"XÜSUSİ TƏYİNATLI"

 

Qışın şaxtalı günlərinin birində, daha doğrusu, şaxtanın təkrar öz gücünü göstərdiyi ötən şənbədə KİV-ə Dəstək Fondunun böyük zalı jurnalistlərlə, onun döyüş yoldaşları və dostları ilə dolmuşdu. Gələnlər arasında millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Lalə Əliyeva, Aqil Abbas, Zahid Oruc, Fazil Mustafa, eləcə də tanınmış elm, mədəniyyət işçiləri də var idi. Bu qədər insanı bir araya "Xüsusi təyinatlı" İbad Hüseynov yığmışdı...

   Azərbaycanın canlı qəhrəmanı, "Azərbaycan bayrağı" ordenli, böyük türk dünyasının qəhrəmanlığı ilə qürur duyduğu, bütövlükdə insanlığın dəyər verdiyi İbad Mövsüm oğlu Hüseynov Dağlıq Qarabağda - Xocavənd rayonunun Muğanlı kəndində doğulub. Həyat elə gətirib ki, sovet ordusuna həqiqi hərbi xidmətə çağırılan İbad yenicə ordu qanunlarına alışmağa başlamışdı ki, imperiya Bakıda qətliam törətdi. Qanlı yanvar faciəsi və onun müdhiş nəticələri dünyaya yayıldı. İnsanlar bu faciədən xəbər tutub imperiyanın, onun qatil rəhbərliyini damğalamağa başladı. Həmin günlərin xəbərlərini bir vaxt mərkəz sayılan və SSRİ-nin bir nömrəli telekanalı yerləşən Moskvadan yayımlanan "Zaman" xəbərlər proqramında İbadonunla xidmət edən azərbaycanlı əsgərlər baş verənlərdən xəbər tutdu. Həmin vaxt Moskva televiziyası Dağlıq Qarabağda, o cümlədən İbadın doğulduğu Xocavənd rayonunda "ekstremist" qüvvələrin fəallaşdığını, mitinqlərin başladığını öz maraq prizmasından tamaşaçılara çatdırırdı. Ancaq izlədiyi xəbərlər İbadda belə bir fikir formalaşdırmışdı ki, Moskva yalan məlumatlar yayır, gerçəyi gizlədir. Onun kəndi, onun rayonu, onun torpağı düşmən hücumuna məruz qalıb, bu torpaqlarda müharibə gedir. Məhz gəldiyi bu qənaətdən və qəti qərardan sonra İbad özü ilə birlikdə xidmət edən azərbaycanlı əsgərləri başına toplayıb sovet ordusundan xidmətdən imtina etdi. Görünməmiş bu addım generalları, komandirləri şoka salsa da, gənc əsgərlər sözlərindən dönmədilər, geri çəkilmədilər. Vəziyyətin çıxılmazlığını görən ordu rəhbərliyi Azərbaycanlı əsgərləri vaxtından əvvəl təxris etməyə məcbur oldu. İbad doğulduğu kəndə qayıdıb qardaşı Eyvaz Hüseynovun yaratdığı könüllü özünümüdafiə batalyonuna qoşuldu. Özübu, adi bir həvəs, adi bir maraq deyildi. Bu, İbad Hüseynovun döyüşmək, qisas almaq, düşməni yerində oturtmaq qərarının nəticəsi idi.

   Döyüş yolu könüllü batalyondan başlayan İbad Hüseynov tezliklə kəşfiyyat bölüyünün komandiri kimi yaxın-uzaq ətrafa öz qəhrəmanlığı ilə səs saldı. Onun gətirdiyi əməliyyat məlumatları düşmən arxasında gerçəkləşdirdiyi əmrlər, göstərdiyi rəşadət artıq düşməni əməlli-başlı narahat etməyə başlamışdı. Xüsusilə Martuni istiqamətində düşmən hərbi birləşmələrinə rəhbərlik edən, dünyanın ən məşhur terrorçularından biri olan ASALA-nın qaniçən dinc insanların qəniminə çevrilən Monte Melkonyanın yuxusuna haram qatmışdı. Bu qaniçən terrorçu İbadla qarşılaşmaq, onu cəzalandırmaq istəyirdi. Təbii ki, bu qarşılaşmaya İbad da hazırlaşırdı. O, dünyanın müxtəlif güşələrində amansız terrorlar törətmiş, əli mülki vətəndaşların qanına boyanmış və bu günonun doğulduğu torpaqda at oynadan Monte ilə haqq-hesab çəkməyi, necə olur-olsun onu diz çökdürməyi hər gün içində təkrarlayır və hər güno qarşılaşmaya bir addım yaxınlaşırdı...

