BİZİM EYNAL MÜƏLLİM

Yazının sərlövhəsinə ad seçməyim səbəbsiz deyil. Ona görə ki, bütün prokurorluq işçiləri, o cümlədən təqaüddə olanlar Eynal müəllimi özlərininki hesab edirlər.

  

   Baş ədliyyə müşaviri Eynal Hacı oğlu Əliyev 1923-cü il oktyabr ayının 8-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olmuşdur. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra o, Aazərbaycan Tibb Universitetinə daxil olmuş, lakin Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1942-ci ildə könüllülər sırasında cəbhəyə getmiş, bununla əlaqədar, ali tibb təhsilini almaq arzusu yarımçıq qalmışdır. O, 1943-cü ilin axırlarında ağır xəstəliyinə görə ordu sıralarından tərxis olunmuşdur.

   Eynal müəllim 1944-cü ildə BDU-nun hüquq fakültəsinə daxil olmuş, lakin prokurorluq orqanlarında kadr çatışmazlığı səbəbindən təhsilini başa vurmamış, sonuncu kursdan - 1947-ci il oktyabr ayının 6-da Lenin (indiki Sabunçu-İ.A.) rayonuna prokuror köməkçisi vəzifəsinə təyin olunmuşdur. O, 1948-ci ildə hüquq fakültəsini bitirdikdən sonra Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər-İ.A.), Oktyabr (indiki Yasamal-İ.A.) rayonlarında prokuror, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, 1969-1974-cü illərdə Qaradağ rayon prokuroru, 1975-1988-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda şöbə rəisi, Məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin böyük prokuroru vəzifələrində çalışmışdır. 1989-cu ilin avqust ayında siyasi repressiya qurbanlarının təmizə çıxarılması işi ilə əlaqədar İstintaq nəzarət idarəsi nəzdində yaradılmış şöbədə böyük prokuror vəzifəsinə təyin edilmiş və 2000-ci ildə təqaüdə çıxmışdır. O, hüquq üzrə fəlsəfə doktorudur.

   Eynal müəllim 50 il, başqa sözlə, yarım əsr prokurorluq orqanlarında qüsursuz xidmət etmişdir. O, peşəkarlığı və əməksevərliyi ilə həmişə fərqlənmiş, onun bu cəhəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, ona "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı verilmiş, bir çox ordenmedallarla, həmçinin, keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən "SSRİ Prokurorluğunun fəxri işçisi" döş nişanı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi tərəfindən dəfələrlə xidməti qaydada fərqləndirilmişdir.

   Yaxşı yadımdadır ki, 1998-cu ildə Eynal müəllimin 75 illiyini Xaqani küçəsindəki "Aktyor evi"nin binasında yerləşən restoranda qohumları, dostları və iş yoldaşları ilə birlikdə qeyd etdik. Həmin tədbirdə Eynal müəllimin həyat yoldaşı Mənicə xanım da iştirak edirdi. Eynal müəllimin həyat yoldaşı Mənicə xanım hazırda dünyasını dəyişsə də, Eynal müəllim həmişə onu böyük hörmətlə xatırlayır. Onlar 50 il birlikdə ömür sürmüşmehriban ər-arvad olmuşlar.

   Eynal müəllim çox məsuliyyətli, nizam-intizamı sevən, dəqiq, yüksək nəzəri hazırlığa və böyük təcrübəyə malik prokurorluq işçisidir. Az-az prokurorluq işçilərinə rast gəlmək olar ki, onlar peşələrinə dair kitab yazmış olsunlar. Lakin Eynal müəllim, çoxlarından fərqli olaraq, bu işlə mütəmadi məşğul olmuşdur. 1997-ci ildə onun "Azərbaycan Respublikası Prokurorluğu tarixindən səhifələr" kitabı işıq üzü görmüşdür. Həmin kitabın əlyazmasını üç dəfə oxumalı olmuşmüvafiq təkliflər də vermişdim.

