İNKİŞAFIN
AZƏRBAYCAN MODELİ
Ağcabədi Avropa şəhərləri ilə müqayisə
oluna bilər
Bu
gün həyatın inkişaf sürəti istər-istəməz
bizi arxaya-dünənlə bu günün təmas nöqtəsini
tapmağa, əlaqələrin tellərini yenidən
yoxlamağa və bütövlükdə keçmişdən
gələcəyə boylanmağa vadar edir. Biz dünəndən
bu günə və sabaha
baxdıqca təbii ki, dünəni təkcə
dəyərləndirmirik, həm də dünənimizdə
olanları yenidən saf-çürük
edib hardan hara gəldiyimizi, inkişafımızı, uğurumuzu, çiçəklənən
arzularımızı yada salmaqla
özümüzə bir yeni dünya açır,
onu daha da gözəl etmək üçün
ruh yüksəkliyi ilə, inamla, ilhamla qurub yaradırıq
Təbii ki, bizim 20 ildə
keçdiyimiz yolun kifayət qədər çətinlikləri,
problemləri olub. Bu çətinliklər
və problemlər xüsusilə döyüş
bölgəsinə yaxın ərazilərdə özünü göstəribdi. Bu da səbəbsiz deyil. Yəni cəbhə xəttinə
yaxın ərazidə qurub-yaratmaq müəyyən
məsələləri nəzərə almaqdan
keçir. Burada
düşmənin təxribatı, eləcə də qəfil
hücum məqamları xüsusilə nəzərə
alınır. Elə etmək, elə qərarları
gerçəkləşdirmək lazım gəlir ki, bu, həm insanları
ruhlandırsın, onları torpağa daha çox
bağlasın, həm də düşmənin özünə
də bütün mənalarda göz dağına çevrilsin,
Azərbaycan vətəndaşı cəbhə xəttində
yaşayıb-yaratmaqdan qürur duysun, düşmən isə bizim
bütün sahələrdə
qazandığımız nailiyyətləri özünün
gələcək məğlubiyyətinin ilk
və böyük zərbələri kimi qəbul etsin. Bax, bu mənada cəbhə
xəttində yerləşən Ağcabədi rayonunun real durumu, real həyatı, real mənzərəsi kifayət qədər sevindirici və ümidvericidir.
Həmin o göz
oxşayan mənzərəni ifadə etmək,
onu olduğu kimi oxucuya
çatdırmaq üçün çəkinmədən,
dayanıb gözləmədən həmin o
inkişafın ünvanına, gözəlliyin tərənnümçüsünə
doğru üz tuturam.
Beyləqandan keçib Ağcabədi
istiqamətində hərəkət etdiyim bu narahat yolun
Ağcabədi sərhəddinə çatıram. Necə deyərlər, artıq rahat
nəfəs almaq olar.
Özü də təkcə yolun rahatlığına görə yox, həm də yol boyu salınmış yaşıllıqların,
pöhrələnən tinglərin gözə, könülə
gətirdiyi xoş əhval-ruhiyyəni də
bu rahatlığa tərəddüdsüz
əlavə edəndə adamın ovqatı necə deyərlər,
əməlli-başlı durulur. Göz oxşayan səliqə-
səhman açığını deyim ki, gözlərimi elə dincəldir ki, sanki qaranlıqdan işığa
çıxır. Elə bu
işığın ucundan tutub rayon mərkəzinə
doğru irəliləyirəm. Ağcabədi şəhərinin girişindən
içəri daxil olanda
yolun sağ və sol tərəflərində
sıralanmış sosial obyektlər,
ticarət və yanacaqdoldurma mərkəzləri
özünün gur
lampaları ilə ətrafı əməlli-başlı süd rənginə boyayıb. Çayxanalardan birinin
qarşısında maşından enirəm. Elə bu çayxananın girişindəki bir-birindən
fərqli lampalar yadıma məşhur bir filmi salır. Həqiqətən
də gözəl gecədir, həqiqətən filmdə deyildiyi kimi, mavi gecələrdi!!! Doğrudur,
mən nə Parisdə, nə də Avropanın keçmiş SSRİ hüdudlarından kənardakı
şəhərlərindən heç
birində olmamışam. Amma fəhmlə
Ağcabədinin bu mavi
gecələrini ekrandan müşahidə
etdiyim Parislə müqayisə etməyə
çalışıram. Yadıma Badembadeni
salıram. Ola bilsin ki, mənim
bu müqayisəm kimlər
üçünsə mübahisəli görünsün,
amma dəxli yoxdur. Çünki yaxın onillikləri
xatırlayanda mənim etdiyim müqayisə
çox real və həqiqi
görünür. Ən azı Ağcabədiyə
tez-tez gedib-gələn bu
bölgənin müstəqilliyimizin ilk
illərindəki durumunu müşahidə
edən bir vətəndaş kimi mən tam səmimiyyətimlə
və əminliklə Ağcabədini Avropanın şəhərləri
ilə müqayisəmdə özümü
haqlı sayıram. Bu təkcə zahiri gözəllik deyil, bu həm də daxili bir inkişafın, tərəqqinin diqtəsidi.
