Xocalı faciəsi şahidlərin gözü ilə

İNSANLIĞA QARŞI QANLI CİNAYƏT

Müxtəlif tarixi dövrlərdə ermənilərin müəyyən xarici havadarlarının köməyi ilə xalqımıza və türklərə qarşı həyata keçiridiyi terror və soyqırımı aktlarından ən dəhşətlərindən biri olan Xocalı soyqırımı dünyada bənzəri olmayan vəhşiliyin nümunəsidir. Hadisənin şahidlərinin sözlərinə görə bəşər tarixində misli görünməmiş qəddarlıqlarla, insanlığa sığmayan üsullarla törədilmiş Xocalı soyqırımı zamanı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə oradakı insanların ah-naləsini, fəryadlarını, yaşadıqlarını olduğu kimi, təsvir etmək mümkün deyil. Həmin gün erməni faşizminin mənfur xislətini, xəstə təfəkkürünü, çürük mənəviyyatını ifşa edən bu soyqırım aktı yalnız Azərbaycanın sərhədlərinin toxunulmazlığına qarşı yönəldilmiş terror aktı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı yönəldilmiş qəddar cinayət, qətliamdır.

   Quduzlaşmış erməni quldurları rus imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları bu soyqırım zamanı 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 103 qadını, 70 qocanı bir neçə saatın içində insanlığa sığışmayan üsullarla, bəşər tarixində misli görünməmiş vəhşiliklərlə qətlə yetirdilər. 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər 1941-1945-ci illərdə dünyanı lərzəyə salan, insanlarda vahimə yaradan faşizmdən də betər olduqlarını nümayiş etdirdilər.

    Bu hadisənin dəhşətlərini yaşayanlardan biri, 1993-cü ildən ailəsi ilə birlikdə rayonumuzun Qarabaldır kəndində məskunlaşmış Xocalı sakini, ömrünün müdriklik çağını yaşayan Məhəmməd Abbasovla görüşüb hal-əhval tutduqdan sonra ağrılı-acılı, vahimə dolu anları yada salmaq onun üçün çətin də olsa oxucularımıza ermənilərin məkrli niyyətlərinə çatmaq üçün törətdikləri Xocalı faciəsi barədə əsl həqiqətlər, şahidi olduğu hadisələr danışmasını xahiş etdik. Adətən çox danışmağı, ah-nalə çəkməyi sevməyən, fikrini qısa və konkret ifadə edən Məhəmməd dayı dərindən bir ah çəkərək aram-aram danışmağa başladı:

   - Ermənilər 1988-ci illərdən öz çirkin niyyətlərinə çatmaq üçün kütləvi qırğın törətməyi, adamlarda vahimə yaratmağı planlaşdırmışdı. Bu məqsədlə Xocalını da təsadüfi seçməmişdilər. O vaxt Xankəndində iğtişaş törətmək üçün ətraf kəndlərdən ermənilərin bir çoxu Xocalıdan keçib getməliydi. Xocalılar isə onlara imkan vermirdilər. Ona görə də vaxtaşırı şəhəri atəşə tuturdular. Lakin 5 il xocalılar əliyalın ermənilərin hücumlarının qarşısını aldılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə rusların hərbi hissəsinin köməyi ilə kəndi 3 tərəfdən mühasirəyə aldılar. Digər keçilməz meşə, qayayarğanlardan ibarət ərazidə isə pusquda durmuşdular. Güllə-borana tutulmuş kənddən bir təhər qaçanların bir hissəsi qarlı, çovğunlu həmin gün meşədə soyuqdan donaraq öldü, bir hissəsi barmaqlarını itirdi, bir təhər meşədən çıxanlar isə pusquda duran ermənilərin hücumuna məruz qaldılar. O gün təkcə bizim qohum-əqrəbadan 25 nəfəri amansızlıqla qətlə yetirdilər. Bir musiqiçini yandıraraq işgəncə verməklə öldürdülər. Qonşumuz, avtobus sürücüsü Elmarı güllələdikdən sonra hələ sağ ikən ağzındakı qızıl dişlərini daşla vurub sökdülər. Bibim oğlu Hüseyni 6 nəfər ailə üzvi ilə birlikə qətlə yetirdilər. Xalam oğlunun həyat yoldaşı meşədə donaraq öldü. Xalamın həyat yoldaşının, qızının, kürəkəninin ayaq barmaqları donduğundan bir həftə sonra kəsdilər. Kürəkənimizin ailəsinin 3 nəfər üzvünü girov götürən ermənilər onlara ifadə edilməsi mümkün olmayan üsullarla işgəncələr vermiş, təhqir etmişlər.

   Məhəmməd dayı o müdhiş gecədə soydaşlarımızın başına gətirilən digər daha bir neçə müsibətlərdən, körpələrin, qadınların, yaşlı insanların olmazın əzab-əziyyətlə, işgəncələrlə qətlə yetirilməsinə dair şahidi olduğu hadisələrdən də danışmaq istəsə də kövrəldi, danışa bilmədi. Bunu görüb söhbətin mövzusunu dəyişərək, mətləbdən bir az uzaqlaşdıq...

   Sonra söhbət zamanı öyrəndik ki, Məhəmməd dayı həyat yoldaşı Gülarə xanımla fevralın 26-ı Xocalıdan çıxmış, meşələrdə gizlənə-gizlənə 27-də Ağdama çatmışdır. 1993-cü ildən isə həyat yoldaşı ilə birlikdə rayonumuzun Qarabaldır kəndində məskunlaşmışdır. O vaxt Qarabağda müxtəlif cəbhələrdə ermənilərlə torpaqlarımız uğrunda döyüşlərə atılan oğlu Bəhman da hazırda 3 övladı və həyat yoldaşı ilə birlikdə onlarla yaşayır. Minlərlə digər soydaşlarımız kimi, Məhəmməd dayı və onun ailəsi də bu qanlı faciələrdən bir müddət sarsıntı keçirərək özlərini itirsələr də xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyevə olan möhkəm inam və dövlətin dəstəyi, öz daxili dözümləri, qətiyyətləri nəticəsində həyatlarını yenidən qurmağı bacardılar. Bu işdə onlara rayon rəhbərliyinin köməyi, əhatəsində olduqları insanların qayğısı da mənəvi dayaq oldu. Rayon rəhbərliyindən, qaxlılardan həmişə diqqət və qayğı gördüyünü söyləyən Məhəmməd dayı belə deyir:

   - Qaxa gəldiyimiz gündən burada istər rəhbərlik, istərsə də camaat tərəfindən hörmət görmüşük. Evlə, təsərrüfat və mal-qara üçün əlavə binalarla, kifayət qədər torpaqla təmin olunmuşuq. Heç kim köməyini bizdən əsirgəmir, dolanışığımızdan razıyam. Bircə dərdim Qarabağ dərdi, Xocalı dərdidir. İnanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, torpaqlarımız hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində, ölkəmizin günbəgün artan siyasi, iqtisadi və hərbi qüdrəti sayəsində düşmən tapdağından azad olunacaq, ermənilər layiqli cəzasını alacaqlar.

 

Novruz ŞABANOV Qax şəhəri

Ədalət.-2012.-23 fevral .-S.6.