   Böyük iclas zalında toplaşanlar bu soyuq qış günündə iki məqamı qeyd etməyə, daha doğrusu, bu iki məqamın iştirakçısı olmağa gəlmişdilər. Onlardan birincisi "Kəşfiyyatçı" filmi idi. Tədbiri açan şair Əkbər Qoşalı hər kəsi salamladıqdan sonra bildirdi ki, bu gün biz iki məqamı sizinlə birlikdə seyr edib fikirlərimizi bölüşəcəyik. Gəlin öncə "Azərbaycan bayrağı" ordenli, türk dünyasının canlı və əfsanəvi qəhrəmanı İbad Hüseynovun barəsində çəkilmiş daha bir filmi, yəni "Kəşfiyyatçı"nı seyr edək...

   Zalda dərin bir sükut hakimdi. Hamı sanki nəfəsini dişləri ilə sıxıb saxlayıb. Bütün diqqət ekrandadı. Filmin müəllifi redaktoru Etibar Məmmədovun lentə aldığı rəsmi xronika ilə zənginləşmiş canlı döyüş səhnələrini əks etbirən məqamlarla bir-birini tamamlayan film tamaşaçıları həmin döyüş meydanına çəkib aparır. Adama elə gəlir ki, bütün bu baş verənlər elə onun iştirakı ilə, onun şahidliyi şəhidliyi ilə gerçəkləşir. "Kəşfiyyatçı" filmi həm çəkiliş, həm musiqi həm fraqmentlər baxımından son dərəcə təsiredici inandırıcıdı. Filmə baxdıqca Azərbaycan əsgərinin, Azərbaycan kəşfiyyatçısının döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar tamaşaçının dünyasında bir ümid, bir qələbə məşəli yandırır. MTN-nin, Müdafiə Nazirliyinin digər rəsmi qurumların arxivlərindən əldə edilmiş sənədlər faktlarla, videoçəkilişlərlə İbad Hüseynovun döyüş yolunu əks etdirən, eləcə onun komandirlərinin, çiyindaşlarının çıxışları ilə bu film bir məktəb, bir tədris təsiri bağışlayır. bir səninlə bir zalda əyləşmiş qəhrəmanın boy-buxununa baxanda bu cavan oğlanın canındakı oda-alova, gücə həm həsəd aparırsan, həm onun varlığı ilə qürur duyursan...

   Film başa çatır. Tribunaya ilk olaraq millət vəkili Qənirə Paşayeva yaxınlaşır. Həyəcanla, həm böyük fəxarət hissi ilə zalda əyləşənlərə üz tutan Qənirə xanım ilk öncə:

   - Qardaşım İbad! Mən sənin kimi qeyrətli oğullarımızla fəxr edirəm. Sənin qəhrəmanlığın, sənin döyüş yolun xalqımızın əfsanəvi qəhrəmanlarının şücaətlərini təkrar etməklə yanaşı, xalqımızın doğrudan da yenilməz olduğunu sübut edir. Sənin döyüş yolun göstərir ki, biz torpaqlarımızı mütləq azad edəcəyik. Çünki bu torpağın sənin kimi cəsur, qeyrətli oğulları kifayət qədərdi. bir biz səninlə ona görə fəxr edirik ki, sən özün bütün fəaliyyətinlə canlı nümunəsən. Sənin hər bir addımın neçə-neçə filmlərin, neçə-neçə kitabların ssenarisidi. Bu günə qədər barəndə çoxlu məqalələr, kitablar yazılıb, filmlər çəkilib. Bu gün seyr etdiyimiz "Kəşfiyyatçı" filmi, eləcə indi təqdimatı keçiriləcək "Xüsusi təyinatlı" kitabı sənin döyüş yolunun Azərbaycan xalqına, türk dünyasına çatdırılmasında daha bir təşəbbüsdü. Mən həmin kitabın ön sözünün müəllifi olduğundan kitabı təkrar-təkrar oxumuşam səninlə birlikdə döyüş dostlarının, komandirlərinin səngərdə keçən həyatını yaxından izləmişəm. Qürur duyuram ki, səni sənin döyüş dostlarını yaxından tanıyıram. Sən öz qəhrəmanlığınla təkcə Azərbaycanın, türk dünyasının yox, bütün insanlığın düşməni olan bir terrorçunu məhv etmisən. Bunun üçün insanlıq sənə minnətdardı.