Yəni Ağcabədi kosmetik bir bəzənmə yaşamır. O, özü özünü
bəzəyə-bəzəyə həm də iç dünyasının bəzəyini zənginləşdirir.
Bir zamanlar bərbad yolları, acınacaqlı görkəmi ilə insanda nisgilli notlar yaradan bu şəhərin açılmış təzə güllər kimi göz, könül oxşaması məndə xatirələri təzələyir. Yaddaşıma üz tuturam və həmin o yaddaşın işığında sovet dönəminin son illərini, Ağcabədidəki daxili gərginliyi, ermənilərin Ağcabədi istiqamətindəki hücumlarını, bu şəhərə pənah gətirən soydaşlarımızın həyat şəraitini, bütövlükdə həmin o illərin ağrı-acısını kino lenti kimi seyr edir və öz-özümə pıçıldayıram:
- Doğrudan da bugünkü
Ağcabədi təkcə bölgə yox, rayon mərkəzi
yox, həm də şəhərdi. Özü
də inkişaf edən və
çiçəklənən bir şəhər!
Deməli, insan hər şeyə qadirdi. İstəyi, arzusu
olsa, səhranı da,
bərbad əraziləri də gülüstana
çevirə bilər. Necə ki, bu gün Ağcabədi faktiki olaraq ölkənin baş şəhərləri ilə
yarışa girib və bu
yarışda da önə
çıxmaq, seçilmək imkanı qazanıb. Təbii ki, bütün
bunlar ağcabədililərin, bu torpağa bağlı
insanların, xüsusilə bu bölgəyə
canıyananlıqla, peşəkarlıqla, dövlətə və
xalqa sədaqətlə, ən vacibi isə ölkə prezidenti
cənab İlham Əliyevin tələb və
tapşırıqlarını, etimadını yüksək
səviyyədə doğruldan rayon icra hakimiyyətinin
başçısı Şahin Məmmədovun
öz komandası ilə birlikdə yorulmadan gördüyü
işlərin gerçək üzüdür.
Bu gerçəklik Ağcabədinin
daxilindəki ocağın alovlanması, işığın
şölələnməsidir.
Ağcabədidə gecə gəzintisi
mənə xüsusilə zövq verir. Demək
olar ki, bütün küçələr al-əlvan
işıqlara bürünmüşdü.
Şəhərin ən arxa planda olan küçələrində
belə yollar rahat,
işıqlı, səkilər təmirli, yol
boyunca fəaliyyət göstərən
obyektlər isə tikinti və arxitektura baxımından göz
oxşayan və müasirg
İnsan üçün
fəaliyyət şəraiti nə qədər rahat olsa, onun
ortaya qoyduğu nəticə
də yüksək olar. Yəni əlinə-ayağına
dolaşan, sənə problem
yaradan olmasa, sən də
öz işini könül rahatlığı ilə, özü də səmərəli bir şəkildə görə bilərsən.
Bundan ailə də, ətraf da, cəmiyyət də faydalanar.
Bax, elə
Ağcabədidə həmsöhbət olduğum
adi vətəndaşların dilindən eşitdiyim sözlərin böyük
əksəriyyəti rayondakı işgüzar
mühitlə, qarşılıqlı anlaşma
ilə icra strukturlarının tələbkar
və qərəzsiz fəaliyyəti ilə. Xüsusilə icra başçısı Şahin Məmmədovun adamları dinləmək,
qayğı göstərmək, onların müsbət
işlərini qiymətləndirmək peşəkarlığı
da əldə edilən bütün
uğurların səbəblərindən biri
kimi dilə gətirilirdi. Bunu
etiraf edən sadə adamlar
bugünkü Ağcabədinin bütün inkişafını, nailiyyətlərini
ölkə rəhbərlərinin və onun
rayondakı təmsilçisinin əməyi ilə
bağlayırdılar.
