Xocalı faciəsində
1003 nəfəri əsirlikdən alan qəhrəmanın
nağılı
Milli Qəhrəman Allahverdi
Bağırovun ömrünü və ölümünü
Lent.az-a yadigarları danışır
Qarabağ
müharibəsi tarixində iki ad həmişə qoşa
çəkilir. Allahverdi və Eldar Bağırov
qardaşlarının adları. Bütün həyatlarını
canlarından çox sevdikləri Qarabağ üçün əridən,
yalnız ölümün 7 aylıq məsafə ilə
bir-birindən ayırdığı qardaşlar...
Sağlıqlarında Qarabağın müdafiəsi
üçün əllərindən gələn və gəlməyən
hər şeyi etdilər, ölümlərindən sonra da həm
ruhları, həm ailələri eyni taleni yaşadılar. O
zaman Azərbaycan Ali Sovetinin deputatı olan Eldar Bağırov
müəmmalı şəkildə qətlə yetirildi. Deyilənə
görə, onun cibində Qarabağın bir neçə erməni
kəndinin Azərbaycan tərəfə keçməsi ilə
bağlı siyahı var imiş... Lakin bu ölüm
açılmamış qaldı. Onun ardınca Ağdamın
müdafiəsini və Ağdam Xalq Cəbhəsinə sədrliyi
öz öhdəsinə götürən Allahverdi
Bağırov Xocalı faciəsi zamanı misilsiz qəhrəmanlıqlar
göstərdi. Lakin onun da ölümündə müəmmalar
olmamış deyil...
***
Yeddi qız övladından sonra
dünyaya gəlmişdi Allahverdi. Buna görə də
Allahın payı sanıb adını Allahverdi qoymuşdular.
Lakin o bütün həyatını millətin payı olaraq
yaşadı. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələri
formalaşmağa başlayanda da belə idi, 1991-ci ildən
Milli Ordunun ilk hissələri yaradılmağa başlayanda da.
Həmin ilin oktyabr ayında Ağdamdakı hərbi hissələr
Şirin Mirzəyevin, Allahverdi Bağırovun və Yaqub
Rzayevin komandirliyi altında yaradıldı. Şirin Mirzəyevin
komandir olduğu hissə 836 nömrəli, Allahverdi
Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845
nömrəli, Yaqub Rzayevin rəhbərlik etdiyi hərbi hissə
isə 863 nömrəli Ağdam Ərazi
Özünümüdafiə taborları
adlandırıldı.
Əvvəlcə yararsız ov
tüfəngləri ilə silahlanan könüllülər az
sonra Qarabağın müdafiəçilərinə
çevrildilər.
"Allahverdinin qəhrəmanlığını bizdən çox xalqımızın bilməsi lazımdır. Xocalı faciəsi zamanı o, 1003 nəfəri əsirlikdən sağ aldı. Bu qədər adama həyat vermək nə demək idi? Azərbaycan tərəfi yalnız Allahverdinin səbəbinə Xocalı faciəsində öldürülənlərin meyitlərini çıxara bildi. Ermənilərlə danışıqlar aparmaq, don vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək, dəfn etmək, yaslarını vermək, əsirlikdən qurtaranları yerləşdirmək... bütün bunlar bəlkə də Xocalı dəhşətlərini görməyən kimsə üçün asan görünər. Lakin on günlərlə meyit gözləyən insanlara kömək əlini yalnız Allahverdi uzadırdı. Hamısını öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə də köməklik eləyirdi. Ağdam məscidində həmin insanların yaxınları onlara verilən işgəncələri görməsinlər deyə meyitləri yuyub kəfənləyirdilər. Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə. Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə danışıq aparsın. Allahverdi çox ürəkli adam idi".
