SOYQIRIM
Çoxdan, lap çoxdan 1806-cı ilin soyuq fevral günlərinin birində Bakının açarlarını təslim almağa gəlmiş knyaz Sisianov burada öldürüldü, başı kəsilib İrana göndərildi. Çoxdan, lap çoxdan 1828-ci ilin soyuq fevral günlərindən birində rus komendantının hakimiyyəti altında yaşayan Bakı camaatının xəbəri yox idi ki, Təbriz yaxınlığında Türkmənçay deyilən bir yerdə Rusiya ilə İran arasında bir saziş bağlandı. Bu iki tarixin bir-birilə əlaqəsi varmı? Təbii ki, var. Günümüzə qədər uzanan rüsvayçı məğlubiyyət prosesinin təməli həmin o günlərdə qoyulurdu. Tifaqı dağılıb, yurdu talanmış Bakı xanının qohumu İbrahim xanın Sisanovu öldürməsi rus qoşunlarının hərəkətini bir az gecikdirsə də işğalın qabağını ala bilmədi. Xanlıqlara, sultanlıqlara, məlikliklərə parçalanmış Azərbaycan hissə-hissə Rusiyanın tərkibinə qatılırdı. Hərə öz qalasının küncünə qısılıb, ancaq özünü düşünəndə, adamın vətənini tapdalayarlar, lap anasını da ağladarlar. Bu gün texnikanın, rabitə vasitələrinin belə inkişaf etdiyi bir dövrdə biz kimin dərdindən xəbər tuturuq ki, o vaxt nə olaydı. Televizorda hər gün "cəbhə xəttində nisbi sakitlikdir" sözünü laqeyd-laqeyd dinləyib, nisbi sakitliyin nə olduğunu sonadək anlamayan bir kütlənin ulu babaları rusun top-tüfənginin qabağında nəyə gücü çatırdısa, onu da elədi...
***
Əvvəllər ilin ən
qısa ayı olan fevralda dövlətin ordu günü qeyd
olunurdu. Qadınlar orduya dəxli olan və olmayan bütün kişilərə hədiyyə
verərdilər. 23 fevralda kişilər bayram edərdilər. Baxmayaraq
ki, bütün
kişilər orduda xidmət etmirdilər,
baxmayaraq ki, orduda xidmət edən qadınlar da vardı. Belə qəbul olunmuşdu.
Və biz də böyük
dövlətin kiçik vətəndaşları
heç bir
xırdalığın fərqinə varmadan
bu bayramı qeyd edirdik. Böyük dövlətin lap kiçik vətəndaşı
olmağının da öz
üstünlükləri var - heç bir siyasət
haqqında düşünmürsən, ideologiya
haqqında düşünmürsən, sosial-iqtisadi
məsələlər haqqında düşünmürsən
- bizim kimi millətlər
üçün əsil cənnət imiş. Günlərin bir günü
Moskvadakı dayılarımız hamının əvəzinə
fikirləşməkdən yoruldular və
ölkə dağıldı. 1992-ci ilin fevral ayında Xocalıdakı o
məlum hadisələr baş verəndə
- SSRİ adlanan həmin o
dövlət artıq mövcud deyildi. Amma biz özümüzü hələ
də həmin dövlətin vətəndaşları hesab edirdik, həmin
dövlətin ordusu da
bizə hələ doğma idi. Biz bu
ordudan zaval gözləmirdik.
Lakin olan oldu. Mövcud olmayan dövlətin ordusu
da vardı, silahı da.
Çörəkləri də bu
silahın lüləsindən çıxacaq atəşdən
çıxırdı. Kim pul versə bu atəş əks
tərəfə yönəlməliydi, yönəldi də...
