"Münasibətlərimizin
davam eləməsi üçün çox yalvardı"
"Həmkar"ın
altıncı sayının qonağı ilə söhbətimiz
elə onun iş yerində-"Xəzər"
televiziyasında baş tutdu. Həm də necə?!
Yarızarafat, yarıciddi keçən müsahibəmiz mənimçün
bəzi məqamlarda Yusifə opponentlik eləməklə yadda
qaldı. Amma yaddaqalan təkcə bu deyildi... Beləliklə,
"Xəzər" televiziyasının reportyoru Yusif Kərimli
özünü tanıdır.
"...atamı cəmi 3-4 dəfə
görmüşdük, nadir hallarda evə gəlirdi"
- 1983-cü ildə Göyçay
şəhərində anadan olmuşam. Çox
maraqlıdır ki, valideynlərimin hər ikisi ucarlı
olsalar da, mənim uşaqlığım Göyçayda
keçib.
- (zarafatyana) Bəs, niyə Nəqliyyat
Nazirliyində işləmirsən?
- Harda yazılıb ki,
bütün ucarlılar orda işləməlidir. Axtarsan, orda
ştatda olan işçilərin az bir qismi ucarlıdır.
- Jurnalistikaya marağın hardan yaranıb?
- Uşaqlıq illərindən. Mənim
atam Qarabağ müharibəsində 3 il
tibbi personalın tərkibində olub. O 3 il
ərzində atamı cəmi 3-4 dəfə
görmüşdük, nadir hallarda evə gəlirdi. Atamın müharibədə olduğu illərdə
demək olar ki, evdən bayıra çıxmırdıq.
Xalam kitabxana müdiri idi və hər dəfə
onlara qonaq gedəndə ən azı 10-15 kitab gətirərdim
özümlə. Həmin illərdə
vaxtım ancaq kitab oxumağa gedib.
-İxtisaslı
jurnalistsən?
- İndi onu da deyəcəm... Azərbaycan Müəllimlər İnstitutunun məzunuyam,
ixtisasım pedoqogika və psixologiyadır. Amma sonra beynəlxalq təşkilatların təhsillə
bağlı media layihələrində iştirak eləmişəm.
Almaniyada uzunmüddətli kursda olmuşam.
- Nə qədər?
- Üç ay. Amma
həmin ərəfədə Avropanın bütün
böyük ölkələrini gəzmişəm.
- İxtisaslı
jurnalist olmamaq fəaliyyətdə çətinlik yaratmır
ki?
- Bəs mən niyə kitab
oxumaqdan başladım?! Kitab oxumaq insanı
düşündürən yeganə amildir.
- Belə başa düşdüm
ki, mütaliəyə böyük önəm verirsən....
- Əlbəttə,
mütaliə insanın düşüncəsini dərinləşdirir,
zəka qabiliyyətini artırır. Hətta
belə bir deyim var-kitab oxuyanlar televizora baxanları idarə edəcəklər.
Mütaliə eləməyə başlayandan 3-4 il sonra-7-8-ci siniflərdə oxuyanda öz sinif
yoldaşlarımın davranışları, həyata
baxışı mənə çox cılız
görünürdü. Müəllimlərlə
söhbət eləyəndə "filan əsəri
oxumuşam" deyirdim, inanmırdılar, sual verirdilər,
görürdülər ki, həqiqətən oxumuşam.
Bax, əlimdəki fincanın bir tərəfini
mən, digər tərəfini sən görürsən.
Fincanın qulp tərəfini görməsəm də,
başa düşürəm ki, onun əllə tutulan yeri
var... İnsanlar da bəzən problemi görməyi
bacarmırlar. Jurnalist isə
başqalarının görmədiyini görməyi
bacarmalı, hətta küçədə gəzəndə
xəbər axtarmalıdır. Başqalarının görmədiyini
görmək üçün isə insanda mütaliənin
formalaşdırdığı dərin zəka
lazımdır
"Heç də bütün
çəkdiyimiz
problemlər
öz həllini tapmır"
- Yəni, mütaliəsiz jurnalist
olmaq mümkün deyil...
- Məncə bu istənilən
peşə sahibinə aiddir. Çox oxumaq düşünmə
qabiliyyətini artırır, konkret peşə seçmək
isə maraq işidir. Məsələn, mənim
marağım buradır, amma taksi sürücülüyünə
olsaydı, ağlımı işlədib daha kreativ bir şey
icad eləyərdim.
- Səninçün jurnalistikadan əlavə
maraqlı bir sahə var?