   2003-cü ildə çap olunmuş "Azərbaycan SSR-də XX əsrin siyasi repressiya qurbanları" və 2008-ci ildə isə işıq üzü görmüş "Xatirələr...düşüncələr...mülahizələr" kitablarının da müəllifi Eynal Əliyev olmuşdur.

   Eynal müəllimin üçüncü kitabı 2008-ci ildə çapdan çıxmaqla, Azərbaycan Respublikası Prokurorluğunda təqdimatı keçirildi və təqdimata prokurorluğun təqaüdçüsü kimi bu sətirlərin müəllifi də dəvət olunmuşdu.

   Təqdimat mərasiminə prokurorluğun bir çox təqaüdçüləri, o cümlədən Azərbaycan Respublikası Prokurorunun birinci müavini vəzifəsində işləmiş, III dərəcəli dövlət ədliyyə müşaviri, həmin vaxt Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi işləyən, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası Ələddin Sultanov, Respublika Prokurorluğunda əsasən rəhbər vəzifələrdə işləmiş Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, III dərəcəli ədliyyə müşaviri Yamən Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev və bir çox başqaları dəvət olunmuşdular. Tədbir çox maraqlı keçməklə, kitabın müəllifinin və toplantı iştirakçılarının da yüksək əhval-ruhiyyəsinə səbəb oldu.

   Eynal müəllimin dəqiqliyi və nizam-intizama nümunəvi əməl etməsinə dair bir neçə epizodu qeyd etmək oxucular üçün də maraqlı olar.

   1996-cı il olardı. Respublika Prokurorluğunun Mərkəzi Aparatında Kadrlar idarəsinin rəis müavini vəzifəsində işləyirdim. Rəhbərlikdən tapşırıq almışdım ki, prokurorluq işçilərinin xüsusi rütbələri və geyim forması ilə əlaqədar bir təlimat layihəsi hazırlamalı idim. Sovetlər dönəmində qüvvədə olmuş müvafiq təlimatlarla tanış olmaq və təlimat layihəsini hazırlayarkən onlardan istifadə etmək qərarına gəldim. Ona görə də Prokurorluğun Mərkəzi Aparatının kitabxanasına gəldim. Burada mənə məlum oldu ki, 1990-cı illərdə kitabxanada yanğın baş vermişkitabxana fonduna daxil olan bir çox kitablarnormativ hüquqi aktlar məhv olmuşdur. yoldaşlarımdan biri mənə dedi ki, həmin təlimatları yalnız Eynal müəllim də tapa bilərsən. O zamanlar Eynal müəllimin otağı prokurorluğun birinci mərtəbəsində yerləşirdi.

   Mən Eynal müəllimin iş otağına gəldim. Həmin otaqda daha iki nəfər, təxminən, həmin yaşda olan əməkdaşlar otururdular. Mən gəlişimin məqsədini Eynal müəllimə bildirdim. Onu da əlavə etdim ki, bu təlimatlar olsa-olsa sizdə olacaq.

   Eynal müəllim mənə qulaq asıb, diqqətlə üzümə baxdı və dedi:

   -Xahiş edirəm, qapını örtüb, içəri keçin.

   Mən qapını örtüb və Eynal müəllimin nə deyəcəyini gözlədim.

   Eynal müəllim dedi:

   -Mən hər adama belə sənədləri vermirəm, doğrudur, artıq Azərbaycan Respublikası müstəqil dövlətdir. Lakin bu təlimatların elmitarixi əhəmiyyəti vardır. Ona görə mən belə sənədləri saxlayıram. Xahiş edirəm, həftənin birinci günündən gec olmayaraq həmin sənədləri mənə qaytarasan.

   Onu da deyim ki, bu hadisə həftənin beşinci günü günün ikinci yarısı baş vermişdi. Mən Eynal müəllimə söz verdim ki, ondan alacağım sənədləri həftənin birinci günü qaytaracağam.

   Bu sözlərdən sonra Eynal müəllim cibindən açarı çıxardıb, iş stolunun siyirməsini açıb, oradan maraqlandığım sənədləri götürüb mənə verdi və dedi:

   -Bax, həftənin birinci günü sənədləri qaytar, sənə böyük hörmətim var, ona görə sənədləri sənə verirəm.

