İslamı tanıyaq, sevək və yaşayaq

 

  İslamın ilk şərti, ilk əsası şəhadət gətirməkdir. "Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir". Bu şəhadətlə insan İslama girər və bu kəlməni inkar etməklə insan İslamdan çıxar. Həmin şəhadətin II tərkib hissəsi olan Muhəmmədin Allahın qulu və elçisi olmağına gətirilmiş şəhadət İslamın ən əsas şərtlərindən biridir. Bu kəlməyə şəhadət etmədən, Muhəmmədin Allahın Rəsulu olmasını qəbul etmədən heç kim İslama daxil ola və özünü müsəlman adlandıra bilməz. Lakin Allaha imanda olduğu kimi, Muhəmmədin də Peyğəmbərliyinə iman gətirmək adi, quru sözlərlə olmayıb, müəyyən əməllər, davranış və münasibət tələb edir.

   Allaha iman mövzusunda qeyd etdiyimiz kimi, Peyğəmbəri sevmək, onun əməllərinə tabe olmaq üçün ilk növbədə onu tanımağımıza ehtiyac var. Çünki bir əqidəni, dini, davranış qaydalarını gətirən adamı tanımaq onun yolunda getmək üçün zəruri olan şərtlərdən biridir.

   Kimdir Muhəmməd? Onu ilk əvvəldən bilməliyik ki, o, İbrahim Peyğəmbərin nəslindən olub, Məkkədə böyük nüfuza malik bir nəslin nümayəndəsi idi. Hələ Ona Peyğəmbərlik verilməmişdən qabaq Məkkədə böyük nüfuz və hörmət sahibi idi, əxlaqı, gözəlliyi, ağlı, düzlüyü ilə ad qazanmışdı. Hər kəs öz ticarətini, uzaq diyarlara gedəndə sərvətini ona etibar edib gedirdi. Bütün əxlaqi keyfiyyətlərinə görə "Əmin" ləqəbi qazanmışdı, gələcək Peyğəmbər Muhəmməd Əmin idi Məkkə xalqı üçün. Bilək ki, bizə bu dini Allah, Muhəmməd Əmin vasitəsilə göndərmişdir və belə bir düzgün, Əmin insanın gətirdiklərinə iman etməmək, belə bir şəxsi isə sevməmək mümkün deyildir.

   Onu da bilməliyik ki, O, bu dini hər hansı bir rəisliyə çatmaq, var-dövlət əldə etmək üçün gətirməmişdir. Çünki, yeni İslam dininin ilk surə və ayələrini yaymağa başlayan kimi Məkkə müşriklərinin rəhbərləri bir yerə yığışıb ona təklif etdilər ki, istəyirsən, səni Məkkənin rəisi edək, bütün xəzinəni sənə verək, hər birimiz öz qızlarımızı sənə verək, amma gəl bu yeni dinindən əl çək. Onda O, cavab verdi ki, istəyirsiniz Ayı bir əlimə, Günəşi də o biri əlimə qoyun, mən yenə də Allahın mənə əmr etdiklərindən geri çəkilən deyiləm. Bax, dini bizə bu şəxs gətirib.

   Məkkədən gecə ilə öz silahdaşı, dostu Əbu-Bəkrlə birlikdə hicrət edəndə, öz əmisi oğlu Əli ibn Abu Talibi öz yerində qoymuş və tapşırmışdır ki, öz var-dövlətlərini mənə əmanət etmiş şəxslərin əmanətlərini özlərinə qaytar. Baxmayaraq ki, həmin şəxslər düşmən idilər. Baxın, dini bizə belə bir şəxs gətirib.

   Peyğəmbəri sevmək necə olmalıdır? Biz onu, bütün əmr, nəsihət və qadağaları ilə birlikdə sevməliyik. Başa düşməliyik ki, onun dediklərinin heç biri onun öz şəxsi istəyi, nəfsi ilə deyilmiş sözlər deyil, bu sözlər hamısı Allahın endirdiyi vəhy kimidir. Quranda da Allah-Təala dəfələrlə qeyd edib ki, onun sözləri Allah tərəfindən olan sözlərdir. Onun şəriəti də Allahın qoyduğu şəriətdir.

   Biz özümüzə müsəlman deyiriksə, kəlmeyi-şəhadət gətiririksə, Muhəmmədin Allahın Rəsulu olduğunu qəbul etməli, ona iman gətirməliyik. Bu isə Onun təbliğ etdiyi bütün ehkamlara və Ondan gələn bütün hökmlərə inanmağı və təsdiq etməyi zəruri edir. Bunun əksi isə qəbuledilməzdir.

