Xocalı soyqırımı belə baş verib

Xanlar Vəliyev insan qanını donduran faktlar sadaladı.

366-cı motoatıcı alayının komandir heyəti hücuma keçdi

   "Xocalı əhalisinin əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnib". İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrb, keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər"

   Lent.az-ın verdiyi məlumata görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev söyləyib.

   Xanlar Vəliyev deyib ki, hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, "D-30" qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib.

   Mühasirədən çıxmaq istəyən azərbaycanlılar işgəncəylə qətlə yetirildi

   İstintaqla müəyyənləşdirilib ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xanlar Vəliyev bildirib ki, Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biribudur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnib.

   Hərbi prokuror qeyd edib ki, Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

   Soyqırım törədən 39 nəfərin adları məlumdu

   Hərbi prokuror deyib ki, hazırda cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və digər zəruri istintaq hərəkətləri aparılıb. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib.

   İnsanlığa qarşı qırğın törədənlərə müxtəlif maddələrlə cinayət işi qaldırılıb

   Onların Azərbaycan Respublikası CM-nin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilib və müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdanya 170 milyon dollardan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

   Xanlar Vəliyev vurğulayıb ki, soyqırımı cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur. Milli qanunvericilikdə bu cinayətin sonradan təsbit edilməsi bu məsələdə heç bir maneə yaratmır. Törədildiyi zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv təqibi məqbul sayılır. Onun sözlərinə görə, Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında""26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Bu məsələdə Erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağişğal olunmuş digər ərazilərdə törədilən cinayət əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və "Mülkisiyasi hüquqlar haqqında""Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilən Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür. Həmçinin sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsində təsbit olunmuş müddəaları, bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının alınması ona görə cəza" haqqında Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında"" Konvensiyasına istinad olunur.

   Beynəlxalq normativ aktlara uyğun olaraq bu vəhşilik soyqırımdır

   Hərbi prokuror qeyd edib ki, bu sırada BMT Baş Məclisinin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş "İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə" Konvensiyası, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında""12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"1950-ci il Konvensiyasının, "Hərbi əsirlər ilə rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası"nın, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın" müddəaları əsas götürülmüşdür: "Qeyd olunanlara əsasən Xocalıda törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayətlərə aiddir. Birmənalı olaraq deyə bilərik ki, Xocalı sakinləri olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq normativ aktlara uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə insanlığa qarşı cinayət sayılır".

 

Gültəkin

Ədalət.-2012.-23 fevral .-S.4.