İSMAYILLININ QIŞ MƏNZƏRƏLƏRİ
İndi qışın son
gücünü göstərdiyi bir məqamdı. Necə deyərlər,
kiçik çillə bütün gücünü
toplayıb son nəfəsdə daha nələr edə biləcəyini
ortaya qoyub. Builki qışın qəribəliklərindən
biri də odur ki, ölkənin bütün ərazilərində
az qala eyni vaxtda qar yağır, şaxta at oynadır, temperatur
elə bir həddə gəlib çatıb ki, təkcə
sular yox, elə az qala təbiətin özü də donubdu.
Bax, belə bir vaxtda yola
çıxmaq, Azərbaycanın cənnət güşələrini
gəzmək həm çətindi, həm də maraqlı. Hidroloqların,
xüsusilə, avtomobil müfəttişlərinin xəbərdarlığı
tez-tez təkrarlansa da, amma insanın içində bu
qış mənzərələrini seyr etmək həvəsi
bəzən çox şeyə qalib gəlir. Elə həmin
o təbiət vurğunu olanlardan biri kimi biz də bu
qışın şaxtalı, sazaqlı günlərində çətinliklərə
baxmayaraq, İsmayıllıya üz tutduq. Rayonun sərhəddini
keçib İsmayıllı ərazisinə daxil olduqdan sonra ətrafdakı
sükut bizi əməlli-başlı heyran etdi.
Maşını yol kənarında əyləyib
ağacların budağını az qala lap torpağa qədər
əyən qarın gücünə tamaşa edə-edə
bu bəyazlığı, bu paklığı gözlərimizə
köçürüb, canımıza çəkirdik.
Açığı, mənzərə o qədər cəlbedici
idi ki, adam özündən asılı olmayaraq, eləcə
dayanıb baxmaq və gördüklərini öz
dünyası ilə eyniləşdirmək, qovuşdurmaq istəyir.
Amma soyuğun da nəfəsi sözünü deyir. Ona görə
təkrar nisbətən isti maşına qayıdıb yolu
davam etdiririk.
İsmayıllı yolları əməlli-başlı
buz bağlayıb. Yollarda maşınlar seyrəkdi. Daha
çox diqqəti çəkən yol işçiləri və
yolu qardan təmizləyən texnikadır. Onlardan birinin
yanında maşını əyləyirik. Salamlaşıb
"yorulmayasınız!" deyirik. Təbii ki, onlar da bizimlə
eyni mehribançılıqla görüşüb yolların
təmizləndiyinə baxmayaraq, ehtiyatlı olmağı məsləhət
görürlər. Çünki aramsız yağan qar və
12-13 dərəcə şaxta az qala adamın nəfəsini də
göydə dondurur. Zarafat zarafat yerində, amma biz doğrudan
da bu çətin yolu artıq başa vurmaq üzrəyik.
Şəhərin girəcəyində çalışan
insanlar təbii ki, yenə də yol işçiləri idi.
Ancaq bizim diqqətimizi qaz kəmərinin
ötürücüsü yanında dayanmış insanlar da
çəkdi. Hiss olunurdu ki, hansısa bir problem yaranıb və
onlar da həmin problemlərin çözümü ilə məşğuldular.
Bizi görəndə bir anlıq əl saxlayıb "xoş
gəldin" etdilər. Məlum oldu ki, havaların kəskin
soyuması əhalinin qaz təminatında müəyyən
problemlər yaratsa da, ancaq qaz işçiləri gücləndirilmiş
iş rejimində çalışaraq tez-tez xətləri
yoxlayır, verilən qazın təzyiqinin nəzərdə
tutulan normada olmasını diqqətdə saxlayırlar. Bu da
İsmayıllı şəhərində və
bütövlükdə rayon ərazisində qazdan istifadə
edən abonentlərə fasiləsiz xidmətin bir nümunəsidir.
Söhbət zamanı onu da öyrənirik
ki, rayonda işıq, su təminatı sahəsində də
işlər məhz elə bu cür gücləndirilmiş
şəraitdə həyata keçirilir. Təbii ki, işin
bu cür təşkili rayon rəhbərliyinin, əlaqədar
təşkilatların məsuliyyətindən, öz üzərlərinə
düşən vəzifənin öhdəsindən gəlmək
bacarığından xəbər verir. Bu həm də onu
göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev cənablarının
tapşırıq və göstərişləri ölkənin
bu bölgəsində də məsuliyyətlə yerinə
yetirilir.
Rayon icra hakimiyyətində olarkən
öyrəndik ki, ötən il İsmayıllı rayonunda kənd
təsərrüfatı məhsullarının istehsal həcmi
55 milyon manata yaxın olmuşdur. Bu da əvvəlki ildən
xeyli artıq bir nəticə deməkdir. Məhsulun həcminin
əsaslı şəkildə artmasının əsas səbəblərindən
biri isə rayonda paxlalı bitkilərə olan münasibətin
müsbət yönümdə dəyişməsindən irəli
gəlir. Yəni il ərzində 11414 ton paxlalı bitki
istehsal olunmuşdu ki, bu da son onilliklər üçün
rayonda diqqət çəkən nəticədir. Ümumilikdə
isə rayon üzrə 58172 ton dənli, paxlalı bitki istehsal
olunmuş və bu da məhsuldarlığın 4 sentner
artması deməkdir.