***
"Qonşumuzda 7 bacı var idi,
ataları Kamal kişini əsirlikdən Allahverdi
almışdı, o deyirdi ki, heç olmasa, qoy Allahverdinin ailəsinin
qarşısında baş əyim. 70-80 yaşlarında
kişi olardı, deyirdi ki, elə bilirəm, əsirlikdən
alındığım gün mənim anadan olduğum,
doğulduğum gündü. Belə qiymətləndirənlər
də var, qiymətləndirməyənlər də. Bu, bizi o
qədər də narahat eləmir. Mənim oz qəlbimdə,
övladlarının qəlbində, çox insanların qəlbində
Allahverdi ucalardan ucadır. Onun elədikləri hamının
gözünün qarşısında olub. Xocalı faciəsi
zamanı üç uşağı əsirlikdən
almışdı. Analarını ermənilər girov
götürmüşdülər. Onları xeyli saxladıq.
Sonra uzaq qohumları gəldi, onlara təhvil verdi. Belə
şeylər çox olub həyatımızda..."
Allahverdi Bağırovun həyat
yoldaşı Validə xanım, qızları Aynur və
Zümrüd xatırlayırlar...
"Ağdamın Quzanlı qəsəbəsinin
girəcəyində 16 Milli Qəhrəmanın barelyefi
qoyulub. Yenə də sağ olsunlar. Yada salınıb.
Başqa yerlərdə adı yoxdur. Elə biz də istəyərdik
ki, onun adı əbədiləşdirilsin. Qəbrini ziyarət
eləyə bilmiriksə, heç olmasa adına bir
küçə olsaydı, bir şəkil vurulsaydı, bu da
bir təsəlli olardı. Yəqin, gələcəkdə
Ağdam alınanda bu olacaq. Bu yaxınlarda bağça
uşaqlarını Şəhidlər Xiyabanına
aparmışdıq. Nəvəm Əli də mənimlə
idi. Uşaq orda gül aldırdı, istəyirdi qoysun qəbirləri
üstünə. O, məndən babasının qəbrinin
yerini soruşdu. Mən də istəyərdim Şəhidlər
Xiyabanında heç olmasa rəmzi qəbir olaydı.
Heç olmasa əlimizdə olan çiçəyi aparıb
üstünə qoymaqla təsəlli alardıq. Bir neçə
dəfə məktub yazmışıq ki,
yaşadığımız küçəyə onun adı
verilsin. Nə isə hələlik bu məsələ
alınmayıb.
Müharibə hələ bitməyib.
Bəlkə gələcəkdə Vətən
bütövlükdə təhlükədə olacaq. Bir
gündə 5 kəndi alan, Qarabağı, Ağdamı əldə
saxlayıb erməniyə verməyən insandan gənclərimiz
nümunə götürməlidirlər.
***
Allahverdi həlak olanda
qızlarımın 4-5 yaşı var idi. Mən 28
yaşımdan onları atasız böyüdürəm. Mən
belə zülmə düşüb o uşaqları
saxladım, Allahverdi də xalq, Vətən yolunda getdi. O
yalnız ailəsi üçün yaşamadı. Heç
biz də bunu ondan istəmədik. Onun öz əqidəsi var
idi. Heç nəyə də ehtiyacı yox idi. Ağdamda
ictimai iaşə birliyində işləyirdi. Restoran, tikinti
kooperativləri, dükanları var idi. Əksinə,
olanlarımızı könüllü əsgərlərə
və Xocalıdan əsirlikdən gətirilənlərə
yedizdirirdi.
Xocalı faciəsindən həddindən
artıq sarsılmışdı. Xocalı
qadınlarını, qızlarını görəndən
sonra özünə gələ bilmirdi. 9 yaşlı qız
uşaqının başına nə oyun
açmışdılarsa, gəlib evdə
hönkür-hönkür ağladı. Bizə sarı da
çönüb baxmırdı. O cür möhkəm adam, 2
metr boylu, idmançı... Mən hələ onun kövrəldiyini
görməmişdim. Son iki ayda evə gələ bilmirdi.