- Nə vaxtsa jurnalistikadan
ayrılsam, istəyərdim ki, gözəl bir restoranım
olsun. İnsanlar ordakı yeməkləri yeyəndə
xoşbəxt olsunlar.
- Bu pul qazanmaq istəyidir həm də?
- Pul qazanmağı kim
istəmir ki?!
- Əgər məqsəd pul
qazanmaqdırsa, bir çayxana da aça bilərsən...
- Mən restoran istəyirəm.
Arzum insanları xoşbəxt eləməkdir
- Jurnalist kimi problemini həll elədiyin
insanları xoşbəxt edə bilmirsən?
- Məsələləri
qarışdırmayaq... Məsələn, bu
yaxınlarda Əmircanda bir həftədən çox idi
işıqlar yanmırdı, getdik, çəkdik. Həmin gün axşam zəng vurdular ki, bir həftədir
donurduq, elə siz gələn gün işıqlarımız
yandı. Bunlar balaca məsələlərdir,
mən işimi görürəm. "Ora
insanları xoşbəxt eləməyə, problemlərini
çözməyə getmişdim" kimi iddialar gülməli
səslənər.
- Sən
buna problem həll eləmək yox, işinin nəticəsi
deyirsən. Sənin təbirincə desək, bu
cür nəticələr çox olur?
- Hə, hardasa 50-50-yə. Heç də bütün çəkdiyimiz problemlər
öz həllini tapmır.
"Facebookda qızlar
o qədər
yazırlar ki"
- Mobil telefonuna bu cür zənglər
gəlir?
- Ən çox da
ondan bezirəm. Bəzən gecə saat 2-də
zəng vururlar.
- Yəqin ki, hələ subaysan...
- Yox, evliyəm.
- Bəs gecə saat 2-də olan zənglər?
- Reportyorun ailəsi onun işinə
öyrəşir.
- Kobud davrandığın olur?
- Məsələn, dünən
axşam biri zəng vurub ki, biz gürcüstanlı tələbələr
sabah Gürcüstanın Azərbaycandakı
səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyik.
Dedim ki, niyə bunu televiziyaya yox, mənim şəxsi nömrəmə
zəng vurub deyirsiniz? Qayıtdı ki, sizin
şəxsi nömrənizə zəng vurduğumuza görə
əsəbləşəcəyinizi bilsəydik, zəng
vurmazdıq. Mən əsəbəşməmişdim,
amma o söz mənim əsəbləşdirdi.
- Piyadasan?
- Bəli, şablon səslənsə
də, ictimaiyyət arasında olmağı xoşlayıram.
- Ulduzsayağı bir cavab oldu...
-Yooox... Hər
gün metroda bir şey oxuyuram. Başımı
aşağı salıram, çatana yaxın
başımı yuxarı qaldıranda.... 15-20 dəqiqə
gözlərini sifətimə zilləyib baxan insanlar
görürəm.
- Şəxsi
tanışlıqlar üçün cəhd edənlər
olur?
- O qədər...Facebookda qızlar
o qədər yazırlar ki...
- Nə yazırlar?
- Normalda ağlından hansı
cavablar keçirsə onu.
-
"Tırkaya" getdiyin vaxtlar olub? Səmimi cavab ver,
amma qəzeti evə aparmazsan...
- "Tırka" məsələsi
deyil e (düşünür). Üç il
əvvəl facebookda bir qız mənimlə çox səmimi
oldu
"Evdə qardaşıma bu haqda
deyəndə,
bildirdi ki, biz onlarla ayaqlaşa bilmərik"
- Neçə ildir ki, facebookda
olduğun?
- 2005-ci ildən. Artıq
yeddinci ildir, eyni akkaunt, eyni ünvandayam.
- Hə bir qızla tanış
olmuşdun...
- Bu qız mənimlə
danışdı, evdəkilərinin mövqeyini mənə
dedi. İlk dəfəydi ki, bu qədər
savadlı, daha doğrusu məlumatlı qız
görürdüm. Uzun müddət danışdıq,
nömrəsini mənə verdi, mənim
nömrəmi aldı, gecələr işdən sonra zəngləşərdik...
Hətta gecə saat 4-5-ə kimi söhbət eləyərdik...Günlərin
birində mənə etiraf elədi ki, çox
tanınmış bir məmurun qızıdır. Məmurlara aid olan mühüm sirlər var ki, onlar
dar çərçivədə, həmçinin də
jurnalistlər arasında bilinir. Həmin məsələlərlə
bağlı soruşdum və məlum oldu ki, hər şeydən
xəbəri var. Evdə qardaşıma bu haqda deyəndə,
bildirdi ki, biz onlarla ayaqlaşa bilmərik.
- Söhbət kimdən gedir?