   Bu gün cəmiyyətdə bəzi dini baxımdan cahil insanlar peyda olub ki, özlərini digərlərindən üstün, ağıllı, müasir göstərmək üçün deyirlər ki, mən Allahı qəbul edirəm, amma Peyğəmbəri yox. Bu gün dində heç vaxt deyilməmiş sözləri deyənlər başa düşmürlər ki, Dində Allahı və Peyğəmbəri bir-birindən ayırmaq olmaz. Allah bütün bəşər dövrü ərzində dini həmişə Peyğəmbərlər vasitəsilə bizə çatdırıb və agah edib. Belə olan təqdirdə Allahı və Peyğəmbəri bir-birindən necə ayırmaq olar? Axı vasitəçi olmasa, Allahın kəlamları bizə necə çatdırıla bilərdi və yaxud Allahın göndərdiyi kitabı və əmrləri bizə kim izah edərdi? Allah elə öz Quranında da dəfələrlə bunu demişdir ki, Mən sizə öz aranızdan ayələrimi Sizə çatdıran, müfəssəl izah edən Peyğəmbərlər göndərmişəm.

      Bəzi din cahilləri də deyirlər ki, Allahın Quranı bizə kifayətdir, Peyğəmbər sözləri bizə lazım deyilya məcburi deyil. Lakin bir daha qeyd etmək istəyirəm ki, Peyğəmbərin dilindən dinə aid çıxanı heç bir söz öz sözü deyil, Allahın sözüdür, çünki Peyğəmbərlərin heç biri öz həvayi-nəfsləri ilə danışmırdılar və Quranda da bu dəfələrlə qeyd olunub. Bundan əlavə, Quranda dəfələrlə deyilib ki, Allaha və Peyğəmbərinə tabe olun. Allaha onun kəlamları olan Quranla, Peyğəmbərə isə hədisləri, verdiyi əmr və qoyduğu qadağalarla tabe olmalıyıq.

   Bu gün Peyğəmbərin qoyduğu hansısa ehkama və ya qadağaya inanmamağa, hörmət etməməyə, əməl etməməyə özünə müsəlman deyən heç bir kəsin haqqı yoxdur. Onun gətirdiyi bütün qayda, əmr və qadağaları qəbul etməliyik, hətta əməl etməsək də belə, onları bəyənməməyə haqqımız yoxdur. Çünki bu insanı İslamdan çıxaran 10 əməldən biridir (bu barədə növbəti söhbətlərdə) və ona görə də bu məsələyə ciddi yanaşmağı təvəqqe edərdim.

   Bəziləri Onu qorxudan Peyğəmbər kimi təqdim etmək istəyir. Əvvəla, Peyğəmbər yalnız qorxudan Peyğəmbər deyil, həm də müjdə verən Peyğəmbərdir. O, inkar edənləri Cəhənnəm əzabı ilə qorxudub, iman gətirənləri Cənnət nemətləri ilə müjdələyən Peyğəmbərdir. Bunun nəyi pisdir ki? Mən dostlarımı filan yerə getməklə qorxuduram ki, həmin yerdə mina basdırılıb, həmin yerə getsələr həlak olacaqlar. Bu zaman mən onlara pislik edirəm, yoxsa, yaxşılıq? Əlbəttə ki, yaxşılıq. Peyğəmbər də Alllahın ona agah elədiyi təhlükəli əməllərlə, yerlərlə, onların acı aqibəti ilə ümmətini qorxudub ki, onları xilas eləsin. Buna görə də Peyğəmbəri bəyənməmək olarmı? Bu ağlı başında olan adamın hərəkətidirmi? 

   Lakin bütün bunlarla bərabər qeyd eləməliyik ki, Peyğəmbər sadəcə olaraq Allahın quludur, O, Müqəddəs deyil, o bəşərdir. Onu ilahlaşdırmaq, bütləşdirmək olmaz. Bu dinimizə, Tövhibə (Tək ilahlılıq dininə) ziddir. Bunu Peyğəmbər sağlığında da dəfələrlə söyləyib, Quranda da deyilib ki, O, bir bəşərdir, digər Peyğəmbərlər kimi o da öləcək (dünyasını dəyişəcək), O, qeybi bilmir, onun dedikləri və elədikləri yalnız Allahdandır.

   Onu da bilməliyik ki, Muhəmməd Peyğəmbərin öz ümməti üzərində haqları var. Bunlar aşağıdakılardır:

   1. Onun Peyğəmbərliyinə qətiyyətlə iman gətirmək və onun şəriətinin son şəriət olmasına etiqad etmək. "Allaha, Onun Elçisi Muhəmmədə və nazil etdiyimiz Qurana iman gətirin" (Ət-Tağəbun surəsi, 8-ci ayə). "Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (Əl-Əraf surəsi, 158-ci ayə). "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin" (Əl-Həşr, surəsi,7-ci ayə).

