O, PEYĞƏMBƏR DEYİLDİ, AMMA...

    (əvvəli qəzetimizin  7-14 fevral saylarında)

  

Təxminən bir neçə gün bundan əvvəl həmişəki kimi müxtəlif mənbələrdəki xəbərlərlə tanış olarkən məlumatlar sırasılnda dünya ilə bağlı maraqlı, həm də həyəcanlı bir məlumat diqqətimi cəlb etdi. Orada son günlər Yerin təkindən, yəni dərinliklərindən qeyri-adi səslərin gəlməsi və bu səslərin Yer kürəsinin ən müxtəlif ölkələrində Kanadada, Böyük Britaniyada, Polşada hətta Azərbaycanda belə eşidilməsi ilə bağlı məlumatlar, həm də bəzi şərhlər öz əksini tapmışdı. Qeyd edilən həmin təzahürlə əlaqədar ən rəngarəng versiyalar irəli sürülürdü. Hətta o da bildirilirdi ki, Yer kürəsinin dərin qatlarından eşidilməkdə olan bu səslər planetimizin maqnit qütbünün yerini dəyişməsi ilə bağlıdır. Yəni iddialardan belə nəticə çıxarmaq olurdu ki, ümumiyyətlə son dövrlər təbiətdə baş verən ən müxtəlif kataklizmlər məhz bu yerdəyişmə nəticəsində baş verir və verəcək.

   Elm hələlik belə versiyanı təsdiqləməsə də bu, ağılabatan da görünür. Amma məlumatda sözügedən səslər haqqında dini yorumlar da verilirdi. Həmin yorumlara görə isə bunlar artıq yaxılaşmaqda olan məhşərin səsləri idi. Yəni, məhşər günü yaxınlaşmaqdadır. Özübu versiyanın ardınca Qədim Maya təqviminin xatırlanması, həmin təqvimə görə 2012-ci ildə Yer kürəsinin sonunun çatacağının iddia edilməsi yadıma Edqar Keysini saldı. O Edqar Keysini ki, bir zamanlar onu tanıyan əksər insanlar bu adamı hətta peyğəmbər belə adlandırırdılar. Və xatırladım ki, onun da dünyanın fəlakət günü ilə bağlı dedikləri var...

   - Ruh nə vaxtsa ölürmü?

   - O, Yaradan tərəfindən qovula bilər, amma ölə bilməz.

   - Tanrı tərəfindən qovulmuş ruh hara gedir, bu zaman o hansı mənanı kəsb edir?

   - Başlanğıcda verilmiş iradə yer mənasında sərbəst olur, lakin xilasını təmin edəcək bütün material Saturuna atılır. Bu başqa sözlərlə necə ifadə oluna bilər: Özünün şəxsi xilasını qazanmaq üçün insanın mahiyyətini təşkil edən ruhu və ya özü ora - Tanrının müəyyən etdiyi məkana göndərilir.

   - Bəs ruh hansı məkandan gəlib canlının fiziki vücuduna yerləşir?

   - "O" artıq orada yerləşib. "...və Yaradan ona üfürdüo canlı ruha çevrildi". Ruh nəfəs kimi, efir kimi insanın bədəninə daxil olur. İnsan doğulan zaman ona nəfəs verildiyi kimi. Beləcə o, daxil olduğu və özünə məkan seçdiyi canda ruha cevrilir. Və ruh kimi orada yaradılışın inkişafını təmin edir.

   Bütün ruhlar məhz başlanğıcda yaradılır və onlar gəldikləri yerə geri qayıtmaq üçün öz yolunu axtarır.

   - Tam şəkildə inkişaf etmiş ruh bəs hara gedir?

   - Allaha. Onu yaradana.

   TƏHQİQATLAR

   VƏ MAARİFLƏNDİRMƏ

   ASSOSİASİYASI

   Bəli, bütün bunlar Edqar Keysinin üzərində uzun illər düşündüyü reinkarnasiya konsepsiyasına əsaslanırdı. bu onun fəlsəfi anlayışının tərkib hissəsi idi: həyat əbədi və tamdır. Nə mövcuddursa, Allahdan gəlir və ruhumuz kimi hər şey Ona məxsusdur. Biz Tanrının yaratdıqlarıyıq (övladlarıyıq) və bərabərlik halında azadlıq almışıq. Və bir gün bizlər geri, altruizmə dönəcəyik. Keysi hesab edirdi ki, reinkarnasiya bütün dinlərdə var.