   Mən sənədləri alıb, Eynal müəllimdən razı qalaraq, üçüncü mərtəbədə yerləşən iş otağıma qayıtdım. Qapını açmamış şəhər telefonunun aramsız zəng etməsini eşitdim. Otağa daxil olub telefonun dəstəyini qaldırdım. Zəng edən Eynal müəllim idi. O, dedi:

   -Bax, sənədləri həftənin birinci günü qaytarmağını rica edirəm.

   Dedim ki, Eynal müəllim, mən də sözümün sahibiyəm, sənədləri həftənin birinci günü sizə qaytaracağam. Narahat olmayın.

   Eynal müəllimin dəqiqliyini göstərən daha bir epizodla oxucuları tanış etmək istəyirəm.

   Yuxarıda qeyd etdik ki, Eynal müəllim prokurorluğun geyim formasına həmişə ciddi əməl edərdi. Qış vaxtlarında xüsusi geyim formasının paltosunu geyinər, boynunda həmişə ağ rəngli şarf, əllərində isə əlcəkləri əksik olmazdı.

   Qış vaxtı günlərin birində iş vaxtının axırına yaxın Eynal müəllim paltosunu geyinir, forma papağını başında, əlində dəri əlcək, ağ rəngli şarfı boynunda, əlləri arxasında otaqda var-gəl edirdi. Onunla bir otaqda oturan iş yoldaşlarından biri qayıdır ki:

   -Eynal müəllim, daha geyinmisiniz, gedin .

   Eynal müəllim sağ əlini qaldırıb, sol əli ilə paltosunun qolunu bir qədər yuxarı qaldırıb, qol saatına baxır və deyir:

   -Yox, iş vaxtının qurtarmağına hələ iki dəqiqə qalır.

   Belə epizodların sayı Eynal müəllimin xidməti fəaliyyətində çox olmuşdur.

   Ikinci Cahan müharibəsindən sonra prokurorluq işçilərinin yay geyim formasına ağ rəngli parçadan tikilmiş pencək də daxil idi. lakin çoxları belə pencəkdən istifadə etmirdilər. Lakin mən ilk dəfə belə pencəyi Eynal müəllimin geyindiyini görmüşəm.

   Ümumiyyətlə, ötən əsrin sonlarında ağ pencəkdən üç nəfərin istifadə etdiyini müşahidə etmişəm:biri Eynal müəllim, digəri isə vaxtilə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləmiş, hazırda hüquq elmləri doktoru, professor olub, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan Mirağa Cəfərquliyev idi. Üçüncüsü isə..., yox bunu deməyəcəyəm, pencək geyinənlərin üçüncüsünü müəyyən etməyi oxucuların üzərinə buraxıram.

   Eynal müəllimin mənzili Respublika Baş Prokurorluğunun yerləşdiyi küçədə - Murtuza Muxtarov küçəsində (sovetlər dönəmində həmin küçə "Poluxin" küçəsi adlanırdı - İ.A.) idi. Eynal müəllim həmişə, bir qayda olaraq, işə piyada gələr və heç vaxt işə gecikməzdi, demək olar ki, vaxtının başlamasına 3-4 dəqiqə qalmış həmişə işdə olardı. Onun evdən çıxması ilə, mübaliğə olmasın, günün saatını dəqiqləşdirmək mümkün idi.  

   Hazırda Eynal Əliyev təqaüddədir. Lakin o, mütailə etməkdən yorulmur, demək olar ki, bütün rəsmi qəzetləri oxuyur və hərdən zəng edərək mənimlə fikirbölüşür.

    Sonda biz Eynal Əliyevə möhkəm can sağlığı, Qafqaz uzunömürlülüyü və yeni-yeni kitablarının işıq üzü görməsini arzu edirik.

 

İlham Abbasov

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

Ədalət.-2012.-23 fevral .-S.6.