   2. Peyğəmbərin öz missiyasını yerinə yetirməsinə, əmanəti ümmətə çatdırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək lazımdır. Elə bir xeyirli əməl yoxdur ki, o, ümmətinə onu gətirmiş olmasın. Həmçinin, elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib ondan çəkindirməsin. Peyğəmbər demişdir: "Allaha and olsun ki, sizlərə gecəsi-gündüzündən fərqlənməyən ağappaq (aydın) bir yol qoyub gedirəm". Bu məsələ çox ciddi məsələdir. Bu gün bəziləri dində olmayanları dinə gətirməklə guya savab qazandıqlarını bildirir, bunu hətta başqalarına da məsləhət görürlər. Amma bilmirlər ki, bununla dinin guya yarımçıq olmasını, Peyğəmbərin bu ümmətə bütün xeyirli işləri izah etməməsini iddia etmiş olurlar ki, bu da İslama zidd söz və əməldir. Çünki, Allah Quranda demişdir: "Bu gün dininizi Sizin üçün kamil etdim, nemətimi Sizin üçün tamamladım" (Əl-Maidə surəsi, 3-cü ayə). Peyğəmbərin Vida Xütbəsində də bu fakt öz təsdiqini tapmışdır. Ona görə də Peyğəmbərin öz missiyasını sona qədər yerinə yetirməsinə iman gətirmək, bu dinə onun gətirmədiyi hər hansı bir şeyi əlavə etməyi tam olaraq təkzib etməkdir.

   3. Peyğəmbəri hamıdan, hətta özündən belə artıq sevmək. Uca Allah buyurur: "De: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən daha əzizdirsə, Allah öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz" (ƏT-Tövbə surəsi, 24-cü ayə). Bu ayədə Allah özünü, yaxınlarını, malını Allahdan və Peyğəmbərindən çox sevənləri günahkar adlandırmaqla bizlərə çatdırmaq istəyir ki, Allahın qəzəbini qazanmaq istəmirsinizsə, Peyğəmbəri hamıdan, hətta özünüzdən də artıq sevməlisiniz. Burda da sevgi adi quru sözlərlə deyil, real əməl və münasibətlə olmalıdır. Bu barədə Peyğəmbər özü belə demişdir: "Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox istəməyincə, tam iman gətirmiş olmaz".

   4. Peyğəmbərə ehtiram göstərmək və hörmətlə yanaşmaq. Uca Allah buyurur: "Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız". (Əl-Fəth surəsi,9-cu ayə).

   5. Peyğəmbərə və onun Əhli-Beytinə salavat və salamat oxumaq, üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib onu kamil ədəb-ərkanla salamlayın!" (Əl-Əhzab surəsi, 56-cı ayə) Həzrət Əli demişdir: "Paxıl o kimsədir ki, Peyğəmbərin adı çəkiləndə ona salavat gətirmir".

   6. Peyğəmbərin şanlı fəzilətləri, dəyərli xüsusiyyətləri, yüksək dərəcələri barədə vacib olan bütün mötəbər rəvayətləri təsdiq etmək gərəkdir. Hər bir müsəlman bunu təsdiqləməli və bunu insanlar arasında yaymalıdır. Həmçinin bunu azyaşlı uşaqlara öyrədərək onu sevdirməli, şənini uca tutmalı və Rəbbi yanında hansı məqama sahib olduğunu uşaqların qəlbinə salmalıdır.

   7. Peyğəmbərə münasibətdə ifrata varmamaq və bundan uzaq olmaq. Quranda deyilib: "Mən də sizin kimi bir insanam." (Əl-Kəhf surəsi, 110 cu ayə). Peyğəmbər demişdir: "Xristianlar Məryəm oğlu İsanı şişirtdiyi kimi, Siz də məni şişirtməyin. Mən sadəcə Allahın quluyam".

   8. Peyğəmbərin hüquqlarından biri də onun səhabələrini, Əhli-Beytini, Zövcələrini sevmək və onları dost tutmaqdır. Müsəlman onların haqlarını tapdalamamalı, onları söyməməli və onlara tənə vurmamalıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, onlar üçün bağışlanma diləməyi və qəlblərində onlara qarşı kin-küdurətə yer verməməyi əmr etmişdir. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yol vermə". (Əl-Həşr surəsi 10). Bu ayə hazırda bəzi din cahillərinin Peyğəmbərin Rəşidi Xəlifələrinə, Səhabələrinə, Zövcələrinə dil uzatmasına layiqli cavabdır.

 

 

Azər Əzizov

advokatazer@mail.ru

 

Ədalət.-2012.-24 fevral.-S.7.