Görülən işləri konkret faktlarla dilə gətirən və özünü Ağcabədi şəhərindəki məktəblərdən birinin müəllimi kimi təqdim edən həmsöhbətim mənim maraqlarımı bir az da cilaladı. Necə deyərlər, onun dedikləri mənim üçün həm konkret rəqəmlər və göstəricilər oldu, həm də reallığın təqdimatı.
Həmsöhbətim
bildirdi ki, bu gün Ağcabədidə
görülən işlərin ümumi
siyahısını kağıza köçürsək, rəqəmlər
öz-özlüyündə sözünü
deyə bilər. Özü də bu rəqəmlərin arasında nə pafos, nə də kosmetika
dayanmır. Ən azı ona görə
ki, bu gün
deyilən, yazılan hər bir sözün, faktın arxasında gerçəklik
dayanmayanda, o sabun köpüyü kimi dərhal əriyib gedir.
Sevindirici haldır ki,
Ağcabədi gerçəkliyi köklü-köməcli bir xan çinarı
xatırladır. O çinarın qol-qanadı, budaqları isə
görülən işlərdi. Bu mənada Ağcabədi rayonunda
2010-ci illə müqayisədə 2011-ci ildə orta aylıq əməkhaqqının 205,7 manat olması, 2729 yeni iş yerinin
açılması artıq görülən işlərdən
xəbər verir. Özü
də açılan iş yerlərinin böyük əksəriyyəti mövsümü xarakter daşımır. Yəni işlə təmin
edilmiş insanlar elə
sahələrdə çalışırlar ki,
bu sahələr kənd təsərrüfatı
ilə, sənaye ilə bağlıdır və daimidir. Yəni 2011-ci ilin may ayının 6-da Ağcabədi şəhərində
smeta dəyəri 10 milyon
manatdan çox olan, sutkada istehsal
gücü 20 tondan
artıq və 7 çeşiddə məhsul istehsal
edən Süd Emalı zavodu
istifadəyə verilmişdi. Elə həmin
gün istehsal gücü sutkada 250 ton, smeta dəyərə
40 milyon manat olmaqla 22 çeşiddə məhsul istehsal edən Ağcabədi Süd
Məhsulları Kombinatı istifadəyə verilmişdi.
Hər iki müəssisənin
açılışında ölkə rəhbəri şəxsən
iştirak etmiş və burada məlum
olmuşdu ki,
açılan müəssisələrdə 230 nəfərdən
artıq insan işlə təmin olunub.
Həmçinin Ağcabədidə 5000 ton tutumu olan Ağabəyli taxıl məhsullarının təmizlənməsi və saxlanması anbarı, Aşağı Avşar kəndində 1000 ton tutumu olan soyuducu anbarı, Hinarxı qəsəbəsində "Aqrolizinq" ASC, istehsal gücü 15 min ton olan Xocavənd kəndindəki Ət Kəsmə Kombinatı, Ağabəyli kəndində 3000 başlıq heyvandarlıq kompleksi, Rəcbərlər kəndində 5000 tonluq soyuducu anbarının tikintisi görülən işlərin adi bir siyahısı deyil. Çünki Ağcabədidə 205 çarpayılıq xəstəxana binasının, 4 mərtəbəli 36 mənzilli şəhid ailələri və Qarabağ əlilləri üçün binanın tikintisi, 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 24,5 kilometrlik Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun əsaslı təmiri, Şahmat məktəbi, Muğam evi, qaçqınlar üçün 5 mərtəbəli on yaşayış binasının tikintisi, Heydər Əliyev parkının salınması, şəhid məzarlığının abadlaşdırılması Ağcabədinin inkişaf səviyyəsini göstərən faktlardır.
Xatırlatmaq lazımdır ki,
Ağcabədidə aparılan abadlıq işlərinin
arxasında işıq, su, qaz, təmir-tikinti xüsusi yer
tutur. Yəni insanların təkcə
müəyyən problemləri deyil,
bütövlükdə kompleks tədbirlər
əsasında həyatının bütün
sahələrinin yenidən qurulub müasir standartlar səviyyəsində
inkişaf etdirilməsi əsas məqsədlərdən
biridir. Buna
görə də kanalizasiya xətlərindən
tutmuş, elektrik dirəklərinin
təmiri, yenidən qurulması, müasirləşdirilməsi,
yeni transformator
ötürücülərinin ayrı-ayrı məhəllələrdə,
kəndlərdə qurulması günün
gerçəkliyidir.
