Nəzakət Teymurova fransızları səsi ilə valeh etdi

 

Xanəndə, xalq artisti Nəzakət Teymurovanın İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən diski hazırlanıb. Bu diskin Avropanın bir neçə ölkəsində satılması nəzərdə tutulub.

   Azərbaycandan kənarda xanəndəmizin diskinin hazırlanması təbii ki, Azərbaycan musiqisinin təbliğində önəmli rol oynayır. Disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıb. Onlar "Filmay"in layihəsini dəstəkləyiblər. İngiltərə, İtaliya, Fransa mətbuatında dəfələrlə Nəzakət Teymurovanın səsi barədə məqalələr dərc olunub.

   Qeyd edək ki, sözugedən diskə daxil olan bir neçə mahnı artıq onlarla ölkənin radiosunda səslənir. Həmin diskə daxil olan bir neçə mahnı Almaniyanın "Qlobalize" radiosunda səsləndirilib. Xüsusilə N.Teymurovanın Almaniya radiosunda "Vord Beat" (Dünya Ritmləri), İspaniyanın "Mundofonşas" radiolarında "Aşiqəm" mahnısı böyük marağa səbəb olub. Xalq artistimizin səsi hər iki ölkənin radiosunda "ayın ən gözəl səsi" sırasına düşüb. Xatırladaq ki, albomun hazırlanmasında, "Aşiqəm" lentə alınarkən xalq artistini "Xarı Bülbul" Muğam Qrupu müşaiyət edib. Xanəndəni tarda qrupun rəhbəri, əməkdar artist Əliağa Sədiyev, balabanda əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşaiyət edib.

   N.Teymurovanın xaricdə hazırlanan diski bu günlərdə işıq üzü görəcək. Albomun geniş təqdimat mərasimi Bakıda da keçiriləcək. Xalq artisti albomun təqdimatını ilk öncə media nümayəndələri ilə bölüşməyi düşünür. Albomun hazırlanmasında Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin böyük dəstəyi olub. Diskin ərsəyə gəlməsində eyni zamanda Yuneskonun eksperti, Musiqişünas Sənubər Bağırovanın da əməyi təqdirəlayiqdir. Diskin daxilində Azərbaycan muğamları, musiqisi barədə maraqlı məlumatlar 3 dildə (İngililis, İtalyan, Fransız) yerləşdirilib.

  

   Ədalət.-2012.-23 fevral .-S.8.