UZAQDAN GÖRÜNƏN İŞIQ...

... Həmişə müəllimi çoxları işığa, nura bənzədir. O mənada bənzədir ki, hər hansı müəllim öz savadı, biliyi və istedadı ilə yeni yetişən gəncliyin yolunu işıqlandırır. Əgər bu savad, bu bilik olmasa, təbii ki, şagirdlər hansı yolla və necə gedəcəyini o qədər aydınlaşdıra bilməz. Ən azından ona görə ki, savadsız insan kor kimidi...

   DƏYƏRLƏR UNUDULMUR...

   Füzulidə bir-birindən zəngin və tarixi keçmişə malik olan təhsil ocaqları var. Təbii ki, bu təhsil ocaqları insanların savadlanması və maariflənməsi üçün zaman-zaman öz payını verir. Əgər biz durub ayrı-ayrı məktəblərin tarixi ilə bağlı söhbət açsaq buna uzun müddət vaxt lazımdır. Ancaq hər şeyin vaxtı gələndə onun barəsində danışmamaq mümkün deyil. Füzuli təhsilinin özünəməxsus xüsusiyyəti və dəyərləri var. Bu dəyərlər ən çox onunla bağlıdır ki, təhsil sistemində çalışan müəllimlər zaman-zaman özlərinin möhürünü vurublar. Vaxtı ilə Füzuli təhsilinə və maarifinə Hüseyn müəllim kimi bir ziyalı başçılıq edib. Onun ənənəsini sonradan gözəl ziyalı Hafiz Tahirovbu gün isə Almaz Həşimova davam etdirir.

   Böyük Bəhmənli kəndində 2 tam orta məktəb fəaliyyət göstərir. Onun biri kəndin aşağı, digəri isə yuxarı hissəsində yerləşir. Elə bugünkü yazımızda da kəndin yuxarı hissəsində yerləşən bir tam orta məktəb - Allahyar Əliyev adına 2 saylı tam orta məktəb barəsində söhbət açacağıq.

   BİR MƏKTƏBİN TARİXİ

   Haqqında söhbət açmaq istədiyimiz bu məktəb 1977-ci ilin noyabrında fəaliyyətə başlayıb. Səkkizillik məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı zaman-zaman böyük uğurlara imza atıb. Təsadüfi deyil ki, bu təhsil ocağının əsasını Füzuli təhsilində və eləcə də Bəhmənli maarifində böyük xidmətləri olan Əvəz Əliyev qoyub. Əvəz müəllim uzun müddət kəndin aşağı hissəsindəki tam orta məktəbdə direktor vəzifəsində işləyib. Onun üslubu, təcrübəsi çoxlarından fərqlənib. Yəni Əvəz müəllim məktəbə gələndə nəinki şagirdlər, hətta müəllimlər belə özlərini yığışdırıblar. O, işlədiyi hər iki məktəbdə dəmir intizam yaradıb. Elə bu dəmir intizamın nəticəsi idi ki, həmin məktəbi bitirən məzunların əksəriyyəti bu gün müxtəlif yüksək vəzifələrdə çalışır. Həmin məzunlar çox vaxt deyirlər ki, əgər Əvəz müəllim kimi tələbkar müəllimlər olmasaydı, biz bugünkü mövqeyə gəlib çata bilməzdik. Çünki Əvəz müəllim oğluna belə güzəşt eləməzdi. Dərsini bilmirsənsə, məktəbə gəlməmisənsə mütləq cəzalanmalı idin. Bir müəllimin haqqı nə idi ki, dərsə vaxtında gəlməsin və şagirdlərə yüksək səviyyədə bilik öyrətməsin. Açıq dərslərdə rəhmətlik Əvəz müəllim ancaq özü əyləşərdi və sona qədər müəllimlərin apardığı dərsə diqqət yetirərdi və axırda da öz sözünü deyərdi. Təbii ki, bütün bunlar tədrisin və təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət eləyib.

