XOCALIYA GEDƏN YOL

 

   "QARA YANVAR"dan KEÇDİ

  

   1

 

   Bütün ömrümüzə dağıldı Yanvar

   Bütün ilimizə dağıldı Yanvar

   Yanvarın soyuğu əriyəmədi

   yayın istisində

   qızmarında da

   bütün qapıları bağladı Yanvar

   işə bax

   ağlaya bilməyən belə ağladı

   adam-adam gülüş əksildi dodaqlardan

   içindən ağlayan oldu

   özü göz yaşında boğulan oldu

   güllədən diksinib ölənlər oldu

   güllədən diksinib doğulan oldu

   azğın adamların gözündən çıxan

   azğın güllələr

   Yanvarın yağışı, qarı yerinə

   Yağdı, yağdı

   biçdi adamları

   güllələr daraq-daraqdı

   gecə yaralandı, il yaralandı

   Vətən yara aldı,el yara aldı.

   Haçansa, haçansa bitmişdi bu Ay

   yetmiş il illərin aralarında

   itmişdi bu Ay

   Bu Ayı görürdük

   oxşatmayırdıq

   onu bəxtimizdə aramayırdıq

   Yanvara ayların Hirsi dağıldı

   Ürəklərdə yara qaldı Yanvar adlı.

   Oğlum,qızım -

   bu dünyanın üzü belə getsə əyər

   biz qalsaq yata-yata

   qorxuram ki,

   bu Yanvarın

   qan qoxulu isti ucu

   sizdən sonra gələnlərə gedib çata.

 

   2

 

   Bakıda Yanvar qırğınında

   Beynəlxalq aləmdə qadağan olunmuş

   5.45 kalibirli güllələrdən istifadə olunub.

   "Komsomolskaya Pravda" qəzetindən.

   neçə ildi yol gəlirmiş bu Güllə

   neçə dildə yol gəlirmiş bu Güllə.

   gündüzdən keçə-keçə

   gecədən keçə-keçə.

   cavandan keçə-keçə

   qocadan keçə-keçə

   sağalmayan yaraları tanış Güllə

   sağalmayan yaraları tanış lülə

   tuşlayan da tanışdı

   tuşlanan da tanışdı.

   bu Güllənin yarasıyla

   kimlər necə barışdı.

   Allahım,

   neçə ildi yol gəlirmiş bu Güllə

   atan qorxusundan sapsarı olub

   bu Güllə Allaha sarı olub.

   Allahından düşüb güllə

   bu Güllə cavan da deyil

   bu Güllə necə qarıyıb

   ürəklərdə batır səsi

   axı bizə tanış idi

   bu Güllə , atan da

   Bir Allahım

   sənə görə inandıq

   bəs sən demə Allahsızmış atan da.

   bu Güllənin qara rəngi al qan oldu

   itdi azadlığın içində Güllə

   batdı azadlığın içində Güllə

   axtarsaq, axtarsaq tapmarıq onu

   gərək ki tapaq

   yoxsa inanıram nəvəm yazacaq

   neçə ildi yol gəlirmiş bu Güllə

   bu güllə tanışdı

   o lülə .

   bir milləti al qanına boyayan

   işıq donlu qara rəngli o Güllə .

   tuşlayan da tanışdı.

   tuşlanan da.

 

   3

 

   qaranlıq gecə bitən zəmiydik

   güllərlə biçilərək əyildi

   indi bənövşəyə oxşarımız var

   biz belə deyildik ,belə deyildik

   bu Yanvardan o yanası yoxdu ki

 

   isti - isti tökülən qan donmadı

   biz görmüşdük vaxt isə bu anı

   demişdilər,inanmışdıq anam hey

   bu inamla çöllər qana boyandı

   bu Yanvardan o yanası yoxdu ki

 

   unutmağı peşə bilən el varmı

   bayrağımla sarıdılar yaramı

   gizli-gizli saxlanılmış qatlarla

   gətirdilər bu günümü, varammı

   bu Yanvardan o yanası yoxdu kig

 

   mənim balam, düşmən ol,nə unut

   bu ağrını car elə, ud.

   harda isə bu gün durub yenə

   aldanma ki, sən Nəbisən,ya Qorqud

   bu Yanvardan o yanası yoxdu ki

  

   azadlığa gedən yolda təkcəsən

   hap-gop ilə tovlanma gəl təkcə sən

   ölmək üçün hələ vaxt var,zaman var

   ölmək asan AZAD olsa bu vətən

   bu Yanvardan o yanası yoxdu ki

  

  

  

  Tofiq Abdin

 

  Ədalət.-2012.-25 fevral.-S.15.