(Təbii burda məsələ
pulla ölçüləcək qədər
bəsit deyil. Bu
olayın altında yatan mətləbləri
sonra anladıq)
Hər dəfə bu hadisələri xatırlayanda - soyuqdan donmuş körpələri, qana bələnmiş insan mənzərələri seyr edəndə şok keçiririk. Amma bu hadisələrin iştirakçıları, gözüylə görənlər, ailəsini itirənlər nələr hiss edirlər, biz onu anlaya bilmərik. Atəş düşdüyü yeri yandırır. Bu məntiqdən yola çıxsaq- hardasa kefi kök, damağı çağ bir dövlətin senatında, konqresində, dumasında , riqstaqında kimin nə vecinə ki, nöqtə boyda bir məmləkətdə, qum dənəsi boyda bir yaşayış məntəqəsində kiminsə evini yandırıblar, kiminsə başını kəsiblər? Bu gün belə hadisələr dünyanın bir çox qaynar nöqtələrində baş verir və tutalım, Afrikanın hansısa bir qəbiləsində nə qədər adamın öldüyü bizi nə dərəcədə maraqlandırır? Demək istədiyim odur ki, hər kəs bu dünyada öz dərdiylə üzbəüz qalır. Xüsusən də bizim kimi kiçik dövlətlər, kiçik xalqlar öz həqiqətlərini dünyaya çatdıra bilmirlər. Bəzi həqiqətlər ancaq o zaman yada düşür ki, dünya siyasətçilərinə sərf eləyir. Bu məsələlərin həllinin açarı da dünya siyasətinin əlindədir. Deyək ki, bunlar məlum, bəzi məsələlərin həlli bizlik deyil. Amma sırf bizə aid dərdlər var ki, bunu heç bir "dayı" həll eləməyəcək.
Tarix boyu milli-etnik zəmində
qırğınlar çox olub. Hətta eyni
dinə mənsub iki təriqət
arasında da böyük
tələfatlarla müşayiət olunan
qarşıdurmalar olub. Bunun
heç birinə soyqırım deməyiblər.
Yəni güclü zəifi
əzibsə, bunu təbii
qarşılamaq lazımdır. Çalış sən güclü ol, əzilmə.
Avropalıların müxtəlif qitələrdə yeritdiyi siyasət nəticəsində nə qədər
xalq dünyanın etnoqrafik
xəritəsindən silinibsə, onların bu
barədə danışmağa haqqı
çatırmı? Amerikanın əsl sahibi
olan hindu qəbilələri
Birləşmiş Ştatların ərazisindəki rezervasiyalarda mövcudluqlarını davam etdirirlər. Yeni Zelandiyada yerli xalqlar demək olar ki, yoxa
çıxıblar. Soyqırım nə təhər olur? İndi bunlar başqa xalqlara ədəb-ərkan öyrədirlər,
adam olmaq öyrədirlər,
təlim keçirlər. Düzdür, bəzən
siyasət xətrinə qara -quraları da bəzəyib-düzəyib ortalığa
çıxarırlar - deyək ki, Kondaliza Rays kimi. Amma bunlar
dediyim kimi, siyasət
naminə olur.
Mənim fikrimə görə,
soyqırım ilk növbədə şüurlarda
başlayır. Özünün kim olduğunu unudan, aid olduğu
toplumun başına gələn bəlaları
laqeyd-laqeyd seyr edənlərin
doğub-törəməyinin nə faydası? Bizim
məmləkət təzadların, paradoksların məmləkətidir.
Tarixdə izlədiyimiz proseslər burda öz əksini tapmır. Adətən belə
harınlıq, arxayınlıq, biganəlik dünya
imperiyalarının apogey, zirvə dönəmlərində
müşahidə olunur. Yəni
dünyanı fəth eləyirlər, hamı onlara
tabe olur,
dünyanın bütün naz-nemətləri
onların olur. Başlayırlar
bekarçılıqdan darıxmağa, min
oyundan çıxırlar. Sonra yavaş-yavaş çöküş, eniş
dövrü gəlir. Roma
imperiyasında da belə olub,
Osmanlıda da, Rusiyada
da... Biz niyə belə
harınlamışıq, arxayınlaşmışıq, mənim
üçün hələ də
qaranlıqdır. Bizim neçə əsrlik
tariximiz əsarət tarixidirsə, niyə
havalanmışıq?
Xocalıda baş verən olaylar
kimi vəhşiliklər olub, çox olub. İkinci dünya müharibəsində Praqa
yaxınlığında Lidisa kəndi
yerlə-yeksan olub, əhalisi ilə birgə
yandırılmışdı və yaxud da Belorusiyada Xatın kəndi
eləcə. Bir vaxt gəldi
bunu törədənlər cavab verməli oldular.
Yəqin nə zamansa Xocalıdakı hadisələrin
əsl günahkarları bilinəcək. Amma
mən bunu insanlığa qarşı
törədilmiş cinayət hesab edirəm,
soyqırım yox. Soyqırım bizim beynimizdə, şüurumuzda
gedir. Total şəkildə
heçkimləşirik.
