Toplar atılır, diksinirikmi?

 

  Dağlıq Qarabağda, respublikanın Ermənistanla sərhəd rayonlarında əslində ermənilərin çoxdan başladığı müharibə indi son mərhələyə çatmışdır. Adamların Rusiya prezidenti B.Yeltsinin, Qazaxıstan prezidenti N.Nazarbayevin Dağlıq Qarabağa səfərinin xeyirxah məqsədlərinə etdikləri ümidlər də əslində boşa çıxmış, dörd respublika prezidentlərinin imzaladıqları sənəd vəziyyəti yaxşılığa doğru dəyişməmişdir. Quduzlaşmış erməni liderləri Dağlıq Qarabağa Rusiya və Qazaxıstanın müşahidə qruplarının gələcəyi günə qədər regionda Azərbaycan kəndlərinin əksəriyyətini boşaltmağı qərara almışlar.

   Odur ki, sentyabrın üçüncü ongünlüyündə Şuşa, Xocalı şəhərləri, Kərkicahan qəsəbəsi, Umudlu, İmarət-Qərvənd, Qaradağlı, Cəmilli, Tuğ kəndləri top, raket, pulemyot, avtomat atəşlərinin hədəfinə çevrilmişdir. Son günlərin dağıntıları və insan tələfatı respublika əhalisinə az-çox məlumdur.

   Moskvanın, lap elə Rusiya prezident B.Yeltsinin Azərbaycana təsir forması kimi adını çəkdiyi ordu hissələrinin əsgər və zabitləri indi məqsədlərini belə gizlətmir, Azərbaycana qarşı daha həyasız və qəddar mövqe tuturlar. Xocalıdakı hərbi hissə son günlər buradan çıxarılaraq ermənilər yaşayan qonşu Noraguğ kəndində yerləşdirilmişdir. A.Atakişiyevin məlumatına görə sentyabrın 29-da Xocalı şəhərini həmin hissənin əsgərləri ermənilərlə birlikdə atəşə tutmuşlar.

   Erməni quldur dəstələrinin silah anbarları, atəş nöqtələri yerləşən ərazilərdən yaxşı xəbərdar olan hərbçilər həmin əraziləri BTR-lərlə, nəzarət-buraxılış məntəqələrindəki əsgərlərin qüvvəsi ilə mühafizə edirlər. Laçın-Şuşa yolunda heç bir erməni yaşayış məntəqəsi olmasa da, bu yol ciddi nəzarətdə saxlanıldığı halda Goranboy-Mardakert-Srepanakert, Hadrut-Martuni-Əsgəran (indiki Goranboy - Ağdarə - Xankəndi, Hadrut - Xocavənd - Əsgəran) yollarında ermənilərin silah daşımasına, təxribat dəstələrinin bu və ya digər regionlara paylanmasına əlverişli şərait yaradılmışdır.

   Xocalı və Şuşa şəhərlərinin raket atəşinə tutulduğu Əsgəran, Mehdikənd, Daşbulaq, Şüşükənd, Mxətər, Harov kəndlərindəki hərbi bazalar fövqəladə vəziyyət rayon komendantlığına dönə-dönə xatırladılsa da indiyədək heç bir nəticəsi olmamışdır. Respublika təşkilat komitəsinin əvvəllər keçirilən iclaslarında Əsgəran, Hadrut, Martuni və Mardakert (indiki Əsgəran, Hadrut, Xocavənd və Ağdərə) rayon komendantlarının respublika prokurorluğu əməkdaşlarının haqlı ittihamlarına cavabları qısa və konkret olurdu: "Vsex vas nado posadit".

   Şuşa şəhərinin sentyabrın 26-da raket atəşinə tutulması, nəticədə faciələrin baş verməsi vilayətin hərbi komendantını narahat etməmişdir. Ancaq Şuşaya tuşlanmış "Alazan"ların istiqamətini dəyişərək Stepanakertə (indiki Xankəndiyə -red.) düşməsi hərbçiləri hövsələdən çıxarmışdır. Stepanakertdəki 18920 nömrəli hərbi hissənin komandir əvəzi V.Tokar Şuşa XDS İcraiyyə Komitəsinin ünvanına göndərdiyi məktubda xəbərdarlıq edir. "Trebuyu prekraşeniya podobnoqo i nedopuşeniya obstrelov v dalneyşem.

   V sluçae povtoreniya obstela raspolojeniya çastı, voennoslujaşimi budet otkrıt oqon iz ştatnoqo orujiya". Məncə, heç bir izahata ehtiyac qalmır.