- Ad çəkmək istəmirəm
(amma müsahibədən kənar öyrəndim bu
adı-İ.V). Amma o qız sonradan həmin
adamın övladı olduğunu doğrultmadı.
- Narkoman deyildi ona görə?
- Yox, narkoman deyildi. Bu
vəziyyət altı aya yaxın sürdü, məni
sevdiyini etiraf elədi.
"Dedim heç olmasa gəlim
aşağıdan
baxım,
sən də pəncərədən
mənə bax"
- Bəs sən?
- Mənim onu sevməyim üçün
onunla görüşməliydim. Nə illah elədimsə
görüşmədi...Dedim ki, heç olmasa oxuduğun ali məktəbə gəlib səni uzqadan
görüm, yenə etiraz elədi. Bildirmişdi ki,
Bakıdakı məşhur "Milyonçular məhəlləsi"ndə
villaları var. Dedim heç olmasa gəlim aşağıdan
baxım, sən də pəncərədən mənə
bax... (gülür). Nəysə
görüşməmək şərtilə münasibətlərimizin
davam eləməsi üçün çox yalvardı... Ondan
sonra dəfələrlə cəhd göstərdi... Bir dəfə də deputat oğlu olduğunu deyən
bir qohumu gəlmişdi. Ona pizza qonaqlığı
verdim...
- Qorxudan?
- Yox, oğlan dedi ki, gəldim
görüm həqiqətən sən Yusif Kərimlisən. Sonradan oğlanı da tapa bilmədim. Ən maraqlısı odur ki, çox
tanınmış dostlarımdan birinin başına eyni oyunu gətiriblər.
Eyni nömrədən zəng, eyni oğlan, eyni
davranışlar...
- Məmur dostların var?
- Kifayət qədər.
- Jurnalist məmur dostluğu
işinə mane olmur? Məsələn bunu yazma, bunu çəkmə...
- Dənizkənarı
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla ailəvi
dostuq. Amma mən bulvardan kifayət qədər problemli
material çəkmişəm və bir dəfə də
etiraz eləməyib... Nazim müəllimin bircə
dəfə məndən xahişi olub. Şaxta
bababları imtahan eliyəndə getdim... Heç nə
bilmirdilər, şaxta babanın biri də pəltək idi...
Onda bircə kəlmə dedi ki, bunu efirə versən sabah bütün jurnalistlər tökülüb
gələcək bura.
"Qəzetlərdə elə
müxbirlər var ki, bəzi telejurnalistlər onların əlinə
su tökməyə yarımaz"
- Başqa məmurlar?
- Millət vəkilləri İlham
Məmmədov, Ceyhun Osmanov, Məlahət Həsənova, Qənirə
Paşayevayla münasibətlərimiz çox
yaxşıdır, mütəmadi xarici səfərlərdə
oluruq. Yəni məmurla jurnalistin dostluğu
normaldır.
- Bu dostluqlar sənə kömək
olub?
- Heç vaxt heç kimə nəyəsə
görə zəng vurmamışam. Məsələn,
sürücülük vəsiqəsini almaq istəyəndə
atam dedi ki, get, səni tanıyırlar, problem olmayacaq. Baxanlar da bilir ki, mən yol polisiylə reydlərdə,
sosial layihələrdə iştirak edirəm. Yəni bu sahədə çalışan hansıa
rəhbər şəxsə telefon açsam xərclərimi
yarıbayarı azalda bilərdim. Amma mən
nə elədim? Boş vaxtlarımda hər
gün işə gedəndə və evə qayıdanda
metroda iki aya imtahana hazırlaşdım və
sürücülük vəsiqəmi aldım. Cəmi 21 manat xərcim çıxdı.
- Əməkhaqqın
nə qədərdir?
- 750 manat məvacib alıram.
- Səncə nəyə görə
əksər hallarda televiziyada çalışan jurnalistlər
qəzetdəki həmkarlarına yuxarıdan aşağı
baxırlar?
- Hə, belə şeylər var və
mən bunun əleyhinə olan adamam. Beş il
qəzetdə çalışmışam. "Etimad",
"İki sahil", "Həftə içi",
"Zaman" kimi gündəlik nəşrlərdə
yazılarım çıxıb. Televiziyaya
iki ay idi işə düzəlmişdim. Qəzetdə
çalışan həmkarlarımdan biri mənə dedi ki,
dəyişmisən, göylə gedirsən. Çox
pisimə gəldi və oturub düşündüm ki, bu
sözün ikinci dəfə mənə deyilməsinə
imkan verməməliyəm. Ondan sonra hətta
tədbirlərdə daha çox qəzet jurnalistləriylə
oturub-dururam. Qəzetlərdə elə
müxbirlər var ki, bəzi telejurnalistlər onların əlinə
su tökməyə yarımaz. Ayıb
olsun belələrinə.
