BU,
ADİL CƏMİLDİR...
ƏDƏBİ
HƏYAT
Onun əlli səkkiz yaşı
var, amma kitablarının sayı o qədər də çox
deyil.Qırx ilə yaxındır ürəyinin dediklərini
ağ vərəqlərə
köçürür,özünün dediyinə görə,
hər gün şeir yazmır və əlbəttə, əsl
istedadlar sözə qarşı məsuliyyətli olduğu qədər,
vaxtın da qədrini bilirlər. Adil
Cəmilin alimliyi də var
və şeirə-sənətə qəlbinin
işığından boylandığı kimi,
elmə də ağlının işığından gəlib.
Bəziləri kimi, tezbazar
mövzulardan yapışmayıb, dünya ədəbiyyatının nəhəng
dastanlarından olan "Manas"ı tədqiq
edib və "Manas"ın vətəni
Qırğızıstanda da onu tanıyır və sevirlər.
Adil Cəmil Kəlbəcərdə
anadan olub. O Kəlbəcərdə ki,
hər dəfə onun adı çəkiləndə
Aşıq Şəmşiri
xatırlayıram. Həm
də Səməd Vurğunun bu misrasını: "Aşıq
Şəmşir, Dəlidağdan
keçəndə.."
Adil Cəmil o yurdun, o torpağın yetirməsidir və şeirlərini oxuyanda da Kəlbəcərdən
əsən küləklərin,
dağ çaylarının
şırıltısının, qarlı zirvələrin, çöllərdəki quşların
səsini eşidirsən.İndi
Adil Kəlbəcərdən
uzaq düşüb, Vətənində Vətən
həsrəti çəkir,
o gözəlliklər isə
bir an belə xəyalından getmir:
Dünyanın
bir gözəl vaxtı var idi,
Oba yerindəydi,
yurd yerindəydi.
O vaxtkı çobanın bəxti yar idi-
Quzu yerindəydi, qurd
yerindəydi.
Dağlardan qızıl da, mis də
çıxardı,
İstisi qışda da isti
çıxardı,
Ruzili evlərdən tüstü
çıxardı-
Ocaq yerindəydi, od yerindəydi.
Bulaqlar saf idi, çaylar dupduru,
Cana məlhəm
idi günəşin nurug
Yenilməz dağ idi kişi qüruru-
Kişilik deyilən ad yerindəydi.
Nakəsi obada saxlamazdılar,
Namərdi öləndə ağlamazdılar,
Ovsarı quyruğa bağlamazdılar,
Ulaq yerindəydi, at yerindəydi.
Unutqanlıq həmişə faciəyə
aparıb çıxarır. Tarix boyu başımıza gələn
faciələri unutduğumuza görə bəlalar çəkmişik.
Ona görə də Adil Cəmil yazır ki: "Bu dünyada
unutqanlıq yamandı, Kəlbəcəri unutmayın,
amandı!"
Adilin 90-cı illərdən
üzü bəri yazdığı şeirlərin əksəriyyətində
yurd həsrəti, Kəlbəcər ağrısı göynəyir."Kəlbəcərim,
gözdən uzaq gözəlim" deyən şair, bu itkidən
sarsıldığını gizlətmir:
Gül-çiçəkli
yaşıl düzü,
Göy çəməni
itirmişəm.
Qərənfili, bənövşəni,
Yasəməni itirmişəm.
Kimi yasda, kimi toyda,
Yer üzündə bu nə qayda?
Hamı bilir-dağlar boyda
Bir çəməni itirmişəm.
Ağacım var, yarpağı
yox,
Yaralıyam, yar bağı yoxg
Doğulduğum torpağı yox-
Mən ki, məni itirmişəm.
Adil Cəmilin "Tanrı mənə
yar olanda" və "Bir dəli sevgidən göyərib
dünya" şeir kitablarını vərəqləyirəm.
Bir də "Azərbaycan" jurnalının keçən
ilki 9-cu sayında dərc edilən yeni şeirləri. Bir
şairi tanımaq və sevmək üçün bunlar kifayət
edər. Amma o, oxucu sevgisini çoxdan qazanıb. Təkcə
oxucu sevgisini yox, qələm dostlarının, xüsusən,
özündən yaşlı sənətkarların
etimadını. Böyük xalq şairimiz Bəxtiyar Vahabzadə
hələ 1984-cü ildə yazmışdı: "Adilin
şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki,
aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə
də deyimləri təbii və səmimidir". Qocaman ədəbiyyatşünas
İmamverdi Əbilov isə belə deyir: "Adil Cəmilin
poeziyasında təbiət dil açır, oxucu təsvir
olunan hadisənin, lövhənin mahiyyətindəki
acıdan-acı hadisələrdən-dərddən və qəzəbdən
lal qayaya dönsə də, hayqırtı gədiklərdə,
zirvələrdə, yamaclarda eşidilir və müəllifin
könül dostu kimi biz onun arzu və diləklərinin şəriki
olmağı özümüzə borc bilirik. Çünki
süni pafosdan, ritorikadan uzaq ilhamlı şairin könül səsini
eşidirik". Poetik ruhca Adil Cəmilə daha yaxın olan Məmməd
Aslan isəbelə yazır: "Qaynağın əsilliyi
axarın necəliyini şərtləndirir. Əlbəttə,
göz dikdiyimiz axarın qumsalında batıb yoxa
çıxması da var, yoxuşa dirənib geri təpməsi
də olan işlərdəndi; "bulaq gözü" təmiz
olsun, "bulaq gözü" duru qalsın. Adil Cəmil Dəlidağ
duruluğunu poetik nəfəsində hifz edib qoruyan, bununla bir
də qələm sahibi kimi fəxr eləyən şairdir".