   SONRAKI DİREKTORLAR

   Bu təhsil ocağında rəhmətlik Əvəz Əliyevdən sonra gələn direktorlar da ənənəni davam etdirdilər. Yəni məktəbdə möhkəm nizam-intizameyni zamanda müəllimlər arasında tələbkarlıq daha da artdı. Bu mənada yeni direktor Cəlal Səfərovun adını xüsusi ilə qeyd etmək istəyirəm. Rəhmətlik Cəlal müəllim də Əvəz müəllim kimi çox tələbkar idi. Hər ikisi bu sətirlərin müəllifinə dərs deyib və hər ikisininboynumuzda haqqı çoxdur. Bu gözəl insanlar getdikləri və çalışdıqları yerdə həmişə yaxşı mənada inqilab eləməyi, işə orijinal münasibət bəsləməyi bacarıblar. Elə buna görə də bu gün Füzuli təhsilində və Bəhmənlidə həm Əvəz müəllimin, həm də Cəlal müəllimin yeri görünür. Allah onların hər ikisinə qəni-qəni rəhmət eləsin. Sonrakı illərdə bu məktəbə Fəxrəddin YusifovAkif İsmayılov rəhbərlik eləyib. Fəxrəddin müəllimin və Akif müəllimin vaxtında da bu təhsil ocağı böyük uğurlara imza atıb. O uğurlara ki, heç də asanlıqla qazanılmayıb. Hər bir uğurun, hər bir müvəffəqiyyətin əldə edilməsi üçün müəllimlərin çəkdiyi zəhmət özünü göstərib. Müəllimlər də biliblər ki, bu məktəbdə heç kimə güzəşt edilmir.

   HƏŞİM RZAYEVİN OĞLU HƏSƏN MÜƏLLİM

   Həşim Rzayev bizim rus dili müəllimimiz olub. Öncə onu qeyd edim ki, Həşim müəllim ziyalı olmaqla yanaşı, həm də çox bacarıqlı, fərasətli və işgüzar bir insan olub. Bizim kənddə çoxları çətinə düşəndə, öz işini aşıra bilməyəndə Həşim müəllimə müraciət ediblər. Həşim müəllim də həmin adamların qabağına düşərək düz axıra qədər gedib və onların işini aşırıb. Kənddə yaşlı adamlar deyirdilər ki, Həşim müəllimin düzəldə bilmədiyi işi heç kim həll eləyə bilməz. Çünki Həşim müəllim qanunu, qaydanı və mübarizə aparmağı çox yaxşı bilir. Həşim müəllim bilir ki, kimə nə demək lazımdır və o da hansı addımı atacaq.

   Elə bil bir balaca mətləbdən uzaq düşdüm. Bu məktəbə 2011-ci ilin sentyabr ayında Həşim müəllimin oğlu Həsən Rzayevi direktor təyin ediblər. O, Naxçıvan Dövlət Pedaqoji İnstitunun riyaziyyat fakültəsini bitirib və təyinatla 1990-cı ildə bu məktəbə gəlib müəllimliyə başlayıb. Həsən müəllim 2005-ci ilə qədər təşkilatçı müavin vəzifəsində çalışıb. Özü YAP-ın üzvüdür, 2 oğlu, 1 qızı var. Sözümüzün canı odur ki, cavan kadr olduğuna görə rayon Təhsil Şöbəsi onu irəli çəkib və etimad göstərib...

   "BİZ YENİ DİREKTORDAN RAZIYIQ"

   Bu sözləri Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova dedi. Almaz xanım dedi ki, yaş həddi ilə əlaqədar olaraq bir çox məktəb direktorları təqaüdə göndərilib. Elə əvvəlki direktor Akif İsmayılov da çox savadlı və bacarıqlı ziyalı olub. Buna görə də götür-qoy elədik və bu qərara gəldik ki, onun yerinə elə kadr tapaq ki, problemlər yaranmasın. Bir neçə namizədin içərisində Həsən Rzayevi bu vəzifəyə məsləhət bildik. Ona görə məsləhət bildik ki, o həm gəncdir, həm öz üzərində ciddi işləyir, həm də xeyli pedaqoji təcrübəsi var. İlk ayların nəticəsi təsdiq edir ki, biz heç də səhv eləməmişik. Yəni Həsən müəllim fəaliyyətə başladığı ilk gündən keçmiş ənənələrə arxalanaraq öz işinə yaradıcılıqla yanaşır. Bu da onu deməyə əsas verir ki, gəncləri irəli çəkmək lazımdır. Amma gərək gənclər də Həsən müəllim kimi bizim etimadımızı zaman-zaman doğrultsunlar...

  

   (ardı gələn sayımızda)

Faiq QİSMƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-22 fevral.-S.7.