- Mətbuatdan kimləri daha
çox oxuyursan?
- Son vaxtlar daha çox köşələrə,
ədəbi yazılara üstünlük verirəm. Hər
gün ən azı 6-7 yazı oxuyuram, Aqşin Yeniseyi, Qan
Turalını, Günel Mövludu, Şərif Ağayarı,
Elmin Həsənlini oxuyuram. Bir sözlə,
postmodernist yazıların hamısını oxumağa
çalışıram.
"İşçi işləyir,
baş redaktor
kef edir"
- Səncə televiziyada bir nömrəli
reportyor kimdir?
- Məndən belə suallar
soruşma...n Azərbaycan televiziyalarında problemə səmimi
can yandıran reportyor görmürəm. Məsələn,
bizdə Şərif Xasıyev adlı bir gənc var. Sözə
qulaq assa, ondan yaxşı reportyor olacaq. Çünki bu
adam mikrofonu əlinə alandan sonra da
özünü səmimi aparmağı bacarır.
- Özünü neçənci
görürsən?
- Mən özümə rəqib
görmürəm.
- Bəlkə özünü rəqib
görmürsən?
- Mənə görə rəqib
iddiasında olmaq gülməlidir. Baxıram ki, jurnalistlər
"stend ap" eliyəndə də əzbərlədiyi
sözləri deyirlər.
- Bəs mətbuatda?
- Mətbuatda güclü
reportyorlar çoxdur. "Azadlıq
radiosu"ndan Vüsalə Əlibəylini bəyənirəm.
- Jurnalist kimi sosial durumundan
razısan?
- Yox, 750 manata kim
istədiyi kimi yaşaya bilər
- Bəs 200-300 alanlar necə
yaşasınlar?
- Mümkün deyil. Mən
ona görə yanıb-tökülürəm. Ölkədə
jurnalistlərin hüquqlarını qoruyan az
sayda təşkilat var. Amma onun sosial durumunu qabardan bir təşkilat
yoxdur. Bu yaxınlarda baş redaktorlardan birinin
yeyib-içməyi haqda müsahibəsini oxudum. Orda hansı tədbirə kefli-kefli getməsindən,
nə qədər böyük hesablar verməyindən
danışırdı. Ümumiyyətlə,
həmişə baş redaktorların maddi mənada kef elədiyini
görmüşəm. İşçi
işləyir, baş redaktor kef edir.
- Yəni aşıq
çalır, zurna tutur "kayfını"...
- Ay sağ ol. Deməli
vəziyyət belədir. Jurnalist işəyir,
qəzet çıxır, gələn gəlirdən
sıravilərə sür-sümük qalır, özləri
kef edirlər. Bəlkə də həmin
baş redaktor bunları danışanda ağlına gəlməyib
ki, fikirləriylə özünü ifşa edib. Bəzi baş redaktorlar bir dəfə yeyib-içəndə
200-300 manat hesab verirlər.
- İdmanla məşğul
olursan?
- Bəli. Üzgüçülüklə
məşğul oluram. Hər axşam
yüz dəfə "jim" eliyirəm.
- Bazarlığı özün
edirsən?
- Bəli.
- Hardan?
- Yaxınlıqdakı marketdən.
- Əhmədlidə
market var ki?)))
- Əlbəttə.
Şəhərin çox yerindəın camaat ora gəlir.
Axırıncı dəfə bazara nə vaxt
getdiyimi xatırlamıram.
- Bazar adamlarına da pis
baxırsan?
- Yooox. Qəhrəmanlarımın
çoxu bazar adamlarıdır.
- Jurnalistikada əlçatmaz iddian
var?
- İstədiyim hər
şeyi eləmişəm.
- Son olaraq jurnalistlərə və
jurnalist olmaq istəyənlərə sözün.
- Jurnalistikaya gələn şəxs
səmimi ola biləcəksə, çətinlikləri
gözə ala biləcəksə, qudurmayacaqsa, can
yandıracaqsa, gəlsin. Jurnalistika elə bir
peşədir ki, burdan nəsə ummaqdan əlavə
özün də bu peşəyə nəsə verməlisən.
Amma indi gələnlərin çoxu ummağa,
məşhur olmağa, işlərini həll eləməyə
gəlirlər. Gəlsinlər, həm də kişi kimi işləsinlər.
İntiqam Valehoğlu
Ədalət.-2012.-24
fevral.-S.5.