Məmməd İsmayıl: "Vətənin bütün yolları, axırda qürbətə çıxdı..."

 

Bu dəfə də yola Çanaqqaladan- o qürbətdən, Moskvaya- bu qürbətə tanınmış rus şairi və tərcüməçisi Yuriy Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda iştirak etmək üçün çıxdı. "Gələn dəfə yolum...". Hər dəfə səfərə hazırlaşanda bu tamamlanmayan qırıq cümlə kimi qırıq qəlbindən qıraqdan baxdığı Vətənə düşəcəyini keçirib.

  

   Moskvanın yanağını dalayan sazağına, soyuğuna baxıb:

   Qış hayandan gəlirsən?

   Unudulduğum yerdən.

  

   Ötən ömrün yaşında

   Quzey yaxasında mən.

   Gün bulud arxasında

   Qürbət arxasında mən.

  

   Varmı verən bir soraq,

   Nerdəyəm mən, nerdəyəm

   Yaddaşına yaxşı bax,

   Unutduğun yerdəyəm

  

   - deyə keçirdi qəlbindən bəlkə də.

   Məmməd İsmayıl taleyinə, yaradıcılığına bir az bələd olan üçün bunu təxmin etmək o qədər də cətin deyil.

   Amma... Amma unudulmadığı yerdə unudulmaz anlar yaşanacaq və yaşadacaqdı. Bunlar gözləyirdi kədər şairini.

   Əvvəlcə Marina Svetayevanın ev muzeyində Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuş "Vmesto pisma" seirlər kitabının təqdimatı oldu.Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcüməsində seçilmiş seir və poemalarından ibarət kitabın təqdimatına tanınmış rus şairləri, ictimai xadimlərı ilə yanaşı, Rusiyanın hər tərəfindən gələn, şairi görmək, onunla təmasda olmaq, öz dilindən seirlərini dinləmək istəyənlər vardı.

   Çıxış edənlər -Milli Tədqiqatlar Universitetinin doktoru, Moskva hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü Xurşuda Xamrakulova, tarix elmləri doktoru, Moskva Yazıçılar Birliyinin katibi Lola Zvanoreva, şair- tərcüməçilər G. Kalaşnikov, Sergey Karatov, İnquşetiyadan gəlmış Məryəm Yandiyeva, Dərbəndli şair-jurnalist Bikəxaım və digərləri onun seirlərinin cazibəsindən, rəngarəngliyindən, dilinin zənginliyi və xəlqiliyindən danışır, bütün fikirlər bir nöqtədə cəmləşirdi. "Azərbaycan ədəbiyyatiının görkəmli sairləri ilə adı birgə çəkiləcək, öz cığırı, izi olan, cəsarət simvolu, həqiqəti, ədaləti əlində qılınc edən şair- Məmməd İsmayıl dühası var qarşımızda".

   Növbəti görüşü isə Moskva Millətlər evinin zalında "Ocaq" ictimai-ədəbi cəmiyyəti və Rusiya Yazıçılar Birliyinin Moskva şəbəsinin təşəbbüsü ilə təşkil olunmuşdu. Bu görüşdə Rusiya ziyalıları ilə bərabər, Azərbaycan ziyalıları, diaspor təşkilatlarının nümayəndələri, Rusiyada yazıb-yaradan şairlərimiz, teatr xadimlərimiz toplaşmışdı. Kitab təqdimatından daha çox Məmməd İsmayılın poeziya gecəsinə dönən tədbiri "Ocaq" cəmiyyətinin sədri Tofik Məlikli açdı. O, Mariya Svetayevanın ev muzeyində kecirilən tədbirin aparıcısı Mixalil Sinelnikova sataşaraq "Mişa, mən səndən daha demokrat olacam və çıxışlara sənin kimi 2 dəqiqə reqlament qoymayacağam"- dedi. Tofik müəllimin yumorlu atmacasına M.Sinelnikov düzəliş edərək "2 dəqiqə 37 saniyə"- deyə cavab verdi.

   Bu səmimi abu- havaya köklənən görüşdə "Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin üzvü, şairə Afaq Şıxlıya söz verildi. O, Məmməd İsmayıl yaradıcılığının və şəxsiyyətinin vurğunu olduğunu gizlətmədiyini, onun şeirlərindən ruhlanaraq əlinə qələm aldığını soylədi: "Məmməd müəllim, indi hamı yazır və yazmaq istəyən üçün qələm çoxdur. Amma hər yazılan şeir deyil. Sizin kimi şeir yazmaq, şair olmaq üçün gərək əl o əl ola, ürək o ürək, ruh da o ruh. Siz Azərbaycan poeziyasının zirvəsində dayanan, o yeri haqq edən şairlərimizdənsiz və mən sizi şox sevirəm".

   Şair Nəsib Nəbioglu isə "qardaş, mən səni 1977-ci ildən tanıyiıram,-dedi: "Deyəsən bu Məmməd adlarında gizli bir sehr var, şairlik bunların adına biçilib. Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl və sair.Bu gün görüşünə nə hədiyyə gətirə bilərdim? Varlı deyiləm ki, sənə maşın bağışlayım. Şairin şairə hədiyyəsi şeir olar". Nəsib Nəbioğlu ona həsr elədiyi seiri oxudu.