   Bəs, görəsən, bu "ştatnoqo orujiya"dan Azərbaycan Respublikasının səma sərhədlərinə soxulan və Goranboya, Hadruta, Mardakertə (Ağdərə), Əsgərana muzdlu quldur dəstələri, ölümsaçan silahlar daşıyan Ermənistan vertolyotlarına, 40 nəfərdən çox hərbçini, neçə-neçə BTR-ləri "girov" götürən "günahsız" ermənilərə niyə atəş açılmır? Müəmmalı sual deyil. 1988-ci ildən hamımıza aydındır ki, ordu hissələri DQMV-də vəziyyəti normallaşdırmağa deyil, münaqişəni törədən erməni tərəfin dəyirmanına su tökməyə göndərilmişdir.

   Bəzən mətbuat səhifələrində, siyasi dairələrdə deyilir ki, DQMV-də vəziyyətin sabitləşməsini istəməyənlər var. Doğrudur, var və onlar bu qaynar qazanın heç vaxt qaynardan düşməməsi üçün dəridən-qabıqdan çıxan rus imperiyasının mərkəzindən, Roma papasından xeyir-dua almış millətçi dairələri, bir də cildini gündə min dəfə dəyişən erməni liderləridir.

   Şahidi olduğum bir söhbəti oxuculara çatdıracağam. Vilayətin hərbi komendantlığı general Kasalapova tapşırılmışdı və həmin vaxt Şuşa rayon Daxili İşlər şöbəsinin 4 nəfər əməkdaşı ermənilər tərəfindən girov götürülmüşdü. Kasalapov girovların vəziyyəti barədə məlumat vermək üçün Şuşadan bir neçə nəfəri Zərin bağı adlanan yerə görüşə çağırmışdı. Mən orda idim. General söhbəti uzatmamaq üçün konkret təklif verdi. "Sizə əsgər , silah da verə bilərəm. Dörd nəfər sanballı adam tutsanız, uşaqları sağ-salamat qaytararıq. Öz gözlərimlə görmüşəm, döyülsələr sağ-salamatdılar, etibarlı əllərdədirlər". Çoxlarına elə gəlir ki, generalın xeyirxahlığını qiymətləndirə bilmirik. Xeyr! Bu, xeyirxahlıqdan çox kazak fəndgirliyi ilə qurulan tor idi bu toru Moskva məhz Kasalapov vasitəsilə Qarabağa göndərmişdir.

   Dağlıq Qarabağda dəhşətli döyüşlər gedir. İndi Cəmilli kəndindən İmarət-Qərvənddən uşaqlar, qocalar qadınlar çıxarılmışdır. Qaradağlı camaatı kəndin 150 yetiminin gözünə baxa bilmir. Hər gün verilən qurbanlar sabah da etibarlı müdafiənin olmayacağı vahiməsi çoxunu qorxuya salıb. Respublika parlamentinin milli müdafiə dəstələri yaratmaq barədə qərarının ləng icra olunması ümidsizliyi artırıb. Hələ kəndlərin qorunması üçün silah əvəzinə qaloş, uşaq geyimləri, şəkər, un göndərilir. Meşəli camaatının mal-qarası, ilxısı talan edilir. Kəndlərə ərzaq, dərman daşıyan vertolyotlarımız hərbiçilərin üç addımlığındakı atəş nöqtələrindən deşik-deşik edilir.

   Kərkicahanda ölüm-dirim döyüşləri gedir. Atışmanın sakitləşdiyini görən kimi əsgərlər işə qarışır aranı qızışdırdıqdan sonra bir neçə saat sakit dayanır, istənilən nəticə hasil olmayanda isə kəndi daha güclü silahlardan atəşə tuturlar. Ölənlərin, yaralıların sayı artmaqdadır. Dağlıq Qarabağda müharibədir. Dinc kəndlərimizin, qəsəbə şəhərlərimizin üstünə yağdırılan mərmilər, uduzduğumuz bu ötən dörd ili günbəgün, saatbasaat bir daha yada salmağa məcbur edir. Ermənistandan son azərbaycanlı qovulanda da, Stepanakertdən vilayətin digər yaşayış məntəqələrindən on minlərlə azərbaycanlı didərgin salınanda da beləcə təmkinli, dözümlü idik. İndi atılan toplar dünyanın lap o başındakıları diksindirir, hərəkətə gətirir. Qorxuram ki, yuxumuzun şirinliyi gözümüzü açmağa bu dəfə imkan verməyə müqəddəs Qarabağ torpağı da yağılara tapdaq ola.

 

 

  Əli Mahmud

 

  Ədalət.-2012.-24 fevral.-S.6.