  

   1928-ci il 11 noyabrda imkanlı dostlarının köməyi ilə Edqar Keysi xəstəxana açmağa nail oldu. Buraya dünyanın ən müxtəlif ölkələrindən müalicəyə gəlirdilər. Belə demək mümkünsə, onun şöhrəti artıq çoxdan vətəninin hüdudlarını aşıb keçmişdi. Amma təəssüf ki, buranı da uzun müddət işlədə bilmədilər. Qeyd edim ki, həmin dövrlər - 1929-cu ildən başlayan böyük iqtisadi böhran onsuz da bir çox sahələri iflic vəziyyətinə salmışdı. 1931-ci ilin əvvəlində maliyyə çatışmazlığı üzündən xəstəxana bağlansa da həmin il "Təhqiqatlar və Maarifləndirmə Assosiasiyası" (ARE) yaratdılar. Burada Keysinin "oxuma"ları öyrənilir və yayılırdı. Çünki Assosiasiyanın yönümü tibbi və mənəvi, dini, fəlsəfi prinsiplər üzərində qurulmuşdu.  

   O, GƏLƏCƏKDƏN NƏLƏRİ XƏBƏR VERİRDİ?..

   Bütün bunlarla yanaşı Edqar Keysi haqqında danışarkən onun öncəgörmələrindən bəhs etməmək mümkün deyil. O, qeyri-adi bacarığı sayəsində xəstələrə, ona ehtiyac duyanlara kömək göstərməklə yanaşı, həm də gələcəkdən xəbər verirdi. İnsanların ona peyğəmbər kimi baxmasının əsas səbəblərdən biri də məhz elə bu idi. Əlbəttə, Keysinin söylədikləri indi adları tez-tez çəkilən Nostradamusun, Vanqanın dediklərindən daha çoxdurdaha ardıcıl düzülüb. Araşdırmaçılarsa bunu onun referendi Qledis Ternerin əməyi adlandırırlar.

   Qeyd edim ki, o vaxtdan indiyədək bir sıra təhqiqatçılar Keysinin öncədən söylədiyi bəzi hadisələrin baş vermədiyini əsas tutaraq ona son dərəcə tənqidi yanaşır və belə bir talanta kölgə salmağa çalışırlar. Lakin unutmaq olmaz ki, ən düzünü, ən dəqiqini... bilən yalnız Allahdır. Əslində Nostradamusun da, Vanqanının da öncəgörmələrində bir sıra proqnozları var ki, özünü doğrultmayıb. Hər kəs kimi Edqar da hardasa səhv edə bilərdi, amma Keysinin söylədiklərinin çox böyük əksəriyyəti artıq həyatda özünü göstərib.

   "DNK"

   Özü də çox qlobal hadisələr var ki, Keysi onlar haqqında səhfsiz məlumatlar verib. Maraqlıdır, ötən əsrin əvvəllərində o, canlıların 200.000 il əvvəl Yer üzərinə gəldiyini söyləmişdi. Sonralar müasir genetika uzun araşdırmalardan sonra belə nəticəyə gəldi ki, insan "DNK"-nın təxminən 200.000 yaşı var. Və bu bir çox alimlərin elmi əsərlərində öz əksini tapmışdır.

   Ötən əsrin ilk illərində Edqar Keysi XX əsrin ən böyük hadisələri haqqında təfərrüatıyla xəbər vermişdi. O bildirmişdi ki, həmin əsrdə iki dünya müharibəsi baş verəcək. Hətta Keysi Adolf Hitlerin Almaniyada hakimiyyətə gəlişini və gedişini də öncədən demişdi. 1935-ci ildə isə bunları söyləmişdi: "Hitler hakimiyyətdə o zamanadək qalacaq ki, onun başlatdığı böyük müharibə sona çatacaq". Halbuki, müharibənin başlamasına onda hələ 4 il vardı. Tarixsə həmin dəhşətli hadisələrin həm başlanmasını, həm nəticəsini, məhz Keysinin söylədikləri kimi olduğunu sübut etdi.

   PREZİDENTLƏRİN ÖLÜMÜ, KOMMUNİSTLƏRİN SÜQUTU, RUSLAR...

   ABŞ-ın iki prezidentinin ölməsi haqqında onun 1939-cu ildə söylədikləri 6 və 24 il sonra həyatda gerçəkləşdi. 1945-ci ilin aprelində Franklin Ruzvelt özünün ofisində həyatla vidalaşdı. Con Kennedi isə 1963-cü ilin noyabrında Dallasda öldürüldü. Halbuki, qətldən 24 il əvvəl ehtimal belə edilə bilməzdi ki, Kennedi ölkənin prezidenti seçiləcək, sonrasa Keysinin söylədiyi vaxt qətl olunacaq. Qəribədi, deyilmi?..