   İbad Hüseynov barəsində ətraflı çıxış edən Qənirə Paşayeva sözarası vurğuladı ki, Azərbaycanın istedadlı yazıçısı, millət vəkili, hamımızın əzizi Aqil Abbas çıxışlarının birində vurğulayıb ki, torpaq təkcə qulağıyla, gözəlliyi ilə yox, həm onun üzərinə tökülən qanla müqəddəsləşir. Bu mənada Şuşa, bütövlükdə sənin doğulduğun Xocavənd rayonu həm gözəlliyi, həm gəzməli-görməli yerləri ilə deyil, eyni zamanda, onun uğrunda döyüşən qəhrəmanları, şəhidləri ilə əzizdi, müqəddəsdi.

   Millət vəkili Aqil Abbas İbad Hüseynovun barəsində danışarkən bir məqamı xüsusilə vurğuladı ki, bu gün İbadı bütün Azərbaycan tanıyır. Mən onunla olduğum yerlərdə hər kəsin ona necə sevgi ilə yanaşdığının şahidi olmuşam. İnsanlar qəhrəmanın həyatda olduğunu bəlkə ilk dəfə idi ki, görür ona belə sevgi ilə yanaşırlar. Adətən biz şəhid qəhrəmanlar barəsində yazmağı, danışmağı, təbliğ etməyi xoşlamışıq. Çox şükür ki, artıq canlı qəhrəmanlarımız göz önündədi bu qəhrəmanlar hər an, hər dəqiqə döyüş əmri gözləyirlər. Mən buna tam əminəm. Filmə kitaba görə dostum İbadı ürəkdən təbrik edirəm. O, Azərbaycan xalqının canlı milli qəhrəmanıdı.

   Tədbirdə çıxış edən millət vəkilləri Zahid Orcu, Fazil Mustafa, eləcə digər ziyalılar kitab barəsində, film barəsində öz fikirlərini dilə gətirərək bir məqamı xüsusi vurğuladılar ki, bu gün ortaya qoyulan filmi, kitabı, ümumiyyətlə, bu qəbildən olan nümunələri orta məktəblərdə, gənclərin birləşdiyi ünvanlarda təbliğ tədris etmək son dərəcə önəmlidi. Gəncliyimiz öz qəhrəmanını tanımalı, filmlərdən seyr etdiyi xarici qəhrəmanları deyil, öz Rembosunu sevməlidi.

   Tədbirdə həmçinin İbad Hüseynovun ilk komandiri, qardaşı Eyvaz Hüseynov da onun döyüş yolundan, minaya düşməsindən, ölümlə çarpışmasından, hər kəsə nümunə olmasından danışaraq sonda İbadla bağlı müəyyən maraqlı məqamları da dilə gətirdi. bu tədbir İbad Hüseynovun komandirləri, döyüş dostlarının çıxışları ilə yaddaqalan oldu.

   Bəli, bu qış günündə İbad Hüseynovun döyüş yoldaşı, onunla o ağır günləri birgə yaşamış Sahib Şirinovun müəllifi olduğu "Xüsusi təyinatlı" kitabının təqdimatı iştirakçıların ürəyində od qaladı, ruhlarını coşdurdu onların qələbəyə inamını artırdı. Təbii ki, bütün bunların səbəbkarı elə İbad Hüseynovun özü idi.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2012.-23 fevral .-S.5.