Ötən il rayonda ət, süd,
yun, yumurta, kartof, tərəvəz, meyvə, üzüm
istehsalında da xeyli irəliləyişlər əldə
edilmiş və qazanılan nəticələr sevindirici
olmuşdu. Xüsusilə rayon əhalisinin özəl büdcəsinin
təminatında sahibkarlığın inkişafı və fərdi
istehsal sahələrinin göstəriciləri müsbət
rol oynamışdı. Həmçinin heyvandarlıq sahəsində
artımın və nəticədə heyvandarlıq məhsullarının
da müsbət yönümdə həm kəmiyyət, həm
də keyfiyyət baxımından sevindirici nəticələrə
səbəb olması rayonun ümumi iqtisadi inkişafında
öz sözünü demişdi.
Rayon sahibkarları, fərdi təsərrüfat
sahibləri torpağa bağlılıq baxımından da demək
olar ki, əvvəlki illərin göstəricilərini təzələmişdilər.
Yəni rayonun əkinə yararlı olan 33901 hektar əkin sahəsinin
29000 hektarı əkin altında olmuşdu. Bu da ümumi əkin
sahəsinin 85 faizi deməkdir.
Bəli, bu gün
İsmayıllıda təkcə kənd təsərrüfatı
deyil, eləcə də iqtisadiyyatın digər sahələri
də inkişaf relsi üzərindədi. Artıq Azərbaycan
prezidentinin Sərəncamı ilə "Aqrolizinq" ASC-nin
yaradılması və bu cəmiyyətin vasitəsi ilə
yeni texnikaların alınıb sahibkarlara
çatdırılması görülən işlərin kəmiyyət
və keyfiyyətinə öz müsbət təsirini göstərir.
Həmin aqrolizinqlər fermerlərin, sahibkarların lazımi
texniki avadanlıqlarla, gübrələrlə, toxumlarla təmin
edir və kənd adamının vaxt itkisinin
qarşısını alır. Həmçinin rayonda sosial məişət
obyektlərinin tikintisi sahəsində də böyük
işlər görülür. Yolların təmiri və
yolların yenidən çəkilməsi, həmçinin
qaz, işıq, su problemlərinin aradan qaldırılması,
parkların, xiyabanların salınması, yeni iş yerlərinin
açılması rayonda görülən işlər barəsində
adamda yaxşı təəssürat oyadır. Bü gun
İvanovka kəndində sutkalıq istehsal gücü 18-20
ton olan çörək zavodunun işə salınması və
buraya Belorusiyadan gətirilmiş avadanlıqların yerləşdirilməsi
həm işin rahat, həm də keyfiyyətli görülməsində
öz sözünü deyibdi.
Rayonun Hacıhətəmli kəndində
illik istehsal gücü 20000 min ton olan "İsmayıllı
Şərab-2" ASC-nin fəaliyyətə başlaması,
on adda şərab məhsullarının, eləcə də
müxtəlif çeşidli şirələrin istehsalı
artıq bir gerçəkliyə çevrilibdir. Həmçinin
Xəlilli kəndində "Bismak" şirkəti tərəfindən
illik istehsal gücü 24000 min ton olan taxıl
terminalının tikilməsi də həm yeni iş yerlərinin
açılması, həm də əhalinin sosial rifah
halının yaxşılaşması baxımından
uğurlu bir göstəricidir. Rayonda olarkən həmsöhbət
olduğumuz rayon İcra hakimiyyəti
başçısının aqrar məsələlər
üzrə müavini Həsən Həsənovun söylədiklərindən
aydın oldu ki, bu gün İsmayıllıda
"Quşçuluq" ASC-nin tam şəkildə fəaliyyət
göstərməsi üçün böyük işlər
görülür və fəaliyyət göstərəcək
fabrikin 4 sexindən ikisi damazlıq yönümlüdür.
O ki, qaldı rayonda təhsilin, səhiyyənin
bugünkü göstəricilərinə, bunlar da ürəkaçandı.
Qazanılan nəticələr respublika səviyyəsi ilə
nəticədə həm insanların elmə, təhsilə
artan marağından, həm də onların
sağlamlığı keşiyində dayananların öz
işlərinə peşəkarcasına yanaşmadan xəbər
verir. Bu qış günündə İsmayıllıda
olduğumuz zaman kəsiyində bəyaz qara
bürünmüş İsmayıllının
uğurlarının müəyyən bir qismini diqqətə
çatdırmağa, yaddaşımıza köçürməyə
çalışdıq. Təbii ki, qarın
yaratdığı problemlər, qışın
qayğıları İsmayıllının bütün
gözəlliyini görüb seyr etməyə imkan vermədi.
Amma burada bir gerçəkliyi etiraf etmək lazımdır ki,
o da İsmayıllının həm görkəminin, həm də
inkişafının zamanın sürətinə uyğun gəlməsidir.
İslam
NİFTİYEV,
Əbülfət
MƏDƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-24
fevral.-S.7.