Başı qarışıq idi. Amma 5-10 dəqiqəlik də
olsa, gəlib qızları ilə görüşüb
gedirdi. Çox zaman mən sulu xörək bişirib göndərirdim
ki, bir isti xörək yesinlər. Bunlar da ağlaşırdılar
ki, "ay dədə,
apar bizi, apar bizi". Eldarın ölümündən
sonra saqqal saxlayırdı. Zarafatla çıxarıb
saqqalından bir neçə tük verirdi qızlarına ki, "Alın yandırın, nə zaman istəsəniz, mən gələrəm.
Simurq quşu kimi..." Amma bir gün qızları
nə qədər çağırsalar da, o
gəlmədi...
Allahverdinin yoxluğunu, təkliyimi daha çox qızlarımı gəlin
köçürəndə, onları çırağın
başına dolandıranda
hiss etdim...
Uşaqlar artıq 5-6 yaşlı
qızlar deyil, böyüyüblər. Aynur həkimdir,
Qanköçürmə İnstitutunda
işləyir. Zümrüd hüquqşünasdır. Sərhəd
Qoşunlarında işləyir,
gizirdir. O çətin
günlər artıq
gedib, Amma hər xatırlayanda ürəyim sıxılır,
onları nə qədər çətinliklə
böyütdüm. Çox şükür
yenə də... 3 nəvəm var. Eldar Bağırovun da iki qızı var. Bu yaxınlarda onun da bir oğlan
nəvəsi olub.
Adını Eldar qoyublar.
***
Döyüş dostları danışırdılar
ki, neçə dəfə deyirdik döyüşə ayaq üstə getmə.
Avtomatı ata-ata ayaqüstə
gedirdi, uzanmırdı.
Qorxusuz adam
idi, 92-ci ilin 12 iyununda Qurban bayramı günü həlak oldu. Həmin gün 5 kəndi almışdı, ratsiya ilə əmimə demişdi ki, "Bütün Azərbaycanın
oğlanları, soyuq bulaqlardan su içib gəlirik, gəlin siz də, döyüşə
qatılın". Milli Qəhrəman
adını 93-cü ildə
Əbülfəz Elçibəy
vermişdi. Amma
"Qızıl ulduz"
medalını bizə
Heydər Əliyev təqdim elədi...
***
İyunun 12-də Allahverdi Bağırovun rəhbərlik
etdiyi tabor Naxçıvanik
üzərinə hücuma
keçdi. Cəmi bir
saat kifayət elədi Naxçıvanikə
Azərbaycan bayrağının
sancılması üçün.
Növbədə isə düşmən
qüvvələri xeyli
güclü olan Aranzəmin kəndi idi.
100 erməni
meyiti və 10 düşmən əsiri bahasına alındı Aranzəmin. Daha sonra
isə Pircamal, Dəhraz, Təkir, Miri kəndləri ermənilərdən təmizləndi.
Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan
bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə
cəmi 2 saat lazım oldu. Lakin bu döyüş Allahverdi Bağırovun
son döyüşü oldu.
Təcili iş üçün geri, Ağdama çağrılan
Allahverdi Bağırovun
olduğu maşın
Naxçıvanikdən geri
qayıdarkən minaya
düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü
ilə birlikdə həlak oldu.
***
O vaxt Qarabağda həlak olanların çoxunu Bakıdakı Şəhidlər
Xiyabanında dəfn edirdilər. Allahverdi həlak olanda
da burdakı Şəhidlər Xiyabanında
qəbir qazılmışdı.
Lakin sonradan məsləhət bilindi ki, Eldarın
da qəbri Ağdamdadır, onların
hər ikisi Vətən yolunda şəhid olublar, qoy qəbirləri də eyni torpaqda
olsun. Allahverdi Bağırov üçün
qazılan qəbirdə
isə ondan bir gün sonra
həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz
Mustafayev dəfn edildi. Amma indi fikirləşirik ki, heç olmasa, birinin qəbri burda olaydı...
Ədalət.-2012.-25
fevral.-S.9.