Tanınmış ədəbiyyatşünas Şirindil
Alışanlı da qələm dostları ilə sanki həmrəydir:
"Adil Cəmilin poeziyasındakı lirik təhkiyə
uşaqlığın, folklorun və təbiətin romantik
ovqatına köklənib. Onun şeirlərindəki fikri-hissi
məntiq təbiətlə poetik ünsiyyətdən doğur".
Mən də Adilin poeziyasının əsas cövhərini
düzgün müəyyənləşdirən müəlliflərin
fikirləri ilə razıyam.
Əslində, duruluq, saflıq, təbiilik
poeziyanın öz canında olmalıdır ki, təbiətdəki
duruluq və təbiiliklə qovuşsun, vəhdət təşkil
etsin.Adilin ilk kitablarındakı gözəl təbiət təsvirləri,
romantik duyğulardan baş alan hisslər məhz bu vəhdəti
əks etdirirdi. İndi isə Adilin şeirlərində təbiətdən
yox, cəmiyyətdən, dövrün, zamanın şair qəlbində
oyatdığı intibalardan söz açmaq olar. Hər bir
şairin ən başlıca uğuru onun gözəl
şeirlər yazmasında deyil, məncə, bu şeirlərin
oxucu ürəyinə də yol tapmasıdır. Adil Kəlbəcərin
işğalı zamanı bir neçə qız-gəlinin
düşmənə əsir düşməmək
üçün əl-ələ tutub özlərini qayadan
ataraq həlak olmalarına bir şeir həsr edib. O şeir
doğrudan da hər hansı oxucunun ürəyini titrədir.
"Atam həsrət qalıb ana yurduna", "Qarlı
qış gecəsi" şeirləri də həmçinin.
Söhbət ondan getmir ki, o, bu faciələri qələmə
alıb. Əsas odur ki, bu şeirlər səni də
sarsıdır, həyəcanlandırır. Çünki
gözəl qələmə alınıb!
Adilin elə şeirləri var ki,
onları təkcə onun poetik uğuru kimi yox, həm də
ümumən müasir poeziyamızın uğuru kimi qiymətləndirmək
lazımdır. Məsələn, onun "Düşünən
heykəl" və "Doğma torpaq, yad heykəllər"
şeirlərini götürək. Birinci şeir dahi Füzulinin
heykəlinə həsr olunub. Şair
Hər yanı al-əlvan
çiçək çələngi,
Füzuli düşünür
daş paltarında.
Qürbətdə o qədər
üşüyübdü ki,
Doğma vətəndə də
qış paltarında.
Ölməzlik közərir
söz ocağında-
O, ölməz sənətin
özülü imiş.
Ən gözəl şeirini yazan
çağında
Hər şair bir azca Füzuli imiş.
Bir vaxtlar Bakımızın
ən gözəl, görümlü yerlərində
bu torpağa yad olan insanların
heykəlləri ucalırdı.
Leninin, Kirovun, Şaumyanın... indi onlar tarixin hökmü
ilə yerlə-yeksan olublar. Adil Cəmil
düz iyirmi iki il bundan əvvəl "Doğma torpaq, yad heykəllər" şeirini yazmışdı.
Bu torpağa heykəl qoyan
Eloğlumun heykəli yox.
Qaçaq Nəbi qaçaq
düşüb,
Koroğlunun heykəli yox.
Heykəlləşib düşmən
ömrü-
Sağım cəllad, solum cəllad.
Bu heykəllər
qarşısında
Az qalıram olum cəllad.
Birisi "zirvədən"
baxır-
Təpiyinin altda Bakı.
Sanki Azərbaycanımdır
Onun qanlı ovcundakı.
Birisi yol ayrıcında-
Dörd tərəfi gələn,
gedən,
Qərinələr yola salır
Tərpənməyən bu tunc bədən.
Bəsdir heykəl qoyduğumuz
Yad oğluna, yad qızına!
Ocağımın istisinə
Niyə gəlib yad qızına?
Adil Cəmil həm də sevgi
şairidir. "Bir dəli sevgidən göyərib
dünya" kitabında onun cavanlıq illərindən ta bu
günə kimi yazdığı sevgi şeirləri
toplanıb.
Füzulidən üzü bəri
nə qədər məhəbbət nəğmələri
yazılıb, şairlərimiz dünyaya eşqin
gözüylə boylanıblar, amma yenə poeziyamızın
gülüstanında sevgi gülləri boy atmaqdadır və
əlbəttə, Adilin də bu gülüstanda öz
payı var.
Onun şeirlərində də bir
qəlbin məhəbbət duyğularının səsini
eşidirik, sevən bir qəlbin həzin, kövrək hekayətlərini
dinləyirik.
Və təfərrüata varmadan
deyə bilərəm ki, bu şeirlərin başlıca
ideyası məhəbbətin əbədiliyini təsdiq etməkdir:
Sənsiz darıxıram,
şükürlər olsun,
Deməli, ürəyim boş
deyil hələ.
Bizim qarşımızda neçə
bahar var,
Payız gəlməyibdi,
qış deyil hələ.
İllər toxumadır,
ömür qurama,
Duzlu sözlərini səpmə
yarama.
Mənə divan tutub məni arama-
Sənin ki ürəyin
daş deyil hələ.
Bir dəli sevdadan göyərib dünya,
Zaman dükcəsini əriyib
dünya.
Qəribə dünyadır bu qərib dünya,
Sən demə yaşamaq
yaş deyil hələ.
"Yaşamaq
yaş deyil hələ", Adil Cəmil. Yaz, yarat, yeni poeziya
uğurların hələ
qabaqdadır...
Vaqif YUSİFLİ
Ədalət.-2012.-25
fevral.-S.19.