Bu gün Ağcabədidə hər kəsin içməli su, suvarma suları, elektrik, qaz təminatı ilə bağlı qarşılaşdığı problemlər ötən illərlə müqayisədə xeyli azalıbdır. Təbii ki, bir gündə və yaxud bir-iki ilin içərisində bütün çatışmazlıqları aradan qaldırmaq qeyri- mümkündür. Ən azı ona görə ki, Azərbaycanın bir güşəsi olan Ağcabədi cəbhə xəttində yerləşməklə yanaşı, burada da sıradan çıxan, zamanla uyğun gəlməyən və yaxud artıq öz ömrünü başa vuran qurğular, obyektlər, istehsal sahələri var. Bunlar yeniləri ilə əvəz olunur və yaxud da onlardan imtina edilib yeniləri tikilib qurulur. Həmçinin insanların tələbatı zamana görə, inkişaf edən dünyaya görə bir az da artır, bir az da müasirləşir. Təkcə təhsil, səhiyyə sahələrinə nəzər yetirsək, söylədiklərimizin bir gerçəklik olduğunu aydınca görmək olar. Əgər Ağcabədidə 2006-cı ildə ali məktəblərə 65 nəfər, 2010-cu ildə 173 nəfər qəbul olunmuşdusa, 2011-ci ildə isə bu rəqəm 196 nəfər olmuşdu. Deməli, hər il qəbul olunan şagirdlərin sayının artması təhsilin keyfiyyətinin yüksəldilməsindən xəbər verir. Ağcabədi idmançıları beynəlxalq yarışlarda 19 medal və diploma layiq görülmüş, elm, mədəniyyət sahəsində çalışan insanları öz yaradıcılıq uğurları ilə təkcə doğulduqları torpağı deyil, bütövlükdə Azərbaycanı şərəfləndirmişdilər. Burada bir məqamı da xatırladım ki, bu gün Ağcabədi rayonunun sakinləri könüllü olaraq ölkənin silahlı qüvvələrinə yardım fonduna 376 min 438 manat vəsait köçürmüşdülər. Necə deyərlər, düşmənlə üz-üzə yaşayan ağcabədililər bu xeyirxah təşəbbüsdən də geridə qalmayıblar.
Bəli, bu gün bütün
regionlarda yeni iş yerlərinin açılması istiqamətində
müəyyən addımlar atılır. Bu işlərin görülməsində təşəbbüskarlıq
missiyası daha çox
rayon strukturlarının üzərinə
düşür. Bu mənada Ağcabədidə
təkcə dövlət sektorunun deyil, o cümlədən
də kənd təsərrüfatı rayonu
olan bu bölgə üçün xarakterik olan sahibkarlığın, fermer
təsərrüfatının genişləndirilməsi üçün də müvafiq
addımlar atılır. Məhz sahibkarlara
göstərilən qayğının nəticəsidir ki, Ağcabədidə özəl sektor inkişaf edir, kənd təsərrüfatı məhsullarının
istehsalı və çeşidi günbəgün
çoxalır. Bu da öz növbəsində sakinlərin büdcəsinin
artımına, onların maddi
imkanlarının genişlənməsinə şərait
yaradır. Bunu hiss etmək
üçün rayondakı sosial-məişət
obyektlərinə baş çəkməklə,
rayonda fəaliyyət göstərən iş adamları, fermerlərlə həmsöhbət
olmaq yəqin ki, kifayət
edər. Mən Ağcabədidə olarkən millət vəkili,
ağcabədililəri parlamentdə ləyaqətlə təmsil
edən Tahir Rzayevlə də həmsöhbət
oldum. Onun bir ziyalı, bir şair, bir ağcabədili
kimi doğma yurdu haqqında söylədikləri,
qazanılan uğurlardan fərəh duyduğunu aydınca hiss etdirirdi. Bu da
təbiidir. Axı yaxşı iş,
yüksək nəticə həmişə insanı üzüağ, başıuca edir.
Elə Tahir müəllimin söylədikləri
də xüsusi olaraq,
rayon rəhbərliyinin sakinlərlə
anlayışlı münasibəti ilə əlaqəli dedikləri
məni öz təəssüratımda
yanılmadığımı bir daha təsdiqlədi.
Doğrudan da bu gün Ağcabədi özünün çiçəklənən, inkişaf edən və hər kəsə nümunə olacaq bir zamanını yaşayır. Bu zamanın davamlı və hər kəsə xoşbəxtlik gətirməsini biz də ürəkdən arzu edirik. İnanırıq ki, elə məhz belə də olacaqdır.
Əbülfət
MƏDƏTOĞLU
Yazı Azərbaycan
Respublikası Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim edilir
Ədalət.-2012.-21 fevral.-S.6.