İlhamə Qasımova: "Belə
müğənni ağzını açan
kimi..."
"Onlar bizim bəzi gənc müğənnilər kimi bir-iki ağız oxuyub, pul qazanmaq
haqqında fikirləşmirlər"
- İlhamə, Avropa turnesi çərçivəsində Avstriyada, Almaniyada konsert proqramları ilə
çıxış etdin. Bu konsertlərin təşkilatçısı
kim idi, bu turne sənə nə verdi? Ümumiyyətlə, konsert
necə keçdi? Zəhmət olmasa, oxucularımızla təəssüratlarınızı
bölüşün.
- Konsertlərin təşkilatçısı,
konsert verdiyimiz məkanların - "Muzikpark"ların aid
olduğu şirkət idi. Bu konsert mənim ilk imtahan konsertim oldu - deyə bilərəm. Avropa
turnesi çərçivəsində verdiyim konsertlərdə daha
da çox şey öyrəndim. Hansı ki,
bu öyrəndiklərim mənə gələcəkdə
böyük zallarda konsert verməyim ücün
bir təcrübə oldu.
Konsertlərimin uğurla sonuclanmasından
çox məmnunam.
-
Avropa tamaşaçısı bizim tamaşaçılardan nə
ilə fərqlənir?
- Elə də nəzərəçarpacaq
fərq yoxdur əslində. Amma bəzi
fərqləndirən xüsusiyyətlər var.
Məsələn, Avropa
tamaşaçısı çox sadədir.
Onları yalnız gördüyün iş, onlarla səmimi
münasibət, ünsiyyət maraqlandırır. Avropa tamaşaçısını mənim
üst-başım, imicim
maraqlandırmırdı. Sadə geyimdə hamı bir nəfər kimi məhz
musiqi dinləmək üçün
konsert məkanına gəlirdilər. Hər
şey çox sadə
idi. Hamı eyni
girişdən girir, eyni
qiymətdə olan biletdən
alırdı. Bir sözlə, musiqidən
zövq almaq üçün bir məkana
toplaşan insanlar
biri-birindən fərqlənməyə, digərindən üstün görünməyə
çalışmırlar.
- Bəs
Avropa müğənniləri necə, azərbaycanlı sənətçilərdən
hansı kriteriyaları ilə fərqlənirlər?
- Fərq orasındadır ki,
Avropada tanınan müğənni olmaq istəyirsənsə,
həddindən artıq çox işləməlisən
öz üzərində. Orada dinləyici
qazanmaq müğənniyə böyük zəhmət hesabına başa gəlir. Məsələn, bu gün mahnını
aldım, beş gün
dinlədim, sonra da gedib 1-2 saata studiyada yazdırdım - bunlarla
bitmir. Çünki
belə müğənni ağzını açan
kimi rədd cavabı alır. Həqiqətən,
mən orada müğənniliyin bir sənət kimi necə
ağir olduğunu
anladım və bunu yaşadım. Bir mahnı üzərində o
qədər çalışmaq, studiyada
yazılanda da hətta nəsə bəyənilmirsə,
hər şey təxirə salınır.
Deyirlər təzədən öyrən.
İnanın ki, artiq ifa edəcəyin mahnını nifrət edəcəyin qədər əzbər öyrənirsən. Söhbət sözlərin və ya musiqi kantatasının öyrənilməsindən getmir, oxu tərzindən, sound-dan, mahnının hansı sözlərində hansı səs ahəngi olmalıdır - bunlardan gedir. Bir sözlə, çox ağırdır. Məhz bu amillərə görə, bizim müğənnilərin işi yüngüldür, bunlara görə fərqlənirik Avropa müğənnilərindən. Bir də mən orada çox da reklamı aparılmayan müğənnilərin sənətə vurğunluqlarını gördüm. Onlar bizim bəzi gənc müğənnilər kimi bir-iki ağız oxuyub, pul qazanmaq haqqında fikirləşmirlər. Onları, ifa edəcəkləri mahnı, gördükləri işin keyfiyyəti maraqlandırırdı. Çünki yeganə maraq sənətə idi. Məncə, biz onlarla müqayisədə, az çalışqanlığımıza görə fərqlənirik.
- İlhamə Qasımova Azərbaycan
üçün artıq bir
brenddir, əgər Avropada
adının dəyişdirilməsi məsələsi ortaya çıxsa - başqa
ad altında çıxışlar etməyinizi
nəzərdə tuturam - buna
razılaşarsınız?
- Xeyr, çünki bunun
üçün çox gecdir. Həm də bu söhbət ilk
müqavilə imzaladığım gün
olub və adımın İlhamə kimi qalması qərara alındı. Adım
yerində qaldı, sadəcə, soyadı kənarlaşdırdılar.
Məncə, adından kənar bir ad qoymaq üçün
çox fərqli janrın və ya görünüşün
olmalıdir, yaxud da
davranış tərzin, Lady Qaqa və ya Madonna, Pink, Sinead O"Connor kimi olmalıdır. Bunlarsız ad dəyişmək yersiz,
mənasız və savadsızlıq olar.
- Bu
turneyə külli miqdarda vəsaitlər xərclənir, sirr
deyilsə, bunun müqabilində qonorarınızın məbləğini
açıqlayarsınız?
- Bu, əlbəttə ki, sirrdir. Təkcə mənim
sirrim yox, prodüserimin ve menecerimin arasında olan biznes sirridir.
- Birdəfəlik Azərbaycanı tərk edib, Avropada fəaliyyət göstərmək
təklifi alsanız, cavabınız necə olar? Həm də belə olan halda, Azərbaycanda
nələri itirə
bilərsiniz?
- "Birdəfəlik" dedikdə, uzunmüddətli ola bilər, yəni əlbəttə ki, bu oradakı işdən asılıdır. Əgər məni doğrudan da qane etsə, o zaman birdəfəlik deyil, uzunmüddətli gedə bilərəm, iş müqaviləsi ilə. Yaşamaq üçün isə Vətənim yaxşıdır.
Ədalət.-2012.-22 fevral.- S.8.