Mənim Xocalı mandatım

(26 fevral rekviyemi)

 

Orda ayla, illə, burda müxtəsər dillə sözümün təkrarına qayıdıram...  

   İldə, iki ildə bir dəfə Sınıq körpünü usdufca - əlbəttə, "sınmasın" deyə - keçib Bakıya gedirəm. "Cəllad günü" adlı kitabımın çapı ilə bağlı Bakı səfərimdə Sınıq körpüdə gönüqalın gömrükçü sellafon torbama əsrarlı işarə edib soruşdu:

   - Apardığın nədir?

   - Kağızdır, - deyə gözüqıpıq cavab verdim.

   Torbanı açıb-tökmək amiranəliyinə tabe olub ifçin-ifçin yerləşdirdiyim çap vərəqlərini çıxardıb eyni səliqə-səhmanla düzdüm. Sən demə, həmin vaxtlarda "kağız", Birləşmiş Ştatlar dollarına deyilirmiş. Belə...

   ...Fikir verin, doğum günü Xocalı faciəsi ilə eyni günə - fevralın 26-na düşən dahi Viktor Hüqo, ömrünün bir hissəsi sürgünlərdə keçən bu ustadlar ustadı bədii söz nəhəngi bir dəfə Prusiyaya keçərkən jandarm soruşmuşdu:

   - Nə ilə məşğulsunuz? Yəni... çörəkpulunu nə ilə qazanırsınız?

   - Yazıram. Lələk qələmlə qazanıram.

   - Belə də yazarıq: Hüqo - lələk qələm alverçisi...

   Nə demək istəyirəm? Hüqonun təqdimata ehtiyacı yoxdur. Onun "Düşüncələr"i də, "Əsrlərin əfsanəsi" də, "Paris Notrdam kilsəsi"dən tutmuş, "Səfillər"ə qədər bütün yazdıqları cümlə-cahana məlumdur. Sözüm onda deyil. Sözüm burasındadır ki, vaxtilə onu sürgünə göndərən III Napoleonun özü almanlara əsir düşüb bir daha vətənə qayıtmamışdı. Həyatın kinayəsi buna demirlərmi?

   Amma sözümün canı "mandat"dadır. Viktor Hüqonun mənim - dünyanın ucqar adamının - "mandat"ında. Eynən çilik-çilik şüşələr üstündə yeriyən canım-gözüm Şuşanın şehlicə almasıtək oxşar...  

   Latın sözü - yenə latın sözü - olan "mandat"ın ilkin mənası "tapşırıq" deməkdir. Sonralar, Millətlər Cəmiyyətinin, daha sonralar Birləşmiş Millətlər Təşkilatının bəzi ölkələrə - əsasən qalib ölkələrə - verilən hüququ "mandat" adlanmağa başladı. Ümumiyyətlə, mandat - təqdim edənin bu ya digər vəkalətini təsdiq edən sənəddir.

   ...Bir vaxt - misal üçün - Kanada üzərində idarəçilik mandatının Fransadan İngiltərəyə keçməsindən fərqli olaraq, bütövlükdə bütün digər tarixi mandat faktlarından dolayı - məsələn, Fransanın vaxtilə Suriya üzərindəki mandatı - Viktor Hüqonun "mandat"ında... həyat gerçəkliyinin insan gözünə dirənməsi halında, cəmiyyət tərəfindən "atılmışlar"ın müdafiəsi yazılmışdı. O "mandat" a söz fikir azadlığı yazılmışdı. Ədalət şəfqət, vicdan insan haqları yazılmışdı. Bu gün biz "Xocalıya - ədalət!" istəyəndə, qədər qəribə olsa, bu ədaləti həm Hüqo istəyir. Çünki onun yazıçı "mandat-tapşırığ"ı deputat, siyasətçi "mandat-tapşırığ"ı deyildi.

   ...Mənim Sınıq körpüdən bəri iyirmi ildir ki, bircə "mandat"ım var: Xocalı mandatı.

   Düz 210 il bundan əvvəl dünyaya gələn Viktor Hüqo biləydi, düz 210 il sonra, özü düz onun ad günündə dünyanın Qarabağ deyilən yerində - Xocalıda kədəri ölüm dərəcəsindən artıq bir faciə baş verəcəkdir. "Qardaşdan irəli" bilinən qonşu körpələrə qədər əlinə keçəni qanına qaltaq eləyəcəkdir...

   Qəbri qarlı çöllərdə qalan Xocalı balasının körpəcə əllərinə batan tikanlar Borçalıda ürəyimin başına batır: düz iyirmi ildir aramsız batır...

   Parisdə deputat mandatlarını təəssübkeşliklə İrəvana tərəf qaldıranlar mənim "Xocalı mandatım"ı qədər görməməzliyə vuracaqlar?

İbrahimxəlil

Ədalət.-2012.-22 fevral.-S.5.