   Keysi bildirmişdi: XX əsr bitməyə macal tapmamış bolşeviklərin qurduğu böyük rejim iflasa uğrayacaq, kommunistlər hakimiyyətlərini itirəcəklər. Doğrudan da İyirminci yüz illiyin bitməsinə cəmi 9-10 il qalmış kommunistlər tarixin arxivində qərarlaşdılar. Ola bilər ki, indi çoxları deyəcəyim bir fakta şübhə ilə yanaşsın. Belə ki, Keysi XXI əsrin əvvəllərində kommunist rejiminin coğrafi məkanında yeni bir "Sovet İttifaqı"nın yaranacağını bildirmişdi. Əlbəttə, indi bunu da fantastik öncəgörmələrdən biri adlandırmaq olar. Çünki onun yüz il əvvəl xəbər verdiyi kimi MDB-nin əsası qoyulub və hətta "İttifaq"ın yaranışı üçün ideya gündəmə gətirilib. Yəni artıq Belorus-Rusiya birliyinin rüşeyimləri var. Qəribədir ki, Yeni "Sovet İttifaqı"nın yaranacağını Vanqa da bəyan etmişdi.

   Çox maraqlıdır, Keysinin dünyanın gələcəyi haqqında söylədikləri sırasında Rusiyanın, daha doğrusu slavyanların xilaskar rolunda çıxış edəcəkləri bildirilir. Amma həmin proqnozlarında o qeyd etmişdi ki, bu xilas missiyası nə kommunistlər, nə də yeni bolşeviklər tərəfindən gələcək. Rusya azad olacaqbundan sonra həmin proses başlayacaq. Tədqiqatçılar daha bir fakta diqqət çəkirlər. O, İsrail dövlətinin yaranacağını hadisənin özündən təxminən 20 il əvvəl söyləmişdi. Və zamanı gələndə doğrudan da insanlar Yəhudi dövlətinin XX əsrin ortasında yarandığının şahidi oldu.

   III DÜNYA MÜHARİBƏSİ, KATAKLİZMLƏ

   İndi gələcəkdən xəbər verənlər, astroloqlar tez-tez III dünya müharibəsinin reallaşa biləcəyindən danışırlar. Əslində onları qınamaq da düzgün deyil. Çünki hadisələrin inkişafı onu göstərir ki, hərbi-siyasi qarşıdurmalar o həddə qədər gəlib ki, belə bir müharibənin olmaması təəccüb doğura bilər. Amma Keysi xəbər verir ki, III Dünya Müharibəsi baş verməyəcək. Lakin onun əvəzində öncəgörən bildirirdi ki, XXI əsrin başlanğıcından Yer kürəsini təbii fəlakətlər, təbiət kataklizmlər bürüyəcək, qlobal isiləşmə başlayacaq. Vulkanlar aktivləşəcək, Etna od püskürəcək, görünməmiş zəlzələlər olacaq.

   Həqiqətən də Keysinin xəbər verdiyi kimi 1964-cü ildə Alyaskada indiyədək Amerikanın Şimalında qeydə alınmış zəlzələlərin ən güclüsü baş verdi. Etna vulkanının püskürməsi nəticəsində yaxınlıqdakı Fornazzo yaşayış məntəqəsinin əhalisini köçürdülər. Bundan başqa, qorxunc zəlzələlər ucbatından 1976-cı ildə Çində 655.000, elə həmin il Qvatemalada 22.000 insan öldü. Onun dediyi kimi 70-ci illərdən başlayaraq dünyanın hər tərəfində - Perudan tutmuş Pakistanadək, Yuqoslaviyadan tutmuş Filippinədək zəlzələlər tüğyan etməkdədir. Halbuki, 30-cu illərdə bu cür proqnozlar vermək yalnız axmaqlıq sayıla bilərdi. Yeni yüzillik üçün o demişdi: "Böyük Gölün suları Meksika körfəzini basacaq, Havayda vulkanlar oyanacaq, sonra elə böyük dalğalar hərəkətə başlayacaq ki, Koliforniya sahillərində nə varsa su altında qalacaq". Gələcəkdən xəbər verən Edqar Nyu-Yorkun da sulara qərq olacağını söyləyib.