  

   De kimlərin ahı tutubdu bizi,

   Kimin qarğışına keçmişik, Məmməd?

   Ağlımızmı çaşıb qərib ölkəni,

   Özümüzə vətən seçmişik, Məmməd?

  

   Qapım yoxdu döyə ağacdələnlər,

   O evi- eşiyi bada vermişəm.

   Ana ocağını, ata yurdunu,

    Özüm öz əlimlə yada vermişəm...

  

    Nəsib Nəbioğlunun seirindən təsirlənən Məmməd İsmayıl kürsüsündən qalxaraq ona: "Mən şair deyiləm, atam-qardaşım" şeiriylə cavab verdi:

  

   Dilimdən çıxanlar təzə-tər deyil,

   Kim aşiq olası qara qaşıma?!

   Hər adı Məhəmməd peyğəmbər deyil,

   Adıma aldanıb dönmə başıma

   Dönmə, pir deyiləm, atam-qardaşım

   Mən şair deyiləm, atam-qardaşım.

  

 

   Zalı göz yaşlarına boğan, Tofik Məliklini qəhərdən danışmağa qoymayan bu durumda M. İsmayıl "indi mənı ağladacaqsınız"-dedi.

    Sonra gecənin aparıcısı Tofik Məlikli Məmməd İsmayılın redaktoru olduğu 1988-ci ildə iki dildə çıxan "Gənclik" jurnalını yada saldi. Sözü jurnalist-publisist İlham Bədəlbəyliyə verdi: "O dövrü yaxşı xatırlayıram. Biz Tofik müəllimlə belə bir dialoq -söhbət yazmaq Moskvadan o jurnala ğöndərməyi qərara aldıq. Məmməd İsmayıla zəng etdik, "yazın göndərin, verərəm"- dedi. O zaman o dialoqun çap olunması yazana onu nəşr etdirənə nəyə başa gələcəyini təxmin edə bilməzsiniz. Biz Tofik müəllimlə yazını jurnalda görəndə Məmməd İsmayıldan narahat olmağa başladıq. Bu cəsarətin qorxmazlıgın qarşısında baş əyirəm, sən əvəzolunmaz sair, ziyalı, ictimai xadimsən!

    Tofik Məlikli adıcəkilən yazının mövzusuna aydınlıq gətirərək bildirdi ki, o zamanlar Bakı neftinin heç bir gəlir gətirmədiyini deyirdi Qorbaçov hökuməti. Biz də yazdıq ki, əgər Bakı nefti heç nəyə yaramırsa, o zaman istismarını dayandırsınlar, gələcək nəsilə lazım olaronlar istehsal edərlər.

   Şairin Ufadan gələn şair dostu Baloğlan Cəlil deyilənlərə əlavə etməyəcəyini söyləyərək özünün yazdıg "Çəkmə" şeirini oxudu.

   Saratovdan gələn texnika elmləri doktoru, şair-şeir sərrafı olduğunu dilə gətirən Rafail Qəribovsa "Məmməd İsmayıl izin versəydı mən də şair olacaqdım" deyərək maraqlı çıxış etdi: "O zamanlar mən Mühəndislər İnstitutunda oxuyurdum, şeirlərimi Məmməd İsmayıla göstərdim. O isə mənə məsləhət verdi ki, sən şair olsan xalqımız bir mühəndis itirəcək. Bu gün şair olmasam da, poeziya bilicisiyəm- deyə iddia edə bilərəm. Məmməd İsmayılın şeirlərini oxuduqca insanın gözü qarşısında rəssam əli ilə cəkilmiş tablo yaranır".

   Sonda Məmməd İsmayıl "73 yaşımda olsam da, hələ ana həsrəti var içimdə məni şair döğan anam bütün analar üçün şeir demək istəyirəm"- dedi. Anaya həsr olunan şeirindən sonra Ata haqqında Əli Kərimdən, Məmməd Arazdan, Xəlil Rzadan şeirlər oxudu. Xocalı faciəsini yada salıb, ona həsr etdiyi "Bu qan yerdə qalan deyil"-şeirini oxumağı da unutmadı.

   Şair tədbir iştirakçılarına başqalarında günah axtarmamağı da tövsiyyə etdi: "Niyə burdayıq bunun günahkarı kimdir?- deyib başqasında günah axtarmayaq. Balamızı, evimizi, ailəmizi sevən kimi sevək Qarabağı. Hər birimizin içində o sevgi yaşansa hər birimiz sevdiklərimizdən tək bir qurban vermək əzmində olsaq, erməni bu sevgimizdən qorxub, özü o torpaqlardan cıxıb gedər. İnanın buna! Bu gün mənə yaşatdıgınız unudulmaz görüş uçün hər birinizə minnətdaram!"

  

   Taleyi xeyirlə şər dəyişməsi

   Vətənlə qürbətin yerdəyişməsi,

   Bir qarış uzunu, bir qarış eni

   Qəlbi qəribsəyən qürbət vətəni...

  

   Göruş şairin kitabının imzalama mərasimi ilə başa catdı.

  

Tünzalə Vəliqızı, Moskva "Yeni səs" qəzetinin baş redaktoru

Ədalət.-2012.-21 fevral.-S.8.