Xocalı harayı

  

   (bir parça)

  

   Babəkimin, Xətayimin

   Ruhu bizdən uzaq düşüb

   Qeyrətimiz çat veribdi,

   Sümüklərə calaq duşub.

   Qorqud dədə ha yalvarır,

   Övladları yola gəlmir.

   Burla Xatun, Banu Çiçək

   Qalıb çəmənsiz, çiçəksiz.

   Neyləsin Qaraca Çoban,

   Təpəgözlər at oynadır.

   Dəlidağda yanmır ocaq,

   Xəzərə qəm-qüssə axır.

   Haray çəkir Xudafərin,

   Göyçə boynun burub baxır.

   Səda düşüb Zəngəzura

   Qarabağda şimşək çaxır.

   Borçalının yolu bağlı,

   Qala Dərbənd köksü dağlı.

   Ət yetişmir Xocalıya,

   Ağdamı vermişik suya

   Xankəndi yadlara qalıb,

   Yolları duman, çən alıb.

   Bu həsrətdən

   Qəmlənibdi türk dünyası.

   Basılıbdı el qalası.

   Korşalıbdı Koroğlunun

   Qılıncı tay.

   Ələsgərin sazı

   sınıb.

   Sultan bəydən yoxdu haray

   Səsi gəlmir Pənahxanın,

   Şimşək kimi çaxmır daha

   Qoç Nəbinin aynalısı

   əsir düşüb

   Vaqifin

   gözəlləri

   bizdən küsüb.

   Dərdə bir bax

   saraylardan

   çadırlara

   köçüb millət.

   Əsrin, günün bu vaxtında

   Yerdən, göydən

   Küsüb millət.

   Qaçqın olub, köçkün olub,

   Yesir olub, küskün olub

   el-obalar,

   dığalara məskən olub.

   Çənlibelim,

   neçə qalam.

   Öz işini yaxşı gördü Səhl Sumbat,

   Ağlar qaldı Basarkeçər,

   Dərələyəz.

   Azıx oldu erməniyə

   Ocaq yeri.

   Qayalardan özün atdı,

   Həcər, Nigar, Tomris, Pəri.

   Bir gecədə

   Xocalımız talan oldu,

   Daha xatın yalan oldu.

   Bir gecədə viran oldu,

   Qarabağın öz Xocası,

   Qarabağın gül xonçası.

   O gecədən başladı bax,

   Bu millətin qəmi, yası.

  

 

   Əziz MUSA

  

   Ədalət.-2012.-25 fevral.-S.20.