaraq ödənilir.

   Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır. 01 yanvar 2012-ci il tarixə rayon üzrə 9326 nəfər yaşa, 1348 nəfər ailə başçısını itirməyə və 3839 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır. Rayon üzrə əmək pensiyalarının orta aylıq pensiya məbləği 131,2 manat təşkil edir.

   Keçən il rayonda qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və profilaktiki tədbirlərin genişləndirilməsi, əhalinin ictimai təhlükəsizliyinin təmin edilməsi, insan, hüquq və azadlıqlarının müdafiəsi, sabitliyin qorunması sahəsində rayonun hüquq-mühafizə orqanları ictimaiyyətlə birlikdə xeyli işlər görmüşlər.

   Qəbullar, görüşlər...

   Rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbuluna, onların təklif, ərizə və şikayətlərinə qanunla müəyyən olunmuş müddətlərdə, həssaslıqla baxılmasına diqqət artırılmışdır. 

   Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri müntəzəm olaraq rayon icra hakimiyyəti başçısı yanındakı şura iclaslarında mürakirə edilmişdir.

   Hesabat dövründə vətəndaşların müraciətlərinə kifayət qədər həssaslıqla yanaşmadıqlarına, əhalini daha çox narahat edən problemlərin vaxtında aradan qaldırılmasını təmin etmədiklərinə, öz işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə və işdə yol verdikləri digər nöqsanlara görə 2 nəfər işdən azad edilmiş 11 nəfər intizam məsuliyyətinə cəlb olunmuşdur.

   Hesabat dövründə əhalini narahat edən problem və çətinlikləri yerində öyrənmək və operativ həll etmək məqsədi ilə səyyar görüşlərin keçirilməsi praktikasından da geniş istifadə edilmişdir.

   2011-ci ildə rayon icra hakimiyyəti başçısının 49 səyyar qəbulu keçirilmiş, səyyar qəbullarda 5155 nəfər iştirak etmişdir. Vətəndaşlar tərəfindən 203 müxtəlif təklif və müraciət irəli sürülmüşdür. Qaldırılmış məsələlərin 178-i və ya 87,8 faizi icra edilmiş, 25-i və ya 12,2 faizi icra olunmaq üçün nəzarətə götürülmüşdür.  

   Rayonda məskunlaşmış qaçqın və köçkün ailələri dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ildə məcburi köçkünlərin kompakt məskunlaşdığı peşə litseyinin yataqxanasında əsaslı təmir işləri aparılmışdır.

   Hesabat dövründə rayonda şəhid ailələri və Qarabağ əlillərinə də qayğı ilə yanaşılmış, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicəsinin təşkili üçün müvafiq tədbirlər görülmüşdür. Rayonun 3 kəndində Qarabağ müharibəsi əlilləri üçün 2 otaqlı fərdi yaşayış evləri inşa edilmişdir.

   Bu il qarşıda duran vəzifələr

   2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində qarşıda xeyli vəzifələr durur. Bu il şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsi çərçivəsində işlər davam etdiriləcək, şəhərin içməli su ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə Göyçay şəhərindən 12 km. şimalda Göyçay çayının məcrasında yeni drenaj süzgəc sistemi qurulacaqoradan mövcud anbarlara qədər daşıyıcı kəmər çəkiləcəkdir. Cari ildə Yuxarı Şirvan kanalı üzərində inşa edilən su elektrik stansiyası istifadəyə veriləcəkdir.

   2012-ci ildə İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində rayonun 11 kənd yaşayış məntəqəsində icma layihələri həyata keçiriləcəkdir. Bunlar əsasən ərazilərdə kollektor-drenaj şəbəkələrinin təmizlənməsi kəndarası yolların təmir edilməsi, içməli su ilə təminatın yaxşılaşdırılması ilə bağlı layihələrdir və onların maliyyələşdirilməsi üçün 500 min manata yaxın vəsait sərf olunacaqdır.

   Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Çərəkə, Ləkçıplaq və Ulaşlı-şıxlı kəndlərində yeni məktəb binaları, şəhər 1 saylı bağçanın binası istifadəyə veriləcəkdir.

   2012-ci ildə rayon maliyyə və statistika idarələri, Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin rayon şöbəsi üçün inşa edilən yeni inzibati binalar istifadəyə veriləcək, rayon icra hakimiyyətinin binasında aparılan əsaslı təmir işləri başa çatdırılacaqdır.

   Respublikanın hər yerində olduğu kimi bu günlər Göyçay rayonunda da abadlıq və tikinti quruculuq işləri öz axarı ilə davam etməkdədir. Qışın sərt dövrü arxada qaldı. Anomal havalarla bağlı ortaya çıxan problemlər vaxtında və uğurla aradan qaldırılır. İndi günlər üzü bahar doğrudu...

 

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-21 fevral.-S.7.