   XXI əsr başlayıb və biz söylənənlərin artıq bir hissəsinin baş verdiyinə şahidik. Artıq İndoneziyada, Çində, Türkiyədə, güclü, dağıdıcı zəlzələlərin baş verdiyi, Amerikada görünməmiş qasırğaların bir-birini əvəz etdiyi, Meksika körfəzində okean suyunun səviyyəsinin artığı reallıqdır. Bundan başqa, o, Yer təkinin hərəkəti nəticəsində qütblərin, maqnit sahələrinin yerini dəyişəcəyi konsepsiyasını söyləmişdi. Keysi orada bu proseslərin 1958- 1998-ci illər arasında başlayacağını və bunun nəticəsində də 2000-ci ildə maqnit qütblərinin yerinin dəyişəcəyini yazmışdı. 1998-ci illərdə NASA alimlərinin apardıqları təhqiqatlar üzə çıxarıb ki, Yerin qravitasiya sahəsində dəyişiklik baş verir və qütblərdəki maqnit sahələri yerini dəyişərək bir-birinə yaxınlaşıb. Yazının başlanğıcında qeyd etdiyim kimi, indi müasir alimlərin Yer kürəsində, onun təkində gedən proseslər, dəyişikliklər barəsində irəli sürdükləri fikirləri Keysi təxminən yüz il əvvəl xəbər vermişdi.

   "YATAN PEYĞƏMBƏR" VƏ SON

   Ümumiyyətlə, bu qeyri-adi adam trans vəziyyətinə girərək gələcəkdən, xəstləliklərdən, keçmişdən çoxlu sayda məlumatlar, xəbərlər verib. Onu da qeyd edim ki, belə məlumatları məhz trans halında verdiyi üçün insanlar Keysini "Yatan peyğəmbər" adlandırırdılar. Keysinin son günlərinədək yanından ayrılmayan katibəsi Qledis Devisin hazırladığı materiallardan belə məlum olur ki, bu cür məlumatların sayı 26.000-dir. Əslində araşdırmaçılara görə, bu rəqəm daha böyükdür. Xəstələrə verdiyi tam diaqnozlarsa 30 mini ötür. Bu doğrudan da inanılmaz bir faktdır.

   1943-cü ildən onun səhhətində yarnan problemlər getdikcə ciddiləşməyə başlamışdı. Gün ərzində iki nəfərdən çox posientin qəbulunun ona pis təsir etməsinə baxmayaraq Edqar çox tez-tez bu normativi pozurdu. Onsuz da transa girərkən çox güclü psixoloji gərginliklər keçirməsi də Keysiyə mənfi təsirini göstərirdi. Amma o, ruhunun təmizlənməsi, xeyirxahlıqlar etməsi üçün Allah tərəfindən verilmiş şansdan, bacarıqdan maksimum istifadə etməkdəydi və hər il aldığı minlərlə məktubdan, müraciətlərdən... məmnun idi. Bu üzdən onun sağlamlığının qayğısına qalmaq istəyənlərin sözlərinə əhəmiyyət vermirdi. Nəhayət, onun da həyatdakı missiyanın sonu çatdı.

   Çox maraqlıdır, Tanrının böyük istedad bəxş etdiyi Edqar Keysi öz ölümü haqqında da "peyğəmbərlik" etmiş və bu zaman saat hesabı səhvə yol vermişdi. Belə ki, 1945-ci ilin yanvar ayının 1-də Keysi bildirdi ki, onu 4 gündən sonra dəfn edəcəklər. Və ölüm təxminən onun dediyi vaxt gəldi. Yanvar ayının 3-də Keysi insultdan öldü. Onun son sözləri - "Bu gün dünyanın Allaha necə də çox ehtiyacı var" - olmuşdu. Keysini doğma şəhərində - Hopkinsvilldə dəfn etdilər. Arvadı Gertruda da ondan sonra çox yaşamadı...

   Amma onu yaxından tanıyanlar, onun bacarığına inanlar, dediklərinin həyatda gerçəkləşdiyinin şahidi olanlar belə hesab edirlər ki, Böyük Yaradan onu yenidən bu dünyaya qaytaracaq. Əslində bu cür düşüncə səbəbsiz də deyildi. Çünki Edqar Keysi həyatının axır dönəmlərindəki öncəgörmələrinin birində özü ilə bağlı bunları xəbər vermişdi: "Mən yenidən 2100-cü ildə Nebraskedə həyata qayıdacağam".

BABƏK YUSİFOĞLU babek-yusifoqlu@mail.ru

P.S. Ondan sonra oğlu Hyu Linn atasının yaratdığı "Təhqiqatlar və Maarifləndirmə Assosiasiyası"nın (ARE) işinə başçılıq etməyə başladı. Katibəsi Qledis Devis 1986-cı ilədək yaşadı, Assosiasiyanın katibi kimi fəaliyyət göstərdi. Hazırda ARE-nin ən müxtəlif ölkələrdə çoxlu sayda şöbələri mövcuddur və 100.000-dən çox üzvü var. Bundan başqa, Edqar Keysi muzeyi də yaradılıb ki, oradan ziyarətçiləri heç zaman əskik olmur.

 

Ədalət.-2012.-21 fevral.-S.4.