Alman alim Xocalı
soyqırımı haqda kitab
yazdı
Səbail rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Milli Məclisin
deputatları, ictimaiyyət nümayəndələri, təşkilat
və birliklərin iştirakı ilə Almaniyanın Maqdeburq
şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri
Rolf Kunşun Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar
alman dilində nəşr edilmiş kitabının təqdimat
mərasimi keçirilib. Səbail rayon İcra Hakimiyyətindən
Lent.az-a verilən məlumata görə, təqdimatdan öncə
iştirakçılar və qonaqlar Xocalı faciəsinə
həsr olunmuş foto stendlər və kitab sərgisi ilə
tanış olub.
Təqdimat mərasimini giriş
sözü ilə açıq elan edən Səbail rayon
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi,
ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri
vəhşiliklər və Xocalı soyqırımı ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması üçün görülməsi
vacib olan işlər barədə ətraflı məlumat
verib.
Qeyd olunub ki, almaniyalı ictimai
xadim, Maqdeburq şəhəri Bazar İqtisadiyyatı
İnstitutunun rəhbəri Rolf Kunş Almaniyanın
Zaxsen-Anhalt Əyalətində fəaliyyət göstərən
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əməkdaşlıq
edir, cəmiyyətin tədbirlərində iştirak edir və
cəmiyyətin dəstəyi ilə ilk dəfə olaraq alman
dilində Xocalı faciəsi ilə bağlı kitab nəşr
edilib. Həmin kitabın müəllifi Rolf Kunş,
Zaxsen-Anhalt Əyaləti Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyətinin sədri Yaşar Niftəliyev və cəmiyyətin
üzvü, peşəkar boks üzrə İBO
İnterkontinental çempionu Azad Əzizov Bakıya dəvət
olunub və təqdimat mərasimində iştirak edib.
Təqdimat mərasimində
Yazıçılar İttifaqının katibi, xalq
yazıçısı Çingiz Abdullayev, Milli Məclisin
deputatları Hüseynbaba Mirələmov və İlham Əliyev
çıxış edərək kitab barəsində öz
təəssüratlarını bildirib, kitabın Xocalı
soyqırımının dünya miqyasında
tanınması, erməni vəhşiliklərinin dünya
xalqlarına çatdırılması işində
böyük əhəmiyyət kəsb etdiyi
vurğulanmış, müəllifə öz minnətdarlıqlarını
bildirib.
Sonda kitabın müəllifi Rolf
Kunş çıxış edərək Xocalı faciəsi
ilə yazılan kitabın ərsəyə gəlməsi, ona
bu işdə yardımçı olanlar barədə məlumat
verib.
Ədalət.-2012.-24
fevral.-S.8.