Biz bu böyük dünyada balaca bir toplumuq. Özümüzü kənar təsirlərdən qorumasaq, topsuz-tüfəngsiz əriyib gedəcəyik, yox olacağıq. Nəsillər arasındakı rabitəni itirsək, mənlik-şəxsiyyət hissini itirsək özümüzü itirəsiyik. Kütləvi şəkildə mütrüfləşirik, vaqonlarda- çadırlarda böyük bir vətənsiz nəsil yetişir - vecimizə deyil. Söz olub heç nə, vecimizə deyil. Saymadığımız nələr var daha. Bunlar Xocalıdan daha qorxuludur. Millət sənətkara yox, nazirə əyilir, torpağı yox,torpaq sahəsini sevir. Millətin boy-buxunlu, əzələli-güclü oğulları vətəni qorumalıykən müğənnilərə qorumalıq yapır. Bunlar Xocalıdan daha qorxuludur. Bu gün bunları anlayıb hər hüceyrəmizdən keçirməsək, sabah heç bir soyqırım-filan olmadan soyumuz qırılacaq.
Bu məsələnin
kökünü özümüzdə axtarmalıyıq. Beynimizdəki
boz kütlənin işləməyən
neyronlarını da oyatmalıyıq.
Gözlərdən, baxışlardan şüur
axmalıdır, göz yaşı yox. Harda, nə vaxt, kimin yanında
ağlamağı da öyrənmək
lazımdır. Ermənilər kimi. Çox uzaqda deyillər,
nümunə kimi istifadə etmək olar. Güclənsək qorxacaqlar.
Zəiflərə kimsənin rəhmi gəlmir. Bu gün başlasaq,
bəlkə yaxın əlli ildə nəyisə də dəyişə
bilərik. Rusiyanın varlı adamlarının
siyahısı veriləndə görürsən ki, içində nə qədər azərbaycanlı
var. Onlar burda ticarət obyektləri yox, məktəb açsalar,
həmin məktəblərin bütün
xərclərini ödəsələr və həmin məktəblərə
imkansız ailələrin istedadlı, oxumaq
istəyən uşaqlarını götürsələr
sabahkı gündən gözlədiyimiz
işığı ala biləcəyik.
Xocalı olub, bitib. Nə qədər bağırsaq, hayqırsaq da, dünyaya sərf eləyən vaxta qədər səsimizi eşitməyəcəklər. Amma yaxın məsafədə bir-birimizi eşidə bilsək, bəlkə nəyəsə də güman var. Xocalıda ölənlərin əvəzinə qadınlarımız yenə doğub-törəyəcəklər. Ancaq say artımı keyfiyyətin də artmasına xidmət eləyəcəkmi? Əsl dərd budur.
***
Mən bilirəm ki, bu günlər nə qədər növbətçi göz yaşları görəcəksiniz, növbətçi nalə-nifrin eşidəcəksiniz. Axırda ürəyinizi vuracaq. Günün müxtəlif saatlarında mənfur düşmən haqqında bəlağətli nitqlər söyləniləcək, xatirələr yada düşəcək. Yada düşəcək ki, kim bizi neçənci ildə neçə dəfə əzişdirib, qanımıza qəltan eləyib, əlimizdən var-yoxumuzu alıb. Gözəl xatirələrdi...Bir millətin yaddaşında zəfər yox, daimi məğlubiyyətlər yaşayırsa,irəliyə qoyduğu hər addımı büdrəyə-büdrəyəmi atacaq, ya ürəklə? Dönüb geriyə baxanda gördüyü mənzərələrdən üşənəcəkmi, qürur duyacaqmı? Ümumiyyətlə, o xalqların ki geriyə baxmağa yaxşı səbəbləri var, baxsınlar.
Çoxdan, lap çoxdan soyuq fevral günlərində baş vermiş hadisələr 200 il sonra topa dönüb tifaqımıza dəydi. İndi sürət əsridi, gözümüzün qabağında olub-bitənlərin nüvə partlayışına dönüşməsinə az vaxt qalır. Sabahkı günümüzə yatırım qoymalıyıq.
İradə
TUNCAY
Ədalət.-2012.-22 fevral.-S.4.